XI FƏSİL
ANTROPONİMLƏRİN QURULUŞU
Antroponimlərin quruluşu məsələsinin təhlilinə keçməzdən əvvəl söz və antroponim anlayışını müəyyənləşdirmək vacibdir. Söz leksik, antroponim isə antroponimik vahiddir. Söz və antroponim dilçiliyin ayrı-ayrı sahələrinin tədqiqat obyekti olsa da, onları bir-birindən təcrid etmək və ayrılıqda öyrənmək olmaz. Çünki onların hər ikisi dil vahidi olmaq etibarilə biri digərini tamamlayır, biri digərinin yaranması üçün əsas təşkil edir. Deməli, söz xüsusi adların, o cümlədən də, antroponimlərin yaranması üçün maddi bazadır. Bu baza olmadan dilin onomastik layını təsəvvür etmək olmaz. Başqa sözlə desək, ümumişlək xarakterə malik olan istər sadə kök sözlər (ay, gül, xan, lalə, könül), istər düzəltmə kök sözlər (dəmir-çi, ov-çu, bal-lı, gül-lü) və istərsə də mürəkkəb kök sözlər (gülçiçək, Lalələr, abhəyat, meyvəgül) öz tərkib hissələrinə ayrılmadan konversiya yolu ilə, bütövlükdə, xüsusi ada - antroponimə çevrilir və hər biri bir şəxs adı yerində işlədilir. Yuxarıda qeyd olunan sözlər əsasında düzələn Ay, Gül, Xan, Lalə, Könül; Dəmirçi, Ovçu, Ballı, Güllü, Gülçiçək, Laləzər, Abhəyat, Meyvəgül və s. antroponimlər də bu qəbildəndir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, ümumişlək sözlərin hamısının əsasında düzələn antroponimlər sadədir, birüzvlüdür. Çünki onların əsasında duran ümumişlək düzəltmə sözlərinin hamısının tərkib hissələri olan kök və şəkilçilər, mürəkkəb sözlərin komponentləri bir-birindən təcrid edilmiş halda ayrılıqda yox, bütövlükdə konversiyaya uğramışdır. Əgər düzəltmə və mürəıkkəb kök sözlərin tərkib hissələri ayrılıqda konversiyaya uğraya bilsəydi, əlbəttə, onda düzəltmə antroponimlərin varlığından da danışmaq olardı. Təəssüf ki, dilin daxili inkişaf qanunları belə bir hadisənin baş verməsinə heç cür imkan verə bilmir. Dilin daxili qanunauyğunluğuna görə, “ovçu” sözünün tərkib hissələri olan ov və -çu heç vaxt ayrılıqda konversiyaya uğramaq, yəni onomistik (antroponimik) vahidə keçmək imkanına malik deyildir. Çünki onlardan ov ümumişlək söz olsa da, -çu dildə ayrılıqda işlədilməyən, heç bir məna və məzmun kəsb edə bilməyən leksik şəkilçidir. Ayrı-ayrı sözlərin konversiyaya uğramaq imkanları olsa da, şəkilçilər belə imkanlardan məhrumdur. Bu da düzəltmə antroponimlərin varlığından danışmağa hec cür əsas vermir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, həm sadə, həm düzəltmə, həm də mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər yalnız bir antroponimik vahiddən (şəxs adından) ibarət olub, sadə antroponimlər hesab olunur. Sadə antroponimlər isə onun əsasında duran ümumişlək sözlərin quruluşundan (sadə, düzəltmə, mürəkkəb) asılı olmadan birüzvlü antroponim ayrılıqda öz quruluşu etibarilə adlıq cümləni xatırladır. Adlıq cümlələrdə müxtəlif şəxslərin, əşyaların, hadisə və proseslərin adı çəkilib, onlar haqqında müəyyən məlumat verilmədiyi kimi, nitq prosesində də ayrı-ayrı şəxslərin adı çəkilir, lakin onlar haqqında adi məlumat belə söylənilmir. Bu xüsusiyyət də antroponimi adlıq cümləyə yaxınlaşdırır. Cümlənin düzəltmə növü olmadığı kimi, antroponimlərin də düzəltmə növünün varlığından söhbət açmaq olmaz. Bu mənada, cümlə quruluşca sadə və mürəkkəb olduğu kimi, antroponimlər də sadə və mürəkkəb olur.
Deməli, antroponimlərin quruluşu ilə antroponimlərin əsasını təşkil edən ümumişlək sözlərin quruluşu ayrı-ayrı anlayışlardır. Onları bir-birilə qarışdırmaq olmaz. Çünki onlar dilçiliyin müxtəlif şöbələrinin tədqiqat obyektidir. Nəhayət, belə nəticəyə gəlmək olur ki, antroponimlər quruluşca sadə və mürəkkəb antroponimlərin əsasında duran ümumişlək sözlər isə quruluşca sadə, düzəltmə və mürəkkəb kök sözlərdən ibarət olur.
Deməli, Azərbaycan antroponimləri quruluş etibarilə iki qrupa bölünür: sadə antroponimlər, mürəkkəb antroponimlər.
Sadə antroponimlər. Sadə antroponimlər yalnız birüzvlü, yxud bir antroponimik vahiddən ibarət olur. Məsələn, Araz, Vaqif, Vüqar, Lalə, Şəfəq və s.
Azərbaycan antroponimiyasına daxil olan sadə adların əsası məna, məzmun və ahəngdarlığı etibarilə rəngarəng ümumişlək sözlərdən ibarət olduğu kiıni, onlar quruluş cəhətdən də müxtəlifdir. Müəllifin öhdəsində olan və şəxsən hazırladığı kartotekada on minə yaxın, o cümlədən, 4345 kişi, 5485 qadın adı və 150-yə yaxın müştərək ad daxil edilmişdir. Kişi adlarından 1708-i sadə, 1089-u düzəltmə və 1478-i mürəkkəb kök sözlər əsasında: qadın adlarının isə 1524-ü sadə, 1046-sı düzəltmə və 2915-i mürəkkəb kök sözlər əsasında düzəlmişdir.
Azərbaycan antroponimiyasına daxil olan adların əsası quruluşca sadə, düzəltmə və mürəkkəb köklərdən ibarət olur.
Sadə kök əsasında düzələn antroponimlər. Sadə adlar yalnız bir kök sözdən ibarət olur. Bu qrup adların əksəriyyəti, əsasən, leksik yolla ümumişlək Azərbaycan sözləri əsasında formalaşır. Başqa sözlə desək, ümumi isimlərin xüsusi isimlərə keçməsi yolu ilə çoxlu miqdarda adlar əmələ gəlir. O cümlədən, heyvan adlarından Aslan, Ceyran, Maral; quş adlarından Tutu, Laçın, Göyərçin, Sona, bitki adlarından Çiçək, Badam, Nərgiz, Bənövşə; cansız əşya adlarından Almaz, Dəmir, Polad, Brilyant, Ayna kimi onlarla adlar yaranmış və dilimizin antroponimiyasına daxil olmuşdur.
Sifətlərin substantivləşməsi nəticəsində də onlardan isimlər törəyir və onlar öz təsirini elə güclü şəkildə göstərir ki, onun isim kimi təsəvvür edilməsi daha da möhkəmlənir və isimlik məfhumuna çevrilərək antroponimlərin yaranmasına səbəb olur. Dilimizdəki Qəhrəman, Qoca, Gözəl, Yaxşı, Göyçək və Qəşəng kimi şəxs adları bu qəbildəndir.
Sadə adlar bir, iki və bəzən də üçhecalı səs tərkibinə malik olurlar.
Birhecalı adlar Azərbaycan antroponimiyasında az işlənir. Məsələn, Ay, Qoç, Zal, Gül, Xan.
İkihecali kök sözlər əsasında formalaşan həm kişi, həm də qadın adları Azərbaycan antroponimiyasında geniş yayılmışdır.
Kişi adları: Abid, Aqil, Adil, Azər, Ayaz, Akif, Afət, Araz, Arif, Aslan, Vüqar, Qabil, Qəşəm, Qoşqar, Əvəz, Zabit, Zirvə, Sabir və s.
Qadın adları: Adəm, Afaq, Bahar, Vəfa, Qəmər, Qön-çə, Dilbər, Ziba, Zümrüd, Yavər, Könül, Lalə və s.
Üçhecalı kök sözlər əsasında formalaşan antroponimlər arasında qadın adları kişi adlarına nisbətən çoxluq təşkil edir.
Kişi adları: Ədalət, Əzəmət, İkamət, Fəzahir və s.
Qadın adları: Qənirə, Qərənfil, Qiymət, Qiyafət, Dila-rə, Əntiqə, İztirab, Məhbubə, Mülayim, Nəhayət, /Pakizər, Rəfiqə, Südabə, Tamaşa, Təranə və s.
Dilimizdəki bəzi bir və ikihecalı ümumi sözlər çəxs adına çevrilərkən, antroponimiyanın daxili tələb və qanun-larına tabe olaraq iki və üçhecalı sözlərə keçirlər. Məsələn, dilimizdəki birhecalı nəsr və hökm sözləri xüsusi adlara çevrilərkən ikihecalı şəkildə işlənir: Nəsir, Hoküm(ə).
Düzəltmə kök sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında geniş şəkildə yayılmış bu qrup şəxs adları, əsas etibarilə, ümumişlək düzəltmə kök sözlər əsasında formalaşır. Başqa sözlə desək, antroponimlərin yaranmasında morfoloji prosesin mahiyyəti ondan ibarətdir ki, burada, birinci növbədə, köklərə şəkilçilər artırmaqla yeni düzəltmə söz kökləri əmələ gəlir və həmin düzəltmə kök sözlər antroponimin düzəlməsi üçün əsas olur. Məsələn, vəfa+lı-Vəfalı, baha+lı-Bahalı, tel+li-Telli, səfa+lı-Səfalı və s.
Düzəltmə kök sözlər əsasında antroponimlərin yaranması da uzun bir tarixə malikdir. Öz tarixi etibarilə morfoloji yolla yeni antroponimlərin yaranması sintaktik yolla yeni antroponim yaradıcılığının müəyyən bir mərhələsini təşkil etmişdir. Başqa sözlə desək, morfoloji yolla antroponim yaradılması prosesi sintaktik yolla antroponim yaradıcılığı prosesindən yaranmışdır.
“Dilimizin qədim dövrlərində uzun zaman sadə sözlərdən mürəkkəb sözlər düzəlməsi prosesi mühüm yerlərdən birini turmuşdur. Sonralar mürəkkəb sözün tərkibində olan bir sözün (mürəkkəb sözün komponentlərindən birinin -M.Ç.) şəkilçiyə çevrilməsi yolu ilə morfoloji proses meydana gəlmişdir”.
Bu müddəanı eynilə antroponimlərin yaranmasına da şamil etmək olar.
Azərbaycan antroponimiyasında morfoloji yolla şəxs adlarının yaranması çox zəngin sxematik və formal xüsusiyyətlərə malikdir. Morfoloji yolla antroponim yaradıcılığı prosesində iştirak edən şəkilçilərin ümumi cəhətlərini nəzərə alaraq, onları iki qrupa bölmək olar: leksik şəkilçilər, qrammatik şəkilçilər.
Leksik şəkilçilər müəyyən məfhumun adını bildirən yeni leksik vahidlər yaradır ki, həmin vahidlərin müəyyən hissəsi də dilimizdə antroponim düzəldilməsi üçün əsas təşkil edir. Belə şəxs adları dilimizdə geniş yayılmışdir,
Müasir Azərbaycan ədəbi dilində antroponim düzəldilməsində iştirak edən bütün leksik şəkilçilərin səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq, onları nitq hissələri üzrə belə qruplaşdırmaq olar: isimlərdən isim düzəldənlər: sifətdən isim düzəldənlər, saydan isim düzəldənlər, feildən isim düzəldənlər, zərfdən isim düzəldənlər.
İsimdən isim düzəldən şəkilçilər vasitəsilə əmələ gələn düzəltmə söz köklərinin tərkibində işlənən şəkilçilərin mənşəyinə görə morfoloji yolla formalaşan antroponimləri iki qrupa bölmək olar:
Azərbaycan dilinin leksik şəkilçilərilə düzələn sözlər əsasında formalaşan antroponimlər:
-lıq, -lik. Bu şəkilçilər vasitəsilə mənəvi keyfiyyətləri özündə əks etdirən sözlər əsasında antroponimlər düzəlir: Şadlıq, Şənlik və s.
-cı, -ci, -cu. Bu şəkilçilərin söz kökünə birləşməsilə müəyyən peşə sahibini bildirən sözlər əsasinda antroponimlər düzəlir: Daşçı, Dəmirçi, Elçi, Yolçu, Ovçu və s.
-lı, -li, -lu, -lü. Bu şəkilçilər vasitəsilə əşyanın möv-cudluğunu, müəyyən şəxsiyyətə mənsubiyyətini, həqiqi mənasından çox məcazi məna bildirən atributiv isimlər əsasında antroponimlər formalaşır.
Kişi adları: Aynalı, Vəfalı, Binəli. Beznəli, Zərbəli, Pəncəli, Ugurlu, Görklü və s.
Qadın adları: Ağıllı, Ballı, Vəfalı, Nazlı, Dilli, Ətirli, Pullu, Toylu, Güllü və s.
-ça, -ca, -cə. Bu şəkilçilər vasitəsilə dilimizdə əşyanın kiçildiyi və ya keyfiyyətinin azaldığını bildirən sözlər düzəlir ki, həmin sözlər də bir sıra antroponimlərin formalaşması üçün əsas olur: Bağça, Bağçalı, Balaca, Qaraca, Ağca və s.
-daş. Dilimizdə bu şəkilçi vasitəsilə şəriklik bildirən substantiv isimlər əsasında da antroponimlər düzəlir: Eldaş, Yoldaş, Qardaş və s.
-lar, -lər. Cəmlik bildirən bu şəkilçilər vasitəsilə düzələn sözlər əsasında da dilimizdə bir sıra antroponimlər yaranmışdır: Ağalar, Aylar, Bəylər, Dağlar, Ellər, Göylər, Xanlar, Qızlar, Güllər, Tellər və s.
-mar. Bu şəkilçi vasitəsilə düzələn sözlər əsasında dilimizdə müəyyən antroponimlər düzəlir.Elmar, Yelmar, Şahmar, Yalmar, İlmar Zilmar və s.
-ət. Bu şəkilçi vasitəsilə də dilimizdə kök sözlərdən bir sıra antroponimlər düzəlir: Bəsirət, Vəzirət, Zakirət, Mərdanət, Xəyalət, Səbahət və s.
-ı, -i, -ü şəkilçilərinin söz kökünə birləşməsi nəticəsində oxşarlıq, bənzətmə keyfiyyətlərini ifadə edən sözlər əsasında bir qrup antroponimlər yaranır: Dostu, Xurmayı, Nəsimi, Nizami, Niyazi, Səbri, Xaqani, Şövqi, Gülü və s.
-ə. Müasir Azərbaycan dilində qeyri-məhsuldar olan bu şəkilçidən antroponim yaradılmasında geniş şəkildə istifadə olunur. Azadə, Nailə, Nazilə, Pakizə və s.
-man, (-mand) şəkilçisi vasitəsilə üstünlük keyfiyyətinə malik olan sözlər əsasında antroponim düzəlir: Arzuman, Elman, Əhliman, Mehman, Arzumand və s.
-um, -üm. Bu şəkilçilər vasitəsilə də mənsubiyyət bildi-rən sözlər əsasında antroponimlər düzəlir: Bəyim, Gülüm və s.
-çın, -çin. Səbəb, aidlik və tamamlıq məzmununu ifadə edən “-üçün” qoşmasının şəkilçiləşməsindən törəyən -çin şəkilçisinin söz kökünə birləşməsi ilə yaranan sözlər əsasında antroponim düzəlir: Ayçın, Yalçın, Elçin, İlçin, Gülçin, Göyçin və s.
-ıx. Dilimizdə az məhsuldar olan bu şəkilçi vasitəsilə düzələn isim əsasında antroponim yaranır: Telıx, Qırlıx və s.
-xı, -xu. Ədəbi dilimiz üçün səciyyəvi olmayan bu şəkilçilərin müəyyən isimlərin sonuna birləşməsi yolu ilə düzələn sözlər əsasında bir sıra antroponimlər yaranır: Balxı, Lalxı, Gülxu və s.
-ə, -ş. Bu şəkilçi vasitəsilə düzələn isimlər əsasında da antroponimlər yaranır: Günəş, Nənəş və s.
-n şəkilçisinin söz kökünə birləşməsilə düzələn söz əsasında geniş yayılmış bir antroponim yaranır: Leylan, Seylan və s.
-lət//pət. Bu şəkilçi vasitəsilə dilimizdə düzəltmə kök əsasında antroponim yaranır: Zəkalət, Ziyalət, Zəkarət, Ziyarət və s.
-sı. Bu şəkilçi vasitəsilə keçmişdə titul bildirən ağa sözündən antroponim düzəlir: Ağası və s.
-süm şəkilçisi vasitəsilə gül sözündən antroponim düzəlir: Gülsüm və s.
-gur. Bu şəkilçi dilimizdə bir sıra şəxs adlarına qoşularaq morfoloji yolla yeni antroponimlər düzəldir: Bəhramgur, Butagur, Zamangur və s.
Ərəb və fars dillərindən keçən şəkilçilər vasitəsilə düzələn sözlər əsasında formalaşan antroponimlər. Mə-lumdur ki, tarixən ərəb və fars dillərindən ədəbi dilimizin lüğət tərkibinə bir çox sözlər keçmişdir. Həmin sözlərin əksəriyyəti dilimizin qrammatik quruluşu və əsas lüğət fondunun möhkəm müqaviməti, kəskin mübarizəsi nəticəsində dilimizin qrammatik quruluşu və əsas lüğət fondunun möhkəm müqaviməti, kəskin mübarizəsi nəticəsində dilimizin lüğət tərkibindən çıxarılmışdır. Keçmə sözlərin bir qismi isə xalqımız arasında geniş yayılmış və bir neçə əsrdən sonra Azərbaycan dilində vətəndaşlıq hü-ququ qazanmışdır. Dilimizin lüğət tərkibində keçmə sözlərlə yanaşı, bir neçə ərəb və fars mənşəli şəkilçilər də qalmış və hazırda dilimizdə işlənilməkdədir. Keçmə şəkilçilərin köməyilə dilimizdə formalaşmış düzəltmə kök sözlər olduğu kimi, həmin sözlərin əsasında təşəkkül tapan antroponimlər də vardır.
-gər, -gir. Dilimizə fars dilindən keçən bu şəkilçi bir sıra alınma sözlərə qoşularaq atributiv isimlər əmələ gətirir ki, öz növbəsində həmin isimlər əsasında da antroponimlər formalaşır: Zərgər, Sevdəgər, Cahangir və s.
-baz. Dilimizə fars dilindən keçən bu şəkilçi bəzən mənfi səciyyəli atributiv isimlər əmələ gətirir və həmin isim antroponim üçün əsas olur: Şahbaz və s.
-dan. Dilimizə fars dilindən keçən bu şəkilçi bir sıra substantiv isimlər düzəldir ki, həmin isimlər də bir növ an-troponimin əsasını təşkil edir: Aydan, Güldan, Şamdan və s.
-dar//-dər. Fars dilində daşten məsdəri olub, dilimizdə şəkilçi kimi işlədilir və substantiv isimlər düzəldilir ki, həmin isimlər əsasında da Azərbaycan dilində antroponimlər formalaşır. Bəhməndar, Eldar, Yoldar, Kamandar, Mehmandar, Cahandar, Dildar, Səməndər və s.
-üstan. Fars dilində setədən (tutmaq, almaq) məsdəri olub, dilimizdə şəkilçi kimi işlədilir və substantiv isimlər əmələ gətirir. Bu şəkilçi dilimizin daxili inkişaf qanunlarına uyğun olaraq samitlə bitən sözlərə artırılarkən yerinə görə ı, i, u, ü saitindən birini qəbul edir. Bu xüsusiyyət antroponimlərin formalaşmasında da özünü göstərir: Gülüstan, Gürcüstan, Dağistan və s,
-gah, -xah. Ədəbi dilimizə fars dilindən keçən bu şəkilçilər vasitəsilə dilimizdə yaranan sözlər əsasında antroponimlər düzəlir: Seygah, Ümidgah, Azadxah və s.
Fars dilindən alınmış nakam (na ön şəkilçisi, kam sö-zün kökü) sözü də dilimizdə antroponim kimi işlənir: Nakam və s.
-iyyə, -iyyət. Ədəbi dilimizə ərəb dilindən keşmiş bu şəkilçi vasitəsilə yaranan sözlər əsasında da antroponim düzəlir: Ülviyyə, Ülviyyət və s.
Sifətdən isim düzəldən şəkilçilərin vasitəsilə düzələn söz kökləri əsasında da antroponimlər əmələ gəlir.
-ca, -cə. Balaca, Qaraca, Sarıca, Ağca, Göycə, Gözəlcə və s.
-ş şəkilçisi ilə Qaraş, Qumaş və s. adlar düzəlmişdir.
-üş. Dilimizdə saydan isim düzəldən şəkilçilər vasitəsilə düzələn söz kökləri əsasında da antroponimlər əmələ gəlir, lakin bu qrup antroponimlərə dilimizdə çox az təsadüf olunur: Göyüş, Görüş, Gülüş və s.
-cə: Bircə, Təkcə; Bircə və Təkcə antroponimi gül, naz, nur, yar isimləri ilə birləşərək sintaktik yolla əlaqəyə girərək yeni antroponimlər də əmələ gətirir: Bircəgül, Bircənur, Bircəyar; Təkcəgül, Təkcənaz, Təkcənur, Təkcəyar. Belə adlar, əsasən, ailədə tək olan qızlara verilir.
-lar: Qırxlar.
Müasir Azərbaycan dilində feildən isim düzəldən
vasitəsilə düzələn sözlər əsasında formalaşan antro-ponimlər də geniş yayılmışdır.
-qın, -ğun, -gün: Daşqın, Vurğun, Çoşğun, Ötgün,
Küsgün, Gürgün və s.
-ış, -üş: Baxış, Dönüş, Gülüş, Görüş,
-ar, -ər: Yanar, Yaşar, Yetər, Gülər, Sevər, Ülkər.
-il: Sevil.
-inc: Sevinc.
-da. Sevda.
-ən. Küsən.
-əş. Biləş (kişi adı).
-maz, -məz: Qorxmaz, Dönməz, Solmaz, Sönməz.
-man: Qılman.
-muş: Durmuş, Durmuşxan və s.
-sun, -sün: Dursun, Gülsün və s.
-ki+li: Sevgili.
Azərbaycan antroponimiyasında zərfdən isim düzəldən şəkilçilər vasitəsilə düzələn sözlər əsasında formalaşan şəxs adlarına nadir halda təsadüf olunur.
-in: İlkin. Mürəkkəb kök sözlər əsasında formalaşan antroponimlər. Azərbaycan antroponimiyasına daxil olan şəxs adlarının təxminən 50 %-ə qədərini mürəkkəb kök sözlər əsasında formalaşan antroponimlər təşkil edir.
Qeyd etdiyimiz kimi, dilimizdə antroponimlərin for-malaşması çox zəngin və rəngarəng xüsusiyyətlərə malik-dir. Bu xüsusiyyətlərin bir qismi mürəkkəb antroponimlə-rin formalaşmasında parlaq şəkildə nəzərə çarpır. Dilimiz-də bir qrup elə sözlər vardır ki, onların hər biri onlarla mü-rəkkəb kişi və ya qadın adlarının düzəlməsi üçün əsas təş-kil edir. Məsələn, dilimizdə “gül” sözünün köməyi ilə 308, “nur” sözünün köməyilə 257, “zər” sözünün köməyilə 204, “naz” sözünün köməyilə 187, “nar” sözünün kömə-yilə 132, “xan” sözünün köməyilə 88, “xanım” sözünün köməyilə 81, “bəy” sözünün köməyilə 58, “şah” sözünün köməyi ilə 53, “ağa” sözünün köməyi ilə 67, “el” sözünün köməyilə 33, “yar” sözünün köməyilə 28, “can” sözünün köməyilə 11 antroponim düzəldilmişdir. Belə sözləri dilçilikdə antroponimtörədici sözlər adlandırmalı olduq.
Mürəkkəb kök sözlər əsasında yaranan adlar sintaktik yolla adlardan düzələn antroponimlərdir. Belə antropo-nimlər iki və daha artıq sadə kök sözün və ya digər morfemin birləşməsi nəticəsində əmələ gəlir.
Mürəkkəb kök sözlərdə olduğu kimi sözlər əsasında formalaşan antroponimlərdə də vurğu və mürəkkəb kök sözün tərkibində iştirak edən qrammatik ünsürlərin tamamilə daşlaşması əsas amildir.
Ümumi xarakter və çox incə xüsusiyyətə malik olan vurğu mürəkkəb söz əmələ gələrkən birinci sözdə düşür və həmin söz ikinci sözün vurğusunun təsiri altına düşür. Məsələn, Abbasqulu, Ağamərdan, Balakişi, Gülməmməd, Güloğlan; Qaragilə, Dəryanur, Dünyaxanım, Əslizər, Gülnaz, Gülbahar, Xoşqədəm və s .
Başqa sözlə desək, mürəkkəb kök söz əsasında düzə-lən antroponimin birinci komponenti samitlə bitib, ikinci
komponenti saitlə başladıqda (Abbasəli, Əmiraslan, Nəzərəli, Xanımana), birinci komponenti samitlə bitib, ikinci komponenti samitlə başladıqda (Alməmməd, Aslanpaşa, Ərəbxan, Məmmədyar, Azadgül, Aybəniz, Aypara, Bilnaz, Qaytanzər, Dürsədəf, Gülnaz, Gülsabah, Gülsəfa), birinci komponenti saitlə bitib, ikinci komponenti samitlə başladıqda (Babayar, Əlibala, Əliqulu, Hacıbaba, Aynagül, Binəzir, Busənur, Vəfanur, Əsməgül, Laləzər), birinci komponenti öz vurğusunu daha tez itirir. Əgər mürəkkəb antroponimin birinci komponenti saitlə bitib, ikinci komponenti də saitlə başlayırsa, bu hadisə nisbətən gec başlayır və çox zaman birinci komponentin son saiti düşür: Ağəli, Butəli, Əlağa, Əlisə, Əlikram, Mirzağa, Mirzəli və s. Bəzən isə, belə hallarda mürəkkəb kök ona əsasən düzələn antroponimin komponentləri arasında müvafiq samit artırılır. Məsələn, Atamoğlan və s.
Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlərin bir qismi predikativ söz birləşmələrinin leksikləşməsi yolu ilə düzəlir. Məsələn: Allahverdi, Qızbəsdi, Qızyetər, Gülqayıt, Nazqayıt, Nazbəsti, Tanrıverdi və s.
Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlərin bir qrupu tabesizlik və tabelilik əlaqəsi əsasında düzəlir:
a) Tabesizlik əlaqəsi əsasında düzələn antromonimlərin komponentləri müxtəlif mənalı və müxtəlif formalı isim-lərin birləşməsi nəticəsində əmələ gəlir: Əlikram, Kə-rəməli, Hacımurad, Şıxəli, Anaxanım, Bayraməli və s.
Bu qrup mürəkkəb antroponimlərin bəzisi isə eyni kök sözün təkrarı ilə əmələ gəlir: Naynay, Naznaz və s.
b) Tabelilik əlaqəsi əsasında düzələn antroponimlərin bir qrupu da birinci növ təyini söz birləşməsi əsasında formalaşır: Zərqələm, Gülpəri, Gülsəfa, Nazgül və s.
Dilimizdəki mürəkkəb kök sözlər əsasında düzələn antroponimlərin bir qrupu ənənə yolu ilə əmələ gəlmişdir. Bu da, hər şeydən əvvəl, dini etiqad və mövhumi anlayışlarla bağlı olmuşdur. Belə qrup mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər demək olar ki, islam dininə xidmət edən xalqların hamısında bir xarakterə malikdir. Məsələn, Əliməmməd, Əlimurad, Əlihəsən, Seyidəli, Məhəmmədəli və s.
“Ənənə nəticəsində əmələ gələn mürəkkəb sözlər şəxs adlarını ifadə etmək üçün işlədilir. Müasir dilimizdə Allah, Məhəmməd, Əli və s. bu kimi sözlər başqa sözlərlə birləşərək müxtəlif kombinasiyalarda düzəlmiş xeyli mürəkkəb xüsusi isimlər vardır. Məsələn: Allahqulu, Allahverdi, Ruhulla, Həbibulla, Məmmədrəsul, Məmmədəli, Məmmədqulu…”
Dilimizdə imam, yar, tanrı sözlərinin başqa sözlərlə birləşməsi nəticəsində də ənənəyə görə, mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər düzəlir: İmamverdi, İmamhüseyn, İmaməli, Allahyar, İmamyar, Tanrıverdi, Tanrıqulu və s.
Antroponimik prosesin qədim növlərindən olan bu qayda müasir ədəbi dilimizdə adyaratmanın inkişafında da mühüm rol oynayır. Sintaktik yolla adyaratma prosesinin tədqiq obyekti mürəkkəb kök sözlər əsasında formalaşan adlardır. Bu qrup adlar isə müxtəlif yollarla əmələ gəlir. Məlumdur ki, bir qism təyini söz birləşməsinin inkişafı mürəkkəb sözlüyə doğru gedir. Bu inkişaf dilimizin çox qədim dövrlərindən başlanmışdır. Müasir dilimizdə mürəkkəb isim, mürəkkəb sifət adlandırdığımız bir sıra sözlər, şübhəsiz, təyini söz birləşmələrindən əmələ gəlmişdir. Bu gün mürəkkəb hesab olunan Şahsənəm, Mirzağa, Ağabacı, Xanımana, Gülsənəm, Güləndam, Gülçöhrə, Qızbacı, Anaxanım, Böyükkişi, Xoşqədəm və s. şəxs adları birinci növ təyini söz birləşmələrindən əmələ gəlmişdir.
Antroponimiyamızdakı Abbasqulu, Ağabəyi, Ağaqulu, Vəliqulu, Allahqulu, Əliqulu, Mehdiqulu, Qənbərqulu, Yaradanqulu, Ağadostu, Meyvəgülü, Qönçəgülü, Sevgülü, Heyvagülü kimi adlar isə ikinci növ təyini söz birləşmələri əsasında formalaşmışdır. Belə adların komponentləri ya-naşma əlaqəsi ilə birləşir.
Azərbaycan antroponimiyasında mürəkkəb addüzəltmə formalarından biri də sadə cümlənin bir vurğu ilə işlədilməsi nəticəsində düzələn sözlər əsasında şəxs adlarının formalaşmasıdır. Belə adlar da dilimizdə geniş yayılmışdır: Allahverdi, Tanrıverdi, İmamverdi, Xudaverdi, Qaryağdı, Gülbəsdi, Qızbəsdi və s. Bu qrup mürəkkəb kök sözlər əsasında düzələn adların komponentləri isə uzlaşma əlaqəsi ilə bir-birinə birləşmişdir.
Dilimizdəki bəzi mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər isə idarə əlaqəsi ilə yaradılmışdır: Ayabənzər, Güləbənzər, Narsevər, Nursevər və s.
Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlərdən bəhs edərkən, bir cəhəti də qeyd etmək lazımdır ki, mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər komponentlərinin ayrılıqda şəxs adı bildirib-bildirməməsinə görə müxtəlif olur:
1. Azərbaycan antroponimiyasına daxil olan mürəkkəb kök sözlər əsasında düzələn adların müəyyən hissələrinin hər iki komponenti ayrılıqda şəxs adı bildirir: Abbasqulu, Abbasəli, Əbülqasım, Əbülhəsən, Əlisəfdər, Əlişərif, Aynaxanım, Aləmgül, Əslibahar, İncixanım, Yavərgül, Güladisə, Gülbahar, Gülbəsdi, Gülpüstə, Gültamam, Meyvəgül, Pəricahan, Havaxanım, Gülbudaq, Gülbuta və s.
2. Mürəkkəb kök sözlər əsasında düzələn adların komponentlərinin birincisi müstəqil şəxs adı bildirir: Abbascan, Abdıcan, Azaddayı, Qədəmşah, Əzəlnur, Bikənur, Qəmərüz, Gülbirçək, Gülqayıt və s. Bu antroponimlərin komponentlərindən ikincisini təşkil edən can, dayı, şah, nur, üz, birçək və qayıt - ümumişlək sözlər olub, ayrılıqda şəxs adı yerində işlənə bilmir.
3. Mürəkkəb kök sözlər əsasında düzələn adların komponentlərinin ikincisi müstəqil şəxs adı bildirir: Abutalıb, Balasultan, Elsevər, Abagül, Anaxanım, Badsəfa, Ertəgül və s. Bu antroponimlərin komponentlərindən ikincisi Talıb, Sultan, Sevər, Gül, Xanım, Səfa ayrılıqda şəxs adı bildirdiyi halda, birincisi abu, bala, el, aba, ana, bad, ertə sözləri isə heç bir şəxs adı bildirmir.
4. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlərin komponentlərinin hər ikisi ayrılıqda şəxs adı bildirmir: Ağamalı, Ağayar, Ağakişi, Atakişi, Balabəy, Böyükağa, Böyükkişi, Elkeçər, Ağnaz, Balaqız, Bilzər, Bilnaz, Doğrunaz, Dürtəkin və s.
5. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlərin komponentləri arasında müəyyən morfem artırılır. Bu zaman morfemlərdə biri müstəqil şəxs adı bildirdiyi halda, digəri ümumişlək sözdən ibarət olur: Bağdagül və s.
6. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin komponentləri ayrı-ayrı ümumi sözlərdən ibarət olur və onların arasına müəyyən morfem artırılır: Bağdasar.
7. Mürəkkəb kök sözlər əsasında düzələn antroponim şəxs adı və “tək” sözü ilə -in morfeminin birləşməsindən əmələ gəlir. Məsələn, Aytəkin, Gültəkin, Dürtəkin və s. Bu mürəkkəb kök sözlər əsasında düzələn antroponimlərin ilk komponentlərinin mənası aydındır, ikinci komponentin “tək” sözü isə “bənzər, soy” mənalarını bildirir: Ayrəkin - Ayabənzər və yaxud Aysoylu, Gültəkin - Güləbənzər və yaxud Gülsoylu. Dürtəkin - Dürrəbənzər və ya Dürrsoylu və s. Erkən orta əsrlərin yazılı mənbələrində qeyd olunduğu kimi, türkdilli xalqlar, o cümlədən, oğuzlar adlarda taq (tək) sözündən istifadə etmişlər. Məsələn, Davtək (VII əsrdə yaşamış Azərbaycan sənətkarı, şair). Bu antroponimin mənası dağtək, dağsoylu, dağcinsli, dağabənzər deməkdir.
Yuxarıda deyilənləri nəzərə alaraq, mürəkkəb kök sözlər əsasında düzələn adların komponentlərinin yerini və yaxud mövqeyini aşağıdakı düsturlar üzrə müəyyənləşdirmək olar.
1) A = B + B
2) A = B + D
3)A = D + Q
4)A = D + D
5) A = D+J+B
6) A = D + J +D
Burada A - mürəkkəb antroponim, B - mürəkkəb antroponimin tərkibindəki müstəqil şəxs adı, V - mürəkkəb antroponimin birinci komponenti, Q - mürəkkəb antroponimin ikinci komponenti, D - mürəkkəb antroponim tərkibindəki ümumişlək söz, Y - mürəkkəb antroponim arasında morfem.
Mürəkkəb sözlər əsasında düzələn antroponimlər quruluş etibarilə iki cür olur: sadə kök sözlər əsasında formaşanlar, sadə və mürəkkəb kök sözlər əsasında formalaşanlar.
1. Sadə kök sözlər əsasında formalaşan antroponimlər nitq hissələrinə münasibətinə görə müxtəlif olur:
İsimlə ismin birləşməsindən düzələn sözlər əsasında formalaşan antroponimlər: Hüseynqulu, Güləhməd, Abbasqulu, Dostəli, Əbdüləli, Əliyusif, İbrahimxəlil, Gülməmməd, Aybəniz, Aygül, Aynur, Mayagül, Nargül və s.
İsimlə sifətin birləşməsindən düzələn sözlər əsasında formalaşan antroponimlər: Ağaşirin, Dilşən, Dilişirin, Dilxoş, Elşad, Əbdülvəfa, Nurvəfa və s.
İsimlə feilin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında formalaşan antroponimlər iki qrupa bölünür:
İsimlə feilin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında formalaşan antroponimlər: Qızqayıt, Gülqayıt, Nazqayıt, Tezqayıt və s.
İsimlə zaman şəkilçisi qəbul etmiş feilin birləşməsindən düzələn mürəkkəb sözlər əsasında formalaşan antroponimlər: Ağaverdi, Allahverdi, Bəygəldi, Qaryağdı, İmamverdi, Ocaqverdi, Tanrıverdi, Pirverdi, Xudaverdi, Haqverdi, Şahverdi; Qızyetər, Elsevər, Gülaçar, Dilaçar və s.
Sifətlə ismin birləşməsindən düzələn sözlər əsasında formalaşan antroponimlər: Alyar, Almədəd, Balabəy; Alyanaq, Qaraqız, Qaragilə, Sarıgül, Təzəgül, Təzənur və s.
İsimlə əvəzliyin birləşməsindən düzələn mürəkkəb sözlər əsasında formalaşan antroponimlər: Allahmən, Elbu, Əliman, Gülniyə, Gülsən və s.
İsimlə zərfin birləşməsindən düzələn mürəkkəb sözlər əsasında formalaşan antroponimlər: Yüzbəy, Minbəy, Birdanə, Birgül, Bircə, Bircəbacı, Bircəgül, Bircənaz, Bircənur, Minbala, Minnaz, Minyaşar, Mingül, Minnar, Minnur, Minzər və s.
Feillə ismin birləşməsindən düzələn mürəkkəb sözlər əsasında formalaşan antroponimlər: Durbala, Dursunəli, Sevdimalı; Bilzər, Bilnaz, Bilnar, Bilnur və s.
Zaman şəkilçisi qəbul etmiş feillə ismin birləşməsindən düzələn mürəkkəb sözlər əsasında formalaşan antroponimlər: Gəldibəy, Gəldiyar, Yanardağ, Sevdiyar və s.
2. Sadə və düzəltmə kök sözlər əsasında formalaşan antroponimlər. Dilimizin antroponimiyasında bu qrup şəxs adları da geniş yayılmışdır. Belə adlar şəkilçilərin mürəkkəb kök sözlər əsasında birləşməsindən düzələn antro-ponimlərin komponentlərinə birləşməsi yerinə görə iki qismə ayırmaq olar:
Birinci komponenti sadə, ikinci komponenti düzəltmə sözdən ibarət olan mürəkkəb kök sözlər əsasında formalaşan antrtoponimlər müxtəlif olur:
Antroponimin birinci komponenti sadə, ikinci komponenti isə mənsubiyyət şəkilçisi (-im, -ı, -i, -u) qəbul etmiş sözdən ibarət olur: Qönçəbəyim, Ağabəyi, Ağadostu, Ağamalı, Elbəyi və s.
Antroponimin birinci komponenti sadə, ikinci komponenti isə ismin hal şəkilçisini (-a, -ə) qəbul etmiş sözdən ibarət olur: Elnurə, Ağnurə, Gülnurə və s.
Antroponimin birinci komponenti sadə, ikinci komponenti isə feli sifət şəkilçisi (-an, -ən) qəbul etmiş sözdən ibarət olur: Aydoğan, Güldərən və s.
Antroponimin birinci komponenti sadə, ikinci komponenti isə sifət şəkilçisi qəbul etmiş sözdən ibarət olur: Aygünlü və s.
Yuxarıdakı antroponimlərin ikinci komponenti -i, -u, -ı; -a, -ə, -an, -ən; -lü şəkilçilərinin söz kökünə birləşməsi ilə düzəldilmişdir.
Birinci komponenti düzəltmə, ikinci komponenti isə sadə sözdən ibarət olan mürəkkəb sözlər əsasında formalaşan antroponimlər.
Antroponimin birinci komponenti ismin yönlük (-a, -ə) və yerlik (-da, -də) hal şəkilçilərini qəbul edir, ikinci komponenti isə sadə sözdən ibarət olur: Abagül, Dilənar, Dilənur; Bağdagül, Bağdazər, Bağdasər, Eldəgöz və s.
Antroponimin birinci komponenti mənsubiyyət şəkil- çisi (-ı, -im, üm, -ı, -ü) qəbul edir, ikinci komponenti isə sadə sözdən ibarət olur: Atamoğlan, Bəyimzər, Bəyimnaz, Bəyimnur, Gülümsər, Adızər, Adıgül, Adınur, Xalıgözəl, Zövqüşən, Adıgözəl və s.
Antroponimin birinci komponenti feili sifət şəkilçisi (-ın, -muş) qəbul edir, ikinci komponenti isə sadə sözdən ibarət olur: Baxışəli, Durmuşxan və s.
Antroponimin birinci komponenti sifət düzəldən şəkilçi (-lı, -li, -lu, -ça, -ca) qəbul edir, ikinci komponenti isə sadə sözdən ibarət olur: Xallızər, Zillisultan, Tellizər, Pulluzər, Pullunaz, Pullunur, Ağcazər, Bircəgül, Bircənur və s.
Antroponimin birinci komponenti cəm şəkilçisi (-lar, -lər) qəbul edir, ikinci komponenti isə sadə sözdən ibarət olur: Ağlargül, Qızlargül və s.
Antroponimin birinci komponenti leksik şəkilçi (-ki) qəbul edir, ikinci komponenti isə sadə sözdən ibarət olur: Sevgizər və s.
Hər iki komponenti şəkilçi qəbul edən mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər dilimizdə az yayıl-mışdır. Belə antroponimin birinci komponenti cəm şəkil-çisi (-lar), ikinci komponenti isə mənsubiyyət şəkilçisi (-sı) qəbul edir: Aylarxan, Qızlarağası və s.
Dilimizdə bir sıra mürəkkəb kök sözlər əsasında dü-zələn antroponimlər vardır ki, onların tərkibi üç kompo-nentdən ibarət olur: Əlyarbəy.
1) A = B + B 6) A = Ə + B
2) A = B + Q 7) A = J + B
3) A = D + B 8) A = B + Z
4) A = B + Ğ 9) A = İ + İ + İ
5) A = B + Ə
1. Beləliklə, Azərbaycan antroponimiyasına daxil olan bütün mürəkkəb kök sözlər əsasında düzələn şəxs adlarını yuxarıdakı düsturla ifadə etmək olar: A - mürəkkəb antroponim, B - mürəkkəb antroponimin tərkibindəki kök sözdən ibarət olan şəxs adı, V - mürəkkəb antroponimin kök sözdən ibarət olub şəxs adı bildirən birinci komponenti, Q - mürəkkəb antroponimin kök sözdən ibarət olub şəxs adı bildirən ikinci komponenti, D - mürəkkəb antroponimin tərkibindəki düzəltmə sözdən ibarət olub, şəxs adı bildirən birinci komponenti, Ğ - mürəkkəb antroponimin tərkibindəki düzəltmə kök sözdən ibarət olub, şəxs adı bildirən ikinci komponenti, Ə - mürəkkəb antroponimin tərkibindəki düzəltmə kök sözdən ibarət olan ümumişlək söz, J - mürəkkəb antroponimin birinci komponentində baş verən səsdüşümü, Z - mürəkkəb antroponimin ikinci komponentində baş verən səs düşümü, İ - mürəkkəb antroponimin ayrılıqda şəxs adı bildirməyən komponenti.
Azərbaycan antroponimiyası semantik cəhətdən müxtə-lif və rəngarəng mürəkkəb şəxs adları ilə çox zəngindir. Azərbaycan antroponimiyasına nəzər saldıqda aydın olur ki, azərbaycanlı valideynlər yeni doğulmuş övladlarına müxtəlif əşyaların adını və ya keyfiyyətini bildirən sözlərlə - titul, rütbə, qohumluq və s. bildirən sözlərin sintaktik yolla birləşməsi ilə düzələn sözlər əsasında adlar qoyurlar.
Antroponimiyamız üçün səciyyəvi olan mürəkkəb kök sözlər əsasında şəxs adlarını semantik cəhətdən aşağıdakı qruplara bölmək olar:
1. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin birinci komponenti sadə adlardan, ikinci komponenti isə keçmişdə müəyyən titul və ya rütbə bildirən sözlərdən ibarət olur: Abbasmirzə, Abbasxan, Abdulbəy, Aqilbəy, Arifxan, Əlibəy, Əlimirzə, Əlipaşa, Əsgərbəy, Əslixan, Zöhrəxanım, Nazxanım, Tutuxanım, Şahxanım və s.
2. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin birinci komponenti sadə adlardan, ikinci komponenti isə qohumluq bildirən sözlərdən ibarət olur: Əlibaba, Əlibala, Qardaşəli və s.
3. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin birinci komponenti sifət, ikinci komponenti isə keçmişdə ttitul bildirən sözlərdən ibarət olur: Balabəy, Kiçikxanım və s.
4. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin birinci komponenti keçmişdə titul bildirən sözlərdən, ikinci komponenti isə sadə adlardan ibarət olur: Ağaqulu, Ağamehdi, Ağakərim, Ağamusa, Bəyalı və s.
5. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin birinci komponenti keçmişdə titul bildirən sözlərdən, ikinci komponenti isə sifətlərdən ibarət olur: Ağaşirin, Şahgözəl və s.
6. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin birinci komponenti keçmişdə titul bildirən sözlərdən, ikinci komponenti isə qohumluq anlayışını ifadə edən sözlərdən ibarət olur: Ağababa, Ağabala, Ağadayı, Ağabacı, Xanımana, Xanımbacı, Xanımqız, Şahnənə, Şahgəlin və s.
7. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin hər iki komponenti keçmişdə titul bildirən sözlərdən ibarət olur: Ağamirzə, Ağapaşa, Ağaxan, Ağabəyi, Bəyxan, Şahxanım, Şahxanı və s.
8. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin birinci komponenti qohumluq, ikinci komponenti isə keçmişdə titul bildirən sözlərdən ibarət olur: Bababəy, Babaxan, Anaxanım, Nənəxanım və s.
9. Mürəkkəb kök sözlər əsasında düzələn antroponimin hər iki komponenti qohumluq bildirən sözlərdən ibarət olur: Anaqız, Anabacı, Qızbacı, Qızgəlin, Nənəbacı, Xalabacı və s.
Mürəkkəb antroponimlər. Mürəkkəb antroponimlər çoxüzvlü, yaxud bir neçə antroponimik vahiddən ibarət olur. Məsələn, Sərkar Əli oğlu, Natiq Abbas oğlu, Dilşad Novruz qızı, Könül Xıdır qızı; Səməd Vurğun, Qılman İlkin, Hüseyn Arif, Səadət Buta, Azad Nəbili, Araz Məmmədli, Elşən Sadıqlı, Sona Həsənli, Şəfəq Hüseynli, Azad İlqar oğlu Nəbili, Araz Aydın oğlu Məmmədli, Sona Yaşar qızı Həsənli, Aynur Vaqif qızı Bayramlı, Əlağa Vahid Məmmədqulu oğlu İskəndərov və s. Yuxarıda qeyd olunan birinci qrup mürəkkəb antroponimlər şəxs adı və ata adından, ikinci qrup antroponimlər şəxs adı və təxəllüsdən, üçüncü qrup antroponimlər şəxs adı və familiyadan, dördüncü qrup antroponimlər şəxs adı, ata adı və familiyadan, beşinci qrup antroponimlər şəxs adı, ata adı, familiya və təxəllüsdən düzələn mürəkkəb antroponim-lərdir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, dilimizdəki bütün çoxüzvlü antroponimlər quruluşca mürəkkəbdir. Onların mahiyyəti tam aydın olduğu üçün bir qrup mürəkkəb antroponimi nümunə göstərməklə kifayətləndik.
ANTROPONİMLƏRİN QRAMMATİK HALI
Antroponimlərə formal məntiqi cəhətdən yanaşdıqda aydın olur ki, onlar ismin həm tək, həm də cəm halında işlənə bilirlər. Dilimizdəki antroponimlər ismin cəm şəkilçisini qəbul edib-etməməsinə görə iki qrupa bölünür:
1.Yalnız tək halda işlənən (sinqulyar) antroponimlər. Bu qrup adlar Azərbaycan antroponimiyasında geniş yayılmışdır: Afət, Azad, Bəbir, Qürur, Vüqar, Eldar, Elçin, Əvəz, Zakir, Sabir, Tofiq, Aləm, Afaq, Bahar, Bikə, Vəzifə, Vəfa, Qəmər, Qumru, Durna, Ziba, Yaqub, Yavər, Gözəl, Göyçək, Lalə, Mənzər və s.
2. Yalnız cəm halda işlənən (plyural) antroponimlər. Dilimizdə az yayılmış olan bu qrup antroponimlər həm oğlanlara, həm də qızlara qoyulur. Plyural antroponimlər tərkibindəki morfemlərin ifadə etdiyi mənasına görə iki qrupa bölünür:
Həm sinqulyar, həm də plyural halda işlənən antroponimlər: Ağa - Ağalar, Xan - Xanlar, Gül - Güllər və s.
Yalnız plyural halda işlənən antroponimlər. Bu qrup antroponimlərin əsas morfemləri ayrılıqda antroponim yerində işlənmir. Onlar yalnız cəm şəkilçisi (-lar, -lər) qəbul etdikdən sonra antroponim kimi işlənir: Bəylər, Ellər, Şahlar, Qızlar, Nazlar, Tellər və s.
XII FƏSİL
ADLARIN MƏNŞƏYİ
Müasir Azərbaycan dilinin lüğət tərkibinə daxil olan sözlər müxtəlif mənşəli olduğu kimi, onun geniş bir sahəsini təşkil edən antroponimiya lüğətinə daxil olan adlar da, təbii ki, müxtəlif mənşəli olmalıdır. Azərbaycan antroponimiya lüğətindən aydın olur ki, antroponimlərimizin bir qismi xalis Azərbaycan dili mənşəli, bir qismi qədim və müasir türk dillərilə ortaqlı, digər qismi isə tamamilə başqa sistemli dillərdən alınma adlardan ibarətdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan antroponimiyasına daxil olan şəxs adlarını mənşə etibarilə iki qrupa bölmək olar:
I. Azərbaycan adları.
II. Alınma adlar.
1. Azərbaycan adları. Dilin milliliyini, saflığını və özünəməxsusluğunu mühafizə edən, qoruyan hər bir dilin əsas lüğət fondu və onun tərkib hissəsini təşkil edən ümumişlək sözlər və qrammatik quruluşudur. Yuxarıda qeyd olunduğu kimi, ümumişlək sözlər antroponimlərin əasasında durur və semantik konversiya ilə onun yaranmasında başlıca rol oynayır. Dilin lüğət tərkibi tədricən dəyişib inkişaf etdiyi, saflaşdığı, səlisləşdiyi və təkmilləşdiyi kimi, lüğət tərkibinə daxil olan ümumişlək sözlərin konversiyası zamanı yaranan antroponimlər də öz milliliyi və tarixiliyi etibarilə daha da zənginləşir və inkişaf edir. Başqa sözlə desək, antroponimlər hər bir dilin milliliyini və varlığını, zənginliyini və səlisliyini göstərən dil faktlarıdır, xalq ünvanlarıdır. Həmin ünvana hörmət etmək, onun gələcək nəslə büllur bulaq suyu kimi təmiz və şəffaf təqdim edilməsi hamının vətəndaşlıq borcu olmalıdır. Bu mənada hər bir ailədə dünyaya göz açan övlada ilk növbədə elə ad qoymaq lazımdır ki, həmin ad öz məzmunu etibarilə ürək açan və ahəngdar səslənən olsun, doğma ana dilimizin ənənəvi antroponimlərinə uyğun gəlsin. Çünki həyata yeni qədəm qoyan bu uşaq öz adında mənsub olduğu xalqı da, onun Vətənini də yaşatmalıdır.
Azərbaycan dili türk sistemli dillər ailəsinə mənsubdur. Məhz buna görə də, Azərbaycan antroponimiyasında qədim və müasir türk adlarının işlənməsinə təsadüf etmək olur.
Türk sistemli dillər, hələ, bizim eradan çox-çox qabaq monqol və tunqus-mancurlarla bir ictimai-siyasi birlik təş-kil etdikləri üçün (Türk dillərinin Altay epoxası) onun, yəni türk dillərinin leksik tərkibinə həmin dillərlə ortaqlı külli miqdarda ümumişlək sözlər daxil olmuşdur. Türk dil-lərinin lüğət tərkibinə monqol sözlərinin kütləvi şəkildə daxil olması prosesi bir də Orta türk dövründə (X-XV əsr-lər) özünü göstərmişdir. Məhz bu tarixi inkişaf prosesinin nəticəsidir ki, müasir Azərbaycan dilinin lüğət tərkibində və onun antroponimiyasında monqol mənşəli sözlər və adlar, hələ də, mühafizə edilməkdədir. Məlumdur ki, hər bir xalqın antroponimiyası cəmiyyətin tarixi inkişaf prose-sinin müəyyən cəhətlərini özündə əks etdirərək zəngin-ləşir. Buna görə də, yeni yaranan əşyaların və baş verən hadisələrin bu və ya digər cəhətlərini (adını) bildirən sözlər dildə tezliklə ümumişlək olur və substantivləşir. Həmin sözlərdən isə, valideynlər xüsusi şəxs adı kimi istifadə etməyə başlayır və öz uşaqlarına ad qoyurlar. Beləliklə, xalqımızın antroponimiyası bir tərəfdən dilimi-zin varis olaraq, öz mənbə dilindən (qədim türk sistemli dillərdən) aldığı və müxtəlif dövrlərdə özünün yaratdığı adların (morfoloji və sintaktik üsulla yaranan adlar) hamısı xalis Azərbaycan adları hesab olunur. Belə adları başqa qohum türk dilləri üçün də xalis hesab etmək olar...
Azərbaycan antroponimiyasının başlıca və əsas hissəsini xalis Azərbaycan adları təşkil edir. Bu da qədim bir tarixə malik olan dilimizin milli müstəqilliyinin inkişafının əsas amilidir.
Dilimizin antroponimiya lüğətinə daxil olan adları qohum və yaxın dillərlə olan münasibətinə görə aşağıdakı qruplara bölmək olar:
Əsil Azərbaycan adları. Azərbaycan antroponimiyası tarixinə dərindən nəzər saldıqda məlum olur ki, tarixən xalqımız arasında geniş yayılmış antroponimlər əsasən dilimizin öz sözləri əsasında formalaşmışdır. Bunu antro-ponimlərlə zəngin olan Dədə Qorqud dastanında da aydın şəkildə görürük. Dastanın baş qəhrəmanları və surətlərinin adlarının, demək olar ki, hamısı sırf Azərbaycan türk sözləri əsasında formalaşmışdır. Məsələn: Buğac, Qazan, Qıyan, Qoca, Yeynək, Elin, Sarı, Qumaş, Ərən, Qaragünə, Qarabudaq, Beyrək, Bayındır, Dözən, Dözəbilməz, Oxçu, Əylik, Qolça, Dölək, Doğsun, İlalmış, Bəkil, İmran, Qonur, Aruz, Yüklü, Yanaqlı, Çoban, Əvrən, Aslan, Dəmirgücü, Tərsuzamış, Düyər, Bəkdüz, Bacat; Burla xatun, Qısırca Yengə, Boğazca Fatma, Selcan xatun, Qaba Ağca, Banıçiçək və s. Əgər dastan qəhrəmanlarının adlarını sonralar onlara verilən təxəllüs və ləqəblərlə birgə qeyd etmiş olsaq, daha zəngin bir antroponimiya qalereyası ilə qarşılaşmış olarıq.
VI-VII əsrlərin ədəbi salnaməsi olan Dədə Qorqud dastanında bir neçə adı (Rəsul, Məhəmməd, Ayişə, Fatma, Qəflət, Şirşəmsəddin, Rüstəm) istisna etsək, buradakı şəxs adlarının hamısı türk mənşəlidir. Burada qeyd etmək lazımdır ki, ərəb-fars mənşəli sözlər dilimizə yenicə gəldiyi kimi, xüsusi şəxs adları da yenicə gəlmiş və xalq arasında, hələ, geniş yayılmadığı üçün dastanda öz əksini tapmamışdır. Deməli, dastanın yarandığı zaman ərəb, fars adları hələ dilimizdə yox dərəcəsində idi. Lakin “XII əsrdə adlarda ərəb, fars təsiri daha güclü olmuşdur; elə bizim görkəmli sənətkarlarımızın adlarına diqqət yetirək: Əbül Üla Gəncəvi, Əfzələddin İbrahim ibn-Əli Xaqani Şirvani, İlyas ibn-Yusif Nizami Gəncəvi və s. Eyni sözü XIII əsr haqqında da demək olar; hətta, bu əsrdə vəziyyət o yerə çatmışdır ki, əsrin görkəmli türkoloqu İbn-Mühənna da əsl həqiqəti deyil, mövcud vəziyyətdən çıxış edərək, belə bir səhv fikir söyləməyə məcbur olmuşdur”. “Türklər farslardan, onların (yəni farsların) öz dilinə məxsus sözləri götürür, ona görə ki, onların (yəni türklərin) öz (xüsusi) adları yoxdur və ya buna çox az təsadüf olunur”. Əlbəttə, İbn-Mühənnanın bu səhv mülahizələri ilə razılaşmaq olmaz. Çünki Türk-Azərbaycan dili zəngin və ahəngdar olduğu kimi, adyaratma sahəsində də yüksək bir inkişaf mərhələsi keçmişdir. Dədə-Qorqud dastanındakı zəngin adlar qalereyası, hələ, ilkin orta əsrlərdə dilimizdə geniş yayılmış şəxs adları bu fikrin tam əksini təşkil edir. Məsələn: Durna, Bəsti, Yetər və s.
Ortaqlı adlar. Bu qrup adlar müxtəlif dillərin sözləri əsasında formalaşır. Antroponimiyamızda təsadüf olunan belə adları da aşağıdakı qruplara bölmək olar:
Monqol dili ilə ortaqlı adlar: Altun (monqol dilində Altan), Qara (monqol dilində Xar), Dəmir (monqol dilində Temer), Narın(n) (monqol dilində Nariji), Çiçək (monqol dilində Tsetsek) və s.
Oğuz qrupu dillərilə ortaqlı adlar. Azərbaycan-türk dilinin özü də türk dillərinin bu qrupuna daxil olduğu üçün, onun lüğət tərkibində olduğu kimi antroponimika-sında da həmin qrupa məxsus olan dillərin sözləri və həmçinin, adları üstünlük təşkil edir. Bununla belə, müasir dilimizin antroponimiyasında oğuz qrupuna daxil olan başqa dillərə məxsus adlara da rast gəlmək olur: Qaraca, Tapdıq, Maral və s.
II. Alınma adlar. Dünyada, ancaq, öz xalis sözlərindən ibarət olan saf dil olmadığı kimi, heç bir xalqın antroponimiya lüğətinə daxil olan adlar da yalnız o dilin özünəməxsus adlarından ibarət deyildir. Bütün dünya dilləri bir-birinə söz verib, söz aldığı kimi, antroponimləri də biri digərinə verib və başqasından almışdır. Bu proses indi də müasir dünya dillərinin hamısında məhsuldar şəkildə davam edir. Başqa sözlə desək, bəzi antroponimlər müəyyən tarixi faktorlar, məkan və zaman münasibətləri ilə əlaqədar olaraq müxtəlif dillərdən dilimizə keçmişdir. Belə adlara alınma antroponimlər deyilir.
Dilimizdə başqa dillərdən ad keçməsinin müəyyən obyektiv səbbələri vardır. O cümlədən: a) tarixən xalqımız ərəb, fars və başqalarının istilalarına məruz qalmış və bunun nəticəsində dilimizə bir qrup xüsusi şəxs adları keçmişdir; b) xalqımız tarixən bir sıra qonşu xalqlarla mehriban qonşuluq şəraitində yaşamış, onlarla siyasi, iqtisadi və mədəni əlaqələr saxlamışdır.
Dilin müxtəlif səviyyələrində, o cümlədən, lüğət tər-kibində dildaxili və dilxarici amillər özünü büruzə verdiyi kimi, bu proses onun onomastikasında və həmçinin antroponimiyasında özünü göstərir. Məhz bunun nəticəsidir ki, antroponimiyamızda yüzlərlə alınma adlar vardır. Həmin adların əksəriyyəti əsrlərin sınağından çıxmış, doğma antroponimlərimizlə elə qaynayıb qarışmışdır ki, hətta, onları bəzən öz adlarımızdan fərqləndirməkdə çətinlik çəkirik. Bu qrup adlar öz ahəngdarlığı və məzmunu ilə, bir növ, antroponimiyamızda vətəndaşlaşmışdır. Belə adları, əlbəttə, yaşatmaq və onlardan istifadə etmək məsləhətdir. Bəzən isə, antroponimiyamızda elə alınma adlara rast gəlirik ki, onlar nə ahəgdarlığı, nə də mənası etibarilə diqqəti cəlb edir. Xalqımızın tarixən yaradıb-yaşatdığı zəngin antroponimik ənənələrə görə belə adların övladlarımıza qoyulması məsləhət deyil. Birincisi, adın nə ahəngdarlığı, nə də ifadə etdiyi məzmun aydın olur; ikincisi, bu qrup adlar xalqımızın tarixi ünvanını dolaşıq salır, milli kökdən uzaqlaşdırır; üçüncüsü, cəmiyyət üzvləri arasında çoxadlılığın, hətta, bəzən ləqəbin yaranması üçün zəmin yaradır (əlbəttə, həmin adlardan birinin komik məzmun kəsb etməsi şüübhəsizdir). Odur ki, bu qrup adların uşaqlarımıza qoyulması məsləhət görülmür.
Hazırladığımız antroponimiya lüğəti üzərində müəyyən araşdırmalar apararkən onların mənşəyinə, yəni hansı dildən alındığına görə qruplaşdırmağı məsləhət bildik.
Azərbaycan antroponimiyasındakı alınma adları mənşə etibarilə aşağıdakı qruplara bölmək olar:
Ərəb mənşəli adlar. Azərbaycan antroponimiyasının müəyyən hissəsini ərəb dilindən alınan adlar təşkil edir. Bunlar VII əsrdən başlayaraq ərəblər İranı, Qafqazı və Orta Asiyanı istila etdikdən sonra dilimizə keçmişdir. Məlumdur ki, ərəblər islam dinini geniş şəkildə yaymaqla əlaqədar olaraq, istila etdiyi ölkələrin xalqlarını da öz dillərinin güclü təsiri altına alırlar. Onlar ərəb dilini müqəddəs bir kitabın - Quranın dili kimi təbliğ edirlər. Deməli, VII əsrdən başlayaraq - ta XIII əsrə qədər ərəb dilinin dilimizə qüvvətli təsiri olur. Onu da qeyd etmək lazımdır ki, bu təsir zamanı ərəb dili Azırbaycan dilinin qrammatik quruluşunun və əsas lüğət fondunun güclü müqavimətinə rast gəlir. Dilimiz öz mənliyini və müstəqilliyini qoruyub saxlayır. Lakin buna baxmayaraq, islam dininin təbliğilə əlaqədar olaraq, ərəb dilindən dilimizə çoxlu miqdarda sözlər və xüsusi şəxs adları keçmişdir: Abid, Vaqif, Mikayıl, Mömin, İsrafil, Əhməd, Cəbrayıl, İbad, Musa, Mustafa, Kamil, Validə, Vəzifə, Zərifə, Zinyət, Zeynəb, Leyla, Səltənət, İsmət, Zübeydə, Ayişə və s.
Antroponimiyamızda bir qrup adlara rast gəlirik ki, onlar mənşəcə ərəb dilindən keçmiş sözlər əsasında düzəlmişdir. Başqa sözlə desək, ərəb mənşəli sözlər dili-mizə keçdikdən sonra ümumişlək sözlər hüququ qazanmış və sonralar dilimizin ahəngdarlığı əsasında Azərbaycan antroponimlərinin yaranmasına səbəb olmuşdur: Məsələn, Aqibət, Vahid, Varis, Valeh, Qabil, Qadir, Qəmər, Qüdrət, Əzəl, İqbal, Zəfər, Məqsəd, Malik, Mələk, Məzahir, Cəsarət və s.
Fars mənşəli adlar. XIII-XIV əsrlərdə ərəb dili get-gedə öz nüfuzunu itirir və Qafqazda, o cümlədən. Azərbaycanda fars dilinin təsiri güclənir. Bu zamandan etibarən həyat və məişətin bu və ya digər sahəsinə aid olan fars sözləri dilimizə keçir. “Ərəblərdən sonra hakimiyyət başında duran farslar XIII-XIV əsrlərdə Azərbaycanda ağalıq edən monqollar və başqaları rəsmi dövlət işlərində fars dilindən istifadə etmiş, yazı dilində fars sözlərinin saxlanması ilə bərabər, mövcud ərəb sözlərinin (fars və Azərbaycan dilinə keçmiş ərəb sözlərinin - M.Ç.) də yayılmasına şərait yaratmışdır”. Həmin dövrdə dilimizə fars sözlərilə bərabər fars adları da keçmişdir: Natəvan, Xuraman, Xurşud və s.
Fars mənşəli antroponimləri də iki qrupa bölmək olar:
Fars dilindən hazır şəkildə alınmış antroponimlər: Gülbahar, Gültac, Gülbədən. Natəvan, Xuraman, Xurşid, Bəhram, Cəmşid, Fərhad və s. hələ, islamiyyətdən əvvəl də farslarda şəxs adları kimi mövcud idi.
Dilimizə keçmiş fars sözləri əsasında təşəkkül tapmış fars mənşəli Azərbaycan antroponimləri: Avaz, Arzu, Ahu, Dildar, Dilbər, Səda, Niyaz, Güldanə, Gülxar, Gülcahan, Gülnar, Laləzar, Fərrux, Bünyad, Rövşən və s. Arzu adı farslarda yalnız qadınlara verildiyi halda (Arzu çəxs adı farslara Azərbaycan antroponimiyasından keçmişdir), azərbaycanlılarda həm qadınlara, həm də kişilərə verilən müştərək addır.
Hibrid və ya ərəb-fars mənşəli adlar. Yuxarıda deyildiyi kimi, Azərbaycanda ərəblərdən sonra uzun müddət farslar hökmranlıq etmişlər. Bu da Azərbaycan dilinə paralel şəkildə bir çox ərəb və fars sözlərinin, həmçinin şəxs adlarının keçməsinə səbəb olmuşdur. Antroponimiyamızdakı adların bir qrupu ayrı-ayrı dillərdən keçdiyi və yaxud ınüxtəlif dillərə məxsus olan sözlərin hibridləşməsindən düzələn sözlər əsasında da adlar yaranır. Dilimizdə işlədilən ərəb və fars mənşəli sözlərin bəziləri ərəb və fars sözləri kimi sabitləşərək dilimizə keçmiş və sonralardan isə şəxs adlarının yaranması üçün əsas olmuşdur. Məsələn, Qəmküsar, Zərgər, Sərdar, Şamdan və s. Ərəb-fars sözləri əsasında formalaşmış olan Mərdan, Adil, Arif, Zahid, Vahid, Lətif, Rəhim və s. antroponimlər isə dilimizə hazır şəkildə keçmişdir.
Antroponimiyamızda Azərbaycan və fars mənşəli sözlərdən düzələn hibrid adlara da təsadüf olunur. Məsələn, fars dilində daştən (malik olmaq) feilinin kökü olan “dar” fars dilində Sərdar, Dildar (bu adlar azərbaycanlılar arasında da geniş yayılmışdır) adlarını düzəltdiyi kimi, Azərbaycan dilində də bir sıra xalis Azərbaycan sözlərinə birləşib Eldar, Yoldar kimi şəxs adları düzəldir.
Antroponimiya lüğətinə nəzər saldıqda aydın olur ki, hazırda xalq arasında öz doğma ana dilimizin daxili inkişaf qanunları əsasında yaradılan şəxs adları ilə yanaşı alınma adlar da işlənir. Lakin, Azərbaycan şəxs adları dilimizdə əsas və başlıca rol oynayır.
Türkdilli xalqların, o cümlədən, azərbaycanlıların is-lam dinini qəbul etməsi və “müsəlmanlığın iki cəbhəyə parçalanması (sünni və şiə) şəxs adlarına da təsir etmişdir. Şiələrdə Əli və Məhəmməd adları (inqilabdan əvvəl - M.Ç.) üstünlük təşkil edir (edirdi -M.Ç.). Əlinin adı həm müstəqil, həm də adın (mürəkkəb kök sözü adın - M.Ç.) komponenti kimi (Ələkbər, Ələsgər) işlədilir. Sünnilərdə Ömər, Osman adlarına meyl güclüdür (güclü idi -M.Ç.)”. Müasir dövrdə isə xalqımız arasında ana dili-mizin öz sözləri əsasında formalaşan şəxs adları aparıcı rola malikdir. Antroponimiyamızda müsəlman dini ilə əlaqədar olan adların sayı get-gedə azalmaqdadır.
Ölkəmizdə son onilliklərdə hər yerdə olduğu kimi, Azərbaycanda da kütləvi şəkildə savadsızlığı ləğvetmə kursları, ümumtəhsil məktəbləri şəbəkələri genişlənir, bu da Azərbaycanlılara, nəinki, öz doğma ana dilində qəzet, jurnal və kitab oxumağa, hətta, dünya xalqlarının mədəniyyəti ilə yaxından tanış olmağa geniş imkan verir. Hətta, bəzi valideynlər öz uşaqlarına başqa dillərdən alınma şəxs adları qoyurlar. O cümlədən, Zoya, Lyuba, Roza, Svetlana; Boris, Sergey, Georgi və s.
Müasir dövrdə xarici ölkələrin bədii ədəbiyyatı nümu-nələrinin geniş şəkildə Azərbaycan dilinə tərcümə olun-ması, kino-teatrlarda ardıcıl olaraq xarici filmlərin nüma-yiş etdirilməsi ilə əlaqədar olaraq bəzi valideynlər öz uşaq-larına Emma, Elenora kimi xarici adlar qoyurlar.
Yeri gəlmişkən, ötəri də olsa, burada bir cəhəti də qeyd etmək lazımdır. Azərbaycan dili başqa dillərdən söz və ya hazır şəkildə şəxs adları aldığı kimi, öz sözlərinin və həmçinin, öz antroponimlərinin də hazır şəkildə qonşu xalqlara vermişdir. Azərbaycan mənşəli antroponimlərə ərəb, fars, gürcü və digər qonşu xalqların dillərində geniş şəkildə təsadüf edirik. Məsələn, gürcü dilinin XI-XX əsrlərə aid yazılı mənbələrində qeyri-dəqiq hesablamaya görə 150-yə yaxın (bütün mənbələri nəzərdən keçirmək imkan xaricindədir) türk və ya Azərbaycan mənşəli antroponimlərə təsadüf olunur. “Gürcü dilində türk mənşəli antroponimlər” məqaləsi müəllifinin yazdığına görə, gürcü dilinə türk mənşəli antroponimlər XI əsrdən, Azərbaycan mənşəli antroponimlər isə XVII-XVIII əsrlərdən qeydə alınmışdır”. Bu mülahizə ilə razılaşmaq olmaz. Çünki türk-Azərbaycan mənşəli antroponimlər Azərbaycan antroponimləri deməkdir. Bizcə türk və Azərbaycan dillərini bir-birindən tamamilə ayırmaq və onların arasına böyük sədd çəkmək özü də qeyri-elmi baxımdan başqa bir şey deyildir.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, antroponimlər yalnız dilimizin öz doğma sözlərindən deyil, həmçinin vaxtilə dilimizə keçmiş alınma sözlərdən də düzəlir. Alınma adlar və alınma sözlərdən düzələn adlar artıq xalqımızın məişətinə və antroponimikasına elə daxil olmuşdur ki, indi hamı onu öz adlarımız kimi tanıyır. Xalq onlara əsrlərdən bəri adət etmişdir. “Həmin adlar artıq xalqımızın doğma və halal malı olmuşdur”.
Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 335-372.
turan.info.az
.