Görüşdə bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova respublika ərazisində aparılan son arxeoloji tədqiqatlarda qabaqcıl texnologiyaların geniş istifadə edildiyini söyləyib.
Bildirilib ki, yaxın gələcəkdə institutun elmi dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzi ilə birgə Qarabağın dövlət əhəmiyyətli arxeoloji və tarixi abidələrinin elektron xəritəsinin yaradılması üzərində işlər aparılır. Belə ki, bu layihə çərçivəsində Qarabağ ərazisindəki abidələr elektron xəritə üzərində beynəlxalq standartlara uyğun pasportlaşdırılacaqdır.
Sonra amerikalı qonaqlara xüsusi hazırlanan virtual görüntülər nümayiş etdirilib. Görüntülərdə Azərbaycan arxeoloqları tərəfindən müxtəlif abidələrin tədqiqində GİS-texnologiyalardan, radiomaqnitometr cihazlarından və s. qabaqcıl tədqiqat vasitələrindən istifadə edilməsi əksini tapıb.
Amerikalı alimlər Azərbaycanda arxeoloji tədqiqatların dünyanın qabaqcıl standartlarına uyğun aparılmasından, ən son elmi metodlardan istifadə edilməsindən məmnunluqlarını bildiriblər.
Qonaqlar azərbaycanlı həmkarları ilə “dəyirmi masa” arxasında arxeoloji tədqiqatların yeni metodları, istifadə edilən son nəsil tədqiqat cihazları və gələcəkdə qarşılıqlı əməkdaşlıq barədə səmərəli fikir mübadiləsi aparıblar.