(1947-1987)
istedadlı qələm sahiblərindən biri də
həyatdan nakam köçmüş mərhum
şairimiz Məcid Borçalı idi.
O, 1989-cu ildə vəfat etsə də,
yadigar qallmış poeziya çələngi
bu gün də Borçalı şeirsevənlərinin
dillər əzbəridir.
Təvazökarlıqdan uzaq olsa da,
qeyd etmək istəyirəm ki, mən - yəni
bu sətirlərin müəllifi - Müşfiq Çobanlı
unudulmaz şairimiz Məcid Borçalının
«Səni yaşadıram» adlı ilk şeirlər kitabını
tərtib edib nəşrə hazırlamış və redaktor kimi
onun işıq üzü görməsinə, böyük çətinliklərdən sonra,
1993-cü ildə nail olmuşdur.
«Qəlblərdə yaşayan ömür» sərlövhəli «Son söz əvəzi»ni nəzərinizə çatdırmaq istəyirəm.
«…Baharın ilk günlərindən biri idi. Qədim saz-söz məkanı, ağır elli, igid ərənlər diyarı kimi məşhur olan Borçalı mahalının qeyrətli, vətənpərvər, ziyalı və yurdsevər oğlu, «Hidbor» («Hidayət Borçalı») xarici əlaqələr şirkətinin prezidenti Hidayət Məmmədovun iş otağında oturub söhbət edirdik. Necə oldusa, söz mətbuatdan düşdü. Hidayət müəllim: «Rəhmətlik şair qardaşım…», - deyib dərin bir ah çəkdi. Məni maraq götürdü. «Allah rəhmət eləsin!», - deyib onun kimə işarə vurduğunu soruşdum. Cavab vermədi. Oturduğu masanın siyirməsindən bir qovluq çıxarıb sakitcə mənim qabağıma qoydu. Qovluğu açdım...
İlk gözümə dəyən «Gürcüstan» qəzetinin 9 may 1989-cu il tarixli sayı oldu. Burada yazıçı-jurnalist Əzim İsmayıllının «Ürəklərdə yaşayanlar» rubrikalı, «Həzin bir xatirə» sərlövhəli ürək sözləri arasında dərc olunmuş bir fotoşəkil diqqətimi cəlb etdi. İlahi, mən onu harada görmüşəm?..
Payız xəzanı kimi saralmış qəzet parçasını götürüb tez-tələsik oxumağa başladım: «…aramızdan vaxtsız getmiş Məcid Məmmədov…». …Sanki gözlərimi alov qarsadı… Axı, bu imza mənə çoxdan tanış idi. Onun özünü görməsəm də, sözlərini, şeirlərini çox oxumuşdum. Hələ orta məktəbdə təhsil aldığım illərdən böyük maraq və sonsuz həvəslə topladığım və ən yaxşılarını seçib, IV kurs tələbəsi olarkən «Dədəm Qorqud keçən yerdi bu yerlər…» epiqrafı ilə «Ağır elli Borçalı» (Bakı, 1990, sonralar həmin kitab 1997-ci ildə Ərzurumda çap olunub) adı altında cəmləşdirib kitabça halında nəşr etdirdiyim məcmuədə özünə yer tapıb işıq üzüz görmüş Borçalı sevgili poeziya nümunələri arasında Məcid Məmmədovun da «Kəndim» sərlövhəli bir şeiri vardı. O vaxt Məcid haqqında heç bir məlumatım yox idi. Hətta onun artıq dünyasını dəyişdiyini belə bilmirdim ki, heç olmasa, imzasını qara haşiyə içərisində verəydim. Görünür, belə də olmalıymış. Çünki…
Bəli, adam var, öldüyü günün səhəri unudulur. Adam da var, hələ sağlığındaykən özünə ölməzlik qazanıb əbədiyyətə qovuşur. Belələrinə «öldü» demək yaraşmır. Onların əziz xatirələri insanların qəlbində daim yaşayır!.. necə ki, dörd il əvvəl dünyasını dəyişmiş Məcid Məmmədovun adı bu gün hörmətlə yad edilir, şeirləri sevilə-sevilə oxunur, əziz xatirəsi onun tanıyanların qəlbində yaşayır, yaşayır !..
1947-ci ildə Gürcüstanın Zalqa (Barmaqsız) rayonunu Tecis (Culuxlu) kəndində dünyaya göz açan Məcid Həsən oğlu Tecis orta məktəbi bitridikdən sonra bir müddət Sarvan kənd orta məktəbində müəllim işləyib. 1974-cü ildə Marneuli şəhərinə köçüb. «Yeni Marneuli» qəzetində əmək fəaliyyətini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində (qiyabi) ali təhsil alıb. Yaxşı dost, sadiq yoldaş, qayğıkeş insan, qabaqcıl müəllim-pedaqoq, sənətkar-nəqqaş kimi ad-san qazanmış Məcid Həsən oğlu sonralar 70 nömrəli Marneuli texniki peşə məktəbində usta-müəllim işləyib.
Əzim İsmayıllı qələm dostu Məcid Məmmədov haqqında yazır:
«Şeiri sevə-sevə yazardı. Özü demiş, misralar qəlbində yuva salıb, dilinə hopmayınca əlinə qələm almazdı. Az yazar, ancaq öz sözünü deməyə çalışardı. Şairlik təbi bəlkə də ona rəssamlıq sənətinə olan məhəbbətindən doğmuşdu, bəlkə də zəhmətsevərliyindən yaranmışdı…»
Amma… təəssüflər ki, amansız xəstəlik neçə-neçə şeirlərin yaranmasına imkan vermədi. Məcid Ana Vətənə, doğma yurda, mehriban el-obasına, axarlı-baxarlı təbiətə sözünü axıra qədər deyə bilmədi. Deyə bilmədi ki, ey insanlar, ayıq olun, sərvaxt durun, qoruyun torpağın gözəlliyini, səmanın maviliyini… Qoruyun özünüzü…
Şeirləri «Yeni Marneuli», «Gürcüstan», «Ədəbiyyat və incəsənət» qəzetlərində, «Dan ulduzu» (1987;1989), «Ağır elli Borçalı» (Bakı 1990, Ərzurum 1997) ədəbi məcmuələrində işıq üzü görən, radio və televiziya verilişlərində səslənən Məcid Məmmədovun bir qovluq şeiri… və üç övladı yadigar qalıb. Qızı Mahirə (APİ-nin III kurs tələbəsi) atasının yolunu davam etdirmək arzusu ilə yaşayır. Vüqar və Alisə orta məktəbdə oxuyurlar…
…1987-ci ildə leykoz (qan) xəstəliyinə tutulan Məcid Məmmədov 1989-cu ilin baharında dünyasını dəyişərək əbədiyyətə qovuşub…
…Allah sizə rəhmət eləsin, ruhunuz şad olsun, Məcid qardaş!.. Siz ölməmisiniz! Şeirləriniz sizi yaşadır və yaşadacaq!..».
Bəli, Məcid Borçalının ürəklərdə yaşadan şeirləri çoxdur. Vətən, yurd, torpaq, insan, saz, məhəbbət və s. həmin şeirlərin əsas mövzusunu təşkil edir.
Mənim şeir dəftərim,
Mənim arzu məqsədim -
Mənim şah vüqarımdır.
Gələcəyə inamım,
Mənim əqlim-kamalım -
Mənim söz qatarımdır.
- epiqoafı ilə açılan «Səni yaşadıram» (Bakı, 1993) kitabında cəmlənmiş şeirlər yeddi sərlövhə altında qruplaşdırılmışdır. «Qayıt kəndimizə», «Qurbanım olum», «Dünyanı qəlbində yaşadır insan», «Ömürlər ömürə yar-yaraşıqdır», «Şənliklərin bəzəyidir tenlli saz», «Bir deyişmə», «Satirik şeirlər» və «Səni yaşadıram».
Kitabın, yəni ilk bölmənin ilk şeiri «Azərbaycan sorağında» adlanır və ilk bəndi belədir:
Bir kök üstə köklənmişəm,
Bir zərrəyəm çalağında.
Bir dünyadır könlüm evi
Azərbaycan sorağında.
Sonrakı şeirlər - «Ayağı tutanlar şəhərə qaçdıq», «Meylini dağlara saldı gözlərim», «Kəndim», «Ələsgərsayağı», «Dağlar», «Ana məktubları», «Öz ana yurdum», «Dağlarda əbədiyyətə qovuşaq», göründüyü kimi, hər birinin mövzusu elə başlıqlarındanca bəllidir.
«Bir bülbüləm, gül üstəyəm,
Borçalıyam, Kür üstəyəm.»
Yaxud:
«Borçalıdır söz meydanı,
Koroğlu tək süz meydanı».
- deyən şair qədim Borçalı mahalının tarixi keçmişindən, dünənindən, bu günündən, təbiət gözəlliklərindən və s. söhbət açır.
«Dünyanı qəlbində yaşadır insan» bölməsində özünə yer tapmış «Mənim», «Dəymə ürəyinə», «İstərəm», «İstəmirəm», «Düşdüm», «Əqidəm», «Zəhmətim üzümə gülür», «Mən fəhləyəm», «Etiraf», «Varlığım», «Həssaslığım» və s. şeirlərdə insan böyüklüyü, onun əməyi, zəhməti, sağlam əqidəsi, mənliyi və s. tərənnüm olunur:
«Dünyanı qəlbində yaşadır insan,
Həssas ürəkləri kövrək olubdur.
Bütün ucalardan ucadır insan,
Amalı dünyadan böyük olubdur».
«Ömürlər ömürə bir yaraşıqdır» verilmiş şeirlərdə ana, ata, baba, nənə, övlad, qardaş, bacı, qohum, qonşu məhəbbətlərindən söz açılır, dahi N.Nərimanovun əzəməti, S.Vurğunun poeziyası, dağlar sərkəri müdrik Əli babanını dünyadan köçməsi, 110 yaşlı Zöhrə nənənin bacarığı, sözü-söhbəti, ağıllı nəsihətləri, çobanlar sərgəri Vəli kişi, «kişilik qeyrəti dastanlara sığmayan dağlar oğlu» Alı əmi, Çoban Xəlil, Xıdıroğlu və b. xatırlanır.
Şair oğlu Vüqara müraciətlə yazdığı «Düz yerində də» şeirində deyir:
«Kişi qürurlu ol, mərdanə dolan,
Dilinə gətirmə acı söz, yalan.
Haqq ilə nahaqqı ayıran zaman,
Məcid tək sözünü düz yerində de».
Qızı Mahirəyə həsr etdiyi şeirində isə oxuyuruq:
«Anan arzusuna ilk dəfə çatdı,
Bala anasıyla qoy yaşa dolsun.
Körpənin gülüşü bir növ həyatdır,
Xalqın üçün yaşa, anan şad olsun».
Şairin «Elvinim», «Elvin gətirdi» və s. şeirləri də bu qəbildəndir:
Gülşənə çevrildi həyat, bağça, bağ,
Bir dünya sevinci yetirdi Elvin.
Ana ürəyinə min yığın qucaq
Ata məhəbbəti gətirdi Elvin.
Məcid Borçalı təkcə vəsiyyətvari şeirləri ilə deyil, eyni zamanda nəsihətli, hikmətli şeirləri ilə də oxucunu valeh edir:
«Gəlmişəm kəndimə ürəyi dolu,
Bir ocaq daşına baş qoyub yatam.
Bir ana döşündən əmdiyim südü
Bir övlad borcu tək geri qaytaram».
«Dünyanın şərəfi yaranıb insan» kəlamını bir daha yada salan şair qələm dostları Osman Əhmədoğlunun, Nizami Məmmədovun, Mayqa Mətinin, Gülnigar Rəhimlinin poeziya aləmində qazandıqları uğurlara sevinir və onlara yeni-yeni nailiyyətlər arzulayır.
«Şənliklərin bəzəyidir telli saz» adlanan dördüncü bölmədə verilmiş «Ay aşıq», «Telli sazım», «Kamandardan de gəlsin», «Dilim öyrənib», «Gəlsin» sərlövhəli şeirlərdə şairin saz sənəti, aşıq yaradıcılığına bağlılığı, ustad aşıq Xındı Məmmədə, onun oğlu Aşıq Gülablıya, Aşıq Hüseyn Saraclıya, Aşıq Əmraha və Aşıq Kamandara olan məhəbbəti açıqlanır.
«Deyişmə» bölməsində mərhum şairin Mayqa Mətinlə deyişməsi diqqəti cəlb edir. Suallar və cavablar əsasında qurulmuş bu deyişməni M.Borçalı belə tamamlayır:
Bu ellərin görən gözü - Borçalı,
Ürəklərin odu, közü - Borçalı,
Məcidin ən şirin sözü - Borçalı,
Hərdən bizi yada sala, ay bacı!
«Satirik şeirlər» bölməsində özünə yer tapmış «Hoqqabaz», «Mən əsəbi oluram», «Malalama», «Məsləksizə», «Öz yolunda bulan oldum», «Məclisi korlayanlara», «İlhamın mayası olmalıdır» şeirlərində şair min dona girən hoqqabazları, yaltaqları, ikiüzlüləri, «day-daylar»ı, «ədasız masabəylər»i, bir sözlə, yolundan azmışları qamçılayır, onlara ibrət dərsi verir.
«Səni yaşadırram» sərlövhəli sonuncu bölmədə isə şairin həyat, gənclik, gözəllik, məhəbbət, təbiət mövzusunda şeirləri cəmlənmişdir. «Birinci mən olmalıyam», «Baharına ələnim», «Anam gəlini», «Belə görünək həmişə, «Bir gö-zəlin oyunu», «Məni», «Xoşa gələrmi?», «Gülə-gülə», «Səni yaşadıram», «Son zəng», «Bir qız gördüm», «Məni odlayan gözəl», «Küsü saxlama-saxlama» şeirləri başlıqlardan da göründüyü kimi, bir-birindən maraqlı və oxunaqlı poeziya nümunələridir.
Şair Mədəd Coşğun «Azərbaycan dünyası» qəzetinin 17 sentyabr 1993-cü il tarixli nömrəsində dərc olunmuş «Yaşayacaqsan, Məcid!» sərlövhəli məqaləsində kitabın məziyyətlərindən söhbət açır və belə bir sonluqla yekun vurur:
«Əminik ki, təkcə qohum-qardaşı, üç övladı, ağır elli Borçalı deyil, qədirbilən oxucular ömrünün çiçəklənən, yaradıcılığının büllurlaşan vaxtında dünyadan köçən Məcid Məmmədovun xatirəsini həmişə ehtiramla yad edəcək, eyni zamanda kitabı nəşrə hazırlayan - redaktor Müşfiq Çobanlıya kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlıqlarını bildirəcəklər».
P.S.: Kitab haqında dəyərli ziyalımız, Borçalışünas alim, filologiya elmlri doktoru Şurəddin Məmmədli də «Gürcüstan»qəzetində müsbət rəy dərc etdirmişdir. Yeri gəlmişkən, Mədəd Çoşğuna da, Şurəddin müəllimə də öz təşəkkürümüzü bildiririk.
Müşfiq BORÇALI,
"ŞƏRQİN SƏSİ" qəzeti,
mart, 1997.