- Cövdət müəllim, bu sərəncamın hansı üstün cəhətləri var və bu haqda nə deyə bilərsiniz?
- Dövlətimizin başçısının gündəlik diqqət və qayğısı ilə əhatə olunmuş qaçqın və məcburi köçkünlərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, kommunal xidmət xərclərinin və müavinətlərinin müntəzəm artırılması, məşğulluqlarının təmin edilməsi istiqamətində indiyədək onlarca fərman və sərəncam imzalanıb, çox saylı qərarlar qəbul olunub.
Bildiyiniz kimi cənab Prezidentin 23 yanvar 2017-ci il tarixdə imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən yuxarıda qeyd etdiyim kateqoriya vətəndaşlar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir.
Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdırılməsi istiqamətində bu Fərmanın əhəmiyyəti çox böyükdür. Fərmanın icrasının təmin olunması məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov tərəfindən imzalanmış əmrlə Komitədə geniş tərkibli xüsusi komissiya yaradılmış və mütəmadi olaraq bu proseslərin uğurla aparılması nəzarətdə saxlanılır. “Qaçqın” və “Məcburi Köçkün”-lərlə əlaqədar imzalanmış Fərman 28 illik qaçqınlıq, 24 illik məcburi köçkünlük dövründə qəbul olunmuş bütün fərman və sərəncamlara da diqqət yetirsək görərik ki, onların hamısı qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə yönəlib. Bu məqsədlə Dövlət büdcəsindən ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan Fərmanın icrası ilə bağlı bütün məsələlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənir və burada bütün məsələlər aydın şəkildə öz əksini tapır. Məcburi köçkünlərin özlərinin müxtəlif vaxtlarda keçirilən görüşlərdə etdikləri müraciətlərə əsasən imzalanmış bu Fərman bürokratik əngəlləri aradan qaldırmaq, bu sahədə şəffaflığı təmin etmək, israfçılığın qarşısını almaqla yanaşı, ailələrin enerjiyə, suya və qaza qənaət etmələrinə şərait yaradacaq. Bütün bu işlər onların sosial müdafiəsinin güclənməsinə yönəlib. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov tərəfindən bu sahəyə xüsusi diqqət ayrılaraq, daima nəzarətdə saxlanılır və qaydalara uyğun vəsait ayrılacaq məcburi köçkünlərin siyahılarının tərtib olunması, həmçinin yenidən dəqiqləşdirmə işlərinə artıq start verilmişdir.
Bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilmişdir. Proseslərin gedişatında heç bir ləngiməyə yol verilməməli, operativliyin və şəffaflığın qorunması tərəfimizdən təmin olunmalıdır. Onu da qeyd edim ki, məcburi köçkünlər artıq yanvar ayı üçün müavinətlərini alıblar.
Ümumiyyətlə onu qeyd etmək tam yerinə düşərdi ki, cənab Prezident tərəfindən imzalanan bütün fərman və sərəncamlar Azərbaycan xalqının sosial rifahının gücləndirilməsinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş bir siyasətin bariz nümunəsidir. Son 13 ildə isə qaçqın və məcburi köçkünlərlə bağlı cənab Prezident 56 fərman və sərəncam imzalamışdır ki, bu da onların ancaq sosial rifahının yüksəldilməsinə yönəlmiş addımlardır.
Eyni zamanda, “Elektron Hökumət” portalı haqqında Əsasnamənin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanının icrası məqsədi ilə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sistemi yaradılmış, “Elektron Hökumət” portalına yerləşdirilmişdir.
Bununla da Azərbaycan Respublikası Prezidentinin Dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi barədə tapşırığına uyğun olaraq və normativ-hüquqi aktlara əsasən, məcburi köçkünlərə vahid aylıq müavinət müvəkkil bank vasitəsi ilə plastik kartlarla ödənilir. Nəticə etibarı ilə bu sahədə məmur vətəndaş ünsiyyəti tam aradan qaldırılmış və şəffaflıq təmin edilmişdir.
- Müsahibəyə görə çox sağ olun.
turan.info.az
.