ELDAR TƏBİB (1945)
Eldar Qoca oğlu Piriyev 1945-ci ilin avqust ayının
12-də qədim Borçalı mahalının Bolnis bölgəsində anadan olub. Əsli Bolnisin Faxralı kəndindəndir.
1962-ci ildə Bolnisi şəhərindəki M.F.Axundov adına 3 nömrəli Azərbaycan orta məktəbini qızıl medalla bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur.
1968-ci ildə həmin institutun müalicə-profilaktika fakültəsini bitirərək, hərbi həkim kimi orduda xidmətə getmişdir. 1970-ci ildə ordudan tərxis olunduqdan sonra 1979-cu ilə qədər Azərbaycan Dövlət Tibb İnstitutunun məhkəmə-təbabəti kafedrasında çalışmışdır.
Bu dövrdə elmi jurnallarda 5 elmi məqaləsi və dövrü mətbuatda müxtəlif mövzulara həsr olunmuş çoxlu elmi-publisistik məqalələri dərc olunmuşdur.1979-cu ildən 1990-cı ilə qədər Bolnis rayon Mərkəzi xəstəxanasında dəri-zöhrəvi həkimi işləmişdir.
1989-cu ildə Gürcüstanda baş vermiş milli münaqişə səbəbindən Bakı şəhərinə köçməyə məcbur olmuş və 1991-ci ildən fəaliyyətini Bakı şəhərində davam etdirir.
Hazırda Bakının Qaraçuxur qəsəbəsindəki 10 saylı TSH-də dəri-zöhrəvi həkimi işləyir.
Eldar Təbib həm də ədəbiyyat həvəskarıdır, daha dəqiq desək, istedadlı şairdir.
Gürcüstanın və Azərbaycanın dövrü mətbuatında çoxlu şerləri və ədəbi yazıları dərc olunmuşdur.
Bir neçə kitabın müəllifidir. Saz üçün qoşduğu şerləri Borçalının saz-söz sənətkarlarının dilinin əzbəridir.
Biz də həkim-şair Eldar Təbibə uzun ömür, möhkəm can sağlığı, şərəfli və çətin peşəsində,
eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulamaqla yanaşı, aşağıda
filologiya elmləri doktoru, professor Mədəd Çobanovun onun haqqında qələmə aldığı
"TƏBİƏT DƏ, TƏBABƏT DƏ POEZİYADIR" sərlövhəli məqaləsini və
şairin bir neşə şeirini dərc edirik.
Müşfiq BORÇALI.
TƏBİƏT DƏ, TƏBABƏT DƏ POEZİYADIR
"Sazın sözü" kitabı (Bakı, 2005) şair Eldar Təbibin uzun illər boyu yazıb qovluqlara topladığı aşıq poeziyasının müasir dövrdə yazılmış ən yaxşı nümunələridir. Təqdim olunan kitab barədə fikirlərimизdən əvvəl şair-təbib Eldar həkim haqqında bir neçə kəlmə demək istərdiк.
"Təbib" təxəllüsü ilə gizlin-gizlin yazıb-yaradan Eldarın ilkin şerlərini hələ XX əsrin 70-80-ci illərində Gürcüstanda nəşr olunan "Qələbə bayrağı" adlanan rayon qəzetinin, "Gürcüstan" adlanan respublika qəzetinin səhifələrində, həmçinin, son illərdə Bakıda çap olunan "Elm və təhsil", "Yeni Azərbaycan", "Şərqin səsi", "Borçalı", "Ulus" və digər qəzetlərin səhifələrində oxumuşduм. Müəllifi ilə yaxından tanış olmadığım bu şerlərin ümumi məzmunu, xəlqiliyi, bədii ifadə vasitələri, dilinin sadəliyi və ahəngdarlığı qiyabi də olsa bizdə ümidverici fikirlər yaratmışdı. Həmçinin, Eldar Təbibin bir çox şerləri Azərbaycan və Gürcüstan radiosu ilə efirdə səslənmiş, dinləyicilərin mənəvi zövqünü oxşaya bilmişdir. Bu ümidlər gözlənilmədən bu günlərdə böyük bir reallığa çevrildi. Bir sözlə, Eldar Təbib, sanki, bizim ümidlərimizlə yaşayırmış, bizə borclu qalmamaq üçün "Sazın sözü" kitabını bizlərə, poeziyasevərlərə ərmağan etdi. Mən "Sazın sözü" kitabını, mübaliğəsiz demək olar ki, üç günə oxuyub başa çıxdım. Bu da təsadüfi deyildi. Çünki kitabın ilk divanisindən son müxəmməsinə qədər bütün şerlərində milli xalq ruhu, xalq poeziyasının tarixin sınaqlarından çıxmış janrları, aşıq poeziyası elə ilk andan oxucunu elə cəlb edirdi ki, adam ondan ayrıla bilmirdi. Həm də, bu şerlərin hamısı, sanki, xalq havaları - saz havaları üstündə köklənmişdir. Adam oxuduqca, sanki həm də musiqi dinləyir. Beləliklə də, şerlər oxucunu, sanki ovsunlayır və ondan ayrıla bilmir...
EldarTəbibin şerlərinin birində deyildiyi kimi, o təvazökarlığı çox üstün tutmuş, özü haqqında, bədii yaradıcılığı barədə, hətta, ən yaxın dostlarına, qohumlarına və həmkarlarına belə heç nə deməmiş, sanki, şair özü üçün yazıb-yaratmış, əlyazmalarını qovluğa yığıb saxlamışdır. Sanki onun ayrı-ayrı misraları beytlərə, bəndlərə və şerlərə, şerləri isə aşıq poeziyasının mükəmməl bir divanına çevrilmişdir...
Bəli, Eldar Təbib öz kitabı ilə geniş oxucu kütləsinin görüşünə gec gəlsə də çox güclü gəlmiş, özünün bədii-poeziya yaradıcılığı ilə qədirbilən və tələbkar oxucularını məftun etmişdir. Xalqımızın bir kəlamında deyildiyi kimi, "Gec olar, güc olar". Bəli, şair bu kitabı ilə, artıq, geniş oxucu kütləsinə də, poeziya həvəskarlarına da, həmkarlarına və ədəbi tənqidçilərə də, bir növ, özünün və sözünün bədii gücünü, eləcə də bədii ifadələrinin gücünü göstərmiş oldu.
Kitabda aşıq poeziyasının, demək olar ki, bütün janrları, yəni divani, təcnis, qoşma, gəraylı, təsnif, pirbəndi, bayatı və müxəmməs ardıcıllıqla düzülmüşdür. Həmçinin, hər janr altında toplanmış şerlərin düzümü də istər məzmununa və məntiqi ifadəsinə görə, biri digərini elə tamamlayır ki, sanki hər bir şerin forması da, quruluşu da, ifadə tərzi də, bədii təsir vasitələri də, ayrı-ayrı sözlər də, söz birləşmələrinin işlənmə məqamları və üslubi imkanları da bir-biri ilə elə əlaqələndirilib, elə vəhdət halında ölçülüb-biçilib ki, hər bir sözün və ifadələrin məna tutumu və məna çaları sanki tibii tərəzidə dönə-dönə çəkilib qələmə alınmışdır. Bu da təsadüfi deyildir. Çünki Eldar Təbib öz təbiblik peşəsinin dəqiqliyi, elmiliyi və kamilliyi ilə poeziya sənətinin incəliyini, dəqiqliyini və mənəvi təsirliliyini üzvi surətdə elə birləşdirmişdir ki, sanki onun təbiblik peşəsi ilə poetik yaradıcılığı bir-birini tamamlamış və bir-biri ilə həmahənglik yaratmışdır. Onun aləmində və bədii yaradıcılığında təbiət də, təbabət də sanki, poeziyadır.
Burada bir cəhəti də qeyd etmək yerinə düşərdi. Eldar Təbib kitabın tərtibində, sanki, bir folklorşünasın işini görmüş, aşıq şerlərini janrlar üzrə ayrı-ayrı qruplaşdırmışdır. Bu, o deməkdir ki, Eldar Təbib aşıq poeziyasının səciyyəvi xüsusiyyətlərini dərindən bilir və hər bir janrda öz qələmini sınaqdan çıxarmışdır...
"Sazın sözü" kitabını vərəqlədikcə, şerdən-şerə keçdikcə oxucu özünü bir anlığa, haradasa, qədim Borçalının sazlı-sözlü məclislərindən birində hiss edir. Qeyri-ixtiyari olaraq, Aşıq Hüseyn Saraçlının "Koroğlu cəngisi"ni, Aşıq Kamandarın "Yanıq Kərəmi"sini, Aşıq Əmrahın "Ruhani"sini, Xındı Məmmədin "Baş sarıtel"ini və digər saz havalarını xatırlayır. Onu da qeyd edək ki, kitabda toplanmış bütün şerlər, sanki Borçalı aşıq məclisləri və aşıqları üçün yazılmışdır. Bir sözlə, kitabı oxuyub sona çatanda belə bir qənaətə gəlirsən ki, şair Borçalı havası ilə köklənib, şair Borçalı havası ilə nəfəs alır...
Bizim mülahizələrimizə görə, "Sazın sözü" kitabı bundan sonra aşıqlarımızın, aşıq poeziyası həvəskarlarının söz mənbəyi, cəngisi, gəraylısı, qoşması, ustadnaməsi kimi istinad mənbəyi olacaqdır. Bu poeziya divanı illər, qərinələr, əsrlər keçdikcə xalqımızla daim yaşar, həmişə təzə-tər, həmişə qəlboxşayan, zövqlərə yeni bir rövnəq verən poeziya kimi qalacaq və müəllifinə ustad aşıq-şairlərlə birgə yaşamağa haqq verəcəkdir.
İndi də kitabın səciyyəvi poetik xüsusiyyətlərinə nəzər salaq. Kitabın ən gözəl məziyyətlərindən birini də aşıq poeziyasının ayrı-ayrı janrlarının poetik şərhi təşkil edir:
Divani:
Aşıq sazı götürəndə, tellər divani desin,
Təzyanə tutan barmaqlar, əllər divani desin.
Maraqlanıb xəbər alsan, nədir sözün sayası?
Cavabında birağızdan ellər: "Divani" -desin.
Təcnis:
Məclisin bəzəyi təcnisdi, Lələ,
Özü sözə, sözü saza yaraşıq.
Heç kim belə hikmət görməyib hələ,
Şövqündən olubdu saza yar, aşıq!
Qoşma:
Qoşmanı qoşallar, yazmazlar, bala,
Yazılan qoşmadan yaz ətri gəlməz!
Dəftərə tökülən cızma-qaradan,
Təzyanə qoxusu, saz ətri gəlməz!
Gəraylı:
Eşqi coşqun olan aşıq,
Gəraylıdan yan keçəmməz!
Tilsimi var, ovsunu var,
Tora düşər can, keçəmməz!
Təsnif:
Təsnifi düzdüm səfə,
Səf məndən incimədi.
Düzdükcə yığdım rəfə,
Rəf məndən incimədi.
Bayatı:
Bayatıdı,
Bədöydü, bəy atıdı.
Keçmişin yadigarı,
Oğuzun bayatıdı.
Müxəmməs:
Çal, aşıq, çal, eşidilmir,
Xeyli vardı müxəmməsim.
Gözü yolda, könlü səsdə
,İntizardı müxəmməsim.
Həsrətin çəkəndən ötrü,
Xoş nübardı müxəmməsim.
Hər qəmzəsi qan eyləyən,
Nazlı yardı müxəmməsim.
Məhəbbət müjdəsi verən,
Yaz-bahardı müxəmməsim.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, şairin poeziyasında aşıq şerinin bütün növləri öz geniş əksini tapdığı qədər də, bu topluda müasir həyatımızın bütün sahələri də öz bədii əksini tapmışdır. Bir sözlə, şairin poeziya bazarı istər mövzu-məzmun bolluğu, istərsə də bədii tərənnüm, bədii təsvir və bədii ifadə vasitələrindən istifadə baxımından kasadlıq keçirməmişdir. Bu da, hər şeydən əvvəl, Eldar Təbibin geniş dünyagörüşünə və zəngin həyatı müşahidə qabiliyyətinə malik olması ilə bağlı olmuşdur. Bu baxımdan, hər oxucu bu kitabda maraqlandığı və istədiyi hər bir mövzuya aid müəyyən bir poetik nümunəsi tapa bilər, kitabda toplanmış şerlər onun mənəvi zövqünü oxşaya bilər...
"Sazın sözü" poeziya toplusunu oxuyub başa çatdıqdan sonra bir anlığa fikrə dalıb belə bir qənaətə gəlmək olur ki, Eldar Təbib - təbiət və təbabət, sevgi və məhəbbət, haqq-ədalət, Vətən və vətənpərvərlik, insanpərvərlik və dostluq, sülh və əmin-amanlığı, sazı-sözü tərənnüm edən nəğməkar aşıq-şairdir. Bu mənada bir neçə nümunə gətirmək də yerinə düşərdi:
Vətən:
"El-obanı tanıgınan, əsli-zatı bilginən,
Millətinə, Vətəninə, ünvanına yaxşı bax!"
("Yaxşı bax")
"Yerimi-yurdumu xəbər alan dost,
Dildə dastan ad-sanı var yurdumun.
Ərənlər məskəni, ərlər məkanı,
Borçalıtək ünvanı var yurdumun".
("Yurdumun")
Məhəbbət:
"Musiqidir, məlahətdir məndə olan məhəbbət,Yazılmamış hekayətdir məndə olan məhəbbət.Söyləsəm ərzi-halımı dinləyən əhsən deyər,Dadlı-duzlu rəvayətdir məndə olan məhəbbət!" ("Məndə olan məhəbbət")"Eşqin dəlisinə dəli deməzlər,Mən eşqin odundan havalanmışam!Şikarını tutmuş qızılquş kimi,Girib, yar qoynunda yuvalanmışam". ("Eşqin dəlisi")"Məhəbbət taleyin xoş nemətidi,Hər yetən bu şanı daşıya bilməz!Bu nazı-nemətsiz kim yaşasa daŞair məhəbbətsiz yaşaya bilməz!"("Şair məhəbbətsiz yaşaya bilməz")Vəfasızlıq:"Başlanar bəd tamaşa,Məhəbbət qurtaranda.Müsibət gələr başa,Məhəbbət qurtaranda."("Məhəbbət qurtaranda")Saz-söz: "Sözə səcdə qılmaq gərək, əqidə, imandı söz!Ağıl-kamal aynasıdı, cəsəd içrə candı söz!Ağladandı, güldürəndi, yaradandı, yarandı,Dirildəndi, öldürəndi, zəhərdi, dərmandı söz." ("Söz")Sənət və sənətkar: "Özün bağban, sözün bağban barıdı,Coş könül, qoş könül, ilham günüdü.Ünvanın arifdi, arif yarıdı,Məcaz ilə danış, eyham günüdü." ("Günüdü")Dayaz sənətkar:"Dayaz sənətkarın dərin xəyala,Dalmağından, dalmamağı yaxşıdı.Arıq canı ağır yükə salanın,Salmağından, salmamağı yaxşıdı." ("Yaxşıdı")
İthaflar: Zəlimxan Yaquba"Ay ellər, şair Zəlimxan gözəl bir dövran açıb,Saz əlində, söz dilində görün nə meydan açıb.Bülbül kimi cəh-cəh vurur, səsi tutub aləmi,Elə bil ki, dörd yanında gülü-gülüstan açıb.Qartal təki qanad gərib, söz Qafının başında,Söz dünyamız naxış kimi həkk olub yaddaşında.Yüz şair ömrü yaşayıb, cəmi əlli yaşında,Ustad olub, şerimizdə səliqə-sahman açıb." ("Açıb")Ustad Gülabı: "Can Gülabı, götür sazı bir də çal,Sinən üstə çox yaraşır saz Sənə.Elə bilmə valeh olan tək mənəm,Əhsən deyir fəsli bahar, yaz Sənə.Haqdan yanan atəşin var, odun var,Öz məzən var, öz ləzzətin, dadın var.Borçalıda sazın boyda adın var,Harda olsaq güvənmişik biz Sənə."("Sənə")Telli Borçalı: "Şəlalə sazınnan, xoş avazınnan,Seçilən sultanım, ay Telli xanım!Könül ovsunlayan qəmzə-nazınnan,Afəti dövranım, ay Telli xanım!Səsində bir kövrək qız ədası var,Tütək naləsi var, ney sədası var.İlhama səsləyən yar sevdası var,Doğrumu gümanım, ay Telli xanım?Təbib kimi sən də yaralısanmı?Yurdundan-yuvandan aralısanmı?Elin itkin düşmüş maralısanmı?Əziz-mehribanım, ay Telli xanım?!" ("Ay Telli xanım")
Bir neçə kəlmə də kitabın bədii tərtibatı barədə demək istərdiк. Kitabın üz qabığının üstündə başı ağ çalmalı qarlı dağlar və onun ətəyində qalın meşələr, ondan sonra isə göy çəmənlik rəmzində tavar sazın və kitabın açıq səhifələrindən birinin rəsmi verilmişdir. Kitabın üz qabığına nəzər salan andaca istər-istəməz xalqımızın, eləcə də, qədim borçalıların mayasının telli sazın və qara zurnanın sədaları altında tutulduğu, aşıq sənəti, aşıqların sazlı-sözlü məclisləri yada düşür. Bir sözlə, kitabın bədii tərtibatı ilə onun ümumi məzmunu bir-birini tamamlayır.Şair Eldar Təbibin ən böyük poetik uğuru da elə budur...
Nəhayət, Eldar Təbibi 60 illik yubileyi və onun "Sazın sözü" kitabının işıq üzü görməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, təbiət və təbabət poeziyası sahəsində yeni-yeni yaradıcılıq uğurları arzulayırыг!...
M.N.ÇOBANOV,
Nyu-York Elmlər Akademiyasının üzvü,
Filologiya elmləri doktoru, professor.
N: 16 (166) Oktyabr 2005-ci il.
Eldar TƏBİB
YURDUMUN
Yerimi-yurdumu xəbər alan dost,
Dildə dastan ad-sanı var yurdumun.
Ərənlər məskəni, ərlər məkanı,
Borçalı tək ünvanı var yurdumun.
Gözü görən seyrə dalmaq istəyir,
Gözəllikdən ləzzət almaq istəyir.
Gedən gəlmək, gələn qalmaq istəyir,
Məftunu var, heyranı var yurdumun.
Bağlar yönü, dağlar səmti-sorağı,
Güllər sözü, çöllər dəftər-varağı.
“Cəngi” ruhu, “Misri” qılınc-yarağı,
Saz adında Sultanı var yurdumun.
Yazı varlı, gözü barlı görmüşəm,
Gözəlləri düz ilqarlı görmüşəm.
Kişiləri etibarlı görmüşəm,
Qədir bilən insanı var yurdumun.
Qara yellər səyriməsin, əsməsin,
Qərib düşən inciməsin, küsməsin.
Zəhmət çəkib, heç kim qurban kəsməsin,
Təbib kimi qurbanı var yurdumun.
VARDIR
Naməhrəm deyiləm, həkiməm, gözəl,
Sinəmdə min dərdin dəvası vardır.
Yazın təravəti, gülün qoxusu,
Nəğməkar bülbülün nəvası vardır.
Söhbətim göylərdən endirər səni,
Lal-dinməz olsan da dindirər səni.
Eşiyim alovdu, yandırar səni,
İçimdə məhəbbət yuvası vardır.
Təbibəm, zirvədən enən deyiləm,
Atəşim haqdandı, sönən deyiləm.
Ölsəm də sözümdən dönən deyiləm,
Beynimdə Borçalı havası vardır.
PİRBƏNDİLƏR
Ey Gül, səni gördüm, cana gəldim!
Küfrü tərk edib, imana gəldim!
Danışdın, bal tökdü dil-dodağın,
Zənbur kimi uçub, şana gəldim.
Ey Gül, gönçəni ya çiçəksənmi?!
Çiçəklər tacında ləçəksənmi?!
Bu misalda bəni insan olmaz,
Xəyalsanmı, yoxsa gerçəksənmi?!
Ey Gül, nəcabətin kanısan Sən!
Xaqanı, sultanı, xanısan Sən!
Mənliyin heyrətdə qoydu məni,
Mənliyi olanın canısan Sən!
Ey Gül, tök gərdənə qara zülfün,
Hər teli naz eylər yara zülfün.
Əl uzatdım, əlim çalmaq istər,
Niyə döndü birdən mara zülfün?!
Ey Gül, cəlladdımı türfə tənin?!
Sıyrılmış xəncərmi tər bədənin?!
Qan qoxusu gəlir tiyəsindən,
Məqsədin qan tökməkdirmi Sənin?!
Ey Gül, Bülbülünü dara salma.
Yarı qoyub, meyli xara salma.
Hər nə eyləyirsən, eylə qurtar.
Mən Təbibi intizara salma.
"Ulduz" jurnalı, N: 1, 2008.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.