Allahverdi TƏHLƏLİ: Demək ki, yazıya pozu yoxuymuş...

Allahverdi TƏHLƏLİ: Demək ki, yazıya pozu yoxuymuş...
ALLAHVERDİ TƏHLƏLİ (1957)

Allahverdi Salman oğlu Əhmədov (Təhləli) 1957-ci il aprelin 28-də qədim Qa­rayazı (in­di­ki Qardabani) rayonunun Qaratəhlə kəndində anadan olub. Mos­kvada M.Qor­ki adına Ədəbiyyat İnsti­tutunda qiyabi təhsil alıb. 1974-cü ildən mətbuatda müntəzəm çıxış edən A.Təh­ləlinin şeir­ləri neçə-neçə qəzet və jurnallarda, məcmuə və top­lularda işıq üzü görmüşdür. «Uşaq­lı­ğımda…», «Kən­dimiz da­va­dan uzaq olsa da», «Ömürlər… güllələr…», «Ata­ma» («Çeş­mə», 1980), «Yad­daşlarda gedən dava», «Abdullanın oğ­luna bir neçə sual», «O payız ax­şamı…», «Ümid» («Dan ulduzu», 1987), «Bir söz iməkləyir içimdə, Allah», «İtimiz uladı bir gecə vaxtı», «Ba­xıram bu dünyaya» («Dan ulduzu», 1990), elə­cə də «Qismət» («Azər­bay­can» jurnalı, 1987, № 9), «Qoş­qu atları», «Si­nəmi Dantes gülləsi…», «Bu dərdin dili yoxdu…» («Gənclik» jurnalı, 1988, № 1) və s. şeirləri, baş­lıqlardan da göründüyü kimi, bir-birin­dən maraqlı mövzulara həsr olunmuşdur.
Aşağıda Allahverdi Təhləlinin bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI.

(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi".
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.150-151.)



Allahverdi TƏHLƏLİ

«Abdullanın oğluna bir neçə sual»

Deyə bilərsənmi, ay Abbas qağa,
Palıd ağacına, qoz ağacına
Dimdiyi nə deyir ağacdələnin?

Təhlədə, Sarvanda, Kəpənəkçidə -
Ovcunu yağışa tutan uşağın
Nə deyir ovcuna yağan yağışlar?

Ehey… Qulaqları darı dələnim…
Nə deyir harayı durnanın göyə?
Nə deyir harayı zurnanın toya?
Nə deyir torpağa atların nalı?

Günü göy əskiyə bükülüb gedən,
Dolmuş bulud kimi sökülüb gedən -
Qardaş ölümünə, dost itkisinə
Nə deyir, nə deyir göz yaşlarımız?

Bir də qapımızı, pəncərəmizi
Küləyin əliylə kim döyür, Abbas?
Hörümçək toruna ilişib qalan
Kəpənək çırpınıb…nə deyir, Abbas?

Daha nə soruşum, nə xəbər alım?
Eh, ağır taxtalı, lopabığ kişi?
Nə dedik dünyaya gəlişimizlə?
Deyə bilərsənmi, nə deyəcəyik
Dünyaya-dünyadan gedişimizlə?


MƏNİM MƏMLƏKƏTİM BUDUMU, BƏYLƏR?

Mənim məmləkətim budumu, bəylər?
Bə niyə qaşları çatıqdı belə?
Bə niyə yanağı batıqdı belə?
Bə niyə üyüşüb üz gətirməmiş,
Qaymağı alınan qatıqdı belə?
Mənim məmləkətim budumu, bəylər?

Axı qumrudusa niyə ötməyir,
Niyə oxumayır qudusa, axı?
Niyə durulmayır sudusa, axı?
Mənim məmləkətim budusa, axı…
Mənim məmləkətim budumu, bəylər?

Gözümün tumruca yaşıdı ki, bu,
Qaralır bir kibrit başıdı ki, bu.
Qapıb tolazlayır kim hara gəldi…
Bəylər, tolamazqı daşıdı ki, bu.

Bir əldən kiçilir yanan şam kimi,
Bir əldən kiçilir, balacalanır…
Dev-dev qalaları qalacalanır.
Mənim məmləkətim budumu, bəylər?
Yoxsa gözlərimmi alacalanır?


TƏKLƏLİ, HAQDANDI YAŞIN

Könlümün şahı sevdası,
İşimdə haqq sevdası var.
İçimdə Yahi sevdası,
Dışımda haqq sevdası var.

Dilimin hər şikəstəsi,
Ulu Haqqdandı bəstəsi.
Gündüzüm Tanrı xəstəsi,
Duşumda haqq sevdası var.

Təkləli, handa alp yaşım,
Dostun halaldı başım.
Haqqdan bəlalıdı başım,
Başımda haqq sevdası var.


Mən qurda döndüyüm gecə

O bəxt məndə haqdandı ki,
Qonşumun qızı olasan.
Mən qurda döndüyüm gejə,
Sən əmlik quzu olasan.

Yelə dönüb öpəm səni,
Tacı sanar təpəm səni.
Yaram üstə sərəm səni,
Evimin düzü olasan.

Mələksən gəzmə dörünən,
Yıxıqdı könlüm hörünən.
Tanrının mənə görünən,
Bəlkə xan üzü olasan.

Dəmirqapı-Dərbənd könül,
Yol vergil yoxlayım səni.
Mina boynuna dolanan
Qol vergil yoxlayım səni.

Sən bir ayın haləsi tək,
Mən bir neyin naləsi tək.
Dol bir mey piyaləsi tək,
Dol, vergil yoxlayım səni.

Güldür güləsini mənə,
Sözün giləsini mənə,
Ver haqq çiləsini mənə,
Bəlkə xoş yoxlayım səni.

* * *

Mən bir neyin naləsi tək


Neyçün budağından qopanda yarpaq,
Dönür bir kəpənək qanadlarına?

Görən, yuvasını yuyan yağmuru,
Arının könlündən sancmaq keçibmi?

Niyə Qarabağı qaytarmağı biz,
Qədirin səsindən öyrənməyirik?

Şehlə silələnmiş gözünü, lalə.
Şərab badəsimi sanır, görəsən?

Nədən, qanadını yelpik eyləyən
Quşları çarmıxa çəkir göy üzü?

Dərisi qavala üz olan oğlaq,
Niyə mələrtini eşidəmmirəm?

Görən kəfən biçə bilərmi kimsə,
Mənə bu gecənin ay işığından?

Kim deyər, canına çöl yovşanının
Məmləkət qoxusu hanjarı hopub?


* * *

Demək ki, yazıya pozu yoxuymuş,
Demək ki, taledən qaçılan deyil.
Dünyanın ən mağmın adamı mənəm,
Dost, mənim heç falım açılan deyil.
Yedirdim qaragül quzumu qurda.

Dünyanın ən mağmın adamı mənəm,
Xam düşüb, quzumu "xələt" elədim.
(Min günah işləyir ömründə hərə),
Mən də tək bircə yol qələt elədim.
Yedirdim qaragül quzumu qurda.

Ömrümdə bircə yol qələt elədim,
Xam düşüb, quzumu "xələt" elədim,-
Yükləndim şeytanın qəzasını mən.
Mələyə-mələyə qalmışam indi,
Çəkirəm suçumun cəzasını mən.

Mələyə-mələyə qalmışam indi,
Meylimi dərdimə salmışam indi.
Deməyin bu da bir oyun olmasın.
Yedirdim qaragül quzumu qurda...
Dedim ki, böyüyüb qoyun olmasın.

* * *

Anlarsan məni əhli-hal,
Hal olan vaxtı, yavrum.
Kirpik ucunda göz yaşın
Xal olan vaxtı, yavrum.

Göz ki, şırğaya umsunur,
Könüldə sarı sim sınır.
Arı gül üstə sümsünür,
Bal olan vaxtı, yavrum.

Barın budağın əyməmiş,
Qorxuram ki, bir səy Məmiş
Dərər də səni dəyməmiş
Kal olan vaxtı, yavrum...


Allahverdi TƏHLƏLİ: Demək ki, yazıya pozu yoxuymuş... AYVAZ ƏLLƏZOĞLU - 60

Daha o gördüyüm kənd deyil, Ayvaz,
Tabağa dönübdür teşti o kəndin.
Təkləli Novruzun dilinən desəm
-ay lələ bir dərdi beşdi o kəndin.

Daha o gördüyün kənd deyil,
Ölüb, Əlləzoğlu o lələn daha
Məni tanımırsa Alvan dağları..
Səni tanıyarmı o bələn daha.

Daha o gördüyün kənd deyil, Ayvaz,
Dindimi dilində qədək görünür
Sınırın bu biri üzündə qalıb,
Dili yad yanında gödək görünür...

Bəlkə yaxa yırtaq, bəlkə üz cıraq
Bəlkə dad eləyək-dadamal olduq
Bu biri üzündə qaldıq sınırın..
Yenə yağmalandıq, yada mal olduq...

Bəlkə də bilmirik, tərəkəmənin
Elə dib-dəhnədən uruğu yoxmuş.
İçi biz qarışıq o elin lələ,
Söz deyən bir kişi qırığı yoxmuş.

Ayvaz Əlləzoğlu daha nə deyim,
Bir el var-bir çölün düzündə qalıb,
Bir el var-əlləri dizində qalıb,
Yad bayraq altında təpəl quzudur...
Gözləri dünyanın üzündə qalıb...

Allahverdi Tekleli

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: