Kitabın elmi redaktoru akademik Vasim Məmmədəliyevdir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsindən turan.info.az-a bildiriblər ki, “Seçilmiş əsərlər” əsasən “XV-XVI əsrlər Azərbaycan-türk tərcümə əsərləri əlyazmalarının mətnşünaslıq-dilçilik yönündən araşdırılmasına həsr olunub. Kitabda mətnşünas-dilçi alim M.Nağısoylunun bir neçə monoqrafiyası və seçmə məqalələri toplanmışdır.
İki fəsildən ibarət olan birinci cild “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”, əsas növləri və səciyyəvi xüsusiyyətlərindən bəhs edir.
Əsərin birinci fəsli alimin “Gülşəni-Raz” əsəri , onun türkcəyə tərcüməsi və tərcümənin tekstoloji tədqiqi ilə bağlı mətnləri əhatə edir.
İkinci fəsildə isə “Hədisi-ərbəin” tərcüməsinin filoloji-tekstoloji tədqiqi öz əksini tapıb.
Həmçinin kitaba alimin müxtəlif illərdə yazılan dövri mətbuatda dərc olunan elmi-publisistik məqalələri, məruzə və çıxışlarının mətnləri daxil edilib.
“Seçilmiş əsərlərin” ikinci cildində Azərbaycan tərcümə abidəsi “Şühadənamə” paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri” yer almışdır. Burada “Şühədanamə” əlyazmasının paleoqrafik xüsusiyyətləri, Füzulinin “Hədiqətüs-süəda”nın mövzusu və “Rövzətüş-şühəda” ilə müqayisəli təhlili, A.Bakıxanovun “Riyazül-Qüds” əsəri klassik məqtəl nümunəsi kimi tədqiqata cəlb olunub.
Qeyd edək ki, “Seçilmiş əsərlər” ikicildliyi “Elm” nəşriyyatında çap olunub. Kitabın redaktoru Könül Mirzəyevadır.
Hüsniyyə ÇOBANOVA,
turan.info.az
.