turan.info.az xəbər veruir ki,
tədbiri açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
Əziz Əzizov mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir. İcra hakimiyyətinin başçısı onu da qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiyaya uyğun olaraq təsbit edilib və etiqad azadlığı yüksək səviyyədə təmin olunub. Prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Hacı Cavad məscidinin açılışında iştirakı dövlət-din münasibətlərinin bariz nümunəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycan tarixən millətlərin, dinlərin sülh şəraitində yaşadıqları bir məkan olub. Müasir dövrümüzdə də Azərbaycanda dini və etnik tolerantlığın, multikulturalizmin, eləcə də birgəyaşayışın ən nümunəvi modeli formalaşıb. Respublikamızda formalaşmış bu modelin indiki zamanda çox yüksək dəyəri var və bu, dünya birliyi tərəfindən çox yüksək qiymətləndirilir. “Biz dünyaya nəzər salsaq görərik ki, beynəlxalq təhlükəsizlik problemlərinin əsasını məhz dini və etnik zəmində baş vermiş münaqişələr tutur. Dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərə xələl gətirən təhdidlərin aradan qaldırılmasında məhz Azərbaycan modelinin bu gün xüsusi yerinin olduğunun şahidiyik”, - deyə sədr müavini əlavə edib.
Azərbaycanın bu gün dünyada beynəlxalq təhlükəsizlik problemlərinin həllinə böyük töhfələr verdiyini diqqətə çatdıran natiq deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət yüksək qiymətə layiqdir.
S.Heydərov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd dini mühitdə cərəyan edən prosesləri, tendensiyaları, xüsusilə bəzi xarici ölkələrdən yönləndirilmiş təhdidləri qiymətləndirmək və ona qarşı koordinasiyalı mübarizəni gücləndirməkdir. Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün bərqərar olması üçün yollar axtaran və bu istiqamətdə öz töhfələrini verən ölkə imicini qazanıb.
Daha sonra Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Mirhadı Peymanov çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov da iştirak edib.
Müşfiq BORÇALI,
turan.info.az
.