SÖZün qədrini bilən şair

SÖZün qədrini bilən şair
Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qaşlara düyün vuracaq
Gözəl söz olsa da, söyləmə, burax!
(Nizami Gəncəvi)


Söz İlahidən gələn ilkin və əbədi varlıqdır. Sözün xiridarı isə şairlərdir. Şairlər sözü həm göylərə qaldıra bilər, həm də yerə endirib cılızlaşdıra bilərlər.
Ona görə SÖZə ehtiyatla yanaşmaq, onunla hörmətlə davranmaq gərəkdir.
Millətin, xalqın tərbiyəsində, onun mədəniyyətinin inkişafında və tərəqqi tapmasında ədəbiyyatın, yazıçı və şairlərin rolu danılmazdır. Sözləriylə xalqının mədəniyyətini, ədəbiyyatını, kimliyini bütün dünyaya tanıdan məhz onlardır. Yalnız SÖZün qüdrətiylə bütün dünyanı diyar-diyar dolaşmaq mümkündür.
Alman filosofu İohann Şefler söz haqqında belə demişdir: “Söz ilə öldürmək də olar, xilas etmək də. Söz ilə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da.” Hər bir insan sözünün dəyərini bilməlidir. Söz müqəddəsdir, dəyəri dünyalarla ölçülür, bəşəridir, əbədidir. Söz nadana deyil, onu qanana, onun həqiqi dəyərini bilənə söylənməlidir. Necə ki, nə vaxtsa yazdığım bir bəndlik şeirimdə olduğu kimi:

Sözü ucuz tutma, qanana söylə,
Nə adı şirniyyat, nə noğuldu söz,
Sözün hikməti var, dağı oynadar,
Nə qorxunc yuxudu, nə nağıldı söz.

Söz insanın daxili təzahürüdür. İnsanın dəyəri onun sözüylə ölçülür. Söz həm şirindir, həm də zəhər. Söz bəzən könüllərə sərinlik gətirər, bəzən isə atəş olub qəlbləri yaxar. Məhz

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz...
... Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.
deyən dahi Füzulini qəlbən yandıran,
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
deyən Nəsiminin dərisini soyduran da SÖZ olmuşdür.
Poeziya kəhkəşanın zirvəsində söz yox ki, əsl söz sahibləri, hər misrada böyük hikmətlər yaradan dahilər dayanır. Şübhəsiz ki, klassik yazıçılarımız, xalqın sevimlisinə çevrilmiş ustad nasirlərimiz də onlarla bir sıradadır. Səmimi olaraq etiraf etməliyik ki, belə dahilərimizlə yanaşı, ədəbi aləmdə şəhərdə yazıb-yaradanlarla bərabər bölgələrdə də yetərincə istedadlı şair və yazıçılarımız da vardır. Cəlilabad rayonunun Alar kəndində yaşayan, yazıb-yaradan belə şairlərdən biri də Ələddin Əzimlidir. Onun poeziyamızın müxtəlif janr və üslubunda yazdığı şeirləri həyatımızın bütün sahələrini əhatə edir. Şairin qələmə aldığı şeirlərin əsas mövzusunu vətənpərvərlik, el-obaya, doğma torpağa bağlılıq, vətən təəssübkeşliyi, ata-ana məhəbbəti, dostluq, sevgi və sədaqət, təbiətə vurğunluq, inam və etibar təşkil edir.
Mən sözə dəyər verən, onun qədrini bilən, özünü sözün əsiri hesab edən söz aşiqlərindən olan şair dostum Ələddin Əzimli ilə eyni orta məktəbdə müəllim işləmişəm. Mən həmin məktəbdə İngilis dilini tədris edirdim, o isə Azərbaycan dili və ədəbiyyatı. Əllədin müəllim həm yaxşı yoldaş, həm etibarlı, sədaqətli dost, həm də erudisiyalı müsahibdir. Onunla günlərlə söhbət etsən yorulmazsan. Çünki bu insanın həm də müsbət aurası var. Onunla söhbətdən sonra hər bir adam özündə mənən rahatlıq tapır, ruhən dincəlir. O, SÖZə həmişə ehtiyat və hörmətlə yanaşaraq, harda nə və necə danışmağı bilən şairdir. Ələddin müəllim danışarkən kimsənin xətrinə dəymək istəməyən, genişqəlbli, səmimi, dinləyicilərini özünə cəlb etməyi, onların könüllərinə yol tapmağı bacaran şairdir. Bir dəfə Aristoteldən “Gözəl söz nədir?” deyə soruşmuşlar. O, suala cavab olaraq “Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin xətrinə dəymən söz gözəldir” demişdir.
Ələddin müəllimin bu yaxınlarda “UniPrint” nəşriyyatı tərəfindən “Sən” adlı şeirlər toplusu kitabı işıq üzü görüb. Onu da xatırladım ki, şairin ilk şeirlər kitabı “Yarımçıq yuxular” 2004-cü ildə nəşr olunub. Bu kitabda şairin “Pəncərə arxasında düşüncələr”, “Günəş və torpaq”, “Gecə, düşüncələr...”, “Yarpaq ölümü”, “Yağışlı, küləkli günlərdə”, “Kəhər at”, “Qəriblik”, “Yaşantı”, “Uzun qış gecələrində”, “Mavi dəniz”, “Şəhidlərin ruhuna”, “Yaşıl ada”, “Bağışlayın günahımızı” və s. şeirləri toplanmışdır. Mən şair dostumun hər iki kitabı barədə nə vaxtsa fikir və düşüncələrimi oxucularla paylaşmaq qərarındaydım. Düzü, indiki zamanda söz adamı haqqında yazmaq insandan cəsarət tələb edir. Bu baxımdan mən bu yazımı şair dostum haqqında bir tənqidçi kimi deyil, bir oxucu kimi qələmə aldım. Çünki inamla deyə bilərəm ki, bu gün həm ədəbiyyatımız, həm də ədəbi tənqidimiz günü-gündən zənginləşir, inkişaf edir. Amma bəzən, “bu gün əsil ədəbiyyat yoxdur” deyənlər də tapılır. Mən isə bu fikirlə razılaşmıram. Bu gün respublikamızda yetərincə həm gənc nəsil, həm orta nəsil, həm də yaşlı nəsil yazıb-yaratdığı əsərlərində günün tələblərinə layiqincə cavab verə bilən ədəbiyyat nümunələrini ortaya qoya bilmişlər. İnciklik olmasın deyə, burada kimlərinsə adlarını sadalamaq istəmirəm. Sadəcə, demək istədiyim odur ki, bu günün ədəbi mühitinə, ədəbi yaradıcılığına qısqanclıqla yanaşmaq lazım deyil.
Şair Ələddin Əzimli böyük SÖZə həmişə önəm, dəyər verir, onun qədrini bilir. Bir dəfə şair dostumla söhbətində o, dedi: “Qardaş, bəzən mən sözün əsiri oluram, ondan heç bir yana qaça bilmirəm. Bəzən də SÖZ məni ağrı-acılardan, yorğunluqdan, yersiz düşüncələrdən xilas edir”. O, sözə ehtiyatla yanaşır, gözəl sözlərin naşı ağızlara düşməsini, onun aşağılanmasını istəmir, söz bazarında SÖZün dəyərini uca tutmağa çalışır. “Söz” şeirində dediyi kimi:
Bu söz
Hardan düşüb
Yol üstünə?
Tuş olacaq
Hər yetənin daşına.
Axırda çırpılacaq
Yoldan ötən maşına.
Bəlkə, sağ qaldı, ölmədi...
Ucuz olmasın
Söz bazarında.
Çiçəkləsin
Bir gənclik baharında.

Şair eyni zamanda SÖZün şəklini, tablosunu çəkmək istəyərək ona necə dəyər verdiyini göstərməyə çalışır:
Sözdən şəkil çəkmək istəyirəm
Üzümdəm şərab çəkilən kimi...
Şair nakam sevginin ürək çırpıntılarını, yuxusuz gecələrdə, qaranlıq küçələrdə axtarır. Həsrət dolu sevginin heç olmazsa yuxularına gəlməsini istəyir. “Yarımçıq yuxular”da olduğu kimi:
Hər gecə yuxular tabsız sap kimi,
Dolaşır əlimə, ayaqlarıma.
Narahat duyğular döyür qəlbimi,
İnana bilmirəm qulaqlarıma...

...Yuxular yarımçıq, sevgi yarımçıq,
Yarımçıq nə varsa düşüb payıma.
Həsrət heykəliyəm, ya özün gəl çıx,
Ya da ki, bütöv gir yuxularıma.

Ələddin Əzimlinin “Sən” adlı kitabında isə şairin son dövrlərdə qələmə aldığı şeirlər toplanmışdır.
Ələddin Əzimlinin şeirlərinin əsas qayəsini Vətən, sevgi, xeyirxahlıq, vətənpərvərlik, insan səmimiyyəti, təbiətə vurğunluq, insan idealına sədaqət təşkil edir. O, vətəni sevməyin poetik ifadəsinin ən yüksək bədii inikasını təcəssüm edən şairdir. Bu gün hamımızın ağrılı yeri olan Qarabağ dərdi də şairi bir vətəndaş kimi narahat edir, dərindən düşündürür. O, babalarımızın bizlərə əmanət etdikləri və miras qoyduqları torpaqlara sahib çıxa bilmədiyimizi, yağı düşmən tərəfindən işğal olunmasını özünə heç cür bağışlaya bilmir. Bu ağır dərd şairi için-için göynədir, yandırıb-yaxır. Və qələmini silaha çevirib Vətən övladlarını düşmən üzərində zəfər yürüşünə səsləyir:
...Gedər düşmən bu yerlərdən əbədi,
Qarabağım bu gün qiblə, Kəbədi.
Yüksələcək igidlərin məbədi,
Axan qanı saxlamğa gəlmişəm.

Bu torpağın hər bir daşı mənimdir,
Zəbt olunan hər qarışı mənimdir.
Namərdlərə mərd savaşı mənimdir,
Zəfər marşın bil, çalmağa gəlmişəm.

Şair dostumun iç dünyası sevgiylə, eşqlə, məhəbbətlə doludur. O, sevginin əsiri olduğunu da “Sevgi” adlı şeirində gizlətmir:
Seçib məni bu sevgi,
Ürəyimdən çəkilmir.
Odur bolluq, bərəkət
Çörəyimdən çəkilmir.

Qalxıram uca dağa,
Üz tuturam uzağa.
Nurdur başdan ayağa,
Diləyimdən çəkilmir...
Şairin qəlbi genişdir, xeyirxahdır, səmimidir. O, başqaları kimi, nə insanlardan, nə də həyatdan heç zaman küsmür. Əksinə, ruhdan düşdüyü anlarda, qəlbi haqsız yerə incidildiyi hallarda qələmə sarılaraq SÖZün ecazkar qüdrətinə güvənərək ona sığınır.
Ələddin müəllimin elə sətirləri var ki, onları həyəcansız oxumaq olmur. Sözlərin təsirindən içində sanki bir ocaq qalanır və sən bu ocağın istisinə qızınırsan.

Yarpaqlar yandırar məni,
Kül olmuş ocaqlar kimi.
Budaqdan üzüləndə,
Torpağa düzüləndə.

Və yaxud:
İstidən qovrulan,
kül kimi
göyə sovrulan
bu torpaq
möhtacdır
bir içim suya.
Və yaxud “Göz yaşı” şeirində dediyi kimi:
... Bu nə yaz,
nə payız yağışıdır.
Bu bizləri bir-birindən
ayrı salmaq üçün
ürək çırpıntısı,
göz yaşıdır...
Ələddin müəllim şeirlərində həmçinin insan-zaman amilini də qabardır, oxucunu həyatın gedişinin, insan taleyinin zamandan asılı olmadığını dilə gətirir:
Getdi, getdi...
Birdən dayandı.
Elə bil yuxudan oyandı.
Kal səslə kimsə çağırdı
Eşitmədi səsi.
Deyəsən təntidi nəfəsi.
Bəlkə də ürəyi dayandı...
... Həyatın gedişini,
Zamanın gərdişini,
Və insan taleyini,
Necə dəyişərdim?
Və yaxud:
Zaman
su deyil içəsən...
...Zaman
tarixin ölçüsüdür.
Zaman
köçdür.
izdir, səsdir.
Tükənməyən nəfəsdir.
nə əvvəli,
nə də sonu bəllidir.
Şair dostumun həzin notlar üzərində qələmə aldığı, ürəkləri oxşayan, qəlblərə nüfuz edən məhəbbət motivli şeirləri gənclik duyğuları ilə yaşayan insanlarda kövrək hisslər aşılayır və xatirəyə dönmüş günləri “Sənsizlik” şeirində yenidən yada salır:
Sənsizlik qoxuyur
Bu dəniz.
Dalğalar susub,
Yelkənlər qabarmır,
Hər şey səssiz-səmirsiz.
Arxadan
bu zaman
ilıq bir əl toxunur boynuma.
İndi anlayır və duyuram,
Sənsiz
Necə yaşayırmış
Bu dəniz
Və tənha bəndəniz?
Şair dostum deyir ki, mən o müqəddəs SÖZlə təkbətək qalanda düşünürəm ki, görəsən mən onu ram edə biləcəyəmmi? Sanki özümü SÖZlə duelə çıxmış kimi hiss edirəm.
Bəli, şair SÖZlə doğrudan da arenada təkbətək döyüşə çıxan cəngavəri xatırladır. O, əvvəlcə sözlə oynamağı qərara alır, sonra onu özünə ram edir, cilalayaraq sətirlərə düzür. Bu eyni ilə bənnanın kərpiclə ev hörməsinə bənzəyir.
Sosial qayğılardan xilas olmağa çalışan şair bəzən, “maddiyyat mənəvi ehtiyacları üstələyəndə mən sıxılıram, mənən sarsılıram, əbədiyaşar SÖzün dəyərdən düşdüyünü zənn edirəm. Məni ən çox da üzən SÖZü ucuz tutan, onun qədrini və dəyərini bilməyən insanlarla eyni cəmiyyətdə çiyin-çiyinə yaşamağımdır” deyə bədbinliyə qapanır. Amma onun yaşadığı cəmiyyətdə həmişə sosial ədalətsizliyə qarşı mübariz olması onu bu bədbinlikdən xilas edir.
Şair SÖZün ölümünü ağır faciə kimi qarşılayır. “Sözün ölümü” şeirindəki dediyi kimi:
Bu sözü
Diriykən öldürdülər
Qəbrini qazdırdılar,
Adi qaydada
basdırdılar.
Soruşan olmadı
Səbəbini.
Sonra da
Ziyarətgaha çevirdilər qəbrini.
Uzun illərin həsrətindən sonra şair Təbriz şəhərini ziyarətə gedir. O, hamımıza doğma olan şəhəri uzaqdan görəndə, qəlbi bu ayrılığa dözə bilmir, kövrəlir, hətta göz yaşlarına hakim ola bilmir. Dərin bir köks ötürüb qəlb yanğısıyla deyir:
Ürəyim döyünür qəfəs içində,
İlahi, qulunam, Təbrizi gördüm...
Sən demə yuxu da haqq, çin olarmış,
Doğmalar, əzizlər qucaqlaşarmış,
Şəhriyar uyuyan möcüzü gördüm...
Qardaşlar, Təbrizi ziyarət edin!
Mən burda doğmamı, əzizi gördüm...
Şeyx Səfiəddin qonşu yurdudur,
Xətai nurunu, gündüzü gördüm...
Şükür, bu günə də biz şükür deyək,
Yoluma nur saçan mərkəzi gördüm,
İlahi Şəhəri – Təbrizi gördüm!

Ələddin Əzimli həm də elini-obasını, dədə-baba yurdunu dərin bir məhəbbətlə sevən şairdir. Belə ki, o, babalarının ilk məskən saldığı Yardımlının Şahnişin yaylağını dilə gətirərək bir daha babalarının xatirəsini hörmət və ehtiramla yad edir. “Şahnişinli Alı babam” şeirindəki kimi:

Babam Alı yurd salıb
Bu dağların döşündə.
Ömrünü başa vurub
Şah verən Şahnişində...

Nəsil artıb, törəyib
Aşanda yurd səddini.
Babalarım saldılar
Burda Alar kəndini.

Beləcə pöhrələndi
İkinci Alar kəndi.
İndi bu yerlər abad
Gül-çiçəkli çəməndi...

Cəlilabad -Yardımlı,
İki Alar - iki el.
Deyirlər, bu türk kökü
Yayılıbdır elbəel.

Ələddin müəllim hər hansı bir şeirini yazıb tamamladıqdan sonra rahatlanır və özündə qeyri-adi məmnunluq hissi yaşayır.
Bundan sonra o, dərindən köks ötürərək, “ah, təbiət necə də gözəldir.
Bu təbiəti gözəlləşdirən hələ insanları demirəm!..” deyən şairin qəlbinin necə geniş olduğunu, qəlbində kimsəyə qarşı qətiyyən kin-küdurət olmadığının bariz nümunəsini göstərir.

SÖZü daim uca tutan, ona dəyər verən, qədir-qiymətini bilən və ona hər zaman hörmətlə yanaşan şair qardaşım Ələddin Əzimliyə bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini oxucularımıza ərmağan edirik.

Camal ZEYNALOĞLU
.





Ələddin Əzimli

Yad qapılar


Yad qapıların arxasında
dayanmaqdan bezmişəm.
İşə bax, bezib şeirlərim də.
hərlənib-fırlanıb
yenə bu qapıya gəlmişəm.
Bağışlayın,
heç özüm də bilməmişəm.

Ahıllıqda

Cavanlıqda
qısa şeirlər yazardım.
Ahıllıqda
boyum uzanıb deyəsən
şeirlərim kimi...

Ovsun

Yaxşı şeir də
bənzəyir yaxşı musiqiyə.
Elə birinci sözdən,
ilk akorddan
düşürsən ovsuna.
Kimi çağıracaqsan köməyə
bu gecə vaxtı?
Vədəsiz qonaqları
otağından qovsunlar.

Əzab

İnanmıram
bir də səni
salam yadıma,
heç olmasa, zəng eləyəm,
Təzə bir söz söyləyəm.
Sən isə inan
dediklərimə.
Ağrıdan, əzabdan
nələr çəkdiklərimə.

Yaş

62-nin içindəyəm.
Nə vaxt gəlib çatmışam
bu gədiyə?
Deyəsən, bu anacan
heç baxmamışam da
geriyə?
Ey, qarşıda gedən
ucadan çağırma,
eşidirəm səsini.
Qoy bir az dincəlim,
Yoxuşun o üzündə də olsan
Gəlib tapacağam səni...

Sual

İçimdə bir ağrı var,
gecə-gündüz ağrıdır.
Hərdən-hərdən ağlayır,
isladır yastığımı.
Suallar verir mənə,
daş kimi ağır,
pambıq kimi yumşaq.
Sonra da
baxır üzümə fağır-fağır...

Eşqin ağırlığı

Eşqin ağırlığı
çiyinlərə
bir dəfə qonurmuş.
Ağaclar isə hər bahar
çiçəkləyir, solurmuş.
Uduzdum o zamanda.
Süstləşirəm hər dəfə
o anları xatırlayanda.

Bilməcə

Şeirlər yazılır
gecə vaxtı.
Sinələr azad olur sözlərdən.
Yavaş-yavaş çiçəklənir
Tanrının taxtı.
Belədir
Neçə illərdir
belədir.
İnciməsin şairlər,
bu da bir oyun,
bu da bir bilməcədir.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Saf sevgi süzülür onun misralarından...

Saf sevgi süzülür onun misralarından...

Ədəbi tənqid
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar
Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axta ...

Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axta ...

Ramiz Abdullayev
MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

Ədəbi tənqid
VƏLİ TOMAYEV (1923-1964)

VƏLİ TOMAYEV (1923-1964)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Elçin Hüseynbəyli:

Elçin Hüseynbəyli: "Vətən boyda şair – Zəlimxan Yaqub"

Əsas xəbər, Ədəbi tənqid, Bolus
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Yeni nəşrlər, ADPU, Başkeçid, Ağbulaq
CƏNUBDAN BOYLANIŞ: GÜLBALA TEYMURDAN

CƏNUBDAN BOYLANIŞ: GÜLBALA TEYMURDAN

Regionlar
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
İNANIRAM Kİ, BU SÖZ BÖYÜYƏCƏK

İNANIRAM Kİ, BU SÖZ BÖYÜYƏCƏK

Başkeçid, Təbriklər
Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ

Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ

Bolus, Müşfiq Borçalı
Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Naxçıvan, Elm
Yurd pərvanəsi

Yurd pərvanəsi

Yeni nəşrlər, Qərbi Azərbaycan
“Haqqdan yanan çıraq  sönməz” – onu bil

“Haqqdan yanan çıraq sönməz” – onu bil

Poeziya, Borçalı, Zalqa
Bir şairənin ömür payına düşən həyat...

Bir şairənin ömür payına düşən həyat...

Bolus
Poetik duyğuların zərif və səmimi ifadəsi

Poetik duyğuların zərif və səmimi ifadəsi

Humanitar elmlər, Ədəbi tənqid, Bədii Tərcümə
Haqq şairi, fəzilətli din xadimi

Haqq şairi, fəzilətli din xadimi

Borçalı, Bolus
Rəy yazın: