Bakının sabiq baş memarı ÖMƏR QOÇULU: “Azərbaycanda 50 tanınmış binanın layihəsini mən vermişəm...”

Bakının sabiq baş memarı ÖMƏR QOÇULU: “Azərbaycanda 50 tanınmış binanın layihəsini mən vermişəm...” ...Mənim ən böyük düşmənim elə özüməm. Çünki, uzun zamanlar, ümumittifaq miqyasında böyük layihələrdə iştirak edərkən öz-özümü didirdim. Bir layihəni işləyəndən sonra onda o qədər əyər-əskik tapırdım ki...

...Mən böyük bir nəslin nümayəndəsiyəm. “Nənəmin nağılı” kitabında yalnız öz şəcərəmizin deyil, dastanlaşmağa haqqı olan Borçalı tarixinin bir parçasını qələmə almağa çalışmışam. Ulu babam Mirzə Həsən Məcruh Əbdürrəhimbəy Haqverdiyevlə oxuyub, sabiranə şerlər yazıb. Dayım Abbas Kirəclini “Azərbaycanın Belinskisi” adlandırıblar...


Bizim nəslin yarıdan çoxu Türkiyədədir. Onlar Gürcüstan sovetləşməmişdən öncə qardaş ölkəyə köç ediblər. Mənim babam Omar oğlu molla Mahmudun böyük qardaşı molla Abbas Türkiyəyə gedib və bizim orada Qoçulular adlı büyük bir nəslimiz var. Bir zamanlar millət vəkilliyinə qədər gedib çatmış Veys Qoçulu və hal- hazırda Türkiyə Ali Məhkəməsi sistemində Ağır Cinayətlər üzrə Məhkəmənin sədri kimi çalışan Xalıd Qoçulu bizim nəslin üzdə olan, tanınan nümayəndələrindəndir. Mənim də respublikanın əməkdar memarı, memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Memarlar İttifaqı Rəyasət heyətinin üzvü, Yazıçılar Birliyinin üzvü olmağım, elə bilirəm ki, təsadüfi deyil, gərgin zəhmətlə yanaşı, həm də genetik amillərlə bağlıdır...

...Orta məktəbi qızıl medalla bitirmişdim və o zamanlar qızıl medalla bitirənlər ali məktəbə yalnız ixtisasdan bir imtahan verib qəbul olunardılar. Mən də atamla Bakıya gəldim. Orta məktəbi bitirəndə 16 yaşım var idi, çünki 6 yaşımdan məktəbə getmişdim. Anam müəllimə idi, evdə tək qala bilmirdim, ona görə, məni də özü ilə məktəbə aparırdı. Sonradan adımı jurnala yazdılar, mən orada oxudum və məktəbi bitirdim...

...O vaxt hansı ali məktəbə sənəd verməyimin mənim üçün elə böyük fərqi yox idi. Çünki cəmi bir imtahan verəcəkdim. Əmim İsaxan Ömərov da, atamın dayısı Ömər Osmanlı da belə məsləhət elədilər ki, nəslimizdə hamı elmlə məşğul olub. Yaxşı olar ki, Ömər bala da universitetin fizika fakültəsinə qəbul olunsun. Sonradan başa düşdüm ki, bu, atamın arzusu imiş. Ailənin yeganə oğul övladı idim deyə, istəyirmiş, mən müəllim olum, əvvəl-axır kəndə qayıdım və burada kökü, nəsli davam elətdirim.

...Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə bir imtahanla qəbul olundum. 2 ildən sonra, bir gün keçmiş Kommunist küçəsindən keçirdim və gördüm ki, Monolit binanın altında böyük bir sərgi var və sərgidə memarlıq əsərləri nümayiş etdirilir. Sən demə, bu o vaxtkı Hökumət Evinin ətrafında tikiləcək bina layihələrinin ümumittifaq müsabiqəsi imiş. Müsabiqə ilə maraqlandım. Daha sonra memarlıq fakültəsinə daxil oldum və orada da oxudum. Amma əslində bir şey deyim ki, məndə memar olmaq arzusu hələ 4-5 yaşımda yaranmışdı. Boyum balaca idi, heç stola da çatmırdı, dizi üstə oturub şəkil çəkirdim. Anam dizimin altına balış da düzəltmişdi ki, mənə rahat olsun. O vaxt mən evlər çəkirdim. Amma o evlər, bir az, indi bilirəm ki, sürrealist evlər idi, yəni ənənəvi üslubda deyildi, mənim aləmimdə gələcəyin qeyri-adi evləri idi...

...10 il "Azərdövlətsənayelayihə" İnstitutunda çalışmağım, 10 il Bakının baş memarı olmağım, paytaxtda aparılan yenidənqurma və şəhərsalma işlərinə rəhbərlik etməyim həyatıma maraqlı səhifələr yazdı. Taleyimdən razıyam ki, Bakıda və respublikamızın müxtəlif bölgələrində ucaldılmış 50-yə qədər sənaye, nəqliyyat, yaşayış komplekslərinin, inzibati, ictimai obyektlərin, mədəniyyət, istirahət, sağlamlıq, idman, ticarət mərkəzlərinin layihələrini mən vermişəm. Bakı Məişət Kondisionerləri zavodu, Gəncə Avtomobil zavodu, Bakı və Quba avtovağzalları, Bakı zərgərlik zavodu və çoxlu sayda obyektlər mənim layihələrim əsasında tikilib. Bakının Mətbuat prospektində Nəşriyyat Kompleksinin və "Səbail" Dənizkənarı İstirahət Zonasının layihələrinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Qızıl medal"larını almışam...

...Neçə ildir ki, memarlıqdan dərs deyirəm. Bədii yaradıcılıqla məşğul olmağım da, "Nənəmin nağılı", "Gözdən Sözə","Daşa dönmüş musiqi", "Sazım, Sözüm və Özüm" kimi kitabların araya-ərsəyə gəlməsinə səbəb olub...

...Memarlıq fəaliyyətində milli ənənələrə, yoxsa bəşəri dəyərlərə üstünlük verməyə gəldikdə isə, mən həmişə deyirəm ki, istər memar olsun, istərsə də başqa sənət sahibi, onun ruhunda, nəfəsində millilik olmalıdır. Çox maraqlıdır ki, bəzən mütəxəssislər və tədqiqatçılar belə bir fikir söyləyirlər ki, Ömər Qoçulunun əsərlərində Ömər Qoçulunun özü var. Məncə, bu, təbiidir. Adicə bir şey deyim. Yazı yazanda, kitablarla məşğul olanda, gecənin bir vaxtı görürəm ki, proses dayandı, iş irəli getmir. Bax həmin anda götürüb ya saz çalıram, ya ud çalıram, ya da hansısa bədii əsərə baxıram və birdən hiss edirəm ki, yazını davam etdirməyə tam hazıram. Yəni uşaqlıqdan canıma hopan o bayatılar, laylalar olmasaydı, memarlıq mənim qanımdan, nəfəsimdən süzülüb, ürəyimdən əlimə gəlməzdi...

...Bu sənəti seçənlərə tövsiyəm budur ki, insan düşünməməlidir, hara daha gəlirlidir, harada daha çox pul qazanaram. Düşünməlidir ki, harada mən xalqıma, məmləkətimə daha çox xeyir verə bilərəm. Və o, işindən, sənətindən həzz almalıdır. Yaradıcılıq həzzi... Şərt o deyil nə isə yazasan, nə isə çəkəsən. Əgər bu adı böyük, özü böyük tarixi bir məmləkətin işinə bir qarışqa qədər yarasan da bəs eləyər...

... Həyat dərsini məni həyatın özündən almışam. Bilirsiniz, hər bir insan dünyaya gələndən sonra həyatın ağrı-acısı, enişlər, yoxuşlar onu cilalayır və insan özü təkmilləşməyə başlayır və axırda insan, su axıb çuxurunu tapan kimi, özünü tapır. Səhvlərdən, mümkün qədər, qaçmaq lazımdır. Çünki, bu, təkcə insanın özünə yox, başqalarına da baha başa gəlir. Təsəvvür eləyin ki, əgər mən 30 mərtəbəli bir binanın bünövrə layihəsini verirəmsə və bünövrədə 1 santimetr səhv eləyirəmsə, bina tikiləndə bu fərq 3 metrə bərabər olur.

...Bir insanın genetik amillərində kəm-kəsir varsa, mühit və ya sənət onu müsbət xarakterli insana çevirə bilərmi? Bəli! Axı mühit də insanı tərbiyə edir, formalaşdırır. Mən düşünürəm ki, kök, gen güclüdürsə, o mütləq özünü göstərəcək. Haradansa yaşıl bir yarpaq çıxacaq, sonradan o qulluq və qayğı istəyəcək və inkişaf edəcək. Mən Bakı şəhərində bir ailə tanıyırdım. 4-5 qardaş idilər, bir-birilərini görmürdülər. Biri həbsdən çıxan kimi, digəri həbs olunurdu. Amma onların içərisindən elə gözəl bir oğul da çıxdı ki, iqtisadçı kimi hamının hörmətini qazandı. Görünür, mühit də müəyyən hallarda öz sözünü deyir...

...İnsanın özünə tənqidi yanaşması vacib amildir. Bəzən insan tənqidi sevmir... Amma axı tənqid olmasa, inkişaf olarmı? Mənə elə gəlir ki, mənim ən böyük düşmənim elə özüməm. Çünki, uzun zamanlar, ümumittifaq miqyasında böyük layihələrdə iştirak edərkən öz-özümü didirdim. Bir layihəni işləyəndən sonra onda o qədər əyər-əskik tapırdım ki... Amma belə yanaşma mənim yaradıcılığımı get-gedə daha çox cilaladı...

...Bilirsiniz ki, Şərq aləmində 2 tərbiyə üsulu var. Bir üsula görə tərbiyədə atalar sözü əsas götürülür: “ Güldürən yerdə oturma, ağladan yerdə otur”. Bax o ağlatmaq məsələsi Mirzə Ələkbər Sabir üsuludur. Sabir bu yolu seçmişdi. Amma bir üsul da var ki, uşağın boynuna qoya-qoya deyirsən ki, mənim balam ağıllı baladır. Uşaq görür ki, buna nə qədər böyük bir etimad var, bunun haqqında nə qədər yüksək fikir var, özünü saflaşdıra-saflaşdıra, durulaya-durulaya gətirib çıxardır doğru yola...

...Memarlıq mənə nə verib, məndən nə alıb? Həqiqətən də, memarlıq mənə çox şey verib. Birinci növbədə, rifah, ad-san, hörmət... Məsələn, küçədə gedəndə Ömər Qoçulunu tanıyırlar, bunun özü böyük seydi. Yəni memarlıqdan maddi rifahı, ad-sanı, bütün dünyanın şirinliklərini almışam. Amma mən memarlığa nə vermişəm? İki kəlmə ilə desəm - BİR ÖMÜR! Ömrümü həsr etdiyim sənətimə görə peşman deyiləm, həm də memarlığa hələ borcluyam. Mən düşünürdüm ki, memarlıq əbədi sənətdir. Dünyanın 7 möcüzəsindən 4-ü memarlıq əsəridir. Misir ehramları, məbədlər əbədidir. Amma sonradan gördüm ki, bu dünya çox qorxulu bir dünyadır, yəni sunamilər var, kataklizmlər var, onlar bir göz qırpımında hər şeyi məhv edə bilər. Qalan - sözdür, kiminsə evində bir kitab ola bilər, kiminsə yaddaşında bir söz qalar, deyər ki, Ömər Qoçulu bu sözü belə demişdi. İndi bu qənaətdəyəm ki, söz hər şeydən güclüdür...

..Saz və ud çala bilməyim, şer yazmağım da genetik amillərlə bağlıdır. Şəcərəmizin ana xəttində yaradıcılığa meyl var. Mənim oğlum hərbiçidir, qızım Ülviyyə memardır, kiçik qızım Türkan rəssamdır, Türkanın qızı Şəfiqə Qoçulu Azərbaycan Musiqili Akademiyasının 4-cü kursunda oxuyur. Gözəl pianoçudur, bəzən musiqilər də bəstələyir. Sonra görürəm ki, uşaqlarım, bəzən Səməd Vurğun demiş, “söz uydurmağa”, yəni şairliyə də meyl göstərirlər. 6 nəvəm var - 3 oğlan, 3 qız. Kiçik nəvəm Arifdə də görürəm nə isə var, nəyisə qurmaq, yaratmaq istəyir. İnşallah, qismət olar onu da bir sənət sahibi görərəm...

...Bilirsiniz, bir rus şairəsi var idi - Vera Zvyaqentseva. O çox maraqlı bir söz deyib. Deyib ki, “я пишу, kak дышу” (necə nəfəs alıramsa, elə də yazıram). Elə bil ki, mənim sözüm nəfəsimlə gəlir. Mən həmişə deyirəm, mən şair deyiləm, şair Zəlimxan Yaqubdur. Mən o vaxt yazıram ki, yazmaya bilmirəm. Nəyisə, kimisə heyrətləndirmək xətrinə yazmıram. Şer adamın özü ilə söhbətidir. Amma çox maraqlıdır, mənim şer kitabımda hərə bir şeri bəyənir. Mən bu barədə çox düşünmüşəm ki, niyə hərə bir şeri bəyənir? Qənaətim belədir ki, kimsə nə zamansa özünün keçirdiyi hissləri ayrı-ayrı şerlərdə tapır...

...Həyat təzaddır. O qədər xoşbəxt olmayanlar var. O qədər ayrı olanlar var, sevgisini saxlayıb donduranlar var, o qədər kənardan bir-birinə baxıb qovuşa bilməyənlər var. Amma böyük fəlsəfəyə gəlsək, dünyada hər şey həm yaxındır, həm uzaq. İnsan həmişə hər şeyi özünə yaxın eləməyi bacarmalıdır...

...Hər şeyin başında zəhmətdir. Amma bir şeyi də sizə deyim ki , əgər öz ləyaqətini saxlaya-saxlaya yaşayarsansa, bütün istədiklərinə, arzularına nail ola bilərsən. Bir də, gərək, halal olasan. Halal olanda hər şey düzəlir. Halal yaşamağın özü çətindir. Çünki halal yaşamayan çoxdur həyatda. Amma nə olursa-olsun, insan ləyaqətini qorumalıdır və halal yaşamalıdır...

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: