Səfər Asif Hacıyevin Universitetin prorektoru prof. Karamehmet Yıldız ilə görüşü ilə başlayıb. Rus dili ve ədəbiyyatı kafedrasının müdiri prof. Sevinc Üçgülün də iştirak etdiyi görüşdə Erciyəs və Azərbaycan universitetlərinin əməkdaşlıq perspektivləri, birgə layihələrin icra olunması, Azərbaycan və rus ədəbiyyatının Türkiyədə öyrənilməsi və tərcüməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Görüşdən sonra İlahiyyat və Ədəbiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Universitetin “15 Temmuz Konqres Mərkəzi”ndə “Rus ədəbiyyatında Qurani Kərim” mövzulu konfrans keçirilib. Universitetin prorektoru prof. Karamehmet Yıldız, Ədəbiyyat fakültəsi dekanı prof. Ali Aktan, İlahiyyat fakültəsi dekanı prof. Temel Yeşilyurt, Rus dili ve ədəbiyyatı kafedrasının müdiri prof. Sevinç Üçgülün iştirakı ilə keçirilən tədbirə Universitetin Ədəbiyyat və İlahiyyat fakültələrinin müəllim, doktorant, magistrant və tələbələrindən ibarət 400-ə yaxın iştirakçı qatılıb. Ədəbiyyat fakültəsi dekanı prof. Ali Aktanın giriş sözü ilə açdığı tədbir prof. Asif Hacıyevin geniş məruzəsi ilə davam edib. Məruzədə qədim dövrdən müasir mərhələyə qədər rus ədəbiyyatında Qurani-Kərimə, İslam dəyərlərinə və müsəlmanlara münasibət, rus və türk xalqlarının mədəni-ədəbi əlaqələri, o cümlədən rus ədiblərinin Azərbaycan xalqına və mədəniyyətinə münasibəti, eləcə də Azərbaycan mədəniyyətinin rus və bir çox digər xalqların mədəniyyətinə təsiri şərh olunub, ədəbi əlaqələrin xalqların və mədəniyyətlərin dialoqunda rolu qeyd edilib.
Konfrans Universitetin prorektoru prof. Karamehmet Yıldızın Azərbaycanlı alimə təşəkkürü və xatirə hədiyyəsinin təqdimatı, sonda isə Asif Hacıyevin Türkiyədə dərc olunmuş “Rus Edebiyatında Kur’an-ı Kerim” kitabının imzalanması mərasimi ilə başa çatıb.
Növbəti gün Universitetin Ədəbiyyat Fakültəsi Rus Dili ve Ədəbiyyatı kafedrası tərəfindən fakültənin konfrans zalında təşkil olunmuş tədbirdə prof. Asif Hacıyevin Çağdaş Azərbaycan və rus ədəbiyyatı haqqında geniş məruzəsi dinlənilib. Məruzədə postsovet məkanı ədəbiyyatında ortaq və özünəməxsus ədəbi meyillər, iki əsrin qovşağı və müstəqillik dövrü Azərbaycan və rus ədəbi prosesi, bu dövr ədəbi yaradıcılığının məzmun və forma özəllikləri haqqında məlumat verilib, təhlil və müqayisələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Səfər çərçivəsində Türk ocaqları Kayseri şöbəsinin dəvəti ilə prof.Asif Hacıyevin 1926-cı ildən fəaliyyət göstərən bu ictimai qurumun ofisində şəhər ziyalıları, müəllim və tələbələr qarşısında “Müstəqil Azərbaycanda multikulturalizm və ədəbiyyat” mövzusunda çıxışı da dinlənilib. Milli mədəniyyətimizdə və ədəbiyyatımızda zəngin tolerantlıq ənənələrinə toxunan Asif Hacıyev multikulturalizm anlayışının müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsində və Prezident İlham Əliyevin dövlətçilik siyasətində mühüm yer tutduğunu vurğulayıb. Ölkəmizdə bütün xalqların və din mənsublarının hüquqlarının tam təmin edildiyi, yüksəliş yolunda olan müstəqil Azərbaycanın bir çox ölkələr üçün tolerantlıq, birgəyaşayış və multikulturallıq nümunəsi olduğu gerçək faktlarla dinləyicilərə çatdırılıb.
Qeyd edək ki, 6 tələbə şəhərciyi, 63 minlik tələbə heyəti, 18 fakültə, 7 institut, 38 tədqiqat mərkəzi olan Erciyəs Universiteti 1978-ci ildə fəaliyyətə başlayıb. Universitetin adı Kayseri şəhərinin yaxınlığında yerləşən Ərciyəs dağından gəlir.
turan.info.az
.