İnsan ədəbiyyatı-söz sənətini yaratmış və ədəbiyyat da öz qədim, zəngin tarixi boyunca öz yaradıcısı olan insan qarşısında borclu qalmamış, onu kamilləşdirmiş, ucaltmış vəhşi instinktlərdən ayrılmasında müstəsna rol oynamışdır. İnsan ilk sözünü dediyi və tərəf müqabili bu sözü anladığı andan başlayaraq mif, folklor, ədəbiyyat insanın ayrılmaz və vəfalı yol yoldaşı , dostu, sirdaşı, müəllimi olmuşdur.
Dünya xalqlarının ədəbiyyatları içərisində Azərbaycan xalqının ədəbiyyatı həmişə öz zənginliyi və humanistt ideyalarının vüsəti ilə seçilmiş və bu seçkinlik indi də davam etməkdədir. Bu zənginliyi yaradan Azərbaycan ədəbiyyatına özünəməxsus naxşlarla iz qoyan ədiblərdən biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, filologiya elmləri namizədi, istedadlı yazıçı dramaturq Altay Yusif oğlu Məmmədovdur. Gəncə ədəbi mühitinin qüvvətlənməsində, inkişafında əhəmiyyətli xidmətləri olan, hələ gənclik illərindən yazdığı hədəfinə dəqiq tuşlanan, onu düz ürəyindən vuran satirik, insanların ruhuna təsir edən, müharibənin yaratdığı dəhşətləri göz önünə gətirən realist hekayələri ilə Azərbaycan xalq yazıçılarının, söz sənətkarlarının, həmçinin xalqın rəğbətini qazanmış yazıçı, dramaturq, ədəbiyyatşünas Altay Məmmədovun yaradıcılığı çoxşaxəli olmuşdur.
Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir.
Əsərləri:
İnstitutda oxuduğu müddətdə zəhmətsevərliyi, fəallığı, ədəbiyyata vurğunluğu ilə seçilən Altay Məmmədov İnstitut tələbə elmi cəmiyyətinin sədri olmuş, eyni zamanda “Gəncə fəhləsi” qəzetində (1951) korrektor, “Gəncə kommunisti” qəzetində məsul katib müavini (1953-cü il) və məsul katib (1953-1955-ci illərdə) vəzifələrində çalışmışdır.
Altay Məmmədov yaradıcılığa 1950-ci ildə “Ədəbiyyat” qəzetində nəşr olunmuş “Fəhləlikdən alimliyə” adlı oçerki ilə başlamışdır.
1953-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunun Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsində saxlanmış və Azərbaycan ədəbiyyatı tarixi üzrə mühazirə oxumağa başlamışdır.1970-1974-cü illərdə həmin institutda elmi işlər üzrə prorektor vəzifəsini icra etmişdir.
1962-1989-cu illərdə Altay Məmmədov əvvəlcə Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin sədri, sonra isə Gəncə Zona şöbəsinin məsul katibi vəzifələrində çalışmışdır. Altay Məmmədovun Gəncə və ətraf rayonlarda mədəni tədbirlərdə iştirakı, incəsənətin, mədəniyyətin inkişafında göstərdiyi şücaət, qazandığı, qazandırdığı uğurların nəticəsi olaraq Azərbaycan Ali Soveti Rəyasət heyətinin fərmanı ilə ona 1971-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.
Cəfər Cabbarlı ənənələrinin davamçısı, xalqına, millətinə kökünə bağlı, onu ülvi bir məhəbbətlə sevən, hər cür köhnəlik qalıqlarından azad etməyə çalışan, ətrafa açıq gözlərlə baxmağa səsləyən Altay Məmmədovun təxminən 22 bədii, elmi və tarixi kitabı nəşr edilmiş, pyesləri Rusiya, Tacikistan, Bolqarıstan və Vyetnamda tamaşaya qoyulmuş, əsərləri rus, ukrayna, latış, ləzgi, bolqar, fransız, ispan, ingilis, ərəb, fars, macar, eston, tamil, tacik dillərinə tərcümə edilmişdir.1973-1974-cü illərdə “Mahnı” adlı kiçik povesti Şri Lanka respublikasında ayrıca kitab halında iki dəfə nəşr edilmişdir.
Altay Məmmədov Kirovabad dram teatrında səhnəyə qoyulmaq üçün özbək dramaturqu Əbdülqəhhar İbrahimovun “İlk busə”, gürcü dramaturqu O.İoselianinin “Araba hələ aşmayıb”, V. Şukşinin “Diribaş adamlar” pyeslərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir.
Yazıçı Cəfər Cabbarlı dramaturgiyasının sənətkarlıq xüsusiyyətlərini araşdırmış, professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə 1964-cü ildə “C.Cabbarlının 1905-ci ildə dramı” mövzusunda yazdığı dissertasiyaya görə Filologiya elmlər namizədi alimlik dərəcəsi almış, 1965-ci ildə dosent vəzifəsinə seçilmişdir.
Altay Məmmədov eyni zamanda dramaturgiya sahəsində də qələmini sınamış və Azərbaycan tamaşaçısının ürəyinə yol tapmağı bacarmışdır.
Müəllifin “Həmyerlilər” satirik komediyası 1960-cı ildə Kirovabad Dram teatrında, sonralar Dağıstan MSSR-də Kumık teatrında, Sumqayıt, Ağdam, Mingəçevir teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.
1964-cü ildə müəllifin “Kişilər” komediyası Kirovabad teatrında daha sonra Ağdam teatrında, həmçinin Tacikistan SSR-də, Azərbaycan Televiziyasında da səhnələşdirilmiş, Sovet ordusu teatrı artistlərinin ifasında bir neçə dəfə Mərkəzi televiziya ilə nümayiş etdirilmiş, Moskva teatr tənqidçiləri tərəfindən müsbət qiymətləndirilmişdir.
A.Məmmədov Azərbaycan xalqının tarixi və etnogenezi kimi mühüm məsələlərlə dərindən maraqlanmış, araşdırmalar aparmış, nəticədə “Oğuz səltənəti” və “Kəngərlər” kimi tədqiqat əsərlərini ərsəyə gətirmişdir. Müəllifin tədqiqat işləri bununla məhdudlaşmır, şifahi xalq ədəbiyyatından başlamış, müasir dövrədək ədəbiyyatımızın, xüsusən hekayə janrının inkişafını diqqətlə izləmiş, nəticədə “Azrbaycan ədəbiyyatında hekayə”, “Hekayələrdə dini fanatizmin tənqidi”, “Azərbaycan hekayəsi” və s. kimi qiymətli monoqrafiya və elmi əsərlər yaratmışdır.
Bundan sonra Altay Məmmədov bir-birinin ardınca daha maraqlı, bitgin sujet xətli və orjinal dram əsərləri ilə diqqət mərkəzində olmağı baçardı. Belə ki, “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə”, “Bəraət”, “Dəli Domrul”, “Üçatılan” və başqa əsərlərinin uğurlu səhnə taleyi yaradıçılığının əsas qayəsini təşkil etmiş oldu. Altay Məmmədovun dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və Iranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. A.Məmmədov eyni zamanda tərcümə ilə də məşğul olmuşdur.
Həmçinin Altay Məmmədov 1958-ci ildə çapdan çıxan “On birinci açar” adlı ilk hekayələr kitabı ilə ədəbiyyata istedadlı bir nasir kimi daxil ola bilmişdir. Onun yaradıcılığında hekayə janrı mühüm yer tutur. “Narınc”, “Anam qocalmışdı”, “Uvertüra”, “Məhəbbətin səsi”, “Gülab nəfəsli” və s. hekayələri bu janrın gözəl nümunələrindəndir. Xüsusilə, “Məhəbbətin səsi” və “Gülab nəfəsli” hekayələri o illərdə oxucuların ən çox sevdiyi nəsr əsərlərindən hesab edilirdi. Bu iki hekayədə müəllif saf, təmiz məhəbbətin əbədiliyi ideyasını irəli sürürdü.
A.Məmmədov Gəncədə yaşayırdı, amma onun əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və başqa dillərə tərcümə edilirdi, Moskvada üç kitabı çapdan çıxmışdı, “Mahnı” povesti Şri-Lankada, Hindistanda ayrıca kitab şəklində oxuculara çatdırılmışdı.
A.Məmmədov “Azərbaycan hekayəsi” adlı çox sanballı bir monoqrafiyanın da müəllifi olub. Müəllif bu əsərində Azərbaycan hekayəsinin qaynaqlarına üz tutur, realist hekayənin yaranmasına qədərki mərhələni çox geniş bir formada araşdırır. Realist hekayələrin yaranma tarixini geniş şəkildə şərh edir.
Burada heç şübhəsiz, şifahi xalq yaradıcılığı-dastanlar, qaravəllilər, zərbi-məsəllər, rəvayətlər, daha sonra epik poeziyamızda mənzum hekayələri mühüm rol oynayır.
A.Məmmədov ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də mükəmməl bilicisi idi. Həm klassik, həm də çağdaş ədəbi prosesi dərindən mənimsəməklə yanaşı bu prosesləri daha dərindən təhlil etməklə araşdırmış və böyük oxuçu kütləsinin diqqətinə təqdim edə bilmişdir.
A.Məmmədovun dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. Moskvada üç kitabı çapdan çıxmışdı, “Mahnı” povesti Şri-Lankada, Hindistanda ayrıca kitab şəklində oxuculara çatdırılmışdı.
A.Məmmədov eyni zamanda tərcümə ilə məşğul olmuş, Əbdüqəhhar İbrahimovun “İlk busə”, Otar İoselianinin “Araba hələ aşmayıb”, Vasili Şukşinin “Diribaş adamlar” pyeslərini rus dilindən azərbaycancaya çevirmişdir.
Ədib iki görkəmli Azərbaycan yazıçısı – İ.Əfəndiyevdən və Ə.Məmmədxanlıdan sonra lirik hekayə janrının gözəl nümunələrini yaradıb, bu iki görkəmli yazıçının yolunu davam etdirib.
Aynur Turan,
“Borçalı” nəşriyyatının redaktoru
turan.info.az
.