ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekan müavini,
Heydər Əliyev Fondunun RİİB-nin "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsinin Quba rayonu üzrə koordinatoru
Bu təzkibedilməz faktdır ki, tarixin hər mərhələsində Azərbaycan hər zaman çoxmillətli olmuş, lakin Azərbaycan ərazisində yaşayan müxtəlif konfessiyalar, etniklər, milli azlıqların özlərini güvənli və rahat hiss etməsinə səbəb aralarındakı qarşılıqlı tolerant münasibətlərdir ki, bu da onları fərqli mədəniyyətlərə malik olmalarına baxmayaraq sıxılmadan birlikdə yaşamasına gətirib çıxarmışdır. Bəzən nə qədər fərqli olsalar belə bu xalqlar ana dillərində rahatca təhsil ala bilmiş, iman gətirdikləri dinlərə sitayiş etmiş, bir sahədə çalışa bilmələrinə mane olacaq əngəllərlə qarşılaşmamışlar.
Qürurvericidir ki, bir şox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışır, bu gözəl nümunənin necə əldə olunmasının səbəblərini axtarırlar. Multikulturalizmin tarixi köklərini araşdıran zaman ona hər zaman dövlət dəstəyinin olduğunun şahidi oluruq.
Lakin Ümummili lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu illərdə multikulturalizmə göstərilən siyasi və hüquqi dəstək misilsiz olub, multikulturalizmin inkişafının bü günkü şəkildə vüsət almasına zəmin yaratmışdır. Tarixin süzgəclərindən süzülüb gələn multikultural ənənələr Ümummilli lider Heydər Əliyev tərəfindən daha da möhkəmləndirildi və hüquqi-siyasi müstəvidə sarsılmaz bünövrəsi qoyuldu. Məhz, ardı-arası kəsilmədən aparılan islahatlar tarixi tolerantlıq mədəniyyətimizi qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etmişdir.
Heydər Əliyev deyirdi: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Bir sərkərdə kimi o, çox gözəl başa düşürdü ki, fərqli din və millətlərin zəngin olduğu məkanda vahid azərbaycançılıq ideologiyası yaratmaq bu fərqlilikləri bir amal uğrunda birləşdirməyin yeganə yoludur. Məhz bu yolda yürüdülən düzgün siyasət müxtəlifliklərin tənzimləməsinə xidmət edən multikulturalizmi daha da möhkəmləndirdi. Onun diqqət mərkəzində hər an coğrafiyamızda yaşayan müxtəlif etniklərin, milli azlıqların, müxtəlif dinlərin nümayəndələrinin hüquq və azadlıqlarınım qorunması kimi incə məqamlar idi. Dövlətin etnik tərkibini rəngarəngliyi onun multikultural təhlükəsizliyini zəruri edir. Multikultural təhlükəsizliyin mahiyyəti ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstəyin göstərilməsidir. Milli, etnik və mədəni rəngarəngliyə olan dövlət qayğısı bu gün bizə mültikulturalizmin unikal nailiyyətlərinə səbəb olmuşdur ki, bu gün multikulturalizm təkcə dövlət siyasəti deyil, insanların həyat tərzinə çevrilməkdədir. Heydər Əliyevin hakimiyyətdə olduğu müddət ərzində Azərbaycanda yaşayan milli azlıqların və etnik qrupların hüquqlarını nəinki tanımış və hər zaman qorunmağa çalışılmışdır. Xüsusilə də, Heydər Əliyev Azərbaycanda multikulturalizmin həm siyasi həm də siyasi sütunlarını daha da möhkəmləndirmək məqsədilə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş və düzgün yürüdülən siyasət sayəsində Azərbaycanın 50-dən çox beynəlxalq konvensiyaya qoşulmasına səbəb olmuşdur. Bunların sırasına Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasını, İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını və İrqi ayrı-seçkiliyin bütün normalarının ləğv edilməsi haqqında Konvensiyanı misal çəkə bilərik ki, bu strateji adımlar ilə ölkəmizi özünə vətən seçmiş insanları qorumağa və Azərbaycanın bir parçası olduqlarını onlara hiss etdirməyə çalışırdı.
Fərqliliklərin qorunmasına yönəlmiş siyasəti sayəsində Azərbaycanda milli azlıqların və etnik qrupların dilində 15-dən çox qəzet və jurnalları, televiziya və radio proqramlarını, həmçinin rəsmi Dövlət Radio stansiyasında onların dillərində yayımlanan verilişləri, eyni zamanda ölkənin 5 regionunda yerli tele-radio kanalı yaradılmışdır. Məhz Heydər Əliyevin xidmətləri sayəsində bu gün Azərbaycanda etniklərin mədəni dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsini təmin edən müxtəlif icmalar, cəmiyyətlər, milli mədəniyyət mərkəzləri xidmət göstərir. Bunların sırasına Rus icması, Azərbaycan-İsrail icması, “Krım” Krım tatarları cəmiyyəti, “Ronai” kürd mədəni mərkəzi, “Vətən” Ahıska türklərinin cəmiyyəti, “Samur” ləzgi milli mərkəzi, Ukrayna cəmiyyəti, Ceçen mədəniyyət mərkəzi, “Yaşlıq” tatar mədəniyyət mərkəzi, “Sona” Ahıska qadınlarının cəmiyyəti, “Turqan-tel” tatar cəmiyyəti, Azərbayban-Slavyan mədəniyyət mərkəzi, İngiloy icması, Avropa yəhudiləri icması, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, Dağ yəhudilərinin icması, “Polonia” polyak mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Yəhudilərin qadın humanitar asossasiyası, “Avesta” talış asossasiyası, “Buduq” mədəniyyət mərkəzi, “Kapellhaus” alman mədəniyyət icması, “Mada” beynəlxalq talış asossasiyası, Saxur mədəniyyət mərkəzi, “Orain” udi mədəniyyət mərkəzlərini misal çəkə bilərik.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycan Respublikası 1995-ci ilin fevral ayının 1-də Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”nı imzalayaraq 16 iyun 2000-ci il tarixli Qanunla bu sənədi ratifikasiya etdi və Azərbaycan dövlətinin multikulturalizm siiyasətinin möhkəmləndirilməsində daha bir uğurlu addım atdı.
Heydər Əliyev çox gözəl başa düşürdü ki, multikultural cəmiyyətin inkişafında mədəniyyət və təhsil əsas aparıcı rola malik olub, cəmiyyətdə etnik-mədəni müxtəlifliklərin bir-birlərinə inteqrasiyasına zəmin yaradır. Deməli, əgər etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin ən optimal çıxış yolu kimi multikulturalizm hesab olunursa, onda xalqın mədəni inkişafının köklərində dayanan təhsilin inkişafına nail olmaq lazımdır. Bu sıradan Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrini qorumaq və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq məqsədilə 1995-ci il, noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş və 1995-ci il, noyabrın 27-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitutsiyasında bu məqamlar xüsusi diqqətə alındı. Azərbaycan Respublikasının Konstitutsiyasının müvafiq bəndlərində multikultural dəyərlər daha da təkmilləşmiş surətdə öz əksini tapdı: “Din və Dövlət”(Maddə 18), “Dövlət dili”(Maddə 21), “Bərabərlik hüququ”(Maddə 25), “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi”(Maddə 26), “Yaşamaq hüququ”(Maddə 27), “Azadlıq hüququ”(Maddə 28), “Təhlükəsiz yaşamaq hüququ”(Maddə 31), “Ana dilindən istifadə hüququ”(Maddə 45), “Fikir və söz azadlığı”(Maddə 47), “Vicdan azadlığı”(Maddə 48) bəndlərindəki tolerant yanaşmalar təsadüfi deyildi. Məhz bununla ümummilli liderimiz bütün dinlərin qanun qarşısında tam bərabər hüquqlu olduğu önə gətirir, ən əsası isə azərbaycanda yaşayan bütün xalqların öz ana dillərində sərbəst danışmalarının qanun qarşısında heç bir məhdudiyyət qoyulmamasına çalışırdı.
Heydər Əliyev siyasətinin hikmətində irqi, dini, milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminatı dayanırdı. Hakimiyyətdə olduğu müddətdə insanları sosial və siyasi mənsubiyyətinə görə fərqləndirməsinə, hər kəsin azad, təhlükəsiz yaşamaq hüququ təmin edilməsinə, hər kəsin ana dilində danışmasına, təhsil almasına və yaradıcılığına heç bir məhdudiyyət qoyulmamasına və kiməsə ayrıseçkilik edilməməsinə, istər dini, istər irqi, istərsədə milli səbəblərə əsaslanan düşmənçilik təblğatı aparılmamasına çalışırdı.
Heydər Əliyevin yaratdığı Azərbaycançılıq ideologiyası elə bir konsepsiya idi ki, bu konsepsiya Azərbaycandan kənarda yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşməsini, onların hüquq və azadlıqlarını qorumağı zəruri edirdi. Bu konsepsiya dövlətin xaricdə yaşayan azərbaycanlılar qarşısında vəzifələrini, mənəvi öhdəliklərini, eləcə də bütün azərbaycanlıların Azərbaycan dövləti qarşısında müqəddəs borcunu müəyyənləşdirərək, bütün dünyaya səpələnmiş milyonları ölkənin inkişafı naminə vahid ideallar naminə səfərbər etməli idi. Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların taleyi haqqında hər zaman düşünürdü, onun hakimiyyətdə olduğu dövrlərdə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun qəbul edilməsi də buradan irəli gəlirdi. Buna görə də bir çoxlarının Heydər Əliyevi müstəqil dövlətimizin diaspor quruculuğu siyasətinin banisi hesab etməsi təsadüfi deyildi. Ümummilli liderimizin vahid azərbayçılıq ideologiyasını hədəfləyən kəskin addımı 2001-ci il, mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 724 saylı sərəncamı idi. Nəhayət 2001-ci il noyabr ayının 9, 10 tarixlərində Bakıda bu möhtəşəm qurultay baş tutdu. Qurultay möhtəşəmliyi ilə diqqət çəkiridi, bu qurultayda 35 xarici dövlətdə yaşayan soydaşlarımızı birləşdirən 200-dən çox müxtəlif təşkilatın 403 nümayəndəsi və əlavə 63 qonaq iştirak edirdi. Ürəyində “Azərbaycan” adlı alov yatan liderimiz bu tarixi tarixi hadisəni bizə yaşatmaqla bu məkanda yaşayan bütün insanların dinindən, dilindən və mənşəyindən asılı olmayaraq bu yurdda ilahi və bəşəri haqqlarının olduğunu sübut etdi. Hakimiyyətdə olduğu müddətdə hər zaman azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə xidmət edən qərar və sərəncamlar verməklə ərazisində yaşayan xalqları vahid bir Azərbaycan altında bərqərar etmək missiyasın keçirirdi. Heydər Əliyevin “azərbaycançılıq ideologiyası”nə ən ali dəyər kimi qəbul edirdi və buna yalnız ölkədə multikulturalizmin əsaslarını möhkəmlətməyi zəruri hesab edirdi.
Heydər Əliyev hər zaman Azərbaycanda yaşayan dini icmalara qarşı hörmət və ehtiramla yanaşır, onların dini bayramlarını diqqətdən kənarda qoymur, adət-ənənələrinə qayğı göstərirdi. Heydər Əliyev bütün çıxışlarında tolerantlıqla bağlı fikirlərini xüsusi olaraq vurğulayır, hər zaman mədəniyyətlərarası dialoqun vacibliyini hədəf hesab edirdi.
İllər ərzində əsası düzgün qoyulmuş və uğurla yürüdülən multikulturalizm siyasəti bu gün artıq xalqımızın həyat tərzinə çevrilmişdir. Nəzərə alsaq ki, multikulturalizmin vətəndaş cəmiyyətinin həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsi hesab olunur, bu multikulturalizm ideyalarının xalqımızın ictimai şüurunda möhkəmlənməsindən xəbər verir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin də dediyi kimi: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.
Bir sözlə, Azərbaycanda multikulturalizminin inkişafı, ölkəmizin multikultural təhlükəsizliyinin səviyyəsi, müxtəlifliyin dövlət tərəfindən qorunması, multikulturalizm siyasətində toplanılan təcrübənin dünyaya Azərbaycan modeli kimi təbliği Ümummilli Liderimiz Heydər Əliyevin zəhmətlərinin boşa getməməsindən xəbər verir. Heydər Əliyevin bu sahədə apardığı uğurlu siyasət isə öz növbəsində ölkədə multikulturalizmin dayaqlarını möhkəmlətməklə yanaşı, xalqın uğurlu gələcəyinin konturlarını cızmış və bu günümüzdə də təminatına xidmət edir.
turan.info.az
.