1933-cü ilədək Qare-Kaxet (Qara-Kaxet) adlanıb.
Ərazisindən Yor çayı keçir, Tbilisi-Balakən avtomobil yolu, Tbilisi-Telavi dəmir-yolu keçir. Hüdudları: cənubda Azərbaycan Respublikası, qərbdə Qarayazı (Qardabani) və Msxeta rayonları, şimalda Tianeti, Axmeta, Telavi rayonları, şərqdə Gürcüani və Siğinaxi rayonları.
Əhalisi 59.000 nəfər olan Qaraca yurdunda (indiki Saqareco rayonunda) hazırda təxminən 20.000 nəfərə yaxın soydaşımız yaşayır. Bütövlükdə «Qaraçöp» elatı adlanan 8 kənddə - Düz-Əyrəm, Keşəli, Qarabağlı, Qazlar, Ləmbəli, Paldı (Baldoy-Baldöy), Tüllər və Yor-Muğanlı kəndlərində elliklə, eləcə də Qombor kəndində gürcüklərlə birlikdə məskunlaşmış soydaşlarımız rayon əhalisinin təxminən 32%-ni təşkil edirlər.
QARACA YURDU - bu oykonim nəsil-tayfa adı əsasında yaranıb. «Kitabi-Dədə Qorqud» dastanındakı Qaraca Çobanı yada salır. «Qaraca yurdu» gürcü dilində «Saqareco» kimi tərcümə olunub. «Saqareco» oykoniminin əsasında Azərbaycan dilinə məxsus olan «Qaraca» şəxs adı, gürcü di¬lində «məkan, yer» mənasını bildirən «sa» ön şəkilçisi durur. Mənbələrə görə, «Qaraca yurdu» toponimi indiki Gürcüstan ərazisində «Didi Turkoba» (Böyük Türklük) dövründə yaranan toponimlərdən biridir. «Saqareco» toponimi isə, gürcü mənbələrində XIV əsrin sonuncu onilliyində qeyd olunub. Qaraca yurdu - sonralar Qaraçöp (indiki Saqareco) rayonu 1880-ci ilə qədər Borçalı sultanlığının tərkibində olub.
«Saqareco» toponimi indi həm rayon-inzibati ərazinin, həm də rayon mərkəzinin - şəhərin adını bildirir.
QARAÇÖP - bu oykonim Türk dillərində «qara camaat» mənasında işlənən «qara» sözü ilə «çöp» tayfa adı əsasında yaranıb. Mənbələrdə bu tayfanın eramızın ilk əsrlərində Qafqazın bu üzündə - Güney Qafqazda məskunlaşdığı qeyd olunub. İndi Qaraca yurdunun - «Saqareco» rayonunun bir hissəsi Qaraçöp adlanır. Xalq arasında Qaraçöpü Yor Muğanlı da adlandırırlar. Bu da həmin kəndlərdə Muğanlı elinə məx¬sus əhalinin məskunlaşması ilə əlaqədardır. Qaraçöp icmasına 8 kənd aiddir, geniş ərazisi vardır: Düz-Əyrəm (Ayrım), Qazlar, Qarabağlı, Keşəli, Ləmbəli, Paldı (Baldoy-Baldöy), Tüllər, Yor-Muğanlı.
DÜZ-ƏYRƏM - Tiflis quberniyasının Sığınaq (Siğnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu oykonim türkköklü «düz» sözü ilə mənası aydın olmayan «əyrəm» sözünün, bəlkə də, «ayrım» tayfa adının birləşməsindən yaranıb. El arsında «Əyrəm» də deyirlər. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 35 km gündoğarda, dəniz səviyyəsindən 450 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 1506 nəfərdir. Kəndin məscidi XIX əsrdə tikilib. Kənddəki Azərbaycan orta məktəbi 1921-ci il-dən fəaliyyət göstərir.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktyor-rejissor-şair-dramatuq İftixar Piriyev, tanınmış professorlar Loğman Məmmədov, Vəli Qurbanov, yazıçı-jurnalist Həmzəli İlyas, Zülü İlyasov, el şairləri Misgin Vəli, Molla Qasım, Teymur Qurbanov, Həsən Sadıqlı, Həsənəli Təhməzoğlu, Aşıq Şahsənəm, Aşıq Aidə Gülzar, rəssam Sumannı Məmmədov, və b. həmin məktəbin yetirmələridir.
KEŞƏLİ - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu oykonim türkköklü «Keşlə» tayfasının adı əsasında yaranıb. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 37 km gündoğarda, dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 3000 nəfərdir. Kənddəki Azərbaycan orta məktəbi 1925-ci ildən fəaliyyət göstə¬rir.
Azərbaycanın Gürcüstanda səfiri olmuş Hacan Hacıyev, professor Lətif Talıblı, şair Səməd Qaraçöp, vitse-polkovnik Məhəmməd Talıbov, şair-aktyor İftixar Piriyev və b. həmin məktəbin yetirmələridir.
QARABAĞLI - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu kəndin əhalisi, güman ki, Qarabağdan gəliblər. Ona görə də, yeni yurdlarını Qarabağlı adlandırıblar. Son vaxtlar həmin kənd gürcücə «Cicmatiani» («Vəzərili») adlandırırlar. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 34 km gündoğarda, dəniz səviyyəsindən 450 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 700 nəfərdən çoxdur.
El şairi Bəyzadə, yazıçı-jurnalist, kinoşünas Nəriman Əbdülrəhmanlı və b. məhz Qarabağlı kəndinin yetirmələridir.
QAZLAR (QUZLAR) - Tiflis quberniyasının Sığınaq (Siq¬naxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu oykonim, çox güman ki, «Xəzər» etnonimi ilə əlaqədardır, «oğuz» və ya «quz» tayfalarının adları əsasında yaranıb. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 40 km gündoğarda, dəniz səviyyəsindən 440 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 1200 nəfərdən çoxdur. Kənddə Azərbaycan məktəbi fəaliyyət göstərir.
LƏMBƏLİ - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adı¬dır. Bu oykonim, çox güman ki, «Lamıbəyli» nəsil adı əsasında yaranıb. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 35 km gündoğarda, dəniz səviyyəsindən 450 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 6500 nəfərdən çoxdur. Kənddə Azərbaycan orta məktəbi fəaliyyət göstərir.
Professorlar Sədi Bayramov, cərrah Fərman Ceyranov, Qabil Gülgəzli, vitse-polkovnik Novruz Qəribov, şair Xaqani Qayıblı və b. həmin məktəbin yetirmələridir.
PALDI (BALDOY - BALDÖY) - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu oykonim, çox güman ki, qədim türk «paldı» və ya «baytalı» tayfa adları əsasında yaranıb. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 37 km gündoğarda, dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 1000 nəfərdir.
TÜLLƏR - Gürcüstanın Şərqində Tiflis quberniyasının Sığı¬naq (Sığınacaq ye¬ri mənasında) - Siqnaxi qəzasının qədim Qaraca yurdunda (indiki Sa¬qareco rayonunda) kənd adıdır. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 43 km gündoğarda, dəniz səviyyəsindən 450 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 3800 nəfərdir. Kənddə Azərbaycan orta məktəbi fəaliyyət göstərir.
Professor Həmzə Xəlilov, «Şərəf» ordenli Ağabala Azəri, Nəsib Xeyirxəbərov, vitse-polkovnik Vahid Ocaqverdiyev, rəssam Zahid Şəmirli və b. həmin məktəbin yetirmələridir.
Azərbaycanın Quba rayonunda Tüllər, Balakən və Lerik rayon¬larında isə Tülü adlı kəndlər vardır. Bu oykonimlər qədim türk tayfalarının bir qru¬punu təşkil edən «Tulu-tülü-tolu» tayfasının adı ilə bağlı olaraq yaran-mışdır.
YOR MUĞANLI - Tiflis quberniyasının Sığınaq (Siq¬naxi) qəzasının sa¬biq Qaraca yurdu - indiki Saqareco rayo-nunda kənd adıdır. Bu oykonim, gü¬man ki, «Loru» sözü¬nün təhrif olunmuş «Yor» variantı ilə «muğ» (Mu¬ğanlı) tayfa adının birləş¬məsindən yaranıb. «Yor Muğanlı»nın qədim adı «Qaraçöp» olub. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 33 km gündoğarda, dəniz səviyyəsindən 460 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 2100 nəfərdir. Kənddə Azərbaycan orta məktəbi 1919-cu ildən fəaliyyət göstərir.
Alimlər Hidayət Novruzov, İbrahim Nəbiyev, Fərhad Xubanlı, polkovnik Nəbi Həsənov, jurnalist İlqar İlkin, igid şəhidlər Ələsgər Qayıbov, Yusif Şirinov və b. həmin məktəbin yetirmələridirlər.
QOMBOR - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - indiki Saqareco rayonunda Qombor dağ silsiləsinin yamacında, Qombor çayının sağ sahilində, dəniz səviyyəsindən 1070 m yüksəklikdə yerləşən kəndin adıdır.
Həmin kəndin əhalisinin əksəriyyəti əvvəllər Azərbaycan türkləri olmuşdur.
Oraya başqa xalqların nümayəndələri Sovet dövründə Hərbi hissə şəhərciyi salındıqdan sonra gəlmişlər.
Hazırda gürcülər (500 nəfər) və azərbaycanlılar (300 nəfər) yaşayırlar.
Yerli camaat Gömbər deyir.
Dünya mədəniyyətinin möhtəşəm incisi sayılan «Kitabi-Dədə Qorqud» dastanlarındakı hadisələr Qazlıq dağlarında cərəyan edir.
Bu mənada, Gürcüstanda Qazlıq (Qafqaz) dağının ətəyində indi də Qombori adlı oykonim (yaşayış məntəqəsi) və oronim (dağ) vardır. Bu oykonim və ya toponimlər iki türkköklü sözün birləşməsindən əmələ gəlib və Dədə Qorqud dünyasını xatırladır. Beyrəyin atasının adını Qambura kimi qəbul etsək, deməli, bu toponimin birinci komponenti qədim oğuzların şamanı mənasında işlənən «Qam» (Bayandır xanın atasının adı da «Qam» xandır), ikinci komponenti isə, qədim türk dilində «qurd, canavar» mənasında işlədilən «Borü» sözündən ibarətdir. Qamborü ümumilikdə «müqəddəs qurd» anlamını bildirir.
Oğuzların qədim mifoloji görüşlərini nəzərə alsaq, bu toponimin şamanlıqla əlaqədar olaraq, yaranmasına şübhə yeri qalmır. Güman ki, köçəri oğuzlar, qədim gürcü mənbələrində deyildiyi kimi, hələ II-V əsrlərdən bu yerlərdə olmuş və Qamborü toponimini yaratmışlar. Bu toponim indi gürcü dilində nisbətən təhrif olunmuş Qombori şəklində işlənməkdədir.
Bu təhrif, hər şeydən əvvəl, gürcü dilində «ö, ü» səslərinin olmaması ilə bağlıdır.
P.S.:
ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı, eləcə də
Gürcüstandakı bu və ya digər
QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə
TOPONİMLƏRİMİZLƏ, həmçinin
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ
SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..
Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.
Ünvanlarımız:
[email protected]
və ya:
[email protected]
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.