FÜZULİ QURBANOV
(1959)
(1959)
Füzuli Məhəmməd oğlu
Qurbanov - 1959-cu il
sentyabrın 23-də
Ulu Borçalımızın
qədim Başkeçid
(indiki Dmanisi) rayonunun
Az-Gəyliyən kəndində
dünyaya göz açıb.
1977-ci ildə həmin kənddə orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub.
1982-ci ildə universitetdə təhsilini başa vurub təyinatla Kəlbəcər rayonunun Qaragüney kəndinə göndərilib və burada 1985-ci ilədək orta məktəbdə müəllim işləyib.
Füzuli Qurbanov 1985-1986-cı illərdə SSRİ Fəlsəfə Cəmiyyətinin Azərbaycan şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
O, 1986-cı ildə SSRİ Fəlsəfə İnstitutunun məqsədli əyani aspiranturasına daxil olub.
1990-cı ildə Moskvada “Özünü təşkil edən sistemlərin tədqiqi metodları. Fəlsəfi aspekt” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, fəlsəfə elmləri namizədi elmi adına layiq görülüb.
Qeyd edək ki, Füzuli Qurbanov sinergetikanın fəlsəfi metodoloji problemləri üzrə elmi iş müdafiə edən ilk azərbaycanlı alimdir.
Füzuli Qurbanov 1990-1993-cü illərdə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq institutunda elmi işçi, 1993-1995-ci illərdə dosent əvəzi vəzifəsində çalışıb.
1995-ci ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Milli Məclisi yanında humanitar tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin birinci şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1997-ci ildə həmin Mərkəz ləğv edildikdən sonra o, yenidən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq institutunda dosent kimi fəaliyyətə başlayıb və hazırda da burada çalışır, İdrak nəzəriyyəsi və elmin fəslsəfəsi şöbəsinin müdiridir.
“Sinergetikanın sosial sistemlərə tətbiqi imkanları” mövzusunda yazdığı doktorluq dissertasiyasını da uğula müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüş Füzuli Qurbanov bir sıra Beynəlxalq elmi konfransların iştirakçısı olub, elmi məruzələrlə çıxışlar edib. O, 4 monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəllifidir. Müxtəlif elmi jurnallarda və qəzetlərdə onlarla elmi və analitik xarakterli məqalələri dərc olunub.
Füzuli Qurbanovun “Sinergetika: xaosun astanasında” (Bakı, Bakı Universiteti, 2004, 360 səh.), “Elmə sinergetik yanaşma” (Bakı, Elm, 2005, 400 səh), “Avtopoyesiz və sinergetika: sosial təşəkkül metodları” (Bakı, Adiloğlu, 2007, 480 səh.), “Tarixin “postqərb” mərhələsinə keçid” (I cild. Risklər, proqnozlar və ssenarilər. Bakı, Təknur, 2009, 420 səh.) adlı monoqrafiyaları filosof alimlər tərəfindən yüksək qiymətləndirilib. Eləcə də onun “Sosial qrupların dinamikası” və “Sinergetikanın sosial sistemlərə tətbiqi imkanları” adlı proqramları çap olunub və BDU-da tədris olunur.
Biz də el-obamızın dəyərli ziyalısı, görkəmli alim, tanınmış filosof Füzuli Qurbanova uzun ömür, möhkəm cansağlığı və eləcə də elmi-ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.