Bu gün dəyərli eloğlumuz,
tanınmış ictimai-siyasi xadim,
məşhur "91-lər"-dən və
Yeni Azərbaycan Partiyasının
yaradıcılarından olan
istedadlı şair Munis Bayramovun
doğum günüdür!..
Tanış olun:
Bayramov Munis Məmməd oğlu -
18 noyabr 1962-ci ildə qədim Borçalı mahalında -
indiki Gürcüstanın Bolnisi şəhərində anadan olub.
1984-cü ildə Həsən bəy Zərdabi adına
Gəncə Dövlət Pedoqoji İnstitutunun
(indiki Gəncə Dövlət Universitetinin)
filologiya fakultəsini,
1999-cu ildə isə Bakı Dövlət Universitetinin
hüquq fakultəsini fərqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyətinə İsmayıllı rayonunda müəllimliklə başlayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) təsisçilərindən, məşhur 91-lərdən biri olmuşdur.
YAP-ın idarə heyətinin (1992-1999), YAP Siyasi Şurasının üzvü olmuşdur (1999-2005).
1997-ci ilin oktyabr ayından 2000-ci ilin sentyabr ayınadək Bakı şəhərində
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır.
2001-ci ilin iyul ayından isə Bakının Qaradağ Rayon İcra Hakimiyyətində
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.
Munis Bayramov Birinci dərəcəli dövlət qulluqçusudur.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü ildə
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə,
2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Münis Bayramov hələ uşaqlıq illərindən nəinki Ulu Borçalının, eləcə də bütün türk dünyasının ən məşhur, ən böyük ustad aşıqlarından olan Hüseyn Saraçlının, Dədə Əmrahın, Xan Kamandarın sazı-sözü ilə böyüyüb və heç özü də bilmədən elə həmin vaxtlardan da saza-sözə aşıq olub, poeziyaya vurulub. Gənclik illərindən isə müntəzəm olaraq poeziya yaradıcılığı ilə də məşqul olmağa başlayıb.
Min dəfə dinləmək istərəm azı,
O şirin ləhcəni, şirin avazı,
Kamandarın səsi, Əmrahın sazı,
Munisi Hüseynin özü dindirər!
- deyən Munis Bayramovun şeirləri elə o vaxtdan da əvvəlcə Bolnisidə Azərbaycan və gürcü dillərində nəşr olunan "Qələbə bayrağı" adlı rayon qəzetində, Tiflisdə Azərbaycan dilində nəşr olunan "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") adlı mərkəzi respublika qəzetində, daha sonralar isə Azərbaycanda nəşr olunan bir sıra mətbuat orqanlarında,
o cümlədən, "Ziya", "Təhsil", "Şərqin səsi", "Borçalı" qəzetlərində, poeziya almanaxlarında, ədəbi məcmuələrdə, son dövrlərdə isə "Zirvə" poeziya antologiyasında və müxtəlif internet saytlarında dərc olunub.
Saraclıdı ata yurdum binadan,
El içində saysız hallar yaşayır!
Nələr gəlib, nələr gedib dünyadan,
Xatirə tək qilü-qallar yaşayır!
Borçalıda sazda, sözdə bir olan,
Açılmamış tarix olan, sirr olan.
Hər söhbəti hikmət dolu dürr olan,
Deyilməmiş çox misallar yaşayır!
Babam açıb Mədinədə orcunu!
Belə verib Haqqa olan borcunu.
Yada düşür köhlən atın xurcunu,
Hər qapıda dəmir nallar yaşayır!
- deyən şair "Saraçlı" (2002) sərlövhəli şeirində qədim və doğma kəndini necə də gözəl tərənnüm etmişdir.
Babam deyib, torpaqdan heç pay olmaz,
Qeyrət çəkər, oğlu, qızı zay olmaz,
Saraclının gözəlinə tay olmaz,
Gül yanaqda qoşa xallar yaşayır!
Yaşı qədim, kimdən alım qəbzini,
Tez tuturlar zəmanənin nəbzini,
Qoruyan var ləpirini, izini,
Boz çuxalar, tirmə şallar yaşayır!
Bu yazdığım bir töhvədir birinci,
Ay Saraclım, nə məndən küs, nə inci.
Övladların qədirbilən bir inci,
Neçə-neçə əhli-hallar yaşayır!
Mən Munisəm bir sevgi var dərində,
Təbiəti, dağı-daşı yerində,
Müdrikliyi, ağlı-huşu yerində,
Ağbirçəklər, ağsaqqallar yaşayır!
Munis Bayramov həm də iki kitabın -"Mənə Şair Deməyin" adlı iri həcmli şerlər toplusunun və
"Türkün Dastanı" adlı iri həcmli poemalar toplusunun muəllifidir.
“Türkün dastanı”nda:
Əcdadım Türk, əslim Türkdü, nəslim Türk!
Bu ad ilə fəxr etməyim niyə mən?!
Əzəl gündən Tanrı deyib durmuşam!
Üz tutmuşam gecə-gündüz Göyə mən! -
- deyən şairin artıq sayca 3-cü kitabı da nəşrə hazırdır.
Biz də dəyərli ziyalımız, tanınmış dövlət qulluqçusu,
istedadlı şair, çox hörmətli Munis Bayramova
uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də, dövlət qulluğu vəzifəsində və
poeziya yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
Fürsətdən istifadə edərək, eyni zamanda onu
doğum günü münasibətilə ürəkdən təbrik edirik!..
Və aşağıda Munis Bayramovun bir neçə şeirini
turan.info.azı-ın sevimli oxucularına təqdim edirik!..
Müşfiq BORÇALI,
turan.info.az
GÖRMÜŞƏM
Ustad Aşıq Hüseyn Saraçlıya
Aşıq, məclisinə varanda sənin
Telli saz sinəndə çalan görmüşəm.
Mələklər tökülüb gəlib yerlərə
Təbini göylərdən alan görmüşəm.
“Misri”, “Cəngi” cövlan edir sinəndə,
Dağ tərpənir Qoç Koroğlu dinəndə,
Dəli Həsən Ərəb atı minəndə
Müxənnət ölkəsin talan görmüşəm.
Abbası Gülgəzə yetirəndə də,
Qəribi Hələbdən gətirəndə də,
Kərəmi Gəncədən ötürəndə də
Sənətkar qəlbini dolan görmüşəm.
Ruhlar təzələnib, könül şad olub,
Orda Firon olub, Keyqubad olub!
Nə vaxt ki, Ələsgər, Alı yad olub
Şenliyi yadına salan görmüşəm.
Ay ustad, sənətdi Munisin varı,
Ötür neçə qışı, neçə baharı.
Keçmişi yaşadan sənətkarları
Nəsillər qoynunda qalan görmüşəm.
Bolnis, iyun, 1982.
FAXRALI
Borçalıda ağır eldi Faxralı,
Torpağına bircə əvəz tapılmaz!
Bu yerlərdə səni qonaq almaya,
Belə insan, belə bir kəs tapılmaz!
Süfrəsinin dadı-tamı kəm olmaz,
Üzlər gülər, könüllərdə qəm olmaz,
Belə sevinc, belə nəşə, dəm olmaz,
Belə istək, belə nəfəs tapılmaz!
Çıx çəmənə, sıx meşəyə, düzə sən,
“Saxundurun dərəsi”ndə gəzəsən,
Söylə, necə ayrılığa dözəsən?
Belə dilək, belə muraz tapılmaz!
“Səkkizayaq” əsrlərdən qalan iz,
Eşqim dünya, məhəbbətim bir dəniz.
Təbiətlə dayananda üzbəüz
Bu həvəsə çatan həvəs tapılmaz!
Söz deyəndə tükənərmi sözlərin,
Yoxuşlarda yorularmı dizlərin?
Zillənəndə telli saza gözlərin
Nə belə zil, nə belə pəs tapılmaz!
Vurğun oldum bu obaya, elə mən,
Həm dumana, həm yağışa, selə mən,
Könül verdim hər çiçəyə, gülə mən,
Burda bitən lalə, nərgiz tapılmaz!
Bir aləmdi bu yerlərə səyahət,
Şair Nəbi oylağına ziyatət!
Munis, bu hal, bu səxavət, ləyaqət
Bunnan sonra dünyanı gəz, tapılmaz!
Faxralı, may, 1982.
Ol
Əgər istəmirsən haqqın pozula,
Nə hüquq pozan ol, nə haqq pozan ol!
Hər kəsin yazılı bir qisməti var,
Nə yuxu yozan ol, nə bəxt yozan ol!
Ustaddan aldığın dərsin yoxdusa,
Zilin korlanıbsa, pəsin yoxdusa,
Ruhları oxşayan səsin yoxdusa,
Nə aşıqlıq eylə, nə də ozan ol!
Yalanlar baş alsa evlər yıxacaq,
Günahlar üstünə günah yığacaq,
Nə vaxtsa həqiqət üzə çıxacaq,
Nə böhtan atan ol, nə şər yazan ol!
Eşmə dəmyə yerdə yersiz bir quyu,
Mənbə qurudursa tapılmaz suyu,
Munis deyənə bax, gəl rahat uyu,
Nə tələ quran ol, nə gor qazan ol!
Ay gözəl
Səhər-səhər çıxdın mənim qarşıma,
Elə bildim günəş doğdu, ay gözəl!
Düşündüm ki, behiştdəki mələksən,
Nəfəsimi qəhər boğdu, ay gözəl!
Camalında dan yerinin bərqi var,
Dodağında könül açan şərqi var,
Hər gözəlin bir gözəllik fərqi var,
Nə olsun ki, gözəl çoxdi, ay gözəl!
Mən Munisəm, qəlbim eşq həvəsində,
Bir dünyanın mənası var səsində,
Bu görkəmdə, bu duruşda, bu sində,
Yer üzündə tayın yoxdu, ay gözəl!
Qardaş
Çox şeyləri almaq üçün
Ümid qalıb pula, qardaş!
Zəmanə döndərib bizi
Elə bil ki, qula, qardaş!
Könlüm gileylərlə dolub,
Dərd diz çöküb, saçın yolub,
İnsandan qiymətli olub,
Küçədəki tula, qardaş!
Artırma qəlbin qəmini,
Öldürmə kefin dəmini,
Munis deyir tap çəmini,
Qoy işləri yola, qardaş!
Zamanın hökmü
Zaman hökmünü versə,
Qoymaz daşı daş üstə!
Onda deyilməyəcək,
Hər kəlməyə baş üstə!
Kiməki Xuda dəydi!
Bükdü, qəddini əydi.
Qəlb elə görünəydi,
Nə görünür qaş üstə!
Haqq sevən səsdən düşməz!
Yolu qəfəsdən düşməz,
Munis həvəsdən düşməz,
Yaş gəldikcə yaş üstə!
Gözəllərə xitab
Hər gözəl qürrələnib,
Deməsin, məndən yoxdur.
Bu dünyada onların
Sayı həddindən çoxdur.
Gözəllik gözəllərə
Haqqın verdiyi paydı!
Gözəl var pürkamallı,
Gözəl var ağlı zaydı.
Əsil gözəl odurki,
Sözlə ülfət bağlasın.
Dərrəkanı, görkəmi,
Bir vəhdətdə saxlasın!
Çevrilir
Ürəyimə yağan yağış
Həsrətdən qara çevrilir!
Gözlərimdə görünən yaş
Dönüb buxara çevrilir!
Yaşayırıq çətin-çətin,
Biz olmuşuq daşdan mətin,
Bir də görürsən qismətin
Üzü divara çevrilir!
Çoxu alammır haqqını,
Odur ki, qaradır qanı,
Eh, Munis, etibar hanı?
O da bazara çevrilir!
* * *
Tanrı payıdırsa hər zeh, hər naxış,
İnsan ziyasıdır hər fikir, baxış.
Cənubdan o qədər təhlükə olmaz,
Şimaldan gəlməsin boran, qar, yağış.
turan.info.az
.