2017-ci il Mayın 26-da Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərbaycan Respublikası ilə diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edib.
turan.info.az AZƏRTAC-ın müxbiri Rauf Hacıyevə istinadən xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, bu ölkənin Gəncədəki Baş konsulu Mamuka Balavadze, Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşıq, rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze çıxış edərək, ölkəsinin müstəqilliyinin tarixindən danışıb.
Mamuka Balavadze qeyd edib ki, bu il Gürcüstan və Azərbaycan dövlətləri arasında diplomatik əlaqələrin yaranmasının 25 ili tamam olur. Bu illər ərzində ölkələr arasında siyasi-iqtisadi və mədəni əlaqələr inkişaf edib. Hazırda Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələr möhkəm təməl və qarşılıqlı etimad üzərində qurulub. Enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq ikitərəfli münasibətlər üçün ən yaxşı nümunədir.
Baş konsul deyib ki, Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində nəinki ölkələrarası, hətta bütün region və dünya üçün əhəmiyyətli layihələrdən olan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri uğurla həyata keçirilib.
Gürcüstan və Azərbaycan dövlətləri arasındakı qonşuluq münasibətlərinin hazırki vəziyyətindən danışan Baş konsul bildirib ki, bu il Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi yekunlaşacaq. Bu layihə yalnız iki dövlətə deyil, regionun digər ölkələrinə də böyük iqtisadi səmərə gətirəcək.
Dövlətlər arasındakı münasibətlərin ölkələrimizin regionları arasında da uğurla inkişaf etdiyini deyən Baş konsul vurğulayıb ki, ötən il Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Kutaisi şəhərində səfərdə olub. Gəncə və Kutaisi şəhərləri arasında dostluq müqaviləsi imzalanıb. Həmin ilin sonunda isə Kutaisi şəhərinin meri Şota Muğulia Gəncədə olub və burada keçirilən Beynəlxalq Şərab Festivalında iştirak edib. Bu il isə yenə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Kutaisidə keçirilən Şəhər günü tədbirində iştirak edib və qardaş şəhərlər arasında gələcəkdə bir neçə layihənin icra olunması planlaşdırılıb.
Çıxışının sonunda Mamuka Balavadze 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə Gürcüstan xalqına ən xoş arzularını çatdırıb. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan Elmar Vəliyev bildirib ki, xalqlarımızın qədim dostluq münasibətləri mövcuddur. Ölkələrimiz müstəqilliyə qovuşduqdan sonra bu əlaqələr daha da möhkəmlənib. Xüsusilə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətdə inkişaf edib. Elmar Vəliyev regional əhəmiyyətli layihələrin həyata keçirilməsinin xalqlarımızın rifahına müsbət təsirini də vurğulayıb.
Sonda qonaqlara Gürcüstan milli mətbəxinin təamları təqdim edilib.
Həmçinin Gürcüstan mədəniyyətini, mətbəxini, şəhərlərini, insanlarının həyat tərzini əks etdirən videoçarx nümayiş olunub.
ZİM.Az
.