AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik
İsa Həbibbəyli kitaba “Akademik Elizbar Cavelidzenin Füzulinaməsinə” adlı esse janrında ön söz yazıb. Alim ənənəvi ön söz formatından fərqli şəkildə, poetik üslubda Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin dünəni, müasir inkişafı, əsas simaları və gələcək perspektivlərini səciyyələndirib.
Yeni nəşr professor Bədirxan Əhmədovun elmi redaktorluğu və Mirzə Məmmədoğlunun tərcüməsində oxuculara təqdim edilir.
***
Onu da qeyd edək ki, bu günlərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən və görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün Bakıya gəlmiş görkəmli gürcü şərqşünas alimi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, akademik Elizbar Cavelidzenin Ədəbiyyat İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə nəşr olunan “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabının təqdimat mərasimi də keçirilib.
Kitab haqqında AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik
İsa Həbibbəyli ətraflı məlumat verib, Elizbar Cavelidzenin Şərq ədəbiyyatının Gürcüstanda əsas tədqiqatçılarından biri olduğunu diqqətə çatdırıb. Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə “Azərbaycanın əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş məşhur gürcü alimi akademik Elizbar Cavelidzenin bu vaxta qədər “Cəlaləddin Rumi”, “Yunus Əmrə”, “Ruhi Bağdadi” adlı monoqrafik tədqiqatlar hazırlayıb nəşr etdirdiyini bildirən AMEA-nın vitse-prezidenti onun “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabını qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsər kimi dəyərləndirib. Adıçəkilən kitabın ölkəmizdə nəşrinin qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı baxımından əhəmiyyət daşıdığını qeyd edən akademik İ.Həbibbəyli nəşrin Orta əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli mənbə olduğunu xüsusi ilə vurğulayıb.
Tədbirdə digər çıxış edənlər - akademik Vasim Məmmədəliyev, akademik Rafael Hüseynov, filologiya elmləri doktoru, professor Mədəd Çobanov, filologiya elmləri doktoru, professor Ataəmi Mirzəyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, kitabın tərcüməçisi Mirzə Məmmədoğlu (Maşov) və başqaları kitabın əhəmiyyətindən danışıblar.
Sonda çıxış edən Gürcüstan Elmlər Akademiyasının akademiki Elizbar Cavelidze ölkəmizdə yaradıcılığına göstərilən diqqətə və kitabın nəşrinə görə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə, eləcə də tədbirdə çıxış və iştirak edənlərə öz dərin minnətdarlığını ifadə edib.
Müşfiq BORÇALI,
turan.info.az
.