Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, bu ulu diyar. Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların, Ədalətlərin, Mübarizlərin Vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaq.
Son dövrlərin narahat dünyası, zorla cəlb edildiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır.Kimlərinsə əlindən zorla alınmayıb, kimlərdənsə zorla zəbt olunmayıb.Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın nankor övladını torpaq özü götürməz.
Mən bu yazımda uzun müddətdir Daxili İşlər Orqanlarında polis kimi çalışan, keçmiş döyüşçü, Vətənimizin igid, qəhrəman övladlarından biri olan Yelmar Quliyev haqqında söhbət açmaq istəyirəm.
Quliyev Yelmar İbiş oğlu 29 yanvar 1971-ci ildə Azərbaycanımızın dilbər guşələrindən olan Zəngilan rayonunda, Ağbis kəndində, kəndli ailəsində anadan olub.
8 illik İsgəndərbəyli kənd orta məktəbini bitirdikdən sonra Zəgilan rayon Texniki Peşə Məktəbində qaynaqçı ixtisası üzrə təhsil alıb.Texniki Peşə Məktəbini bitirdikdən sonra Sovet Ordusunda xidmətə göndərilib. Qazaxıstanda həqiqi hərbi xidmətini başa vurduqdan sonra Vətəninə, doğma Zəngilanına qayıdıb.
Azərbaycanımızın, Qarabağımızın başının üstünü qara buludlar alanda, erməni işğalçıları Vətənimizə hücum edəndə Vətənimizin igid övladları kimi Yelmar da silaha sarılaraq könüllü olaraq döyüşə gedib. 1991-1995-ci illərdə Qarabağ sabaşında iştirak edib.
Yelmarın döyüş yolu Zəngilan Özünümüdafiə Batalyonundan başlayıb. Zəngilan rayonun Seyidlər, Qazançı, Kollu-Qışlaq kəndlərində Vətənimizin igid övladları Şahin Abdullayev, Vilayət Usubov, Şahmar Quliyev (qardaşı), Əli Muradov, Telman Ocaqverdiyev və Şükür Süleymanovla çiyin-çiyinə erməni işğalçılarına qaşı döyüşüb.1993-cü ilin fevralında Zəngilan kəşfiyyat bölüyünə qəbul edilib.1993-cü ilin aprel ayında Zəngilan kəşfiyyat bölüyünün komandiri, Azərbaycanın Milli Qəhrəmanı Baloğlan Süleymanovun başçılığı ilə aparılan saat yarım qanlı döyüşdə Qafan rayonun 4 kəndi ermənilərdən azad olunub.
Qəhrəman döyüşçünün sonrakı döyüş yolu Füzulidən, Toğanağdan, Murovdağdan keçib. İgidliyinə, cəsarətinə görə döyüşçü yoldaşları arasında hörmət qazanıb.1995-ci ildə ordudan tərxis olunaraq ehtiyata buraxılıb.
Yelmar Quliyev 1997-ci ildən bu günə kimi Daxili İşlər Orqanlarında xidmət edir. Xidmət etdiyi müddətdə o həmişə nizam-intizama və yüksək döyüş qabiliyyətinə malik olub. İş yoldaşları, işlədiyi idarənin rəhbərliyi və komandirlərinin yanında hörmət qazanıb. Daim vətənpərvərliyi, vətənə sədaqətli olmağı, yeri gəlsə vətən üçün candan belə keçməyi təbliğ edib.
Yelmar Quliyev dəfələrlə bildirb ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandanımız İlham Əliev Cənablarının əmrini gözləyir.
Bu gün qəhrəman döyüşçünün ailəsində böyüyən, tərbiyə alan iki oğlu Vətənə olan borclarını, həqiqi hərbi xidmətlərini layiqli başa vuraraq evlərinə dönmüşlər. Oglanlarından biri 2015-ci ilin aprel döyüşlərində iştirak etmişdir.
Milli qəhrəmanlarımızı, bu torpaq uğrunda vuruşmuş igid oğullarımızı tanımaq, böyüyən nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin bir hissəsi olmalıdır. Gənc nəsil onların adlarını bilməli, onlarla qürur duymalı, onların tərcümeyi-halını öyrənməli, həmin insanlara bənzəməyə çalışmalı və onlar haqqında məlumatları özlərindən sonra gələcək növbəti nəsillərə ötürməlidirlər.
Yunis QARAXANOV,
"Şərqin səsi" qəzetinin xüsusi müxbiri
turan.info.az
.