“Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı.”
Bunu Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimindəki çıxışında deyib.
Dövlət başçısının sözlərinə görə, təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcək:
“Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”.
Prezident deyib ki, ölkənin bütün ali məktəblərində maddi-texniki baza möhkəmlənib, təmir, yenidənqurma işləri aparılıb, lazımi avadanlıqlar əldə edilib. Onun sözlərinə görə, orta məktəblərdə də analoji proseslər gedir:
“Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompyuterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar. Biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək. Elə etməliyik ki, təhsil sahəsində bütün problemlər həllini tapsın. Bildiyiniz kimi, dövlətin təhsil məsələlərinə olan diqqətini biz, eyni zamanda, təhsilə ayrılan xərclər ilə də ölçə bilərik. Bu xərclər ildən-ilə artır və Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı. Biz təhsilə ayrılan xərclərdən çox böyük səmərə ilə istifadə etməliyik. Bir daha demək istəyirəm ki, son illər Azərbaycanda bu sahədə dərinləşən islahatlar düzgün istiqamətdə aparılır. Biz bütün dünyada gedən prosesləri bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul variantı seçməklə təhsilimizin səviyyəsini artırmalıyıq”.
Dövlət başçısı qeyd edib ki, gənclərimiz milli dəyərlər əsasında qurulmuş azərbaycançılıq, müstəqillik ideologiyaları ilə dəstəklənməlidirlər:
“Milli dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Məhz milli dəyərlərimiz, ənənələrimiz bizi əsrlər boyu assimilyasiyadan qoruyub. Biz müxtəlif imperiyaların, ölkələrin tərkibində yaşamışdıq, müstəqillikdən məhrum idik. Ancaq buna baxmayaraq, milli identikliyimizi saxlaya, qoruya bilmişik. Məhz ona görə ki, milli dəyərlərimizə münasibətimiz həmişə çox yüksək səviyyədə olmuşdur. Bu gün də gənc nəslin tərbiyə olunmasında, formalaşmasında və Azərbaycanın uzunmüddətli, dayanıqlı, müstəqil ölkə kimi yaşamasında milli dəyərlərə bağlılığımız müstəsna rol oynayır. Mən çox istəyirəm ki, bizim bütün ali məktəblərdə gənclərimiz yüksək peşəkarlıqla yanaşı, məhz milli dəyərlərimizi unutmasınlar”.
turan.info.az
.