Əvvəlcə iştirakçılar görkəmli alimin fəaliyyətini əks etdirən nəşrlərlə tanış olublar.
turan.info.az xəbər verir ki, konfransı giriş sözü ilə
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açıb. O, çıxış edərək Ə.Səfərlinin orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçılarından biri olduğunu söyləyib. Qeyd edib ki, alim ilk anadilli poema olan "Dastani Əhməd Hərami"ni, Qazi Bürhanəddinin "Divan"ını, Məhəmməd Füzulinin "Həqiqət üs-süəda" əsərini, Məsihinin "Vərqa və Gülşa" poemasını, "Şəhriyar" dastanını və başqalarının əsərlərini aşkarlayaraq tərtib və nəşr etdirib.
Ədəbiyyatşünas alimin elmi pedaqoji mühitdə özünəməxsus yer tutduğunu deyən AMEA-nın vitse-prezidenti onun həmmüəllifi olduğu "Azərbaycan ədəbiyyatı tarixi (Qədim və Orta əsrlər)" dərsliyinin monoqrafiya səviyyəsində yazıldığını və hazırda ali məktəblərdə geniş istifadə edildiyini vurğulayıb.
Akademik İ.Həbibbəyli Ə.Səfərlinin diplomatik fəaliyyətlə də məşğul olduğunu və 1994-1998-ci illərdə Azərbaycanın İrandakı səfiri vəzifəsində çalışdığını diqqətə çatdırıb. O, alimin Azərbaycanla İran arasında elmi, mədəni və iqtisadi əlaqələrin qurulmasında önəmli rol oynadığını bildirib.
Sonra Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev çıxış edərək Ə.Səfərlinin orta əsrlər Azərbaycan ədəbiyyatında üzə çıxardığı tarixi faktları öz şərhləri ilə zənginləşdirdiyini deyib.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu isə çıxışında alimlə bağlı xatirələrini bölüşüb, birgə Əfqanıstanda tərcüməçi işlədiklərini xatırladıb. Alimin əsl vətənpərvər ziyalı olduğunu deyən M.Nağısoylu qeyd edib ki, Ə.Səfərlinin orta əsrlərə dair tədqiqat əsərləri və dərslikləri bu gün də cəmiyyətimizin, xüsusilə gənc nəslin maarifləndirilməsində önəmli rol oynayır.
Tədbirdə, həmçinin millət vəkili Adil Əliyev, professorlar - Məmməd Əliyev, Xəlil Yusifli, dosent Zəkulla Bayramlı və alimin qızı - filologiya üzrə fəlsəfə doktoru Günal Səfərli çıxış edərək alimin ədəbiyyatşünaslıq və mətnşünaslıq sahəsindəki xidmətlərindən danışıblar.
Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin və Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filolologiya üzrə elmlər doktoru Fəridə Əzizovanın məruzələri dinlənilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
turan.info.az
.