Sevda İbrahimli (1965)

Sevda İbrahimli (1965) Sevda İbrahim qızı İbrahimli - 1965-ci il noyabrın 13-də
Naxçıvan MR-nın Culfa rayonundakı Bənəniyar kəndində anadan olub.
Gənc yaşlarından ədəbiyyatı sevib, şeir aləmində öz qələmi və dəsti-xətti ilə seçilib.
İlk gündən bu günə kimi bir çox mükafatlara layiq görülüb:
"Qızıl Qələm", "Nəsimi", "Abdulla Şaiq" mükafatları ilə, "Azərbaycan Bayrağı" və "HEYDƏR ƏLİYEV" fəxri diplomu, "Zirvə", "Ziyadar", "İlin Vətənpər şairi" və s. diplomlarla təltif olunub.
Ailəlidir: Üç övladı, altı nəvəsi var.
"Orda mən varam" adlı kitabın müəllifidir.
Şeirləri bir sıra poeziya antalogiyalarında dərc olunub.

Biz də aşağıda Sevda xanımın bir neşə şeirini
turan.info.az-ın dəyərli izləyicilərinə təqdim edir və
ona yeni-yeni uğurlar arzulayırıq!..


turan.info.az



AZADLIĞIM XOŞ GƏLİR

Bir gözümüz gülürsə,
O birindən yaş gəlir.
Gül kimi tər sinələr
Güllələrə tuş gəlir.

Bizim əsgər balalar,
Sevə-sevə döyüşür.
Sinə səngər qalalar,
Düşməni süründürür.

Qürurludur vətənim,
Əsgərim var, ordum var.
Artıq bitsin həsrətim,
Vətənsevər yurdum var.

Bu gün haqqın istəyir.
El qələbə gözləyir,
Nəhayət Qarabağa
Azadlığım xoş gəlir.
01.09.2020.


MÜBARİZƏM

Vətən mənim cənnətim,
O mənim şan şöhrətim.
Yurdun mərd oğlanları,
Canlı varım sərvətim.

Gözəlliyi zinətdi
Qarabağım cənnətdi
Görsün bu gün düşmənim
Xalqımdakı qeyrətdi.

Bu gün Azərbaycanda,
Haqq üçün Qarabağda.
Döyüşür ordum mənim,
İrəlidə qabaqda!

Vətənim qürurludur
Sabahı çox nurludur.
Mübarizəm torpağım,
Qeyrətim namusumdur.
04.09.2020


SÖZ AŞIĞI

Payızın ətri var nəğmələrimdə
Həzin bir musiqi dodaqlarımda.
Boylanır xəyallar, arxamca düşür,
Kövrəlir ürəyim qələm sürüşür.

Payızın yağışı damlalar düşür,
Çiçəklər üşüyür, bağçalar küsür.
Yürüyür ömrümüz xəzana dönür,
Aramla, zamanla, ömür döyüşür.

Bir ömür yolunu yaşama hədər,
Qəm -qüssə olmasın,nədəki, kədər,
Qocalıq möhürün vurduğu vaxtı
Qəhərli olmasın könül fəryadı.

İllər fəsil-fəsil tez ötüb keçir
Payızı yola sal qiş gəlib deyir.
Çevrilir ömrümüz il naxışına.
Döndərir Sevdanı söz aşığına.


Lal olub könül

Həsrətin könlümdə saralan vaxtı,
Səbrimin kor düyün daralan vaxtı,
İllərin səssizcə dolanan vaxtı,
Tanrı dərgahına üz tutub könül.

Günlər keçdikcə dərdim çoxalır,
Ağlama deyənlər bir -bir azalır,
Arzular çin olmur, tək- tək saralır,
Məcnunu çoxdandır unudub könül.

Məhəbbət bəxş edən ey uca Tanrım,
Bir mələk cismində yaşayır canım.
İzin ver, qismət et səcdədə qalım.
Bu sevgi önündə lal olub könül.


Tanrı

Ən böyük sərvətin övladlarımdır,
Xeyirli dualar mövlanadandır.
Bu böyük sərvətin üzü dönməsin,
Talehin, qisməti, məndən küsməsin.

Nəyimə gərəkdir bu dünya mənim,
Cənnətin ətri var dünyam da mənim.
Qonağım əzizdir, ilhamdır pərim,
Ondanda yuxarı, mövlanadandır.


Ən Gözəl Möcüzə

Yenə pəncərəni yağışlar döyür,
Göylərdən yerlərə sel sular tökür.
Elə bil rəssamdır ana təbiət
Pəncərə önünə naxışlar düzür.

Rəks edir mələklər damcılar düzür,
Nur olan göylərdən su yerə düşür.
Daş olub torpağın başına döyür
Göylərdən yerlərə yağışlar süzür.

Torpağın dərdini qəmini yuyur,
Sevinclə, kədərin, sintezin qurur.
Ən gözəl möcüzə ana təbiət,
Yağışı yağdırır, özü də udur.


Payız

Yenə bürünmüşəm payız donuna,
Qundağa bürünmüş çağalar kimi.
Yenə nəğmələrim həsrət qoxuyur,
Sevgidən doymayan sonalar kimi.

Misralar düzümü qatarlanıbdı,
Elə bil könlümdə güllər açıbdı,
Mələklər göylərdə qanad çalıbdı,
Təptəzə qoxuyan baharlar kimi.

Söz bəzənib sanki, payız rənginə,
Nəğmələr oxşayır dil çələnginə.
Dünya heyran olub gözəlliyinə,
Bəzənib sarışın bir bahar kimi.

Soyuq rüzgarların əsir sübh mehi,
Sevgisiz ürəklər üşüdür evi.
Soyuğa baxmayir var olan sevgi,
Sevinir baharda qumrular kimi.

Döyür qapıları açır küləklər,
Dözəmmir soyuğa nazik çiçəklər,
Nəğməkar quşlardan kəsilib səslər,
Yurduna qayıdan durnalar kimi.

Yenə nəğmələrim payız qoxuyur,
Sayır ilmələrin bir-bir toxuyur.
Payızın rəngləri yarpağa hopur,
Çeşnidə sayrışan naxışlar kimi.

Baharın rənginə payız qarışıb,
Ağaclar üstündən torpağa yağıb,
Kolların kosların üstünə yatıb.
Payız rəsm çəkib rəssamlar kimi.

turan.info.az



Sevda İbrahimli (1965) SORUŞMA

Həqiqət donunu geymirsə dünya,
Nadanlar dost olub gəzirsən onda,
Dost olub sirrini vermirsə dosta,
Soruşma gözlərin qəmi nədəndi?
...
Dillərdə gəzirsə haqsız söhbətin,
Qəlbini sıxirsa kədər möhnətin,
Dolanıb yağdırir leysan gözlərin,
Soruşma kipriyin nəmi nədəndi?
...
Sevgini, istəyi əzən insanlar,
İblisin toruna düşən insanlar,
İnsanı məhf edib qəbir qazırlar.
Soruşma könlünün çəni nədəndi?
...
Gəlib gedərgidir ötəri həvəs,
Bülbülə zindandır qızıldan qəfəs.
Eşidib səsimi filan filankəs,
Düzəlmək istəmir kəmi nədəndi?
...
İtərsə ləyaqət ad,sanin batar,
Köksündə vicdan yox seytanlar yatar.
Bax onda bu Sevda sözə söz qatar,
Üsyankar qələmin, dərdi nədəndi?


Bir Oğul İstərəm

Sağ gözün ümidi solu yandırır,
Düşmən başımıza dolu yağdırır.
At oynadır ermənilər Cıdır düzündə,
"Səbr edin" deyənlər bizi qandırır?

Toxundun qəlbimə, şeiri yazdım,
Naxələf xəyalla Şuşada azdım,
Yol aldı xəyalım yurdumu gəzdim.
Yaralı könlümü bir daha əzdim.
Bir oğul istərəm yaramı saran.

İmarət qalanın Əzanı susub,
Döndərib üzünü "Quran"ı küsüb
Elə bil Tanrının gözündən düsub...
Bir oğul istərəm, çarəsin tapan.

Yaralı quş kimi çırpınan, qalan,
Vətəndə vətənsiz, nisgilli olan.
Gedib əlimizdən Şuşa tək qalam,
Bir oğul istərəm Şuşanı alan.

Başının üstünü duman, çən alıb,
Uşaqlıq illərim o yerdə, qalıb.
Geriyə dönməyin gumanda qalıb,
İstərəm dərdimə bir çarə tapan.

Qanqalın içində lalələr bitdi,
Düşmənlər boyuna kəfən də biçdi.
Qanqalın içində lalələr itdi,
Bir oğul istərəm çarasın tapan.

Qarabağ yurdumun gül qönçəsidi,
Şuşada vətənin, bir guşəsidi.
Əsir olub nə vaxtdır alınmaz qalam,
Bir oğul istərəm yaramı saran.

Ağlayan, sızlayan haray səsidi,
Xocalı könlümün qəm qüssəsidi.
Yarası göynəyir, köksümdə mənim,
Bir oğul istərəm yaramı saran.

Torpağı düşməndən kaş ala bilək,
Qarabağ yurduna kaş gedə bilək.
Əsrlər keçsə də sağalmaz yaram,
Bir oğul istərəm yaramı saran.

Dostlarım öyürlər söz mahirisən,
Köksündən yaralı el şairisən.
Kim bilir bəlkə də mən görməyəcəm?
Bir oğul istərəm, yaramı saram.


Düyün düşüb

BU ŞEİRİ ELİNDƏN OBASİNDAN DOĞMA QARABAĞINDAN
KÖÇKÜN DÜŞƏN, TALEHİNƏ QAÇQINLIQ YAZİLAN İNSANLARIN,
SOYDAŞLARIMIZİN DİLİNDƏN QƏLƏMƏ ALDIM


Göylərə üzümü tutmuşam, Allah...
Əlimi açmışam durmuşam, Allah...
Diz çöküb qarşında demişəm, Allah...
Düşmənlər başımıza, dolu yağdirir.

Vətən həsrətindən çəpər çəkmişəm
Sinəmi yandırıb dağlar çəkmisəm
Bir Xarıbülbülü bağa əkmisəm.
Naləsi fəryadı bağı yandırır.

Yollara gözümlə həsrət əkmişəm,
Şəhidlik adında güllər əkmişəm.
Elimdən obamdan qaçqın dümüsəm,
Sağ gözün ümidi, solu yandırır.

Torpaq həsrətindən yurd həsrətindən,
Yazıram yurdumun,yurd həsrətindən.
Ellərin dərdindən, elin dərdindən,
Sinəmi göynədən, közü yandırır.

Kələfi dolaşmış düyün düşübdür,
Elə bil bizlərdən üzü dönübdür.
Tanrının özüdə bizdən küsubdur
Haqsızlıq aləmi bizi yandırır,
Qarabağ sözünün özü yandırır.


Bu da keçər

Bizləri bu günə aldadıb qoyan,
Yaraların qaysağını əliylə soyan.
Millətin səbrini bilərək yoran.
Gün gələcək keçəcək şər dövranın,
Könül gəl etmə haqq üsyanın.

Məzlum könül, qalx ayağa dur oyan,
Nə gündür, düşmüsən sən, nə dövran.
Biz ki, məzlum əzilən xalq deyildik,
Zülm eyləyən, baş kəsən də deyilik.

Gün gələr, keçər yaşanan şər dövranın,
Könlüm gəl etmə sən haqq üsyanın...


SƏNSİZ BİRİYƏM!

Buludam,dumanam, çisgin kimiyəm,
"Tufanam, boranam, çovğun kimiyəm.
Günəşdən bir zərrə qopmuş kimiyəm,
Yerdə tək tənhayam, yetim kimiyəm.

Həyatda sevmədim, sevgidən küsdüm
Nə dərdim, qəmim var sənlə bölüşdüm,
Könlümün taxtından,tacından düsdüm,
Eləbil tənhayam yetim kimiyəm.

Dağların çisgini, sisimdir mənim,
Yaralı quş səsi, səsimdir mənim,
Yanına gəlməyim bəsimdir mənim.
Elə bil tənhayam yetim kimiyəm.


Al qoynuna Şəhidimi

Al qırmızı qan ağladı qərənfillər,
Sıralanıb, yetim qaldı bənövşələr.
Şəhid deyib, qucaq açdı ana torpaq.
Şəhidimə, layla çaldı bütün ellər.

Anaların qürur verən göz yaşı var
Şəhidimin yetim qalan balası var
Bu torpaqda layla çaldı bütün ellər
Ruhumuzda vətən eşqi harayı var.

El oğludur sənə gələn, canım torpaq,
Ruhu mələk, şəhid bədən, kəfən bayraq.
Vətən üçün geyib kəfən, igid əsgər
Aç qoynunda Şəhidimə sərin qucaq.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: