şişirtmə, yersiz və əsassız qiymətlərlə “zəngin” olsa da, həqiqi elmin və onun təmsilçilərinin yeri daha çox görünməkdədir. Xüsusən humanitar fikrin son iyirmi ildə yenidən qurulma uğrunda təşəbbüsləri çox hallarda “şüardan”, populist mülahizələrdən uzağa getmədiyi elmi mühitdə Yaşar Qarayev kimi nadir istedada malik mütəfəkkir alimin elm və əxlaq dərslərinə qayıtmaq, öyrənmək, bu sərvətin ənənələrini qorumaq zərurətə çevrilir.
Yaşar müəllim XX əsr Azərbaycan tənqidi, ədəbiyyatşünaslığı və estetik fikrini, daha dəqiq desək, humanitar düşüncəsini yeni istiqamətə yönəltdi, yeni mərhələnin əsasını qoydu və bu mərhələni özü və çoxsaylı yetirmələri tarixi reallığa çevirdilər. Milli ictimai fikrimizdə, elmi vicdan və əxlaqımızda, yüksək ziyalı ünsiyyətində bənzərsiz intellekti ilə dərhal seçilən Yaşar Qarayev fenomeni hələ uzun illər öyrəniləcək.
Onu “ədəbiyyat filosofu”, “tənqidimizin şairi”, “elmimizin möcüzəsi” kimi epitetlərlə qiymətləndirənlər yanılmırlar. Yaşar Qarayevin zəngin irsini öyrənən hər bir tədqiqatçı, ədəbiyyat və sənət adamı daha dərinə getdikcə ona məxsus qeyri-adi məqamlarla çox rastlaşacaq.
Öz erudisiyası, elmi fəhmi, nadir təhlil üsulu ilə seçilən, respublikada humanitar fikrə istiqamət verən bir alim və ictimai xadim kimi Yaşar müəllim təvazökarlıq mücəssəməsi idi. O, XX əsrin ikinci yarısı, başqa sözlə, yarım əsrdən artıq bir vaxtda humanitar fikrin elmi-metodoloji sərhədlərini müəyyənləşdirdi.
Yaşar Qarayev imzası humanitar fikrimizin əsas istiqamətlərini əhatə edir: ədəbiyyatşünaslıq, ədəbi tənqid, ədəbiyyat tarixçiliyi, teatrşünaslıq, estetika və nəhayət, humanitar elmlərin nəzəri-metodoloji problemləri.
Yaşar Qarayev ədəbiyyat, sənət, elm aləminə 50-ci illərdə, ictimai-siyasi mühitin mülayimləşdiyi bir zamanda qədəm qoymuşdu. 1953-1958-ci illər universitetin filologiya fakültəsində təhsil aldığı qrup Azərbaycan elminə, ədəbiyyatına Tofiq Hacıyev, Hüseyn Kürdoğlu, Ağacavad Əlizadə, Şamil Salmanov, Arif Səfiyev, Həmid Abbas, İbrahim Göyçaylı, Firidun Ağayev, Cəfər Cəfərov, Vaqif Hüseynov kimi adlar bəxş etmişdi.
Yaşar Qarayev universitet auditoriyasından akademiyaya artıq püxtələşmiş bir tənqidçi kimi gəlmişdi. Onun ilk məqalələri Azərbaycan dramaturgiyasının tarixi və müasir problemlərinə həsr olunmuşdu. Ədəbi prosesə Yaşar Qarayev 60-cı illərdə teatr tənqidçisi kimi daxil olur və onun Azərbaycan milli teatrının ən görkəmli tamaşaları haqqında dövri mətbuatda məqalələri çapdan çıxır. Tezliklə Yaşar Qarayev Azərbaycanda XX əsrin ən görkəmli teatr tənqidçisi və dramaturgiya mütəxəssisi kimi təsdiq edilir. O, dramaturgiya və teatr nəzəriyyəsini mükəmməl bilirdi və “Azərbaycan ədəbiyyatında faciə janrı” adlı ilk monoqrafiyası yeni tipli tədqiqat idi. Bu monoqrafiya bizim elmi fikrimizə faciə haqqında mövcud nəzəri konsepsiyaları gətirdi, bu janrın yaranmasını şərtləndirən ictimai, fəlsəfi və ədəbi-bədii amillər, həmçinin faciənin quruluşu və tipologiyası araşdırıldı. Azərbaycan teatrı və dramaturgiyasının məktəblər statusunda formalaşması, varis-irs əlaqələri Y.Qarayevin teatr və dramaturgiya haqqındakı məqalələrində reallaşdırılan konsepsiya idi.
Yaşar Qarayevin XX əsr ədəbiyyatşünaslığında böyük xidməti onun nəzəriyyə sahəsindəki araşdırmaları, xüsusən yaradıcılıq metodu kateqoriyasının tədqiqindəki fundamental əsərləridir. Yaşar müəllimin bədii metod sahəsindəki araşdırmaları yeni dövr ədəbiyyatımızı şərtləndirən ictimai, bədii-fəlsəfi amillər fonunda aparılır, bir növ XIX-XX əsrlər ədəbiyyatı universal bir kateqoriyanın tarixi inkişaf prosesi fonunda təhlil edilir. Realizmin daxili tipologiyası və tarixi təkamül prosesi, bir metoddan digərinə keçidin bədii materialda reallaşması onun ədəbiyyat tarixini ədəbiyyatın nəzəri tarixi kimi öyrənməyin başlanğıcına çevrilirdi.
Alimin “Realizm: sənət və həqiqət əsəri” XX əsr Azərbaycan ədəbi-nəzəri fikrinin ən sanballı nümunələrindən biridir. Bu əsər Azərbaycan ədəbiyyatşünaslığında yeni bir mərhələni müəyyənləşdirməklə sübut etdi ki, bədii metodun bütöv estetik kateqoriya kimi hərtərəfli nəzəri şərhi regional və milli bədii düşüncənin nailiyyətlərini vəhdətdə, qarşılıqlı əlaqədə götürməyi tələb edir. O, Azərbaycan realizminin dünya ədəbiyyatında realizmin inkişaf qanunauyğunluqları ilə əlaqəsini aydınlaşdırır, bu realizmin rus və Avropa realist sənəti kontekstində təhlilini aparırdı.
Tənqid tariximizi ardıcıl araşdırmış, ədəbiyyatşünaslığımızın və tənqidimizin nəzəri-metodoloji inkişaf mərhələlərini dərindən öyrənib, onun ümumi problemləri ilə yanaşı, böyük simaları haqqında monoqrafiya və ya portret, məqalələr yazmış Yaşar Qarayevdə parlaq tənqidçilik istedadı var idi. Onun estetik zövqü, ədəbi faktı, nümunəni bədii fikir tarixi fonunda qiymətləndirmək istedadı ancaq heyrət doğurur. Ədəbiyyatımızın elə sanballı nümunəsi yoxdur ki, Yaşar Qarayevin diqqətindən kənarda qalsın. Onun tənqidçi-estetik tipi, adətən, ideoloq tipinə üstün gəlirdi. Milli mənəviyyat tarixinə yanaşmada tarixin vətəndaşlıq tutumu, onun müasir siyasi-ictimai mənası Yaşar müəllim üçün həmişə önəmli idi. O, 90-cı illərdə ədəbi-bədii dəyərlərimizi siyasi müstəqilliyin kontekstində götürürdü və metodoloji imkanları çərçivəsində ümumiləşdirmələr aparırdı.
Yaşar müəllim 90-cı illərdə ədəbiyyatşünaslığımızda iki məsələni xüsusi qabartdı. Uzun illər yasaq edilmiş ortaq türk, müsəlman mənəvi dəyərlərini və mühacirət ədəbiyyatını ədəbi-ictimai dövriyyəyə gətirməkdə onun bir alim, elm təşkilatçısı kimi müstəsna xidmətləri vardır. “Dədə Qorqud-1300”, Füzulinin 500 illik yubiley tədbirləri, mühacirət ədəbiyyatı simpoziumu çərçivəsində fəaliyyəti həm ədəbi-elmi fikrimizi zənginləşdirməyə xidmət etdi, həm də müstəqil Azərbaycanı dünyada tanıtmağın, sevdirməyin vasitəsinə çevrilirdi. Yaşar müəllim “Tarix: yaxından və uzaqdan” kitabında mövcud tədqiqatlarını yeni metodoloji axtarışlar kontekstində birləşdirir, ortaq İslam və türk dəyərləri, onların şərtləndirdiyi bədii-estetik amillər fonunda ədəbiyyat tarixinə nəzər salırdı. XX əsr ədəbiyyatşünaslığında mövcud olan nəzəri istiqamətləri milli ədəbiyyatşünaslığa gətirən, onu milli ədəbi təcrübə ilə uyuşan və fərqli cəhətlərini ayırd edən Yaşar Qarayev ədəbi fikri dövrləşdirmədə dominant olan formasiyalar nəzəriyyəsinin böhran keçirdiyi, iflasa uğradığı məqamda milli ədəbiyyat tarixi konsepsiyası ətrafında düşünən, orijinal tezislərini irəli sürən müəlliflərdən idi. XX əsr ədəbi-nəzəri fikrimizin yekunu kimi yaranmış bu əsər ümumən humanitar fikrin ciddi metodoloji problemlər qarşısında dayandığını ortaya qoydu.
“Tarix: yaxından və uzaqdan” əsərini yeni metodoloji prinsiplərlə yazılmış ədəbiyyat tarixi də adlandırmaq olar. Kitabda yeni ədəbiyyat tarixi yaratmağın nəzəri eskizləri ilə yanaşı, bu tarixi, onun ədəbi-estetik və ictimai-fəlsəfi mərhələlərini, bədii-poetik keçidlərini izləməyə imkan verən məqamlar, müşahidələr və ümumiləşdirmələr yer alır. Klassik irsi yenidən dəyərləndirməyin, onun sözü ilə desək, ilk layihəsi, eskizi - elmi-fəlsəfi bir ehtirasla şərh olunan bu kitab yeni tipli ədəbiyyatşünaslığa keçidin əsasını qoymuşdur. Yaşar müəllimin nəzəri qənaətləri tarixi və müasir ədəbi prosesin aparıcı yaradıcılıq istiqamətləri, tapıntı və ədəbi kəşfləri zəminində meydana çıxırdı.
Yaşar Qarayev Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu qurum böyük beynəlxalq nüfuz qazandı. Onun təşkilatçılığı ilə keçirilən beynəlxalq simpoziumlar və digər formalarda həyata keçirilən tədbirlər bizim ədəbi-mədəni fikrimizi fakt, sənəd baxımından zənginləşdirdiyi kimi, qonşu, qardaş ölkələrin ədəbiyyatlarının elmi-metodoloji cəhətdən inkişafına da böyük təsir etdi.
Yaşar müəllim xarakter etibarilə romantik idi və onun iş üslubunda da bunu görürdük. Bu romantikanın böyük bəhrələrinin şahidiyik. Folklorumuzun toplanması, tədqiqi və nəşri ilə bağlı 1980-ci illərdə keçirdiyi elmi şura və sessiyalar bu gün Folklor İnstitutu kimi bir qurumun yaranması ilə nəticələndi. Bu institutun yerləşdiyi binanın alınmasından, onun elmi strukturunun və perspektiv planlarının tərtibinə qədər hər şey məhz Yaşar Qarayevin inadlı vətəndaş fəaliyyətinin bəhrəsidir.
Yasaq edilmiş milli-mənəvi dəyərlərimizin nəşrində xüsusi xidmətləri olmuş və bu gün də fəaliyyətlərini davam etdirən “Sabah” və “Ozan” nəşriyyatlarının da yaranmasında, fəaliyyətində Yaşar müəllimin təmənnasız xidmətlərini unutmaq olmaz.
Onun elmi kadrlar hazırlamaq sahəsindəki böyük xidmətləri haqqında real təsəvvür yaratmaq üçün humanitar elmlər sahəsində, sözün həqiqi mənasında, yetirdiyi görkəmli alimlərdən bəzilərinin adını çəkməklə kifayətlənirəm: Mürşüd Məmmədli, Rəhim Əliyev, Nizaməddin Babayev, İlham Rəhimli, Hüseyn İsmayılov, İsmayıl Vəliyev, Məryəm Əlizadə, İsrafil İsrafilov, Tahirə Məmməd, Cəlal Qasımov, Hüseyn Haşımov, Rahid Xəlilov, Tehran Əlişanoğlu, Aydın Dadaşov, Akif Məhərrəmov, Əziz Ələkbərov və onlarca başqaları. Bu adlar, onların məşğul olduqları elmi istiqamətlər Yaşar Qarayev məktəbinin vüsəti haqqında çox şey deyir.
Yaşar müəllim mənim tanıdığım nadir şəxsiyyətlərdən idi ki, elmi və həyati vərdişləri eyni üslubda, eyni biçimdə idi. O necə düşünürdüsə elə də yazırdı, elə də danışırdı. Həyatın, məişətin adiliklərində də gözəllik, zəriflik görürdü. Hamımızın müşahidə etdiyimiz görüntülərdə heç kimin gözləmədiyi bir məna, əxlaqi-ictimai tutum tapırdı. Onun şifahi və yazılı nitqi fərqlənmədiyi kimi yerişi, duruşu da heç kimə bənzəmirdi.
Yaşar müəllimin bənzərsiz təfəkkür tərzi onun rəsmi görüşlərdə, qəbullarda və dost məclislərindəki çıxışlarına, avtoqraflarının məzmununa heyrətamiz bir fərdilik bəxş edirdi. “Elm və həyat” jurnalının 40 illiyi münasibəti ilə yazdığı təbrikdən bir fraqment: “Sellər-sular axdı, tarixlər, zamanlar bir-birinə qarışdı, qəzanın qatarı, Marksın, Leninin karvanı dayandı, əkinçi proletardan, oraq-çəkicdən ayrı düşdü, amma körpü çaydan - elm həyatdan, “Elm və həyat” oxucudan ayrı düşmədi”.
Yaşar müəllim son kitabları ilə XX əsr ədəbiyyatşünaslığına yekun vurdu və yeni milli ədəbiyyat elminin əsasını qoydu. “Tarix: yaxından və uzaqdan” kitabı ilə ədəbiyyatın nəzəri tarixini yaratmağın mükəmməl nümunəsini ortaya qoydu. “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər” kitabının ilk nüsxəsi ilə ölüm yatağında tanış oldu, həcm və məzmun etibarilə bu sanballı kitabı əlində saxlamağa fiziki gücü çatmadı. Yaşar müəllimin sağlığında bu kitabı görməsi mənim və əməkdaşlarımızın mənəvi rahatlığı və təsəllisi oldu.
Zaman keçdikcə Yaşar müəllimin yeri daha çox görünür. Bənzərsiz söz, bənzərsiz iş üslubu, bənzərsiz ünsiyyət fəlsəfəsi. Bunlar üçün çox darıxmışıq. Onun hər əsərini yenidən oxuduqca görmədiyimiz, duymadığımız elmi və əxlaqi kamillik çalarlarının şahidi oluruq.
Yaşar müəllimin son kitabına müqəddimə yazmış, onu elmimizin möcüzəsi adlandırmış
akademik Kamal Talıbzadənin aşağıdakı çox duyğulu sözləri hər bir namuslu
Azərbaycan ziyalısının da hisslərini ifadə edir:
“Ağlının, zəkasının bütün ruhunu yazdığı əsərlərinə köçürən Yaşar Qarayevin əbədiyyətə hicrəti, bütün xalqımız, xüsusən onu şəxsən tanıyanlar, şəxsiyyəti ilə təmasda olanlar üçün nə qədər ağır olsa da, əbədi ölümsüzlük səlahiyyətinin təsdiqidir. Böyük Ağlın gücü və əbədi Ruhun məsumluğunu özündə birləşdirən Yaşarın əsərləri bundan sonra da neçə-neçə alimlər nəslinə yol göstərəcəkdir”.
Şirindil ALIŞANLI,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru, professor.