tanınmış şair, gözəl ziyalı,
mərhum Bəxtiyar Vahabzadənin
aşağıda sizlərə təqdim etdiyimiz
bu məktubu 1992-ci ilin 16 mayından
1993-cü ilin 16 aprelinədək
Azərbaycanın Daxili İşlər naziri
olmuş İskəndər Həmidova yazılıb.
Strateq.az-ın əldə etdiyi və
xalq şairi Bəxtiyar Vahabzadənin
öz xəttiylə yazıldığı bu məktub
nəticə çıxarmaq və
müqayisə aparmaq,
o dövrün idarəçilik prinsiplərinə
bələd olmaq üçün
çox yaxşı bir mənbədir.
Buyurun, Bəxtiyar Vahabzadənin
1992-ci ildə İskəndər Həmidova
yazdığı həmin məktubla tanış olun:
“Daxili işlər naziri cənab H.İskəndər bəyə Açıq Məktub
Hörmətli nazir, səmimiyyətinizə, mərdliyinizə, ən ümdəsi də gördüyünüz böyük işlərə görə mənim sizə dərin hörmətim var. Amma mənim zənglərimə qarşı biganəliyinizi heç cür başa düşmürəm.
İki aydan artıqdır ki, mən sizinlə telefonla da olsa, danışma “şərəfinə” nail ola bilmədim! Bəzən bir gündə 2-3 dəfə zəng çalır, hər dəfə də “nazir yoxdur” cavabını alıram. Yəni doğrudanmı bu 2 ayda siz bir dəfə də işə çıxmamısınız? Onu da deyim ki, hər dəfə köməkçilərinizə adımı nişan vermiş, “Yoxdur” cavabını alandan sonra, “Xahiş edirəm, nazirinizə deyin, mən onu görmək istəyirəm”- deyir və telefon nömrəmi də xatırladıram. Bir dəfə çox çətinliklə özümü Sizin qəbul otağınıza salmış, qəbul olunmaq xahişi ilə Sizə məktub yazmış, köməkçinizə vermişəm.
Bütün bu ciddi-cəhdlərə baxmayaraq, Sizdən səs çıxmadı. Amma bir neçə gün əvvəl köməkçiniz insafa gəlib “Nazir burdadır” dedi. Bizi calaşdırmasını xahiş etdim. 2 dəqiqədən sonra buyurdu ki, “Nazir deyir ki, 5 dəqiqəyə çıxacaq, başqa vaxt zəng çalsın”.
Cənab Nazir, köməkçinizin mənə çatdırdığı bu sözü Siz özünüz deyə bilməzdinizmi? Yoxsa bu, Sizə əskiklik gətirərdi? Ömrünün Sizin yaşınız qədərini Sovet rejiminə qarşı mübarizəyə həsr etmiş ağsaqqal şairlə 2 kəlmə danışsaydınız, xəncərinizin qaşı düşərdi?! Bəs, hanı Sizin yüksək kürsülərdən dediyiniz “kökə qayıtmaq”, “dədə-baba ənənəsinə hörmət” şüarlarınız? Onu da yaxşı bilirsiniz ki, mən bu sistemə qarşı üsyan səsimi ucaldanda, hələ Siz məktəblərdə əlifba öyrənirdiniz.
Onu da deyim ki, mən şəxsi dərdim, yaxud arzum üçün Sizə müraciət etməmişdim, xalqın mühüm bir arzusunu Sizə çatdırmaq istəyirdim.
İndi biz nə edək ki, Siz bəylərdə olan 3 və 4 rəqəmli birbaşa - xüsusi telefonlar bizim kimi rəiyyətdə yoxdur. Biz “Allahlarla” cəbrayılların vasitəsilə əlaqə saxlamalı oluruq. Beləliklə, keçmiş Kommunist rəhbərlərə nələri irad tuturduqsa, indi Siz on qat artığını edirsiniz. Təkcə Siz belə olsaydınız, mən bu barədə susardım.
Dünyanın heç bir ölkəsində vəzifəlilər üçün xüsusi telefonlar yoxdur. Bu, Sizə də kommunist rejimindən miras qalıb. Bəs bunları niyə ləğv etmir, xalqla əlqəni bərpa etmirsiniz? Görünür, inqilabların hamısı ədalət arzusundan deyil, yuxarıda oturanlara həsəddən doğurmuş.
Mən son bir neçə ayda Siz bəylərdən gördüyüm sayqısızlığı və hörmətsizliyi ömrüm boyu bəyənmədiyim və mübarizə apardığım kommunist bəylərindən görməmişdim. Onlar ölkənin tanınmış adamlarından çəkinir, bizə heç olmasa zahiri hörmətlə yanaşırdılar. Sizdə isə belə şeylər yoxdur.
Bütün bunlardan sonra öz-özümə düşünürəm: ömrünü və 40 illik yaradıcılığını kommunist diktaturasına qarşı mübarizəyə həsr etmiş, son illərdə isə indi iqtidarda olanlarla çiyin-çiyinə vermiş, Xalq Cəbhəsinin ağsaqqalı olmuş, ölkənin tanınmış adamına əgər bugünkü bəylər bu hörmətsizliyi edirlərsə, gör, onda bu millət nə çəkir?
Hörmətli bəy, mən bu məktubu ona görə yazmamışam ki, Siz insafa gəlib məni qəbul edəsiniz. Yox, artıq o fikirdən daşındım. Mən bu məktubu məni susmaqda günahkar bilən Xalq üçün yazdım ki, Xalq bilsin: artıq mən də acizəm. Mən sözümü sillə kimi kommunist rəhbərlərinin üzünə vura bilirdim. İndi bu imkanım yoxdur
Siz bu açıq məktubu tənəzzül edib oxusanız və mənə zəng eləmək fikrinə düşsəniz, xahiş edirəm, bu fikirdən daşınasınız. Çünki bizim evdən də Sizə “yoxdur” cavabını verə bilərlər. Mən isə sizin pərt olmağınızı istəmirəm.
Pərt olmaq bizə yaraşır, siz bəylərə yox.
Bəxtiyar Vahabzadə”