Müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan
Sabir Rüstəmxanlının şeirləri gürcü mətbuatında ilk dəfə dərc olunur.
Elə ilk gündən onun poeziya aləmi ədəbi ictimaiyyəti özünə cəlb etmişdir.
Şeirləri gürcü dilinə Aleko Qabelaya və Mirzə Məmmədoğlu tərcümə etmişlər.
Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu söhbətində demişdir:
Bu ədəbi qəzetdə Azərbaycan bölməsinə iki ayda bir ayrıca səhifənin ayrılması xeyli vaxt bundan əvvəl qərara alınıb.
Bundan öncə Məmməd Arazın, Eyvaz Zeynalovun, Rəşid Faxralının, Nurafizin yaradıcılığına yer ayrılmışdır.
Bu ənənəni yenə də uğurla davam etdirmək niyyətindəyik.
Azərbaycanın öz dəst-xətti ilə seçilən yazıçı və şairlərinin əsərləri ilə gürcü oxucuları müntəzəm şəkildə tanış edəcəyik.
Onu da qeyd etmək istəyirəm ki, Məmməd Arazın tərcüməçilərindən biri olan Aleko Qabelaya mənimlə bərabər Sabir Rüstəmxanlının şeirlərinin, eləcə də onun Gəncə hakimi Cavad xana həsr etdiyi “Ölüm zirvəsi” romanının gürcü dilinə tərcüməsi üzərində işləyir.
Azərbaycan xalqının sevimli oğlunun, tanınmış şairinin ayrıca şeirlər kitabını və romanını gürcü oxucularına da çatdırmağı qarşımıza məqsəd qoymuşuq.
Elə qəzetdə verilən ön söz də bu barədə gürcü oxucularına məlumat verilib.
Almaz MİRZƏOĞLU
"ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetləri,
N: 30 (300), dekabr, 2014, səh.32.
.