QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ (1920-2008)
Bu günlərdə ağır elli, saz-söz diyarı Borçalıda ezamiyyətdə olarkən bir el sənətkarı ilə görüşdüm. Adını çoxdan eşitsəm də, üzünü görmədiyim saz-söz qəhrəmanı Qırxılı Aşıq Hüseyn əmi ilə tanış olduğum üçün çox şad və məmnun oldum.
Şirin söhbətləri, şaqrar nəğmələri ilə Borçalıda neçə-neçə toy məclislərini zinətləndirən, minlərlə sənətsevərin qəlbini oxşayan Aşıq Hüseyn həmin gün sədəfli sazını kökləyib sinəsinə basdı, kirpiklərini qaldırdı... və həzin bir səs mülayim-mülayim ətrafa yayıldı. Hüseyn əmi çalıb-oxuyur və oxuduqca da sazın sehrilə uyuyur, gəzib dolaşdığı barlı-baharlı Borçalı yaylaqları, məşhur Qarayazı meşələri, zirvələri buludlardan su içən, başı həmişə düm ağ, qarpapaqlı Başkeçid dağları, durna gözlü buz bulaqlar gözləri önündə canlanır, sanki, o, ruhlanaraq bir qədər cavanlaşır, daha gur səslə könlümüzü oxşayır, bizi, necə deyərlər, bir anlığa bütün aləmdən ayırır və həmin dəqiqələrdə özünün yaşadığı şirin xəyallar aləminə aparırdı...
Qırxılı Aşıq Hüseyn həmin gün «Baş sarıtel», «Borçalı», «Dilqəmi», «Dubeyti», «Yurd yeri», «Kərəmi», «Göyçə gülü», «Gəraylı», «Misri», «Ruhani», «Şah Xətai» və s. havalarını özünəməxsus şirinliklə, ürək yanğısıyla ifa etdi...
Qırıxlı Aşıq Hüseyn Əli oğlu Kərimov 1924-cü il mayın 20-də Borçalının Qırxılı kəndində dünyaya göz açıb. 13 yaşından Şair Ağacanın şəyirdi olub. Saysız- hesabsız ustadnamələri, dastanları, divaniləri, təcnisləri, müxəmməsləri, gəraylıları, dodaqdəyməzləri, qoşmaları, rəvayətləri və s. sinədəftər edən Aşıq Hüseyn az bir vaxtda bütün Borçalıda el sənətkarı kimi tanınıb. O, Aşıq Hüseyn Saraçlının, Mikayıl Azaflının, Aşıq Kamandarın, aşıq Ədalətin, sevimli şairlərirmizdən S.Vurğunun, O.Sarıvəllinin, H.Arifin və b. saz-söz ustadlarının qiymətli incilərindən nümunələri xalqa çatdırıb. Şair Ağacanın, Faxralı Şair Nəbinin, Aşıq Şennikin, Porsunlu Məzahirin və başqalarının yazılı ədəbiyyatda hələ də öz əksini tapmayan şeirlərini məclislərdə oxuyur, unudulmağa qoymur. Borçalı saz məktəbini daim yaşatmaq üçün əlindən gələn köməyi gənclərdən əsirgəmir. O, eyni zamanda «Mərdanə» təxəllüsü ilə şeirlər də yazır...
Hüseyn əmi söhbət zamanı ustadı Şair Ağacanın adını tez-tez, həm də xüsusi hörmətlə xatırlayaraq, onun böyük əməyini heç vaxt unutmayacağını qeyd etdi ki, «Ustadımın 13 şəyirdi olub, səkkizinci şəyird mən olmuşam. Xındı Məmməd, Quşçu İbrahim Aşıq Ağacanın sonuncu şəyirdləri oldular. Bəli, Şair Ağacanın necə ustad olduğunu onun şəyirdlərinin bacarığına görə təyin edə bilərsiniz...»
«- Qadan alım, bir üç il əvvəl gələrdin, görərdin Hüseyn əmin necə çalıb-oxuyurdu», - deyərək Aşıq Hüseyn ah çəkdi. - «Oğul, bu xaçpərəstlər belimi qırdı. Oğlum Əhmədi 1989-cu ildə Borçalıda baş vermiş məlum olaylarda millətçilik üstə günahlandırıb həbs etdilər. Nəydi günahı? Bir dəstə adam, bəlkə də «gürcüləşmiş» ermənilər (belələri, yəni ad və soyadını dəyişdirib «gürcüləşdirən» ermənilər Gürcüstanda çoxdu! - M.Ç.) gəlib Borçalıda hay-küy saldılar ki, bura gürcü torpağıdır, siz qonaqsınız, qonaq qalmaq isə nə qədər olar? Oğlum Əhməd isə «dəliqanlılıq» edib, deyib ki, xeyr, Borçalı bizim dədə baba torpağımızdır!.. Allaha şükür, indi qayıdıb gəlib. Mən də bir az özümə gəlmişəm. Amma deyim ki, hələ tam açılmamışım. Qadan alım, inşallah, qurban demişəm, cənnət Qarabağımız murdar düşmənlərdən təmizlənsin, ulu ustadımız Ələsgərin qəbri üstə üçrəngli milli bayrağımız sancılsın, gör nə çalıb-çağıracam!..».
Amin!.. Hüseyn əmi, darıxma, o gün də uzaqda deyil. Görünən dağın dibi yaxın olar, deyiblər.
Sağlıq olsun, əlbəttə, inşallah, arzuladığın o gün də görəcəyik!..
Müşfiq BORÇALI,
1992
Bax: Müşfiq Çobanlı. «Qırxılı Aşıq Hüseyn». «Ziya» qəzeti, 1992-ci il;
Müşfiq Çobanlı. "Çağdaş Borçalı Ədəbi Məktəbi". Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. 79-80.
«Qırxılı Aşıq Hüseyn».
P.S.: Qırxılı Aşıq Hüseyn Mərdanə 2008-ci ildə vəfat edib. Allah rəhmət eləsin!..
turan.info.az
.