BİOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
OQTAY HAFİZ OĞLU MİRZƏYEV
AMEA Botanika İnstitutu Geobotanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, meşəçilik sahəsində əməyi olan alimlərdən sayılan Oqtay Hafiz oğlu Mirzəyev 20 noyabr 1939-cu ildə Azərbaycan Respublikası Quba rayonunun 1-ci Nügədi kəndində müəllim ailəsində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirərək 1962-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1967-ci ildə həmin institutun kimya-biologiya fakultəsini bitirib. Hələ 1962-ci ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) Tələbə Elmi Cəmiyyətinin üzvü olan O.Mirzəyev tələbəlik illərindən elmi-tədqiqat işlərinin aparılmasına böyük maraq göstərib. Ə.İsayevin elmi rəhbərliyi ilə hazırladığı “Fosforun bitki həyatında rolu və onun torpaqda təyini üsulu” adlı ilk elmi məqaləsi məhz tələbəlik illərində, 1966-cı ildə nəşr olunub. Hələ tələbə olarkən 1963-1967-ci illər ərzində Buzovnada 38 saylı fəhlə gənclər orta məktəbdə kimya və biologiya fənnləri üzrə müəllim işləyib.
Oqtay Mirzəyev 1967-1969-cu illər ərzində təyinata əsasən Sabirabad rayonunun Quruzma kənd orta məktəbində müəllim işləyib, kimya-biologiya fənnləri üzrə rayon və Bakı şəhərində keçirilən olimpiadalarda iştirak etmək üçün tələbə hazırlayıb.
1969-1972-ci illərdə Rusiyanın Moskva şəhərindəki V.N.Sukaçov adına Biogeosenologiya laboratoriyasında biologiya elmləri doktoru, professor N.V.Dılisin elmi rəhbərliyi ilə aspiranturanı qurtararaq dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Elmi işini qurtararaq öz doğma vətəninə qayıtmış, 1972-ci ilin sentyabrında Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun meşəşünaslıq şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi və nəhayət həmin şöbənin müdiri vəzifəsində çalışıb.
1999-cu ildə həmin şöbə Geobotanika şöbəsi ilə birləşdiyindən həmin ildən indiyə kimi Geobotanika şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.
Dövlət əhəmiyyətli BTC (Bakı-Tbilisi-Ceyhan) neft və Cənubi Qafqaz qaz (Ərzurum) boru kəmərlərinin çəkilişi zamanı ağır texnikalardan istifadə edilərkən bitki örtüyü məhv edilmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişinə əsasən həmin ərazilərdə bioloji bərpa aparılması nəzərdə tutulmuş və mütəxəssis kimi O.Mirzəyevə tapşırılmışdır. Bununla əlaqədar ərazilərdən təbii bitkilərin toxumları O.H.Mirzəyevin rəhbərliyi ilə yerli əhali tərəfindən toplanaraq bioloji bərpa işində istifadə edilmişdir. 2003-2007-cı illər ərzində Azərbaycanın Sanqaçaldan Böyükkəsiyə (Azərbaycanın Gürcüstan sərhəddi) qədər 20-40 metr eni və uzunluğu 443 km məsafədə bioloji bərpası Dövlət layihəsinə əsasən dəvət olunmuş mütəxəssis məhz O.H.Mirzəyev tərəfindən yüksək səviyyədə aparılıb və ərazilər əvvəlki vəziyyətinə qaytarılıb.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 2006-cı il 12 iyul tarixli 169 saylı qərarı ilə təsdiq edilmiş “Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili Qaydaları”na uyğun qiymətləndirilməsi və məhv olmuş təbiət abidələrinin ləğv edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin qarşısında məsələnin qaldırılması məqsədilə yaranan Komissiyanın tərkibinə mütəxəssis kimi O.H.Mirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daxil edilmiş və bu sahədə fəaliyyət göstərir.
2000-ci ildən O.H.Mirzəyev AMEA Botanika İnstitutunun Həmkarlar Təşkilatının sədridir. Eyni zamanda İnstitutun Elmi və Seminar Şuralarının üzvü olmaqla yanaşı İnstitutun ictimai həyatında da yaxından fəaliyyət göstərir. “AXIN” ictimai Birliyinin Ağsaqqallar Şurasının üzvüdür.
55 ilə yaxın elmi fəaliyyət göstərən O.H.Mirzəyev 100-dən çox elmi əsərlərin müəllifidir. Uzun illər elmi-tədqiqat nəticəsi olaraq “Azərbaycan florası” üçün tozağacının iki yeni (Betula microlepis İg.Vassil., 1988 və Betula alba L., 1998) növünü aşkar edib. Tozağacının Azərbaycan meşələrində yayılması arealları ilə əlaqədar tədqiqat işi ilk dəfə məhz O.H.Mirzəyev tərəfindən 1973-cü ildən aparılıb və tozağacı əsasən subalp sərhəddini təşkil etməsi bir daha sübut olunub. Onu da qeyd edək ki, tozağacının yeni 2 növü (Betula microlepis İg.Vassil. və Betula alba L.) haqqında “Конспект флоры Кавказа” toplusunda Sankt-Peterburq−Moskva – 2012, cild 3(2) buraxılışında bir daha ətraflı məlumat verilərək təsdiqlənib. O.H.Mirzəyev bir neçə kitabların müəllifidir. Meşə və bağların zərərverici həşəratlarına və xəstəliklərinə qarşı mübarizə (O.H.Mirzəyev, K.S.Əsədov, R.V.Mahmudov, S.Ə.Sadıxova) Bakı – 2012, 67 səh. Eləcə də Azərbaycan Respublikasının “Qırmızı kitabı”, Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri – ikinci nəşr, Bakı – 2013, 667 səh müəlliflərdən biridir. K.S.Əsədov, O.H.Mirzəyev, F.M.Məmmədov – Dendrologiya kitabı (Ali məktəblər üçün dərs vəsaiti), Bakı – 2014, 484 səh. Bundan əlavə Azərbaycan Respublikası Milli Atlas, Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi, Bakı – 2014, 444 səh. “Meşələr”, “Meşələrin yaş və cinslərinə görə bölünməsi”, “Meşələrin yaş və məhsuldarlığına görə bölünməsi”, Nadir və nəsli kəsilmək təhlükəsində olan ağac növləri mövzusu ilə əlaqədar tədqiqatların nəticələrinin verilməsində əsas müəlliflərdən biri də O.H.Mirzəyevdir. “Təbiətdə izi qalan meşəçilər” toplusunda – Bakı – 2014, 248 səh. kitabın müəllifi olan Əlləz Vəliyev tərəfindən O.H.Mirzəyev haqqında meşəçi alim kimi geniş məlumat verilib. “Azərbaycan Ziyalıları” Bakı – 2015, 368 səh., kitabın müəllifləri Daşqın Qaraşlı və Elşad Barat tədqiqatçı alim O.H.Mirzəyevin elmi fəaliyyəti və həyat tərzi haqqında çox geniş məlumat veriblər. “Azərbaycan meşələrinin nadir ağac və kolları” – Kərəm Əsədov, Oqtay Mirzəyev – Bakı – 2015, 154 səh.kitabı nəşr olunub.
Tədqiqatçı alim O.H.Mirzəyev 1973-cü ildən ilk dəfə olaraq Azərbaycan meşələrində kompleks metodla ətraflı biogeosenoloji tədqiqat işini apararaq mühüm nəticələr əldə etmişdir. Bunun nəticəsidir ki, tozağacı meşələrinin Azərbaycanda kifayət qədər özünə məxsus subalp sərhədlərində yayılaraq özündən aşağıda yerləşən digər tipli meşələri təbii mənfi amillərin təsirindən mühafizəsində böyük rol oynadığını bir daha sübut etmişdir. Onu da qeyd edək ki, alimin 47 illik tədqiqat işinin nəticəsi olaraq 300 səhifəlik “Возрастные изменения березовых биогеоцензов Подмосковья и Азербайджана” adlı samballı monoqrafiyası 2016-cı ildə nəşr edilib. Onu da vurğulamaq vacibdir ki, “Azərbaycanın tozağacı meşələri” kitabı isə 2017-ci ildə nəşr olunması üçün təqdim edilib. Alimin uzun müddətli və çox ətraflı tədqiqatların yekunu olaraq “Azərbaycanın (Talış və Naxçıvan MR istisna olmaqla) subalp meşə ekosistemlərinin bioloji müxtəlifliyi, onların mühafizəsi və bərpası tədbirləri” adlı doktorluq dissertasiya işi tamamlanır.
Oqtay müəllim böyük bir ziyalı olmaqla bərabər, həm də yaxşı ailə başcısıdır. Onun adına layiq tərbiyəsini almış, 4 övladı, 9 nəvəsi var, Ömrünü, gününü övladlarının təhsilinə, həyat tərzlərinə və digər qayğılarına sərf edən alim deyir ki, indi doktorluq işini yekunlaşdırmağa nəinki vaxtımın olmasını eləcə də, hər şeydən əvvəl vacibliyini düşünürəm. Buna əsas verən yetərincə elmi materiallarımın – məqalə və kitablarımın olmasıdır.
Oqtay müəllimin həyat yoldaşı – Mirzəyeva Jalə Həsən qızı Bakı şəhərində anadan olub, M.F.Axundov adına Xarici Dillər İnstitutunun ingilis dili fakultəsini bitirib. Bakı Baş Komandanlıq Məktəbində kursantlara ingilis dilini tədris edib.
Oğlu – Hafiz Mirzəyev Azərbaycan Dövlət iqtisad Universitetini bakalavr və magistraturasını bitirib, özəl Şirkətdə müdir vəzifəsində işləyir. Ailəlidi 3 övladı var: Oqtay, Ece və Osman.
Qızları: – Samirə Ağayeva, Bakı Dövlət Universitetini bitirib. AMEA-nın Botanika İnstitutunda iş fəaliyyətinə başlayıb və hazırda Bitki ehtiyatları şöbəsinin dissertantıdır.
Ailəlidi 2 övladı var: Nəzrin və Anar
− Aynur İbrahimli Azərbaycan Dövlət iqtisad Universitetini bitirib və Bakı Dövlət Universitetinin Biologiya fakultəsində işləyir. Ailəlidi 2 övladı var: Zöhrab və Hüseyn.
– Fidan Aslanova Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistratura pilləsini qırmızı diplomla bitirib. Biologiya üzrə fəlsəfə doktorudur. Ailəlidi 2 övladı var: Emil və Ləman.
Oqtay müəllim həm də, qayğıkeş və mehriban bir baba kimi nəvələrindən nəvazişini əsirgəmir.
Oqtay müəllimə uzun ömür, möhkəm can sağlığı və işlərində yeni-yeni uğurlar arzulayırıq!..
ƏLLƏZ ORMEŞƏNLİ
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
“Şərqin səsi “ qəzetinin şöbə müdiri.
.