Müsahibimiz -
Bakı Dövlət Universitetinin
Mülki Hüquq kafedrasının müdiri,
hüquq elmləri doktoru, professor,
Məhəbbət xanım Dəmirçiyevadır.
Tarixi şəxsiyyət, dahi Nəsrəddin Tusinin müdrik kəlamlarından əxz etdiyim: “O adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, o alimdir, ona ehtiram edin”-deyimi mıəni bir ziyalı elqızım, böyük insan, böyük alim haqqında bu yazını yazmağa sövq etdi. Qeyd edim ki, mənim Məhəbbət xanımla ilk tanışlığımın səbəbkarı daha bir ziyalı elqızım, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın xanım Əhmədlidir.
Beləliklə...
Məhəbbət xanımın dediklərindən:
“Dünyaya göz açandan, həyatın dərinliklərini dərk edəndən hiss etdim ki, Tanrım mənə hər şey-ağıl, kamal, inam və bol nemət bəxş edibdir. Bu baxımdan məndə suallar yarandı:- Mən kiməm, hara getməliyəm, borcum nələrdir, cəmiyyətdə yerim haradadır? Beləcə...Yaşadığım zaman kəsiyində daim bu sualları özümə verərək, onların cavablarını tapmaq məsuliyyətini gündəlik işimdə, illərlə çalışdığım elmi fəaliyyətimdə dərk etməyə çalışmışam. Və bu mərhələyə də öz gərgin əməyimlə, zəhmətimlə gəlib çatmışam...”
Əslində bu məsuliyyəti narahat keçən bir ömür də adlandırmaq olar...
Deyərdik ki, Tanrının bəxş etdiyi ömür payında zəhmətə güvənən, zehni həmişə öyrənməyə möhtac olan Məhəbbət xanım elmin sabahına nikbin baxır və hələ də alimlik dünyasından doymur. O, bu gün də, elm fədaisi kimi öyrənir və öyrədir. Elə biz də alimin daxili dünyasından bəzi məqamları öyrənmək fürsətini əldən vermədik.
Onun ömür yolundan:
Məhəbbət Dəyirman qızı 1957-ci il noyabrın 10-da barlı-bəhrəli, toylu-büsatlı bir fəsildə, xınalı payızda Qazax mahalının Daşsalahlı kəndində hörmətli-izzətli bir ailədə dünyaya göz açıb. 1974-cü ildə 1nömrəli kənd orta məktəbini, 1981-ci ildə isə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ali təhsildən sonra 1981-1987-ci illərdə gənc mütəxəssis kimi Türkmənistan SSR-nin Nebet-Daq şəhərində öz sahəsində çalışıb. 1987-ci ildən bu günədək Bakı Dövlət Universitetinin hüquq fakültəsində çalışır. Hal-hazırda Universitetin hüquq fakültəsinin mülki hüquq kafedrasının müdiridir. O, 1996-cı ildə Tbilisi Dövlət Universitetində “Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almış, 2003-cü ildə isə həmin Universitetdə “Azərbaycan Respublikasında nigah hüquq münasibətlərinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib hüquq elmləri doktoru adını almışdır.
Məhəbbət Dəmirçiyeva bu günədək 50-dən çox məqalənin, 1 monoqrafiyanın, 7 kitabın müəllifidir. Bütün bu illər ərzində o, bir çox beynəlxalq seminar, simpozium və konfransların iştirakçısı olmuşdur.
-Alimə ilk sorğumuz ləyaqətli davamçısı olduğu Dəmirçiyevlər nəsli haqqında oldu. Bildiyimizə görə bu soy-kök Qazax mahalında saylıb-seçiləndir.
-Bəli. Nəslimizin kökü çox uzaqlara, özü də tanınmış, nəcabətli bir kökə calanır. Qürur hissi ilə qeyd edim ki, atam Dəyirman Həmid oğlunun ziyalı övladları da ailə ənənəsi üzərində tam bərqərar olubdur. Bu ənənə bütöv bir nəslin saylıb-seçilən simalarını cəmiyyətə tanıdıb və kiçik ailə müstəvisindən geniş məkana keçibdir. Atam dünyadan köçənədək (1998) öz elinin-obasının ən mötəbər xeyirxah insanlarından biri olmuşdur. O, yaşadığı dövrdə 40 ildən çox ticarətdə çalışmışdır. Yaxşı yadımdadır... Ənənəvi olaraq həftənin 5 günü bizim evimiz qonaqlı-qaralı olardı. Hətta, atam yoldan keçən insanı da böyük səmimiyyətlə evimizə yeyib-içməyə dəvət edərdi. Yetim-yesirə, imkansıza əl tutardı.
Mənim mərhum əmim Seyid Dəmirçiyev (o, 2001-ci ildə rəhmətə gedib) savadlı həkim olmaqla bərabər həm də xeyriyyəçi bir insan idi. O, uzun müddət Bakı şəhəri 20 nömrəli şəhər poliklinikasında həkim işləmişdir. İşlədiyi ərazidə kasıbların, tənha qocaların himayədarı olmuşdur.
Anam-Reyhan Mehralı qızı da Qazaxda çox yaxşı tanınan bir nəsildəndir. Onun ana tərəfi nəcibliyi, xeyirxahlığı ilə ad qazanıb - süfrə salmış Poladovlardandır. O vaxtlar Daşsalahlıya kasıb bir ailəyə gəlin köçübdür. Valideynlərimin hər ikisi texnikum təhsili almışdılar. Onların 5 qızı-1 oğlu dünyaya gəlibdir. Beləcə... Anam böyük bir külfətə, həmin həkim əmimə də, analıq edibdir. Vaxt ötdükcə, xoşbəxtlikdən Tanrı bizim ailəmizə də, böyük mərhəmət göstərmiş və atamı yaxşı var-dövlət sahibi etmişdir. Görünür onların xeyirxah əməlləri Rəbbimizin dərgahına daha tez çatmışıdr.
Yadımdadır... Anam deyirdi ki, Seyid əminiz Bakıda təhsil aldığı illərdə korluq çəkməsin deyə, uşaq pulumu toplayıb ona göndərərdim. O vaxt əmim tələbə yataqxanasında yaşayırmış.
İllər keçib. Əmim Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Həkimliyə başlayıb. Öz arzusu ilə ilk maaşından anama bir kəlağayı alıb. Yadımdadır... Anam həmin kəlağayını başına sevə-sevə bağlayardı. Sonra isə qatlayıb sandığa qoyardı. O, nə qədər yaşadısa o qədər də Seyid əmimə analıq etdi.
Həmin zamanlar biz - 6 uşaq baba-nənə, əmi-bibi, dayı-xala sarıdan da çox yarımışdıq. Ana Nənəm Şamama Poladova yaşadığı dövrdə Qazaxda xeyriyyəçi bir xanım kimi tanınmışdır. Dayım Camal Mehralı oğlu Cəfərov isə o zaman Qazax-İcevan sərhədində Dövət Avtomobil Müfəttişliyi (DAM) postunun rəisi vəzifəsində işləyirdi. Uşaqlığımın xoşbəxt çağlarının çoxunu dayım vermişdi mənə. İstirahətimizin yazı-yayı onun diqqəti və qayğısı ilə keçərdi. Biz sonralar müstəqil həyata atıldıq. Gördük ki, bizim uşaqlıq və gənclik illərimizin xoşbəxtliyini həmin vaxtlar çox az uşaqlar dadırmış.
Qeyd edim ki biz 5 bacı-hamımız Azərbaycan Dövlət Universitetini (indiki BDU-nu) bitirmişik. Qardaşımız Vidadi isə Azərbaycan Dövlət Politexnik İnstitutunu (indiki AzTU-nu) bitiribdir. Seyid əmim Bakı şəhərində bizə hər zaman arxa, dayaq oldu. Demək olar ki, bizimlə yıxıldı, bizimlə durdu.
Beləcə... Hamımız xeyirxahlıq, nəciblik, halallıq, saflıq kimi ali keyfiyyətləri doğmalarımızdan hələ uşaq ikən görüb-götürmüşük. Və bu cür mənəvi dəyərləri həmişəlik yaddaşımızda saxlamışıq. Lakin artıq zaman dəyişib. Deyərdim ki, bizim gördüklərimizi, indiki vaxtda görənlər barmaqla sayılar. Çünki informasiya və texnologiyanın bu cür sürətli inkişafı bizi-bizdən aldı və həm də yadlaşdırdı. Eləcə də, mütaliə etmək kimi bir elm xəzinəmizi məhv etdi.
-Məhəbbət xanım, bildiyimiz kimi elm həmişə maraqlı olub. Aparılan məqsədyönlü tədqiqatlar, axtarışlar daim sonsuz maraq doğurub. Məlumdur ki, bu sualların cavab nöqtəsi zəngin və sonu görünməyən mənəvi dünyadır. Bütün bunlar gəlişigözəl sözlər deyil. Elm adamlarının, görkəmli alimlərin etirafları və həqiqətləridir. Odur ki, insan nə qədər mövcuddursa, elm də bir o qədər mövcuddur və bəşəriyyət üçün həmişə sirli bir dünya olaraq qalacaqdır. Onun bir qolu olan hüquq elminə gəlincə isə bu sahə haqqın-ədalətin əsas sütunu olduğundan cəmiyyəti hər zaman düşündürəcəkdir. Həqiqətin bərqərarlığı elə indi də hər kəsin maraq və istəyidir.
-Şübhəsiz ki, hər kəs haqq-ədalətin bərqərarlığını, qanunların işləmə mexanizminin pozulmamasını arzu edər. SSRİ dağıldıqdan sonra bütün sahələrdə olduğu kimi hüquq sahəsində də çox ciddi islahatlar aparıldı. Bunlardan biri də hazırda mənim çalışdığım mülki və ailə hüququ sahəsidir ki, burada yeni qanun və məcəllələr qəbul edildi. Müstəqil Azərbaycanın müstəqil qanunlarında Azərbaycanın bütün mentaliteti nəzərə alındı. Təbii ki, elm yeniləndikcə nələrsə köhnəlir və nələrisə dəyişdirməyə ehtiyac duyulur. Çünki yeni münasibətlər yaranır və qarşıda həmin münasibətlərə də yeni normalar tətbiq olunması dayanır. Öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası üçün bütün mövcud münasibətlərə tətbiq ediləcək qanunlar bir zərgər dəqiqliyi ilə işlənməlidir. Çünki bizim düşmənlərimiz uzun müddət bizim içərimizdə yaşamışlar və onlar də bizə mənsub olan adət-ənənələrimizi də çox yaxşı bilirlər. S.Ə.Şirvani demişkən:
Keçmiş dostun ilə kəsmə təması,
Qorxuludur dostun dönüb düşmən olması.
Həm qonşu, həm də dost bildiyimiz erməni cəlladları məhz buna görə də bizi sevməyən qüvvələrdən istifadə edərək, insan adına layiq olmayan, dünyanın görmədiyi soyqrımlarla xalqımızın bir hissəsini məhv etdilər. Ancaq beynəlxalq aləm və beynəlxalq qanunlar, eləcə də, bütün dünya bu dəhşətli faciənin qarşısında susdu, bu günə kimi də səsini çıxarmadı.
-Hər Universitetin öz ənənəsi var. Ancaq bəzi Universitetlərin tarixi ənənəsi var. Yəni bu qədim ənənə uzun illər fəaliyyət göstərib və həyatda təsdiqlənib. Önə çəkdiyimiz bu tarixi ənənə Bakı Dövlət Universitetində də var.
-Doğrudur. Bizim Universitet yarandığı gündən üzü bəri “Şah” Universitet sayılmışdır və sayılır. Zənnimcə, Bakı Dövlət Universiteti gələcəkdə də öz ənənələri üzərində qərar tutacaqdır. Ədalətlilik baxımından nümunə gəıtirmək istəsək:- Bizim rektorumuz, akademik Abel Məhərrəmov hər həftə həm tələbələrlə, həm də valideynlərlə görüş keçirir. Onları dinləyir və bütün problemləri tələbələrin xeyrinə həll edir. Ənənəvi olaraq mütəmadi yaşlı nəslin yubileylərini keçirir. Böyük elmi şuranı həmin yubilyara həsr edərək, təmtəraqla təbrik edir, Universitetin fəxri diplomu və pul mükafatı ilə təltif edir. Bu barədə çox sadalamaq olar. Mən yalnız bunları deməklə kifayətlənirəm.
Bir haşiyə:
Bildiyimiz kimi, BDU-nun rektoru, akademik Abel Məhərrəmov idarəçilik qabiliyyətinə və təşkilatçılığına görə son illərdə Universiteti 700-800 illik tarixi olan qədim Avropa Universitetləri ilə bir sıraya gətirib. Bu baxımdan onu “qurucu rektor” çağırırlar.
-Yetirmələrinizdən tələbiniz nələrdir?
Yetirmələrimdən əsas tələbim; sevib-seçdikləri ixtisası dərindən mənimsəmələri, cəmiyyətdə yararlı, faydalı, dürüst mütəxəssis, eləcə də kamil vətəndaş kimi yetişmələri olmuşdur. Mən ədalətsizliyi, dəyişkənliyi, içərimdən gəlməyən, dilim tutmayan bayağı tərifi heç vaxt sevməmişəm. yaxşı tələbə haqqında yalnız yaxşı söz demişəm. Düşünürəm ki, belə keyfiyyətlərimə görə tələbələrimin yaddaşında Məhəbbət Dəmirçiyeva kimi qalacağam. Onların əlamətdar günlərdəki zəngləri, xoş sözləri mənim üçün həmişə qiymətlidir.
-10 noyabr. Təqvimin bu günü ömür yollarınızda Sizə nələr bəxş etdi?
-Mən də çoxları kimi sadə, zəhmətkeş bir kəndçi ailəsində böyüdüm. Daşlı-kəsəkli, tozlu-torpaqlı kənd yolları ilə məktəbə gedib, gəldim. O vaxtlar məktəbimizdə yaxşı oxuyan şagirdlər çox idi. Çünki bizim bilik bazamız bütün fənlər üzrə bərabər paylanmışdı. Deyərdim ki, o güclü təməl mənim həyatımda daim öz müsbət nəticəsini göstərdi. Universitet illərimdə şəklim əlaçı tələbələrin sırasında birinci oldu. Qeyd edim ki, bu işıqlı dünyaya göz açdığım gündən ömür payımdakı uğurlarıma görə əvvəl valideynlərimə, sonra orta məktəb müəllimlərimə, daha sonra isə BDU-nin bütün professor və müəllim heyətinə borcluyam. Mən bu dahi insanlara öz dərin minnətdarlığımı bildirirəm.
Mənim ömür yolumda mübarizliyimin də rolu önəmli olubdur. Nə qədər zəhmətli olsa da nəhayət - 2007-ci ildə Moskva, Ukrayna, Tbilisi Dövlət Universitetlərində məqsədimə nail oldum və professor elmi dərəcəsi aldım. O vaxtlar bizdə müdafiə şurası yox idi. Ancaq bunun subyektiv səbəbləri də var idi. Doğrudur... Tanrının köməyi ilə istəyimə çatdım, ancaq əvəzində insan üçün ən qiymətli nemət olan cansağlığını itirdim.
-Uğura addım atmaqda Sizə dəstək olanlar, əlinizdən tutub qaldıranlar oldumu?
-Əslində yox... Bu mənada BDU-nun hüquq fakultəsində heç kimə minnətdar deyiləm. Yalnız Tibilisi Dövlət Universitetinin hüquq fakultəsində çalışanlara-başda mərhum akademik Givi Zaxaroviç Enskrivelli olmaqla bütün alim və professorlara dərindən minnətdaram. Hətta Universitetin içərisində, qapının yaxınlığında bir qadın əyləşirdi. Mən hər dəfə çantamı onun nəzarətində qoyub özümü dərhal kafedradakı müzakirəyə çatdırırdım. Müzakirədən sonra isə çantamı götürüb Bakıya qayıtmaq üçün birbaşa dəmiryol vağzalına qaçırdım. İstəyirdim ki, mənim şəhərdən çıxmağımı heç kəs bilməsin. Mənə elə gəlir ki, mənim həyat və fəaliyyətim bir əsərin mövzusudur. Sevinirəm ki, Tanrım mənə ömür payımda 2 övlad bəxş edibdir. Böyük oğlum Həbib Bəhruz oğlu Hacıbəyliyə və kiçik oğlum Turala nümunəvi tərbiyə və ali təhsil verə bilmişəm. Onların şəxsi keyfiyyətləri haqqında danışmaq istəmirəm. Qeyd edim ki, bir vaxtlar övladlarımı mənə görə tanıyırdılar. Ancaq indi əksinə, məni övladlarıma görə tanıyırlar. Bir ana üçün bundan böyük sevinc hissi ola bilərmi?! Mən onlardan razıyam. Allah da razı olsun.
-Söylədiniz ki, uşaqlıq çağlarınızı-nəvazişdən, qayğıdan, diqqətdən doya-doya yaşamısınız. Bəs gənclik illəriniz necə qalıb yaddaşınızda?
-Gənclik və tələbəlik illəri. Ömrümün ən qaynar, ən çılğın, pöhrə arzularla, istəklərlə dolu çağları. Bu illər həyatımın baharı, yazı, çiçəyi, əlçatmaz, ünyetməz xoşbəxtliyi, gözəlliyi idi. İnsan gənclik çağlarında gələcəyə böyük ilhamla, inamla, ümidlə, nikbin ruhla baxır. Ürəyində neçə arzu, neçə dilək, məqsəd yatır. Ancaq nə etmək... Zaman bizi gözləmir. Öz axarı ilə gedir. Daha getdi o çağlar. Yaşanan ömür təki...
Etiraf edim ki, o illərdə şəhər mühiti, şəhər tərbiyəsi məni də, bəzi problemlərlə üz-üzə qoyurdu. Lakin mən ailəmdən lazım olan dəstəyi alırdım və çətinliklərdən azad olurdum.
-Deyirlər ki, gənclərlə işləyənlər öz yaşlarını hiss etmirlər...
-Doğrudur. Ancaq təəssüf hissi ilə qeyd edim ki, bu ifadəni bu günün gəncliyinə o qədər də, aid etməzdim. Çünki informasiya və texnologiyanın inkişaf etdiyi bir vaxtda Avropaya bu cür güclü inteqrasiya görünür ən çox gəncliyə təsir etmişdir. Deyərdim ki, Avropaya inteqrasiya bizim bazamız olan gənclərimizi artıq çoxdan ağuşuna almışdır. Bütün bunlar olduqca ağrılı və düşündürücüdür.
-İnsanın həyatında adının rolu böyükdür...
- Təmsil etdiyim nəslin, şəcərənin davamçısı olmaqdan həmişə şərəf və bəxtiyarlıq duymuşam. Fikrimcə, Azərbaycanda soy-adımın təkrarı yoxdur. Mənim soy-adım dəmir qədər möhkəmlik, əyilməzlik, əzilməmək kimi dərin məna daşıyır. Adımın həyatımdakı roluna gəlincə isə...Bu adı valideynlərim mənə sevə-sevə vermişlər. Sanki... Mənə dünyada adımla sonsuz bir məhəbbət bağışlamışlar.
-Söylədiniz ki, mən yalnız özüm olmaq istəmişəm. Bunu Sizə kimlər öyrətdi?
-Bunu mənə yaşadığım mühit, qarşılaşdığım maneələr, aldığım zərbələr və ortam həyat öyrətdi. Biz paytaxtımıza uzaq olan bölgələrdən birində yaşayırdıq. Qardaş-bacı hamımız Bakı şəhərini ilk dəfə qəbul imtahanına gələn zaman görürdük. Orta məktəb illərində şəhər bizim xəyalımızda -arzularımızın cücərəcəyi, çiçək açacağı müqəddəs bir məkan kimi can–lanırdı. Lakin illər ötdükcə anladıq ki, o vaxt Bakı sadəlövh kənd qızlarını istədikləri mehribanlıqla qarşılamadı. Sən demə, burda mühit bizim xəyalımızdakı kimi yox, tamam bambaşqaymış. Demək bu qaynar məkanda sənin hökmən arxan, dayağın da, olmalıymış. Yadıma bir el məsəli düşür:-İki nəfər bir nəfəri tutub, döyür. Qollarını burur, üz-gözünü qaraldır. Döyülən şəxs özünü müdafiə etməyə çalışır və hər dəfə “bay arxam” deyib çığırır. Onun sözü döyənlərə çox maraqlı gəlir. Döyülənə deyirlər ki, biz hələ sənin arxa tərəfinə vurmamışıq, ancaq sən “vay arxam” deyib hey... çığırırsan. O, isə cavabında belə deyir: - Əgər mənim arxam, dayağım olsaydı, o zaman siz- mənim nə üzümə, nə də ki, arxama vura bilməzdiniz... Mənə elə gəlir ki, bu “el məsəli” Sizin sualınıza tutarlı cavabdır.
-Özünüzü əhatənizdəki mənfiliklərdən qoruya bilmisinizmi?
-Keçmişi xatırlayarkən, dərk edirəm ki, heç vaxt özümü ətrafımdakı abu-havadan qoruya bilməmişəm. Görünür belə zəif cəhətim birbaşa xarakterimlə bağlıdır. Elə indi də... Nəyi doğru hesab edirəmsə, onu da danışıram. Düşündüyümlə, danışdığım üst-üstə düşür. Nə edim ki... Mən beləyəm, olduğum kimiyəm və dəyərim də bundadır. Lakin içində min dəfə qovrulsa da... susmağı bacaranlar var... Deyərdim ki, əgər insanın qəlbində insaf varsa, şüurunda, düşüncəsində haqq-ədalət meyyarı varsa, deməli tərəzisinin gözləri də həmişə taraz olacaqdır.
-Sizin fikrinizcə, insanın tamlığını hansı keyfiyyətləri tamamlayır?
-İnsanın tamlığını ilk növbədə məsuliyyətli olmağı, daha sonra sadəliyi və səmimiyyəti tamamlayır. Deyildiyi kimi:- “Kim olursan ol, ancaq öz yerində ol”...
-Həyatdan nə istədiyinizi bilmisinizmi?
-Həyatdan nə istəıdiyimi bilmişəm. Lakin bunların hamısına nail ola bilməmişəm. Bunun obyektiv və subyektiv səbəbləri də olubdur. Bu barədə çox danışmaq istəmirəm.
-Xalq şairi N.Həsənzadənin bu misrası hər kəsi təsirləndirir...
Bu dünya
bir nərdivandır,
Çıxanda mehribandır,
Düşəndə nə yamandır.
- Doğrudur... Dünyanın gərdişidir. Bu nərdivan bəzən səni arzularına qaldırır, bəzən də, xatirələrə endirir. Deyərdim ki, mən bu nərdivanda həmişə üzü aşağı qalmışam. Düşməmək üçün var-gücümlə yapışmışam. Dahilər belə deyib:- “İli yox, insan ömrünün hər anı da, bir tarixi hadisədir...” Çünki hələ heç kəs vaxtın, zamanın bircə gününü geriyə qaytarmağa nail ola bilməyib. Doğrudur... Biz vaxtdan, zamandan çox danışırıq, gileylənirik. Əslində isə keçən vaxt deyil... Keçib gedən bizik...
-Maraqlıdır... Əgər mümkün olsaydı yenidın hansı yaşa dönərdiniz?
-Sevgi dolu, sevinc dolu, uşaqlıq illərimə, atalı-analı xoşbəxt çağlarıma dönərdim. Mənim üçün həyatın gözəllikləri, məna və məzmunu, dadı-ləzzəti özümü xatırladığım lap uşaqlıq çağlarımdan başlayır. Həyatın ən böyük sevincini də insan məhz uşaq ikən duyur. Çünki dunyada hər şeyi-bütün rəngləri, dadları-tamları, gözəllikləri ilk dəfə uşaqlıq dövründə dadırsan. O xoş günlər, aylar, qayğısız illər sənin uşaqlıq yaddaşına həmişəlik yazılır. Yaşımın bu çağına gəlincə isə... Belə bir deyim var: -Qadınların yaşı göründükləri kimidir. Mən özümü olduğum yaşda hiss edirəm. Lakin varlığımda sabaha inam, daxili şövq, həyat eşqi, işinə bağlılıq çox güclüdür. Şübhəsiz ki, bu ali hisslər məni müdrikliyə aparır.
-Ömür kitabınıza ön söz kimi iki, üç kəlmə nələri yazardınız?
-Yazardım ki... Geriyə boylananda dərk etdim ki, oxunmamış fəlsəfəsi olan bir ömür yaşadım.
Kaş ki... Sağlığındakı kimi anamla üz-üzə əyləşib bir dərdləşəydim...
-Kimlərə bənzəmək istəmisiniz?
-Deyildiyi kimi... Bir insanın ki, soyu-kökü yadından çıxdı, demək onu hər tərəfə yönəltmək mümkündür...Mən həmişə nəsil-nəcabətimə, ailəmə Reyhan anama bənzəmək istəmişəm. Anam mənim həyatda ən yaxın dostum, sirdaşım, məsləhət verənim, ilk dinləyicim və qayğımı çəkənim olubdur. O, ağlı ilə zəhmətinin vəhdətindən güc alıbdır, çörək yeyibdir. Ömrünün mənasını övladlarının tərbiyəsində- təhsilində görübdür.
-Söylədiniz ki, insan doğulduğu torpaqdan güc alır. Bunu da dediniz ki mənim həyatımın həmişə iki qanadı olubdur. Biri kənd, biri şəhər...
-Doğrudur. İnsanın dünyaya göz açdığı yer, məkan onun varlığında böyük izlər buraxır, eləcə də xarakterinin formalaşmasında rolu böyük olur. Vətən mənim üçün doğulduğum, pərvazlandığım o kənddən, əyri-üyrü, palçıqlı kənd yolumuzdan, bərəkətli torpağımızdan, doğma el-obamızdan, isti yuvamızdan, od-ocağımızdan, halal çörəyimizdən, zəhmətkeş ailəmizdən, ata öyüdündən, ana tövsiyyəsindən, müəllim böyüklüyündən, ziyalı ziyasından başlanır. O, kəndin, o elin, o ocağın ən-ənənəsindən bu gün də kənara çıxa bilmirəm. Mən çörəyimin yavanını yeyərəm, amma əyilmərəm. Bunu mənə böyüklərim öyrədibdir. Həmişə deyirəm: mənim həyatımın iki qanadı olubdur. Kaş ki... Nağıllardakı kimi... O qanadın məni kəndə aparan hissəsi məndə qalaydı, şəhərə gətirən hissəsi isə “Ələddinin sehirli çırağı” kimi yoxa çıxaydı. Insan harada yaşayıb - işləməsindən asılı olmayaraq, ömrünün sonunda Vətənə, doğulduğu müqəddəs yerə qayıtmaq istəyir. Göydə uçan quşlar da Vətən deyir...
Bir haşiyə:
Yeri gəlmişkən, Xalq şairi N.Həsənzadənin şeirindən bir bəndi xatırlatmaq istəyirik:
Kaş kəndə düşəydi yenə yolumuz,
Anam başımıza sığal çəkəydi.
Üstü sarımsaqlı dağ qulançarı,
Anam bişirəydi, biz də yeyəydik
-Vətənə, millətə xidməti nələrdə görürsünüz?
-Mən təkcə özümə görə yox, hər kəs üçün deyirəm. İnsan işində-gücündə, bütün fəaliyyətində gərək heç vaxt vicdanını kiminsə yanında girov qoymasın. Həmişə üstündə daşısın. Bu ali dəyərlərin özü-Vətənə, torpağa, millətə xidmət deməkdir.
-Unutmaq və unudulmaq. Hansı daha çətindir?
-Fikrimcə unudulmaq daha çətindir.
Bir haşiyə:
Bu bir həqiqətdir ki, artıq biganəlik, laqeyidlik insanları ayırır. Cəmiyyət isə daha əfsanələrə inanmır. Çünki cəmiyyəti ayaqlar altına alıb rəhimsizcəsinə keçən yalanlar baş alıb gedir, ayaq tutub yeriyir. Yalan cəmiyyəti çürüdür. Hamı bir-birini aldadır. Yalan üzərində qurulan cəmiyyət isə çox miskin görünür. Allah qorxusundan yalan danışmaq, bəndələrin qorxusundan isə doğru danışmaq olmur...
-Etiraf etməyə münasibətiniz necədir?
-Ömrüm boyu hər şeyi etiraf edərək yaşadım. Yəqin ki, bu mənim həyat devizimdir. Etirafım budur:-Yenidən dünyaya gəlsəydim, yenə də gənclərlə işləməyi, müəllimliyi və auditoriyanı seçərdim. Çünki mən dərs deyərkən, bütün ağrı-acılarımı unuduram.
-İnsan bir ömür payında istədiklərinin hamısını reallaşdıra bilərmi?
-Mümkün deyil. Buna heç ömür də çatmaz. Çünki ölüm o qədər cavanlaşıb ki, yaşlılıq haqqında düşünməyə belə vaxt qalmır.
-Özünüzü güclü qadın hesab edirsinizmi?
-Deyirlər ki, çox güclü qadınam. Qadın zərif və zəif məxluqdur. Qayğılarla yükləndikcə zərifliyini itirir. Mən artıq güclü olmaqdan da yorulmuşam.
-Özünüzə vurğunluğunuz varmı?
-Özümü çox sevirəm, dəyər verirəm. Ancaq bilmirəm ki, bu mənim müsbət və yaxud da mənfi cəhətimdir.
-Sözə dəyər verənsiniz. Sizin üçün poeziya nədir?
-Poeziya mənim üçün dinclikdir, istirahətdir, ruhumun qidasıdır. Biz güllü-çiçəkli yaylaqlardan, dumanlı-çənli dağlardan, zümrüd gözlü bulaqlardan min bir ilham almışıq. Tanrı bizim elin Günəş cəmallı, şəkər sözlü insanlarını sanki... sözlə, şeirlə oyadır. Deyirlər ki, Qazax əhli “salamı” da şeirlə verir.
Bu baharda ata-anam üçün yaman kövrəldim. Hisslərimi şeirə çevirdim.
İstər təmtəraqlı sarayda yaşa,
Divarlar bürünsün qızıla-qaşa.
İstər kef içində ömrü vur başa,
İnsana ən əziz ata evidir.
Dağ çəkər qəlblərə yadlara qalsa,
Bağımda güıl-çiçək saralsa-solsa.
Uçulan-dağılan daxma da olsa,
İnsana ən əziz ata evidir.
Hopub divarlara ata nəfəsi,
Ananın laylası, ananın səsi.
Bacı-qardaşların deyib-gülməsi,
İnsana ən əziz ata evidir.
Yaman darıxmışam səninçün ana,
Başımı dizinə qoymağım gəlir.
Körpə uşaq kimi sarılıb sənə,
Həsrətin gözünü oymağım gəlir.
Elə kövrəlmişəm bu axşam yenə,
İstərəm bir layla deyəsən mənə.
Astaca başımı qoyub dizinə,
Sinənə bulud tək dolmağım gəlir.
Elə həsrətəm ki, şirin sözünə,
Üzümü söykəyim nurlu üzünə.
Uşaqtək gözümü dikib gözünə,
Bax, elə beləcə qalmağım gəlir.
...Hər kəsin ömründə həıyatın dolanbac yolları olur. Ancaq bu çətin yolları xoş amallarla, saf niyyətlərlə, səbrlə, təmkinlə keçməyi bacaranlar həyatda o qədər də sarsılmırlar, büdrəmirlər. Əksinə, Tanrının köməyi ilə yaxşılığın, hörmətin-izzətin zirvəsinə çata bilirlər. Məhəbbət xanım kimi...
...Müəllimlər, alimlər, elm fədailəri nurudur ömrümüzün. Bizə qaranlıqları həqiqətən aydınladan, işıqlandıran günəşdirlər, kəhkəşandırlar. Fərqi yoxdur... Görünməyəndə, yanımızda, qarşımızda olmayanda yenə işıq saçırlar, bizə yol göstərir, bələdçilik edirlər onlar. Bu işıqlı adı ləyaqətlə daşıyanlardan biridir Məhəbbət xanım.
Məhəbbət xanım 30 ildir ki, Bakı Dövlət Universitetində, qaynar bir elm məbədgahında çalışır. Böyük insan, böyük alim ötən illər ərzində müstəqil dövlətimizə, xalqımıza yüzlərlə elmli, bilikli, vətənpərvər kadrlar yetişdirib. Onların kamilliyi yolunda ömrünü qətrə-qətrə əritməkdən məmnun qalıb. Onun mübarizliyi, məğrurluğu, qüruru olduqca sirayətedicidir. Mənəvi dünyasından, sözündən-söhbətindən doymaq olmur. Əlbəttə ki... Bütün bunlar bir yazıya sığışası deyil.
...Sonda qəzetimizin əməkdaşları adından çox hörmətli professor Məhəbbət xanım Dəmirçiyevanı qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü və eləcə də Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, vaxta-zamana qalib gələn sevimli alimimizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və müqəddəs elmi-pedaqoji fəaliyyət yollarında yeni-yeni uğurlar arzulayırıq!..
Deyə bilmədiklərimiz dediklərimizdən çox olduğu üçün qismət olsa, bu payızda yenə görüşərik...
“Yubiley” yazısı... arzusu ilə...
Xanım Bilalqızı,
"Şərqin səsi", "Elm və təhsil" qəzetləri,
Mart, 2017-ci il, N: 23 (323)
turan.info.az
.