plenar iclasında
AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SƏDRİ, MİLLƏT VƏKİLİ,
ƏFLATUN AMAŞOV
müzakirə zamanı çıxış etmişdir.
Aşağıda həmin çıxışın mətnini
turan.info.az-ın dəyərli oxucularına
təqdim edirik:
"Milli Məclisin yaz sessiyasının qanunvericilik planı olduqca zəngindir.
Düşünürəm ki, bizi kifayət qədər məhsuldar işlər gözləyir.
Mən 2 yeni qanun layihəsinin hazırlanmasını və qəbulunu təklif edirəm.
Bunlardan biri Mətbuat Şurası ilə bağlıdır. Digəri isə onlayn media ilə.
Uzun müddətdir ki, hər iki qanunun vacibliyi barədə mediada geniş müzakirələr gedir. Ona görə də burada vaxtınızı almayacam. Amma fürsətdən istifadə edib başqa, özü də çox vacib məsələni diqqətinizə çatdırmaq istəyirəm. Söhbət Gürcüstanda ermənilərin kompakt məskunlaşdıqları Axalkalakinin Buqaşen kəndində terrorçu Mixail Avaqyana abidə qoyulmasından gedir. O Avaqyana ki, Xocalı soyqırımında iştirak edib, Dağlıq Qarabağda əli dinc soydaşlarımızın qanına batıb.
Gürcü və Azərbaycan xalqları tarixən dost xalqlardır, aralarında heç bir ciddi konflikt olmayıb. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələr daha da möhkəmlənib. Biz bir-birimizə lazımıq. Azərbaycan Gürcüstan üzərindən strateji layihələr reallaşdırır, Gürcüstana böyük sərmayələr yatırır. Gürcüstanın da regionda əsas tərəfdaşı bizik. Çox təəssüf ki, bunu gözü götürməyən qüvvələr var. Onlar hər imkanda ara qarışdırmağa çalışırlar. İstəyirlər ki, gürcü və Azərbaycan xalqları arasındakı bu dostluq pozulsun. Məlum abidənin ucaldılması bunun bariz nümunəsidir. Özü də elə bir vaxt seçiblər ki... 20 yanvar. Bu, heç də təsadüfi deyil. Deməli, hər şey planlı şəkildə həyata keçirilib.
Biz, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, gürcüstanlı həmkarlarımıza ünvanladığımız müraciətdə bunları bildirmişik. Hər iki tərəf birlikdə bu sayaq təxribatın qarşısını almalıdır. Həmin düşmən qüvvələr 2006-cı ildə də başqa bir terrorçu Qurben Dalibaldyana Axalkalakidə heykəl ucaltmışdılar. O da Dağlıq Qarabağda bizə qarşı qətllər törətmişdi. O zaman abidə qoyulmasına qarşı ciddi çıxılsaydı, bu günkü vəziyyətlə üzləşməzdik. Gördüyünüz kimi, həmin qüvvələr bu gün də aktivdirlər. Hətta Nəriman Nərimanovun Marneulidəki heykəlini də götürmək istəyirlər. Onu xalqlarımıza düşmən kimi təqdim edirlər. Bu da yolverməzdir, təxribatdır, iki xalqın arasını vurmağa cəhddir. Əminik ki, baş verənlərdən Gürcüstan hakimiyyəti böyük ölçüdə xəbərsizdir. Bəlkə də baş verənlərin fərqinə varmırlar. Amma ciddi yanaşmalıdırlar.
Bir daha bildirmək istərdim ki, Azərbaycan və Gürcü xalqları dost xalqlardır. Ölkələrimiz strateji tərəfdaşdır. Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə onlarla soydaşımız qəhrəmancasına vuruşub, qanlarını töküb. Dağlıq Qarabağda dinc əhalini erməni quldurlarından müdafiə edərkən 4 nəfər əslən gürcüstanlı olan soydaşımız qəhrəmancasına həlak olub. Onların xatirələri bizim üçün çox əzizdir. Biz həm gürcülər, həm azərbaycanlılar birlikdə bu dəyəri bizə düşmən olan qüvvələrdən qorumalıyıq. Ümüd edirik ki, qaldırdığımız məsələ özünün ədalətli həllini tapacaqdır".
turan.info.az
.