MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ Qədim dostum rəhmətlik Eyvaz Əlləzoğlu tez-tez deyirdi ki, istedadlı, zəhmətkeş adam dədəmin goruna da söysə, elə də incimirəm, bir az ağızlaşıram və unuduram gedir. Və... ardınca çılğıncasına, yalnız özünə xas olan tərzdə (bu yerdə ortaq dostumuz Sahil Vətənoğlunu xatırlayıram və üzümə təbəssüm qonur, çünki dəfələrlə bu cümlələr onun yanında da işlədilmişdi və Vətənoğlu gecələr də mənə zəng edib şaqqanaq çəkirdi) əlavə edirdi: - Amma bezdarnı adamların heç tərifini də sinirə bilmirəm, cin-cin oluram.

Bu yazım zəhmətkeş və dəlisov dostum, Tiflisin “yeriyən xəritəsi” Mirzə Məmmədoğlu haqqındadır və sayca ikincidir;
ilk yazımı isə, yanlış xatırlamıramsa, 2009-cu ildə onun redaktoru olduğum sanballı “Qədim Tiflis” kitabına ön söz olaraq yazmışam. Sonralar, “Varlıq” qəzetinin kollektivi formalaşanda, Tapdıq Yolçu, Afiq Muxtaroğlu, Cambul Məmmədli ilə birgə onu da kollektivə dəvət etmişəm və xeyli müddət fədakarcasına birgə çalışmışıq. Burası gələcəyin mövzusudur, o üzdən kiçicik bir haşiyə ilə mövzunu dəyişmək istəyirəm.

“Ədəbi Gürcüstan” almanaxını nəşrə hazırlayırdım, 2006-cı il idi, heç bir yerdən heç bir dəstək yox idi, hətta, o zamanlar bəzi dostlarım məni bu “gəlirsiz”, sponsorsuz işə girişməkdə qınayırdılar. Amma mən heç zaman yarımçıqlığı, yarı yoldan dönməyi bacarmamışam (bu üzdən itirdiklərim də az olmayıb, yəni öyünmək üçün vurğulamadım) və dostlarıma o qədər bel bağlamışam ki, əksər vaxtlar bu cür hallarda özümü tənha sanmamışam. Sözün qısası, təxminən 600 səhifəlik kitabı araya-ərsəyə gətirdim, sağ olsun Namiq Valehoğlu, təmənnasız səhifələdi, dizayn işini həll etdi və lap sonda məlum oldu ki, əsərlərini tərcümə etdiyimiz gürcü yazarlarının əksəriyyətinin şəkli çatışmır. O vaxtlar münasibətlərimin yüksək səviyyədə olduğu Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala (Qonaşvili) xanımın yanına getdim, o da mənə “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetinin redaksiyasına müraciət etməmi tövsiyə etdi və yanımdaca zəng edib qəzetin o vaxtkı məsul katibi Vano Amirxanişviliyə bu barədə tapşırıq verdi. Getdim. Mənə sabah gəlməmi dedilər. Ertəsi gün Mirzə ilə görüşdük və bərabər getdik. Allah, Allah... açıqca etinasızlıq. Mən xeyli mütəəssir oluram: kitabda 28 nəfər klassik və çağdaş gürcü şair-yazıçılarının əsərlərini nə zülümlə toplamış, təmənnasız tərcümə etmiş və çap edirik, onlar isə əldə edə bilmədiyimiz 5-10 şəkli bizə verməkdə qarın ağrısı çəkirlər... Mirzə, indicə gəlirəm deyib, otaqdan çıxdı. 15-20 dəqiqə sonra isə qucaq dolusu yemək-içməklə geri döndü – az qala marketin kolbasa və çaxır bölümünü çökdürmüşdü. Otaqdakı Gürcüstanda məşhur olan üç nəfər gürcü dostumuzun gözləri parıldadı və açıqca etiraf etdilər: - hə, bu başqa məsələ. Nəzakətlə süfrə açdılar, dolablarından olan-qalandan çıxardılar və... öncə şəkilləri disklərə yazıb, sonra süfrəyə oturdular...
Bu hadisədən neçə illər keçsə də, ağlıma Mirzə gələndə, ilk öncə məhz bu hadisəni xatırlayıram və dodaqlarım qaçır...
Bir dəfə dəyərli bir qələm adamımız haqqımda yüksək təriflərlə dolu (sağ olsun!) bir yazı yazmışdı və məni çağdaş Tiflis ədəbi mühitinin ürəyi-beyni deyə tərif etmişdi. Mən, bu tərifdə əməllicə mübaliğə olduğunu söylədim, təşəkkür etdim, amma xeyli duyğulandım və yazının müəllifinə eynən belə dedim: - Mən Tiflisin olsa-olsa ürəyiyəm, amma beyni Mirzə Məmmədoğludur.

Həyatda heç zaman bilərəkdən kimsənin haqqını danmadım, rəhmətlik Ayvazın sözü olmasın, istedadlılar dədəmə söysə də bağışladım, axı bütün keçmişlərin və indilərin bir gələcəyi də var – zorla kimsə özünü əlahəzrət tarixə sırıya bilməz. Bu səbəbdən, bacardığım qədər gerçək söz adamlarının yanında olmuşam, onların hansısa bir işində qolundan tutmağa, dəstək olmağa çalışmışam və, etiraf edim ki, əksər zamanlar bunu özümün ən çarəsiz, köməyə ehtiyac duyduğum zamanlarımda etmişəm. Çünki mənim dərdimdən, problemimdən, çevrəmdəki insanlarınsa mənə münasibətindən asılı olmayaraq, görülən faydalı işlər, cəmiyyətə verilən töhfələr hər zaman mənə yeni pozitiv enerji və ümid bəxş edib...

Mirzə Məmmədoğlu təxminən 40 ildir ki, Söz karxanamızda külüng vurur, qısa xəbərlər də yazıb, idman haqqında da yazıb, hətta “Sovet Gürcüstanı” qəzeti üçün krossvordlar da tərtib edib, hərdənbir şeirlər də qələmə alıb. Bunlar öz yerində, amma o, həm də neçə illərdir, Tiflisə, Gürcüstana aid toponimləri, etnoqrafik bilgiləri toplayıb, saf-çürük edib, iki dost-qonşu xalqın ədəbi-mədəni-siyasi tarixinə dair araşdırmalar aparıb, yüzlərlə səhifə tərcümələr edib, arxivlərdə eşələnib, çeşidli kitabxanalara, redaksiyalara baş vurub. Və mənim üçün hər zaman Mirzənin bu yönləri maraqlı, təqdiredici olub.
Mirzə Məmmədoğlu 1987-ci ildə Gürcüstan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Uzun müddət Gürcüstan Dövlət radiosunda Azərbaycan dilində verilişlər redaksiyasında redaktorluq edib, xeyli müddət ictimai-siyasi fəaliyyətlə məşğul olub, hətta Şevardnadze dövründə Gürcüstan Dövlət Şurasının üzvü olub, “Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının yaradıcılarından biri kimi orada İcraçı katib vəzifəsində çalışıb. Bunlar sadəcə, müasir təbirlə desək, CV məlumatlarıdır, çünki, bir ziyalının, söz adamının harada, hansı vəzifədə çalışması deyil, fəaliyyəti, ortaya qoyduğu işlərdədir əsas mahiyyəti. Oysa ki, dövrümüzdə özünü hətta “akademik” adlandıran o qədər söz dəllalları peyda olub ki, heç bir ad, şöhrət güdməyən gerçək alimlər, sənətçilər, söz adamları bəzən belə saxtakarların “üzü bəzək, içi təzək” basırığında görünməz olur, halal haqlarından məhrum qalırlar.

Mirzə Məmmədoğlunun 2009-cu ildə “Qədim Tiflis” adlı etnoqrafik, Tiflis və Tiflisətrafı toponimlərlə bağlı ilk kitabı mənim redaktorluğumla çapdan çıxmış və olduqca xoş qarşılanmışdır. Sonralar "İki simin titrəməsi" (“Azərbaycan-gürcü dillərində qarşılıqlı atalar sözləri və məsəllər. İdiomatik və ortaq leksik vahidlər”) adlı araşdırma kitabı və M.F.Axundov haqqında “Tiflisdə keçən ömür” adlı tarixi povesti işıq üzü görmüşdür.

Mirzə, həmçinin, 2011-ci ildə gürcü yazıçısı Revaz İnanişvilinin "Tənhalıq nəğməsi” hekayələr toplusunu Azərbaycan dilində nəşr etdirmiş, 2012-ci ildə tanınmış jurnalist Merab Beridzenin “Gürcü mətbəxi” kitabını dilimizə tərcümə etmişdir. 2012-ci ildə Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən M.Məmmədoğlu tərəfindən tərtib edilmiş “Mirzə Fətəli Axundzadə və Gürcüstan” adlı kitab nəşr olunmuşdur.
Dostumuz Nəriman Əbdülrəhmanlının "Tiflisin Salman Mümtazı" adlandırdığı Mirzə abi 2012-cü ildə Konstantine Pağavanın “Mirzə Fətəli Axundov” və “Nizami” monoqrafiyalarını da dilimizə tərcümə edərək nəşr etdirmişdir. O, eləcə də Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyasını tərcümə edərək kitab şəklində çapına nail olmuşdur.

Bu da hələ hamısı deyil. Belə ki, onun redaktorluğu və fədakarlığı sayəsində 2013-cü ildə Məmməd Arazın gürcü və Azərbaycan dillərində “80 yaş, 80 il” adlı şeirlər toplusu nəşr olunmuşdur. 2017-ci ildə Bakıda “Qanun” nəşriyyatı tərəfindən M.Məmmədoğlunun “Qədim Tiflis” kitabı təkrarən çapdan çıxmışdır. Hazırda Mirzə yubilyarımızın mənim redaktorluğumla böyük əmək sərf etdiyi daha iki kitabı çap mərhələsindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliye¬vin "Molla Pənah Vaqifin anadan olmasının 300 ilik yubileyinin keçi¬rilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən “M.P.Vaqif. Şeirlər” kitabı gürcü və Azərbaycan dillərində yaxın günlərdə işıq üzü görəcəkdir. Həyatı əsrarəngiz məqamlarla dolu olan tarixi qəhrəmanımız Xudu Borçalı haqqında qələmə aldığı tarixi povesti də bu il çap olunacaq dəyərli kitablar sırasındadır.

Mirzə Məmmədoğlunun olduqca zəngin audio-arxivi vardır. Belə ki, ayağına yüngül və ərinməz olduğuna görə, o, uzun illər səsyazan aparatı (reportyor) çiynində Gürcüstanı qarış-qarış dolaşmış, adıbəlli aşıqlarımızın canlı ifalarını, şairlərimizin öz dilindən şeirlərini lentə köçürmüşdür.
İllər o qədər sürətlə uçub gedir ki, adamın inanmağı gəlmir. Bu ilin iyun ayında Mirzə Məmmədoğlunun 60 yaşı tamam oldu. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Akademiyası Azərbaycan bölməsinin rəhbəri olan yubilyar dostumuz yubiley yaşını qeyd eymədi, bəlkə də biz qeyd etmədik, lap doğrusunu desək, qeyd edəmmədik. Amma əvəzində onun Tiflisin Poniçalasındakı xudmani evində, min bir zəhmətlə əkib-becərdiyi kiçik göz oxşayan bağçasında oturub xeyli söhbətləşdik, bir az keçmişləri qurdaladıq, perspektivlərdən danışdıq, umu-küsü etdik. Vidalaşarkən, Mirzə, dayan dedi və bağçasındakı dibçək güllərindən yeddisini mənə hədiyyə etdi. Uşaqlıqdan gül-çiçəyi, onlara qulluq etməyi mən də sevirəm deyə, bu göz oxşayan hədiyyəni həvəslə qəbul etdim. Evimiz darısqal olsa da, Mirzənin gülləri də o biri güllərin yanlarında özlərinə yer elədilər və öz əlvan rəngləri ilə emosional xoş dizayn oluşdurdular. Mən isə, uzun ayların ovqatsızlığı içindən özümə bir az ovqat oluşdurub, bu yazını – 13-cü portretimi monitora köçürdüm.
Güllərin solmasın, dostum!..

Rafiq HÜMMƏT

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Tiflisli “Salman Mümtaz”

Tiflisli “Salman Mümtaz”

Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

Tiflis

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
SƏN TÜRK OĞLU OLAMMAZSAN!

SƏN TÜRK OĞLU OLAMMAZSAN!

Poeziya, Tiflis, "Borçalı" Cəmiyyəti, Turan
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Rəy yazın: