Əsər ADPU-nun nəşriyyatında AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı əsasında, filologiya üzrə elmlər doktoru, professor Fikrət Cahangirovun elmi redaktorluğu ilə çap olunmuşdur. Monoqrafiyaya AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə elmlər doktoru, professor Adil Babayev rəy vermişlər.
Giriş, üç fəsil, nəticə və son illərin çap əsərlərinin üstünlük təşkil etdiyi zəngin ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada azərbaycanlı müəlliflərin ingilis dilinin qrammatikasına həsr olunmuş kitabları, morfologiya, sintaksis və mətn dilçiliyinə dair Azərbaycanda yerinə yetirilən tədqiqat işləri və məqalələr araşdırmaya cəlb olunmuşdur. Bu sahədə rolu olan dilçilərin fəaliyyəti xronoloji ardıcıllıqla öyrənilmiş, yeri gəldikcə keçmiş sovet müəllifləri, bəzi dünya dilçiləri ilə də müqayisələr aparılmışdır.
Əsərin birinci fəsli “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqinin təşəkkülü” adlanır. Müəllif ilk növbədə xarici dillərin tədrisi tarixini araşdıraraq göstərir ki, bu, 1848-ci ildə qızlar üçün açılan dördsinifli “Müqəddəs Nina” məktəbində fransız və alman dilləri ilə başlamışdır. İngilis dili isə ölkəmizdə ilk dəfə 1914-cü ildə tədris olunmuşdur. Bu dilləri öyrədən müəllimlər əsasən Rusiyada təhsil almışdılar, yəni azərbaycanlılar ingilis dilini rus dili vasitəsilə öyrənməli olurdular. Lakin 1948-ci ilin sentyabrında Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun açılması ilə dillərin tədrisi sahəsində olan çətinliklər müəyyən dərəcədə ortadan qalxdı və milli kadrlar yetişdirilməyə başlandı.
“Azərbaycanda ali məktəblər üçün yazılmış dərslik və dərs vəsaitlərində ingilis dilinin qrammatikası” adlanan ikinci fəsildə göstərilir ki, Azərbaycanda ilk dəfə ingilis dilinin qrammatikasına həsr olunmuş dərslik 1958-ci ildə Rüxsarə Qayıbova tərəfindən hazırlanmış “İngilis dilinin qrammatikası - (qısa məlumat)” kitabıdır. Bundan sonra bu sahədə ərsəyə gələn bir sıra digər dərsliklər haqqında ətraflı məlumat verən müəllif həmin əsərlərin çap olunduğu dövr üçün çox böyük əhəmiyyət kəsb etdiyini qeyd etməklə bərabər, həm də onların çatışmayan cəhətlərini göstərmişdir ki, bunlar daha çox ingilis dili qrammatikasının müasir tələbləri baxımından nəzərə çarpır. O dövr üçün isə bu əsərlər tarixi hadisə hesab olunurdu və ingilis dilinin milli zəmində, daha səmərəli öyrənilməsində onların rolu danılmazdır.
Yaxşı haldır ki, L.Səfərova bu fəsildə müstəqillik illərində yazılmış qrammatika kitablarını da tədqiqatdan kənarda qoymamış, onların da bir çoxu haqqında müfəssəl məlumat vermişdir. Qeyd olunur ki, bu dövrə qədər yazılan əsərlərin sayı az olsa da, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra bu sahədə xüsusi bir canlanma yaranmışdır. Çünki dünyaya inteqrasiya, əlaqələrin genişləndiyi və artıq bir neçə xarici dil bilməyin tələbat olduğu müasir dövrümüzdə bu məsələ olduqca aktualdır. Əgər əvvəlki dövrlərdə müəlliflər, əsasən, rus dilçilərinə istinad edirdilərsə, bu dövrdə yazılan əsərlərdə artıq Avropa və Amerikada bu sahədə çap olunmuş əsərlərdən də yararlanmışlar.
Monoqrafiyanın üçüncü fəsli “Azərbaycanda yazılmış tədqiqat işlərində ingilis dilinin qrammatikası” məsələlərinə həsr olunmuşdur. Burada ingilis dili sahəsində Azərbaycanda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları haqqında danışılır. Müəllif bu fəsli “İngilis dilinin morfologiyaına dair tədqiqatlar”, “İngilis dilinin sintaksisinə dair tədqiqatlar” və “İngilis dilinin mətn dilçiliyinə dair tədqiqatlar” adlı yarımfəsillərə bölmüşdür. Burada adı çəkilən sahələrə həsr olunmuş tədqiqat işləri təhlil edlimiş, onların ingilis dilinin öyrənilməsindəki əhəmiyyəti bir daha nəzərə çatdırılmışdır. Bu dissertasiyaların bir qisminin materiallarının ayrıca monoqrafiya şəkilndə çap olunması onların daha geniş oxucu kütləsinə xidmət etməyinə şərait yaratmışdır.
Nəticə hissəsində müəllifin əsər boyu gəldiyi nəticələr ümumiləşdirilmişdir.
Əsərdə ilk dəfə olaraq ingilis dilinin qrammatikasının tədqiqinə həsr olunmuş dərsliklər, tədqiqat işləri araşdırılmış, bu sahədə keçən əsrin əvvəllərindən bu günə qədər görülmüş işlər sistemli bir şəkildə öyrənilmişdir. Bu baxımdan kitab eyni zamanda bu sahə ilə maraqlananlar üçün həm də bir biblioqrafiya rolunu oynaya bilər. Müasir dövrdə xarici dillərin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır, bu, həm də dilimizin inkişafı baxımından da vacibdir. Çünki dillər bir-birindən təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Hər bir dil yalnız başqa dillərlə əlaqədə inkişaf edir, zənginləşir. Leyla Səfərovanın əsəri də bu nöqteyi-nəzərdən çox dəyərli bir əsərdir və gənc tədqiqatçılar üçün də bu sahədə bir mayak rolunu oynayacaqdır.
Biz bu zəhmətli sahədə yorulmadan fəaliyyət göstərən müəllifə gələcək işlərində də müvəffəqiyyət arzulayırıq.
Nuray Əliyeva
Filologiya üzrə fəlsəfə doktoru, dosent
turan.info.az
.