1980-ci ildə Naxçıvan Politexnik Texnikumuna daxil olub, bir il oxuduqdan sonra, 1981-ci ildə hərbi xidmətə çağırılıb, 1981-1983-cü illərdə Moskva vilayətinin Şyolkovo şəhərində hərbi xidmətdə olduqdan sonra təhsilimi davam etdirib.
1985-ci ildə Texnikumu bitirdikdən sonra 1985-1988-cı illərdə Naxçıvan şəhərində yerləşən Elektrotexnika zavodunda, 1988-1992-ci illərdə Naxçıvan dəmir yol stansiyasında işləyib.
1990-cı ildə birinci Qarabağ müharibəsi başlayanda 3 ay könüllü olaraq cəbhəyə gedib, sonra isə Babək rayon hərbi komissarlığı tərəfindən səfərbərliyə çağırılıb, müharibə veteranıdır.
1992-1996-cı illərdə Babək rayon tarix-diyarşünaslıq muzeyində çalışıb.
2000-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə köçüb və hazırda da orada yaşayır və işləyir.
İlk şeirlərini 1998-ci ildə yazıb, 25 illik fasilədən sonra yenidən yazmağa başlayıb. Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, “turan.info.az” və “Zirve.info” saytlarında, “Zirvə”, “Şah dağı”, “Söz xəzinəsi”, "Canım Azərbaycanım", "Qara Arxac", "Bahar ətirli duyğular" və s. ədəbi məcmuələrdə dərc olunub.
Biz də Bəxtiyar Nemətliyə yeni-yeni yaradıcılıq uğurları arzulayır, dəyərli oxucularımızı şairin duyğu dünyasından süzülüb gələn misralarla tanış olmağa dəvət edir və aşağıda onun bir neçə şeirini diqqətinizə çatdırırıq.
RAMİLƏ ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
“Zirvə” və “Zəfər” mükafatları laureatı
turan.info.az
ÖZÜNLƏ APAR
Bu soyuq havada, boranda, qarda,
Qoyma, buza dönüm özünlə apar.
Küsmüşəm həyata, qalmışam darda,
Həsrətin əlindən gəl, məni qopar.
Bütün dərdlərimi yazıb vərəqə,
Yandırıb sonra da çıxıb gedərəm.
Səni ürəyimdən çıxarmaq üçün,
Gözümün yaşını sıxıb gedərəm.
Halıma acıyır boş qədəhlər də,
Gözlərim tor görür, başım dumanlı.
Ümidim qırılıb piyalə kimi,
Hislərim qarışıb, ağlım gümanlı.
Bir anda könlümdən keçdiyin zaman,
Ruhumun ruhuna qovuşmağı var.
Sevmirsən, bir azca uzaq dur nolar,
Qəlbimin qəlbinə yovuşmağı var.
05.03.2024
TƏLƏSMİYƏK AYRILIĞA
Vuran qəlbim, göz bəbəyim,
Mənə həyat verən cansan.
Sən eşqimin şah əsəri,
Damarımda axan qansan.
Yarpaq olub budağından,
Qopmaq üçün biz əsməyək.
Gəl bu eşqə qoyaq vergül,
Nöqtəsinə tələsməyək.
Görüşməyək, danışmayaq,
Hicrana da bəlkə doyaq.
Yandırmayaq körpüləri,
Dönməyə də bir iz qoyaq.
Ayrı qalaq bircə günlük,
Düşünməyə vaxt ayıraq.
Hislərimiz soyuyarsa,
Gec olmadan biz ayrılaq.
Alınmırsa dost qalaq biz,
Göz yaşına alışmayaq.
Aradan da keçsə illər,
Unutmağa çalışmayaq.
10.03.2024
NAZLI XANIM
Qaşların səmadan doğan hilaldı,
Baxışın baxdığın gözə halaldı,
Düşüncəm bu gecə hissinə daldı,
Səndən doymaq olmur, a nazlı xanım.
Sözlərin ürəkdən süzülüb gəlir,
Həsrətin dərd olub könlümü dəlir,
Səsini eşitcək ruhum dincəlir,
Səndən doymaq olmur, a nazlı xanım.
Dostmusan, yarmısan bilmir ki, ürək,
Bir ayrı ürəyə sinmir ki, ürək,
Aramlıq tapıb da dinmir ki, ürək,
Səndən doymaq olmur, a nazlı xanım.
İşvənlə, nazınla canımı aldın,
Sağalmaz dərd olan bir eşqə saldın,
Köç edib ömürlük qəlbimdə qaldın,
Səndən necə doyum, a nazlı xanım?!
09.03.2024
ZƏRİF GÜLSƏN
Gülüm, gözündə gizləmə,
Nəzərinin çaxışını.
Məndən xəlvət məni güdən,
Oğrun-oğrun baxışını.
Tuti dilin bala bənzər,
Baxışların iti xəncər,
Məhəbbətin başa əngəl,
Tərk eləmir vərdişini.
Adın məndə yeganə, tək,
Gəl qəlbimi al, şişə çək,
Gözəlliyin dəyişəcək,
Bu dünyanın gərdişini.
Sənə taymı yoldan ötən,
Zərif gülsən qəlbdə bitən,
Mümkün deyil gözdən itə,
Gəl gizləmə təşvişini.
Bənzəyirsən nazik tülə,
Qar altından çıxan gülə,
Canım aldın gülə-gülə,
Tanrı rast salsın işimi...
09.03.2024
RUHLARIMIZ QOVUŞSUN
Bir azca da dözüm ver, kömək et mənə, Yarəbb,
Ayrılıq əzabında qoyma dərdə diz çöküm.
Axan göz yaşlarımı eyləyərək mürəkkəb,
Gedər-gəlməz yolundan öz ruhuma yol çəkim.
İndi evimə dönmək əzab olub mənimçün,
Qoyub gedə bilmirəm səni torpaq altında.
Razıyam burda ölüm, ruhlarımız qovuşsun
İlahi dərgahında, göyün yeddi qatında.
Qəm yükümü gizlədim ürəyimin başında,
Gözlərimdən süzülür həsrətin damcı-damcı.
Neynirəm, sənsiz qalan o boş evi əzizim..?
Nəyimə lazımdır ki, bu dünyanın qazancı...
Bax sənə söz vermişəm, günlərin bir günündə,
Gələcəyəm üz tutub ünvanına əzizim.
İstəmirəm bir daha bu dunyada görünüm,
Səndən sonra qalmasın nə ləpirim, nə izim...
Gizləsəm də həsrəti gözlərimdə nə qədər,
Yoxluğunun acısı çevrilib qəm daşına.
Çalış indi Bəxtiyar, bu ağrıya sinə gər,
Onsuz qurduğun dünya yıxılmasın başına.
11.03.2024
SƏNLİ GECƏLƏR
Sənli axşamların adı ömürdü,
Qaranlıq düşəndə sənə yan alır.
Hər çökən gecədən güc alıram mən,
Gör neçə səhərim sənsiz yaranır...
Sən gecə ruhuma doğan ay kimi,
Tutqun səssizliyə olursan həmdəm.
Neçə axşamlarda gəncləşir ömür,
Neçə sabahlarda qocalıram mən.
Yolu gecələrdən keçən bu ömrüm,
Heyif ki gödəlir, yaman tez ötür.
Gündə neçə kərə mənim xəyalım,
Sənin bağlı qalan qapında bitir.
Göyün üzündəki ulduz kimisən,
Əlim də çatmır ki səni dərməyə.
Bilirəm sabahlar yoxa çıxırsan,
Mən gecə gəlirəm səni görməyə.
14.03.2024
NİYƏ QARŞILAŞDIQ
Niyə qarşılaşdıq bu gün səninlə,
Buludlu havada, yaz yağışında.
Dərsini bilməyən uşaqlar kimi,
Lal olub qalmışdım sənin qarşında.
Üzümə baxanda doldu gözlərin,
Qəlbimiz od tutub yandı, alışdı.
Biz susduq deməyə söz də tapmadıq,
Köhnə xatirələr dindi, danışdı.
Bəlkə göz yaşını gizlətmək üçün,
Külək tellərini sərdi üzünə.
Bir an həyəcandan əsdi əllərim,
Toxuna bilmədim nəmli gözünə.
Yağışda islanıb ayrılan zaman,
Pıçıltı səsiylə dedin:- Bəxtiyar,
Bağışla,mən xoşbəxt ola bilmədim,
Çalış, qurban olum,sən ol bəxtiyar!
12.03.2024
HARAM OLSUN
Səni taleyimə yazı bilmişdim,
Nahaq bu ümidlə özümü yordum.
Mən sənin əlinlə öz ürəyimə,
Özüm də bilmədən bir bıçaq vurdum.
Axı kim demişdi səni bu qədər,
Gözümdən ucaya öpub qoymağı.
Yoxsa ki həsrətin belə öyrətdi
Şirin gəncliyimi sənə qıymağı?
Mən səni o qədər çox sevmişdim ki,
Yarama basardım sən duz olsaydın.
Ömrüm bitənəcən sevib oxşardım,
Əhdinə, vəfana sən düz olsaydın.
Sənin nə vecinə nələr çəkirəm,
Nəyinə gərəkdir yoxam ya varam...
Get qara gözünə qurban olduğum,
Haqqım halal olsun, sevgimsə haram.
18.03.2024
ŞAİR QADINSAN
Ruhumun qidası deyirdim sənə,
Həzin nəğmə olub qəlbimə doldun.
Şeirimin mayası deyirdim sənə,
Notları bitməmiş müsiqim oldun.
Sən mənim şeirimin hər misrasına,
Qəlbimdən süzülən ürək sözümsən.
Bu qədər vəfasız, nankor içində,
Dünyanı sevdirən iki gözümsən.
Bir sabah inadla tutub əlimdən,
Məni cənnətinə götürərmisən?
Bir günah işləsəm, qırsam qəlbini
Tutduğun əlimi ötürərmisən?
Sənə sədaqətim pakdır, ülvidir,
Ruhumu oxşayan şeir qadınsan.
Mənim kitabımda yoxdur əvəzin,
Tarixdə iz qoyan şair qadınsan.
02.01.2024
SON VİDA
Elə bil ki bəxtimizə yazılıb,
Bu ayrılıq, bu göz yaşı, son vida.
Səni, məni çevirmədik biz, bizə,
Eşqimizə qoyulmadı bir nida.
Qurban olum, gedişimə ağlama,
Ürəyimi səndə qoyub gedirəm.
Axı sən... özgə bir evdə gəlinsən,
Həsrətə, hicrana doyub gedirəm.
Küsürdüm payızdan onda, bax indi,
Soyuq qış günündə ayrılırıq biz.
Bir səma altında bulud tək dolub,
Ayrı şəhərlərdə ağlayırıq biz.
Tək qalıb Allaha indi görüş də,
Rəhm edib o, ömür verər, ya verməz.
Bir yuva qurmuşam sənə qəlbimdə,
Səndən özgəsini görər, ya görməz.
22.01.2024
TƏNHALIQ DA BİR ŞƏFADIR
Ayrılıqlar, sıxıntılar,
Yaman çəkib məni dara.
Bu zəhrimar darıxmağı,
Heç bilmirəm qoyum hara.
Yol gedirəm, yolum bitmir,
Mətləbimə çatammıram.
Sevdiyim də atıb gedib,
Mən başımdan atammıram.
Gecələr də uzun gəlir,
Səhərədək yatmaq olmur.
Xəyallarda qalmış başı,
Şəkillərlə qatmaq olmur.
Axı kimə neyləmişəm,
Bəxtim belə pis yazılıb?
Bir qaranlıq yuvadayam,
Niyə quyum gen qazılıb?
Bahar çağında ömrümün,
Saçlarıma dən tökülüb.
Həsrət məni elə yıxıb,
Köhnə yaralar sökülüb.
Sevən qəlbi tərk eyləmək,
Dözülməyən bir cəfadır.
Vəfasızlar olan yerdə,
Tənhalıq da bir şəfadır.
31.12.2023
ƏHDİNƏ VƏFASIZ MƏN OLDUM, ANA
Bir gün dönəcəyəm desəm də sənə,
Əhdinə vəfasız mən oldum, ana.
Dərdinin dərmanı ola bilmədim,
Qara saçlarına dən oldum, ana.
Darıxmağı göz yaşınla ovudub,
İtirmisən gözlərinin qarasın.
Nə laqeyid övladammış, ay ana,
Görməmişəm ürəyinin yarasın.
Daş olsaydı əriyərdi bu dərdə,
Sən dağ olub ümidini üzmədin.
Hər ağrıya sinə gərib dayandın,
Göz yaşını yanağına düzmədin.
Deyirlər ki son gündə, son anında,
Məni deyib bitirmisən sözünü.
Tərk etmisən bu dünyanı həsrətlə,
Əbədilik bağlamısan gözünü.
İndi yoxsan... mən o sənli günlərə
Necə gəlim, başa dönüm, ay ana...?
Qəbul etmə, bağışlama... qoy sənin,
Məzarında daşa dönüm, ay ana.
30.12.2023
SƏBƏBİ SƏN OLMA
Deyirdim mən getsəm, bəlkə darıxdın,
Varammı, yoxammı heç də bilinmir.
Adını qəlbimə elə yazmışam,
Göz yaşım axsa da amma silinmir.
Niyə belə sevdim səni bilmirəm,
Qarşıma çıxsa da həddən çox adam.
Çalışdım unudam... bacarmadım ki..,
İnsaf et qəlbimdən özün çıx, adam.
Həsrətdən deyəsən dəli oluram,
Əsir sevda yeli hər an başımda.
Ürək də dözməyir, yavaş döyünür,
Gəl, qoyma ölməyə, bu gənc yaşımda.
Günahkar o qara gözlərin oldu,
Neştərtək qəlbimə saplanıb qaldı.
Bəhanə gəzirəm mən intihara,
Məni intizarın bu hala saldı.
06.03.2024
ÖLƏ BİLMİRƏM
Mənim dərd ortağım aylı gecələr,
Bir də ki, yazdığın məktublar oldu.
Məni tərk eyləyib getdiyin gündən,
Dünyaya, həyata həvəsim öldü.
Mən dərd karvanıyam susuz səhrada,
Həsrətin özüyəm, qəmin özüyəm.
Ətrafım adamla doludur amma,
Bu dərd dəryasında tənha üzürəm...
Gizli dərdlərimi kimsələr bilməz,
Dərdimin dərdini çəkən adamam.
Hər gecə daşıyıb mən dərdlərimi,
Tərəzi üstündə çəkən adamam.
Belə bir məsəl var atalardan da,
Dərd verən dərmanın özü verərmiş.
Yığılıb boyumdan çox olub axı,
Tanrım, onlar yerdən sənə qədərmiş.
O qədər onlara alışmışam ki,
Küsmüşəm, həyata gülə bilmirəm.
Zamanla dərdlərim doğmalaşıblar,
Əllərin buraxıb ölə bilmirəm.
14.02.2024
EŞQ DƏLİSİ
Daha qəlb evimin qapısı bağlı,
Sevincim çevrilib kədərə dönüb.
Zindana bənzəyir zülmət gecələr,
Sənsizəm, ömrümün nəşəsi sönüb.
Təkcə sənsizliklə yox olub hər şey,
Böyük bir boşluqda qalmışam inan.
Unudub özümü, qalıb qeydinə
Dərdini qəlbimə salmışam inan.
Bəs indi hardasan, görən mənimtək,
Bircə gün yadına məni saldınmı?
Gerçəkdə qovuşmaq olmadı qismət,
Bir şirin xəyala görən daldınmı?
Uzun gecələrdə yalnızlığınla,
Gözünün yaşını heç qurutdunmu?
Mənli xatirəni silib ürəkdən,
Məni sevə-sevə de, unutdunmu?
İşdir bu dünyaya təkrar gələrsəm,
Səni arzularam, səni sevərəm.
Dözüb həsrətinə sənin yolunda,
Ömrümü, günümü qurban verərəm.
02.02.2024
* * *
HƏSRƏT YARASI
İçimdə sağalmaz həsrət yarası,
Ahım səmalara qalxar, ucalar.
Tanrıya tapşırdım qəlb qıranları,
Nə vaxtsa, hardasa özü öc alar.
Deyirdim vaxt ötər, dərdim qocalar,
Sən demə dərdlərin yaşı olmazmış.
Vardır bu dünyada mizan-tərəzi,
Məzlumun fəryadı yerdə qalmazmış.
Ürəkdə zərrəcə yoxdur nifrətim,
Yaramın qaysağın çəkib soyana.
Yolun açıq olsun deyib gedərəm,
Gözümü hər zaman yolda qoyana.
20.07.2023
QƏLBİMDƏ YERİN QALACAQ
Deyirsən uzaq dur, könül evimdən,
Dayanıb baxıram lap çarəsizcə.
O şirin dilindən, gülən üzündən,
Necə uzaqlaşım, necə səszizcə?
Nədir, istəyirsən silim səni mən,
Telefon yaddaşından, öz yadaşımdan?
Elə bilirsən ki, yaddan çıxacaq,
Verdiyin sözlərin, söz yadaşımdan?
Yaxşı sən deyən tək olsun qoy hər şey,
Hərə bir yol ilə həyata davam.
Məndən uzaqlarda yaşa əzizim,
Bu gündən mən sənə özgəyəm, yadam.
Elə unudaq ki, ötən günləri,
Bütün yaşanmışlar yad olsun bizə.
Mən səni, sən məni bir özgə bilək,
Haçansa, hardasa, gəlsək üz üzə.
15.09.2023
ŞƏKLİNLƏ DANIŞIRAM
Sağalsa da yaralarım zamanla,
Ağrı verən acılarım azalmır.
Yaş ötsə də, ağarsa da saçlarım,
Cavan qalır yaralarım, qocalmır.
Niyə sevdim dəli kimi, niyə mən,
Bilmədim ki, məni dərdə salacaq.
Bu sevgidən mənə ancaq deyəsən,
Qəlb ağrısı, bir də şəklin qalacaq.
Ən gözəl çağında bitdi bu sevda,
Sənə xəyallarda ancaq çatıram.
Hər gecə röyada görüşək deyə,
Mən yuxu dərmanı içib yatıram.
Ayrılıq bu qədər qəfil olsada,
Mən öz talehimdən küsmürəm vallah.
Sevdiyi qulunu xoşbəxt olmağa,
Ən çətin yollarla aparır Allah.
25.06.2023
BÜLLUR GÖZ YAŞI
Ürəyi eşq dolu, gülərüz qadın,
Camalın ay kimi, bəxtin qaradır.
Səni qısqananlar bilirmi görən,
Sevgi atəşindən qəlbin yaradır.
Ürəyin sızlayır, gülür gözlərin,
Qəmini içində özün çəkirsən.
Hər gecə yataqda göz yaşlarınla,
Dərdinin üstünə sən dərd əkirsən.
Gündüzlər birtəhər silib göz yaşın,
Hamıyla şən olub, deyib gülürsən.
Evinə dönəndə baxıb güzgüyə,
Gördüyün gözələ sən də küsürsən.
Bu cavan yaşında nədir çəkdiyin,
Niyə qismətinə düşüb ayrılıq?!
Gözlərin yanağa nar giləsitək,
Göz yaşın sıraya düzüb ayrılıq.
11.06.2023
CAM QIRIQLARI
Əllərim buz kimi, çöküb qaranlıq,
Otağı isitmir şam qırlqları.
Şərab piyaləsi parçalanıbdır,
Doğrayıb əlimi cam qırıqları.
Nə verdi bu sevgi, nə aldı bizdən,
Doyunca şənlənib, gülmədik niyə?
Ağacdan tökülən yarpaqlar kimi,
Səbəbsiz ayrıldıq, bilmədik niyə?
Adını qanımla yazıb divara,
Mən sənsiz həyata üsyan edirəm.
Öpüb şəkildəki ağlar gözünü,
Əlvida deyirəm, çıxıb gedirəm.
Daha bu gedişin dönüşü olmaz,
Qəlb qırmaq ən böyük günahdır axı.
Gözlərdən süzülən o inci yaşlar,
Dünyaya şikayət, bir ahdır axı.
Səhvini anlayıb, dönərsən bir gün,
Bağışla deyərsən, üzür dilərsən.
Bir sevən ürəyin nə çəkdiyini,
Qəlbin qırılanda özün bilərsən.
18.09.2023
turan.info.az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.