AMEA Rəyasət Heyətinin aparatındakı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən turan.info.az-a bildiriblər ki, Festival iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib və Heydər Əliyev Muzeyində olublar.
Sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında açılış mərasimi baş tutub. Açılışda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli giriş nitqi söyləyərək, Elm Festivalının keçirilməsinin Azərbaycan elminin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, müasir elmi bilikləri təbliğ etmək, həmçinin gənclərdə elmi tədqiqat işlərinə marağı daha da artırmaq baxımından önəmli olduğunu bildirib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev təbrik çıxışında festivalın keçirilməsinin Azərbaycan elminin inkişafına mühüm təsir göstərəcəyini vurğulayıb: “Ölkəmizdə elmin cəmiyyətdə rolu və mövqeyi günü-gündən artmaqdadır. Bunun bir səbəbi elmə dövlət himayəsinin artması ilə bağlıdırsa, başqa bir səbəbi isə elm siyasətinin elm adamlarına güclü təsiri və gənclərin bu sahəyə göstərdiyi ciddi maraqla əlaqədardır. Akademiyanın Naxçıvan Bölməsi də müxtəlif istiqamətlərdə elmi-tədqiqat işləri aparır və əhəmiyyətli nəticələr əldə edib. Respublikamızda keçirilən Elm Festivalı elmi-tədqiqat işlərinə əsaslı təsir göstərəcək”.
Tədbirdə Akademiyaya həsr olunan film nümayiş etdirilib.
Daha sonra mərasimin bədii hissəsi başlayıb.
Tədbirlər çərçivəsində festival iştirakçılarının Naxçıvanın tarixi mərkəzlərinə, eləcə də muzeylərə, elmi laboratoriyalara ekskursiyaları təşkil edilib, AMEA Naxçıvan Bölməsində elmi-populyar mühazirələr dinlənilib.
Qeyd edək ki, İkinci Azərbaycan Elm Festivalı AMEA-nın təşəbbüsü, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçirilir.
Festival öz işini noyabrın 2-də Sumqayıtda, noyabrın 4-də Şəkidə və noyabrın 5-də Gəncədə davam etdirəcək.
.