“Ziya” qəzetinin və “turan.info.az” saytının
baş redaktoru Müşfiq Borçalı
Polşada elmi ezamiyyətdə olmuşdur.
O, səfər zamanı Polşa Elmlər Akademiyasında, Ədəbi Tədqiqatlar İnstitutunda, Varşava Dövət Universitetində, Varşava Texniki Universitetində, Varşava Poliqrafiya Məktəbində və Azərbaycanın Polşadakı səfirliyində olmuş, həmçinin Polşada Azərabycanlı Gənclər Şurasının üzvləri ilə
görüşmüşdür.
Görüşlər zamanı Müşfiq Borçalı təmsil etdiyi ali təhsil müəssisəsi - Azərbaycan Texniki Universiteti haqqında ətraflı məlumat vermiş,
Azərbaycan-Polşa əlaqələrinin inkişaf tarixinə nəzər yetirmiş və bu dostluq əlaqələrin əhəmiyyətindən danışmışdır.
Müşfiq Borçalı Polşadakı səfəri zamanı Varşavadakı Müsəlman qəbristanlığında uyuyan Böyük Vətən Müharibəsi Qəhrəmanı, əslən Borçalıdan olan azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarını da ziyarət etmişdir.
Şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları bölməsinin təşkilatçılığı ilə keçirilmiş
Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransında iştirak etmiş və konfransın
“Dilçilik və Ədəbiyyat” bölməsində məruzə ilə çıxış etmişdir.
AZƏRBAYCAN-POLŞA
IV BEYNƏLXALQ
ELMİ KONFRANSI
KEÇİRİLMİŞDİR
Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universitetinin şərqşünaslıq fakültəsinin Türkologiya və
Orta Asiya xalqları bölməsinin təşkilatçılığı ilə keçirilmiş
IV Beynəlxalq elmi konfransda ilk söz Azərbaycanın Polşadakı səfirliyinin müşaviri Ülvi Baxşəliyevə verilmişdir.
O, bütün tədbir iştirakçılarını Azərbaycan Respublikasının Polşadakı Səlahiyyətli və Fövqaladə səfiri cənab Həsən Həsənovun adından salamlamış və konfransın işinə uğurlar arzulamışdır.
Ülvi Baxşəliyev artıq ənənəyə çevrilmiş və ildən-ilə daha çox elmi işçinin cəlb olunduğu Azərbaycan-Polşa konfransının bu il də uğurlu və məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirmiş, əvvəllər keçirilmiş üç konfrans kimi bu konfransın materiallarının da nəşr olunacağını qeyd etmişdir.
Diplomat, həmçinin aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçdiyini, yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində mülki əhalinin, hərbi qulluqçularımızın qəhrəmancasına həlak olduğunu bildirmiş və Şəhidlərimizə Allahdan rəhmət diləmişdir.
Sonra çıxış edən Varşava Universitetinin türkologiya fakültəsinin dekan müavini, professor Piotr Taraxa Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən bu konfransın hər il təşkil olunmasından məmnunluq duyduğunu vurğulamış, iştirakçılara elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayaraq konfransı açıq elan etmişdir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər xanım Baxşəliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərin İrəvan xanlığına köçürülməsi, regionda aparılan demoqrafik dəyişikliklər və son günlərdə təmas xəttində baş verən hadisələr haqqında konfrans iştirakçılarına geniş məlumat vermişdir.
Daha sonra Millət vəkili Gövhər xanım Baxşəliyeva “Görkəmli Azərbaycan alimi akademik Z.Bünyadovun əsərlərində Avropa mediyevistikasının nəaliyyətləri” mövzusunda məruzə etmişdir.
Həmçinin AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, professor Bədirxan Əhmədov “Azərbaycan ədəbi, ictimai fikrində avropalaşma”, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin professoru Fərhad Rəhmanov “Azərbaycanda təhsil
və elm”,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantları - fəlsəfə doktoru
Gülşən Ağabəy “Səməd Mənsur satirasında vətəndaşlıq” və
Müşviq Çobanov “Gürcüstanda Azərbaycan dramaturgiyasının inkişafı meylləri”, Varşava Universitetinin fəlsəfə doktorları
Məleykə Hüseyn “H.Z.Tağıyevin müsəlman əsilli qızlar üçün ilk məktəbi. XIX və XX əsrlərin kəsişməsində Azərbaycanda qadınların təhsili”, Şəhla Kazımova “Füzuli poeziyasında məhəbbət mövzusu” və
Kamila Stanek “Azərbaycan və türk dillərinin qrammatikasında oxşarlıq və fərqliliklər - “bilmək” və “malı/məli”, magistrant
Viaçeslav Çernev “Oğuz və qıpçaq dillərində fel (başqırd və azərbaycan dilləri misalında): müqayisə aspekti”, Yaqellon Universitetinin fəlsəfə doktoru Qrajına Zayonts “Yakub Qordonun “Qafqaz və ya Şamilin son günləri” romanında Qafqaz obrazı”, Yaqellon Universitetinin magistrantı Aqata Pavlina “Milliliyi itirmədən qərbləşmə. Azərbaycanın müasir musiqi mədəniyyəti”, Yan Pavel II Universitetinin magistrantı Qjeqoj Qilevski “1927-1944-cü illərdə Lvovda Yan Kazimir Universitetində Məhəmməd Sadıq bəy Ağabəyzadəni didaktik-elmi fəaliyyəti”, Vrotslav Universitetinin fəlsəfə doktoru Marçin Şenkeviç “XXI əsrdə Azərbaycan xarici siyasətinin əsas istiqamətləri”,
Bartoş Mendık “İpək yolunun Azərbaycan hissəsi” və Kamil Sobçak “Təbii qazın Avropa İttifaqına idxalında Azərbaycanın rolu” mövzusunda maraqlı məruzələrlə çıxış etmişlər.
Konfransda "ELM VƏ MƏDƏNİYYƏT", "ƏDƏBİYYAT VƏ DİLÇİLİK" və "TARİX və MÜASİR SİYASİ ƏLAQƏLƏR" adlı
3 bölmədə 15 məruzə dinlənilmişdir.
Məruzələrdə əsasən Azərbaycanın elmi, mədəni, siyasi və iqtisadi əlaqələrindən bəhs olunmuşdur.
Alimlərin məruzələri böyük marağa səbəb olmuş və geniş müzakirələr doğurmuşdur.
Sonda xatirə foto-şəkillər çəkdirilmişdir.
Konfransdan sonra iştirakçılar Azərbaycanın və Polşanın məşhur bəstəkarlarının əsərlərindən ibarət konsertə tamaşa etmişlər.
Konsert zamanı gənc və istedadlı bəstəkar-pianoçu Gezim Kardalın ifası xüsusi alqışlarla qarşılanmışdır.
* * *
Bir gün sonra isə Bakıdan gəlmiş nümayəndə heyəti Azərbaycan Respublikasının Polşadakı səfirliyində olmuş, həmçinin Polşada Azərabycanlı Gənclər Şurasının üzvləri ilə görüşmüşlər.
* * *
Azərbaycanlı alimlər daha sonra Varşavadakı Müsəlman qəbristanlığında uyuyan Böyük Vətən Müharibəsi Qəhrəmanı, azərbaycanlı polkovnik
Vəli bəy YADİGARın məzarını da ziyarət etmiş, əslən Borçalıdan olan Qəhrəman soydaşımızın qəbri üstünə
gül-çiçək dəstələri düzmüş və onun ruhuna dualar oxumuşlar...
.