Ramazanova Şəcahan Xaməmməd qızı - Zəngilan rayonunun Günqışlaq kəndində anadan olub.
1982-ci ildə orta məktəbi bitirdikdən sonra APİ-nin, indiki ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası fakultəsinə daxil olub, 1987-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.
1991-ci ildən, 2018-ci ilə qədər Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Xarici dillər Təmayüllü Gimnaziyada ibtidai sinif müəllimi vəzifəsində çalışıb.
Hazırda (XDTG-da ibtidai siniflərin bağlanması ilə əlaqədar olaraq) Bakının Sabunçu rayonundakı 74 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.
2014-cü ildən Azərbaycan Təhsil Surasının xətti ilə Gürcüstanda, Ukraynada (üç dəfə), ADXC-nin 100 illiyi münasibətilə Şimali Kipr Respublikasında (2018) keçirilən beynəlxalq konfranslarda iştirak edib.
2015-2016-cı tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil İşçisi” döş nişanına layiq görülüb.
2019-cu ildə Ukraynada “Bir səma altında yaşayırıq” adlı beynəlxalq festival zamanı Ukrayna Ədəbiyyat və Jurnalistika Akademiyasının “Jurnalistika və Ədədiyyatda yüksək nailiyyətlərə görə” (Syzipiya Fest jurnalında hekayələri ilə iştiakına görə) medalı ilə təltif olunub.
07.03.2019-cu ildən BMT-nin Təhsil, Elm, Mədəniyyət Təşkilatının (UNESCO) üzvüdür.
“Sinifdənxaric oxu I - IV”, “Nigarın oyuncaqları”, “Həqiqətmi, nağılmı” (ingilis dilində) kitablarının müəllifidir.
Aia.az, turan.info.az, Zirve.info saytlarında daim yaradıcılığı işıqlandırılır.
Eləcə də, “Kurikulum”, “Milli pedaqogika” jurnallarında , “Syzipya Fest “, “Təhsil və Zaman”, “Təhsil dünyası” qəzetlərində Azərbaycan və ingilis dillərində elmi məqalələri, uşaq nağıl və hekayələri ilə daim çıxış edir.
Əsasən “Şəcahan Gün” imzası ilə nəşr olunur.
Ailəlidir, bir oğlu və bir qızı var.
2021-ci il Şəcahan Gün üçün daha uğurlu il olub.
Belə ki, o, Azərbaycan Respublikası”Təhsil” Mərkəzinin “Elm və Təhsil” qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən “Abdulla Şaiq” mükafatı ilə, “XXI əsrin Ziyalıları” Cəmiyyətinin “Şərqin səsi” qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən “İlin ziyalısı” fəxri adına layiq görülüb.
Bu günlərdə isə “turan.info.az” və “Zirve.İnfo” saytlarının təqdimatı əsasında Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” Media mükafatına layiq görülüb.
Biz də hörmətli Şəcahan xanımı müqəddəs Ramazan bayramı ərəfəsində belə yüksək mükafatlarla təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, pedaqoji və ictimai fəaliyyətində, həmçinin ədəbi-bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir hekayəsini dəyərli oxucularımıza təqdim edirik..
Müşfiq BORÇALI,
turan.info.az
Gözü arxada qalan adam...
(Hekayə)
Həvva nənə bu ocağı, bu kəndi çox sevirdi. Bu kənddə doğulmasa da bütün xatirələri bu kəndlə bağlı idi. On altı yaşında bura ərə gəlmiş və bütün məhəbbətini bu kəndə salmışdı...
At belində uzaq bir kənddən bura gəlin gəlmişdi. Sevib ailə qurduğu,çiynindən Beşatılanı düşməyən, altında kəhər atı olan , yaşılgözlü , cəcarətli Xanməmməd kişinin eldə, obada hörməti vardı. Qapısı hamının üzünə açıq idi. Kəndə gələn hər kəs onun çörəyini, duzunu kəsməmiş getməzdi. Çox xanımların gözü Xanməmməd kişidə qalmışdı. Amma Xanməmməd kişinin gözü Həvva nənəni tutmuşdu.Həvva nənə də cavanlığında hörükləri topuğuna dəyən, sərv boylu, alma yanaqlı bir gözəl olmuşdu.
Onun gözəlliyinə heyran olan Xanməmməd kişi , onu toy-busatla bu kəndə gəlin gətirmişdi.
Meşəyə gedəndə belə Xanməmməd kişi əliboş gəlməzdi. Hara getsə mütləq əlində payla qayıdardı. Maraldan, cüyürdən ovlayıb gətirərdi. Sərrast atıcı idi. Quşu gözündən vurardı...
Dağ keçisinə qədər ovlayıb Həvva nənəyə gətirmişdi. Nənə də səxavətli idi. Onun ətindən qonşularsız yeməzdi. Hər kəsə bir tikə də olsa bu ətdən dadızdırardı.
Eldə, obada ad-ad deyilən gözəl bağı vardı. Bağında olmayan meyvə ağacı yox idi. Hər bir ağacı Xanməmməd kişi öz əli ilə calaq etmiş, böyütmüşdü. Ağacları balası tək əziz tutardı. Şevərək onlara qulluq edərdi.
Amma indi bütün bunlar xoş xatirədən başqa bir şey deyildi. Xanməmməd kişi çoxdan dünyasını dəyişmiş, Həvva nənəni tək qoymuşdu. Həvva nənənin şəhərdə yaşayan uşaqları nə qədər çalışsalar da, onu şəhərə, öz yanlarına apara bilməmişrdilər. Çünki Xanməmməd kişinin hər bir xatirəsi Həvva nənə üşün əziz və müqəddəs idi. O, tək-tənha bu kənddə yaşayar, bağına baxar, fərəhlənərdi. Elə bilirdi ki, bununla Xanməmməd kişiyə olan sevgisini davam etdirmiş olur.
Həvva nənə dərdini—sərini ağaclara danışardı.Əlini ağacın üstünə qoyar, ürəyini boşaldardı. Ona belə gəlirdi ki, ağaclar onu dinləyir, başa düşür. Çünki bu ağaclar ona övladları qədər əziz idi.
Həvva nənə Böyük Vətən müharibəsinin acısını dadsa da, tale nənənin üzünə gülmüş, həyat yoldaşı iki ildən müharibədən qolunda nemes mərmisinin qəlpəsi ilə qayıtmışdı. Hərdən ağrı versə də, həkimlər onu cərrahiyyə əməliyyatı etməkdən çəkinmişdilər. Ona görə də bu “müharibə nişanı” ölüncə Xanməmməd kişinin qolunda qalmışdı. Xanməmməd kişi müharibəyə gedəndə ailəsinə bir neçə illik azuqə qoymuşdu. Ona görə də Həvva nənə müharibənin aclıq qorxusunu duymamışdı. Əksinə ataları müharibədə olan qohum-qonşuya yardım etmişdi ki, onlar acından ölməsinlər. Sonralar Xanməmməd kişinin uşaqları söyləyəcəklər ki, bizim ruzi-bərəkətimiz elə ata-anamızın səxav ətinə görədir. Tanrı bizə valideynlərimizin xeyirxahlığının ruzisini verir.
İndi isə ortaya çox çətin bir problem çıxmışdı. Nankor qonşular olan ermənilər yenə sakit dayanmırdılar. Gecə-gündüz atışma səsləri gəlir, insanların sakit həyatı cəhənnəm azabına çevrilirdi. Həvva nənənin gözəl silah atma bacarığı da vardı. Bunu ona Xanməmməd kişi müharibəyə gedəndə öyrətmişdi. Onda Həvva nənə çox gəncdi. İki balaca oğul anası idi. Xanməmməd kişi arxayın müharibəyə getsin deyə həyat yoldaşına silah atmağı öyrətmiş və Beşatılanını da ona bağışlamışdı. Həvva nənə bi iki il müddətində bir dəfə də ata evinə getməmiş, elə buradaca iki oğluna qısılaraq həyat yoldaının yolunu gözləmişdi.
Vəziyyət getdikcə gərginləşirdi. İnsanların gözünə yuxu getmirdi. Qonşu uşaqları analarından xahiş edirdilər ki, Həvva nənə onların yanında qalsın. Elə ki Həvva nənə uşaqların yanına gəlirdi. Onda uşaqların gözünə yuxu gedirdi.
Həvva nənə uşaqlara danışırdı ki, bu ermənilərin birinci savaşı deyil. Onlarda sanki bir “Erməni xəstəliyi” var. O xəstəlik baş qaldırdımı,mütləq qonşu azərbaycanlılara torpaq davasına çıxar, qan töküb, soyğunçuluq edərlər.
Onlar Qubada ,Şamaxıda azərbaycanlıları əhəng quyusuna töküb diri-diri yandırmışlar. İnsanları aldadıb məscidə yığmış, qapısını bağlayıb, məscidə od vurub, onları diri-diri yandımışlar.
Hamilə qadınların belinə samovar bağlayıb qaynatmış, insanlara ağılasığmaz işgəncələr vermişlər. Bunu da Həvva nənə uşaqlara danışardı.
Həva nənə gecələr yatmrdı. Çiynində Beşatılanı səhərə kimi keçik çəkirdi. Kənd camaatı onu “Həcər xanım” deyə əzizləyərdi.
Həvva nənə uşaqlara nəql edirdi ki, indi həmin nankor qonşuların yaşadıqları torpaqlar Xanməmməd kişinin babalarının dədə-baba yurdu , yaylağı olub. Həmin ermənilər əvvəllər onların qapılarının qulluqçuları olmuş, evlərində bənnalıq etmiş , bir qarın çörəkdən ötəri hər işi görməyə hazır olmuşlar.
Onlar yayda Xusdub dağlarına gedər, Gölcük deyilən yaylaqlarda dincələr, buz kimi bulaqların suyundan içər, baldırğan. qantəpər, kəklikotu yığarmışlar. Yaylaqdan qayıdanda uşaqların yanaqları lalə kimi qıpqırmızı olarmış.
Uşaqlar da Həvva nənənin şirin nağıllarına qulaq asar, mənfur ermənilərin keçmişdə azərbaycanlıların dədə-baba yurdlarında məskən salmalarına heyfsilənirdilər.
Bir də Həvva nənə uşaqlara danışırdı ki, əslində erməniləri buraya İrandan, Türkiyədən aldadıb şirin həyat xəyalları yaradaraq köçürüb gətirib yerləşdiriblər. Bunu qoca pinəçi erməni təəssüf hissi ilə özü danışırmış.
Artıq vəziyyət çox gərginləşmişdi. Vəziyyətin belə gərgin olduğu bir zamanda Həvva nənənin şəhərdə yaşayan uşaqlar narahat olmaya bilməzdilər. Onu şəhərə aparmaq istəyirdilər. Amma Həvva nənə yenə inaddkarlıq edirdi . O, nə Xanməmməd kişinin məzarını, nə də min bir zəhmətlə saldığı bağını qoyub getmək istəmirdi. Tək- tənha bu balaca kənddə ermənilərə qarşı sinə gərir,evini,,elini, obasını qoruyurdu.
Vəziyyət get-gedə pisləşirdi. Artıq adamlar mal-qarasını belə örüşə ötürməyə qorxurdular.
Elə belə günlərin birində qapıda iki maşın dayandı. Gələn Həvva nənənin uşaqları idi. Onlar bu dəfə xəbərsiz-ətərsiz gəlmişdilər. Bilirdilər ki, belə qəfildən gəlməsələr nənəni apara bilməyəcəklər. Ona görə də qəfildən gəlmiş, vəziyyətin çox gərgin olduğunu nənəyə demiş, əllərinə gələni maşına yığmış, nənəni də götürüb kəndi tərk etmişdilər.
Həvva nənənin inəyi meşədə, paltarları ipdə, yır-yığıncağı çardaqda qalmışdı.
Ən pisi isə onun gözləri həmişəlik tərk etdiyi bu kənddə, Xanməmməd kişinin yanında qalmışdı...
Sinevir gölünün əfsanəsi
(Hekayə)
Dostlar, sizə Karpat dağlarının heyranedici gölü – Sinevir gölünün əfsanəsini danışacam.
Biri var idi, biri yox idi, Karpat dağlarının ətəklərində qədim bir kənd var idi. Bu kəndin üç tərəfi meşə ilə əhatə olunmuş, bir tərəfindən isə iki dağ çayı birləşərək, üzüaşağı axıb gedirdi. Ucsuz - bucaqsız şam, küknar meşələri, vələs, fısdıq , qoz, palıd , şabalıd ağaclarının füsunkar görünüşü, meşələrin ətəyindən axan gözyaşı kimi tərtəmiz mineral bulaqlar, uzanıb gedən çəmənliklər və həmin çəmənliklərdə bitən ətirli rəngbərəng güllər buraya xüsusi gözəllik verirdi. Üzüaşağı baxdıqca meyvə bağları, taxıl zəmiləri, üzümlük sahələri göz oxşayırdı. Əgər bu yerlərə ən təcrübəli səyyah belə gəlsəydi, mənzərələrin zənginliyindən təəccüblənə bilərdi. Rənglərin əzəməti, hər bitkinin bənzərsiz ətrini duymaq nə qədər xoşdur.Yalnız burada ətirli, ulduza bənzəyən nərgiz (narçiss) gülünü tapmaq olar. Buradakı dağ çayları, havanın zəngin oksigeni insanları özünə cəlb edir. Bu kəndin insanlarında da təbiətindən gələn bir gözəllik və saflıq vardı.
Burada çox zəngin və zəngin olduğu qədər də xəsis, qəddar bir qraf da öz qızı Alesiya ilə birlikdə yaşayırdı. Qraf kəndin insanlarına zülm edər, onları səhərdən axşama kimi işlədər və cüzi əməkhaqqı verərdi.
Alesiya isə çox xeyirxah və mehriban qız idi. Onun əsrarəngiz mavi gözləri, qarğıdalı saçaqları kimi sarışın, uzun hörükləri vardı. Qraf öz qızını çox sevər, ondan heç nə əsirgəməzdi.
Qrafın ən çox sevdiyi məşğuliyyəti ov etmək idi. O, tez - tez maral, ayı, dovşan, dələ, canavar, vəhşi qaban ovuna gedərdi. Hərdən meşəyə ova gedəndə Alesiyanı da özü ilə aparırdı. Alesiyanın anası o balaca olanda dünyasını dəyişmişdi. Qraf isə bir daha ailə qurmamış, Alesiyanı xoşbəxt etmək üçün əlindən gələni edərdi.
Bir dəfə qraf yenə də Karpat dağlarına ova çıxmışdı. Gözəl Alesiya da onunla getmişdi. Onlar ovdan sonra, bir talada oturub dincəlirdilər. Yorulmuş ata şirin yuxuya getmiş, qız isə güllərdən çələng hörürdü. Elə bu zaman yaxınlıqdan həzin tütək səsi eşidildi. Alesiya musiqini çox sevdiyindən, özünü saxlaya bilmədi. Musiqi səsi gələn tərəfə gedib, onu axtarmağa başladı. Bu Taras adında gənc, yaraşıqlı bir tütəkçi idi.
Bu tanışlıqdan sonra Alesiya tez – tez Tarasın musiqisini dinləmək üçün onun yanına qaçırdı. Taras Karpatın əlvan çiçəklərindən Alesiyanın saçlarına güllər düzər, onun üçün tütək çalardı. Beləliklə, Alesiya ilə Taras xoşbəxt günlər keçirirdilər.
Qraf qızının kasıb bir tütəkçi ilə görüşdüyünü eşitdi. Zadəgan qızının sadə bir musiqiçi ilə görüşməsi onu əsəbiləşdirdi. O, Alesiyaya Tarasla görüşməyi qadağan etdi.
Tarasın atası da oğlunun qrafın qızı ilə görüşdüyünü eşidəndə məyus oldu. Ata başa düşdü ki, oğlu Alesiya ilə bir – birini sevir. Bu sevginin yaxşı sonluqla bitməyəcəyini hiss edən ata, Tarası Mejqoroda, qardaşıgilə göndərmək istədi ki, bəlkə Alesiyanı unuda bilər. Taras atası ilə razılaşmayaraq, Alesiya ilə gecələr, gizlincə görüşməyə davam etdi. Alesiya hər gecə Tarasın yanına qaçır, onlar bir – birinə sığınaraq, ümidsiz sevgilərinə gözyaşı axıdırdılar. Elə bil ki, qarşıdan gələn ayrılığın acısını gözyaşları ilə uzaqlaşdırmaq istəyirdilər.
Keşikçilər qrafa xəbər verdilər” ki, qızı yenə də gecələr Terebli çayının sahilində, tütəkçi ilə görüşür. Bundan qəzəblənən qraf Tarası öldürtmək qərarına gəldi. O, adamlarını göndərdi, onlar Tarası öldürüb Terebli çayına atdılar..
Qraf qızını zəngin bir mülkədarın oğluna ərə vermək istəyirdi. Bütün bu hadisələrdən xəbərsiz olan Alesiya görüş yerinə gəldi. Tarasını gözlədi, gözlədi, lakin Taras gəlib çıxmadı. Alesiya məcbur olub sevgilisinin evinə getdi və işin nə yerdə olduğunu öz gözləri ilə gördü.
Tarasın onun öz atası tərəfindən öldürüldüyünü anlayan Alesiya gecənin qaranlığında, göz yaşları axıdaraq, Karpat meşələrinin dərinliklərinə doğru qaçmağa başladı. Tarasla ilk dəfə görüşdüyü talaya gəldi. Atasının adamları nə qədər axtardılarsa da Alesiyanı “gördüm” deyən olmadı. Mavi gözlü Alesiya talada oturub, o qədər ağladı ki, gözyaşlarından Sinevir gölü əmələ gəldi. Daha taqəti qalmayan Alesiya, özünün gözyaşlarından yaranan “mavigözlü göl”ün sularında qərq oldu.
O, öz gözyaşlarında boğulsa da, bu gözyaşlarından yaranan göl sevənlərin əhdi – peyman yerinə , sevgilərə ruh, sevgiyə inam-etibar hisslərini gücləndirən, qol-qanad bəxş edən bir ibadətgaha, and yerinə çevrildi.
Şəcahan Gün,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.