OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...

OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...Azərbaycanin ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin nəticəsidir ki, gənclər bütün sahələrdə özlərini göstərə bilirlər. Dövlət tərəfindən gənclərə göstərilən bu qayğı və diqqətin sayəsində gələcəyimiz olan gənclər dövlətin milli-mənəvi dəyərlərimizi, kökümüzdən gələn adət-ənənələrimizi qoruyur, yaşadır və özlərindən sonra gələn nəsillərə çatdırmağa çalışırlar.

“Azərbaycan istedadlar diyarıdır” - deyənlər heç də səhv etməyiblər. Azərbaycan mədəniyyətinin bir çox sahələrində hər zaman yeni-yeni istedadlar yetişib və yetişməkdədir. Bu istedadlar zaman-zaman müəyyən dövrlərdə üzə çıxaraq, Azərbaycanı dünyanın hər yerində tanıtmaga çalışmış və bu gün də bu misiyanı davam etdirməkdədirlər. Təbii ki, gənc nəslin belə düzgün yol tutmasında ölkə siyasətinin mühüm əhəmiyyəti vardır.


Gənclərin saglam rəqabəti yüzlərlə istedadları üzə çıxarmış, onları dünyaya tanıtdırmış, bu gənclərdə öz növbəsində hər zaman doğma Vətən olan Azərbaycanı ləyaqətlə təmsil etmişlər. Bu gənclər istər musiqi, idman, təhsil, səhiyyə, istisadiyyat və istərsə də digər sahələrdə daim uğurlar qazanmağa və qələbə ilə vətənə dönməyə səy göstərmişlər.
Belə gənclərin sırasında daha bir musiqi istedadı olan gəncimiz vardır. Mən bu gənc tar ifaçısını hələ bir neçə il bundan əvvəl tanımışam. Bu gün isə həmən istedadlı gəncimizlə olan müsahibəmizi dəyərli oxucularımızın diqqətinə çatdırmaq istəyirəm.
Tanış olaq:
Müsahibimiz, təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınmağa başlayan, artıq gözəl tar ifaçısı kimi bir çox müsabiqələrdə iştirak edən Asim Aqil oğlu Pirimovdur.
Asim Pirimov, Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan görkəmli tar ifaçısı Qurban Pirimovun nəslinin nümayəndəsidir.
Ənənəmizə uyğun olaraq söhbətə belə başladıq.

OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...- Salam.
- Salam.
- Necəsən?
- Çox sag olun, yaxşıyam.
- Bəlkə ilk olaraq, oxucularımıza özün haqqında qısaca məlumat verəsən?
- Baş üstə. Mən Pirimov Asim Aqil oğlu, 2004-cü ildə Bakı şəhərində anadan olmuşam. Kiçik yaşımdan tarla maraqlanmışam, hal-hazırda “Bülbül Adına Orta İxtisas Musiqi Məktəbi”nin X sinfində oxuyuram.
Asimin gənc, yeniyetmə olmasına baxmayaraq, davranışı, rəftarı qarşısındakını diqqətlə dinlədikdən sonra suallara təmkinlə cavab verməsi mənim diqqətimi cəlb edirdi. Nəzərinizə çatdırım ki, mən üç il bundan əvvəl "Dünya Tv" telekanalının bir musiqi layihəsində münsiflər heyətində təmsil olunurdum. Asim də həmən müsabiqənin iştirakçılarından biri idi. Üç mərhələdə keçirilən bu müsabiqədə (musiqi, rəssamlıq və qiraət) çox istedadlı gənclər iştirak edirdi. Mən isə Asimin ifasına heyran qalmışdım, özüm ali təhsilli mədəni-maarif ixtisaslı olduğum üçün incəsənətdən müəyyən anlayışım var idi və bu səbəbdən də onun ifasını dəyərləndirməyi bacarırdım. Asimin ifası hər kəsi ovsunlamışdı. Bizim münsiflər tərəfindən ən yüksək qiymət də məhz Asimə verildi. Hələ o zaman Asim 7-ci sinifdə oxuyurdu. Elə o vaxtdan bu yeniyetmənin tərbiyəsi, böyüklərə xas olan rəftarı, özünü ağır aparması, deyilənləri səbrlə dinləməsi mənim çox xoşuma gəlmişdi. Qərara almışdım ki, mütləq bu oğlan haqqında yazacağam. Aradan 3 ilə yaxın vaxt keçsə də nəhayət bu gün o qərarım baş tutdu. Demək qismət bu günə imiş. Mən bunları Asimə dedikcə o təbəssümlə mənim sözlərimi dinləyirdi.
Suallarımıza davam edirik:
- Necə oldu ki, səndə musiqiyə həvəs yarandı, özü də məhz tar musiqi alətinə?
- Bir dəfə evdə valideynlərimin babam Qurban Pirimov haqqında (Asim Pirimov Azərbaycanın məşhur tarzəni olmuş Qurban Pirimovun qardaşının nəticəsidir) danışdıqlarını eşitdim. Onlar Qurban baba haqqında o qədər gözəl sözlər danışdılar ki, onda mənim hələ altı yaşım var idi. Amma, həmən o gün mənim xatirələrimə elə həkk olunubdur ki, indi də yaxşı xatırlaya bilirəm. Mən valideynlərimə “mənə də tar alın, mən də babam kimi tar ifaçısı olmaq istəyirəm” demişdim. Valideynlərim də sag olsunlar ki, məni qırmayıb tar alırlar. Onda mən tar alətini görüb o qədər sevinmişdim ki, amma bu sevincimi təbii ki, o vaxt ifadə edə bilmirdim. Mənim bu həvəsimi görən atam və anam məni Bakıdakı K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbinə yazdırdılar.
Asim danışdıqca, mən onu diqqətlə dinləyir və düşünürdüm ki, nə yaxşı ki, bizim ölkəmizin belə qabiliyyətli, istedadlı, gəncləri vardır. Asim, söhbət əsnasında tez-tez ona musiqi dərslərində köməklik göstərən, əziyyətini çəkən müəllimlərindən tutmuş, onu müsabiqələrə, tədbirlərə dəvət edən hər kəslə bərabər valideynlərinin də ünvanına xoş sözlər söyləyir və onlara təşəkkürünü bildirirdi.
- Sən gələcəkdə yaxşı musiqiçisi, tanınmış tarzən olmaq istəyirsən, yoxsa bir məşğuliyyət olaraq bu yolu seçmisən?
Asim: (gülümsəyərək)
- Əlbəttə ki, yaxşı musiqiçi olmaq istəyirəm. Qurban babanın sənətini onun adına layıq davam etdirmək istəyirəm. Hətta, bunu qarşıma bir məqsəd olaraq qoymuşam ki, babanın yolu ilə gedim. Ona görə dörd il 16 saylı musiqi məktəbində təhsilimi başa vuran kimi, sənədlərimi Bülbül Adına Orta İxtisas Musiqi Məktəbinə verdim və imtahanlardan müvəffəqiyyətlə keçərək, Orta İxtisas Musiqi Məktəbinə qəbul olundum. Bildiyiniz kimi artıq onuncu sinifdəyəm. Bu müvəffəqiyyətlərim üçün mən, həm təhsil aldığım musiqi məktəbinin direktoru, Azərbaycanın görkəmli drijorlarından olan Teymur Göyçayevə və tar ixtisas müəllimim Elşən Salmanova hər zaman münnətdaram.
Asim, oxuduğu bu illərdə bir çox uğurlar da qazanmışdır. Özünün dediyi kimi hər dəfə müvəffəqiyyətli çıxışından sonra daha da həvəsi artır və daha böyük uğurlar əldə etmək üçün səylə çalışır. Söhbət zamanı Asim iştirak etdiyi müsabiqələr, konsertlər və tədbirlər haqqında da danışdı. O, ölkəmizin hüdudlarından kənarda tədbirlərə getdiyi ölkələr haqqında da məlumat verdi.
- Hansı müsabiqələrdə iştirak etmisən? - sualına bir qədər geniş məlumat verən Asimin, qazandığı uğurları haqqında necə böyük həvəslə, sevinclə danışdığının bir daha şahidi oldum.
- Əvvəlcə sizin nəzərinizə onu çatdırım ki, mən məktəblərdə keçirilən konsertlərdə çıxış etmək üçün mütəmadi olaraq dəvətlər alıram. Bundan başqa respublikamızın demək olar ki, bütün telekanallarında çıxışlar etmişəm və bu gündə bu dəvətlər olunmaqdadır. Bütün bunlardan əlavə bir neçə xarici ölkələrdə keçirilən musiqi yarışmalarında iştirak etmişəm. Məsələn, Türkiyədə “CASPİ ART” müsabiqəsində birinci yer, Gürcüstanda “HARİRA” müsabiqəsində birinci yer, Qızıl medal, laureat-diplomat adına layiq görülmüşəm. Azərbaycanda keçirilən Qara Qarayev adına “Üçüncü Beynəlxalq Musiqi Müsabiqəsi”ndə üçüncü yerə, italyanların Azərbaycanda keçirdikləri “TESTENE-ART” müsabiqəsində isə ikinci yerə layiq görülmüşəm. 2019-cu ilin aprel ayında Moskvada yaşayan həmyerlimiz Xalidə xanım və İlqar Səmədovlar tərəfindən Moskvanın “VEQAS” Ticarət Mərkəzində keçirilən “Qarabağ Atlarının Rəsm Sərgisi”nə bir Qarabağlı övladı kimi dəvət olunmuşdum. Həmən tədbirdə “Qarabağ Şikəstəsi” sədaları altında açılışında iştirak etmişəm. Bu tədbirin bir başqa gözəlliyi var idi. Kövrək notlara köklənmiş və yaralı yerimiz olan Qarabağ həsrəti, çox gözəl və unudulmaz xatirələrlə yadımda qaldı.
Asim danışdıqca, mənim gözlərim qarşısında sanki bir həyat təcrübəsi olan, dünyagörmüş, yetkin bir insan dayanmışdı. Bu gəncin ürəyində o qədər həyat eşqi, Vətən məhəbbəti var idi ki, onu dinləməkdən zövq alırdım. Növbəti sualımı verməyə hazırlaşırdım, elə bil ki, Asim bu sualları gözləyirdi, sanki qabaqcadan hazırlaşmışdı, ürəyi dolu idi, boşaltmağa tələsirdi.
- Artıq gör neçə müsabiqələrdə, tədbirlərdə iştirak etmisən. Yəqin ki bu uğurlar sənin qarşında daha geniş meydan açır, ağlına yeni-yeni ideyalar, layihələr gəlir. Deyə bilərsənmi nə kimi yeniliklərin var və daha hansı işləri görmək istəyirsən?
- Bilirsiniz, beynimdə ideyalarım, daha doğrusu gələcəkdə həyata geçirmək istədiyim layihələrim çoxdur, formalaşır. Ancaq, hələ fikrimdə əvvəlcə bu məktəbi müvəffəqiyyətlə bitirməyi, sonra isə ali musiqi təhsili almağı düşünürəm. Ali musiqi təhsili almağım mənim ən böyük arzumdur və gələcəyim üçün atacağım addımlarıma təkan verəcək vacib məsələdir. Yəqin ki, bu arzularımdan sonra ideyalarımı həyata keçirə bilərəm. Həm də axı mənim hələ onaltı yaşım var.
- Onda yəqin ki, sənin biraz da böyüməyini gözləməli olacağıq?
Asim yenə o saf, təmiz, xoş təbəssümlə cavab verdi.
- Qeyd etmək istəyirəm ki, 2020-ci ildə sinif yoldaşlarımla birlikdə gözəl bir qrup “GƏNC İSTEDADLAR” qrupu yaratdıq. Qrupumuz, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qaleriyasının “PARLAQ” Yaradıcı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ” münasibətilə təşkil olunmuş “HARMONİYA” adlı sərgidə iştirak etdi. “PARLAQ” Yaradıcı Gənclər İctimai Birliyinin sədri Riad müəllimə dərin təşəkkürümü bildirirəm ki, bizim qrupumuzu bu tədbirə dəvət etdi və biz diploma layiq görüldük.
Asimin uğurları haqqında ağızdolusu danışmasından bu gəncin həyat eşqi ilə dolu ürəyinin sanki səsini duyurdum. Gənc tarzənin gələcəkdə qazanacağı nailiyyətlərinin başlanğıcını görürdüm.
- Heç boş vaxtın olurmu? Əgər olursa boş vaxtını necə keçirirsən? Məncə bu qədər uğurlara nail olan bir gəncin yaradıcılığı oxucularımız üçün də maraqlı olar.
- Bəli. Bilirəm ki, maraqlıdır. Mən özüm də gənc musiqiçi olaraq musiqiçilərin, sənətkarların, ümumiyyətlə incəsənət aləmində olanların yaradıcılığı ilə maraqlanıram və özüm üçün onların yaradıcılığından nəsə öyrənməyə çalışıram. Doğrudur, mən özümə sənətkar deyə bilmərəm, çünki musiqi aləmində hələ yeni-yeni addımlayıram. Və çalışıram ki, bayaq qeyd etdiyim kimi, babamız Qurban Pirimovun adına layiq olum. Mənim demək olar ki, boş vaxtım olmur, olursa da çox az hallarda. Eyni vaxtda həm orta məktəb dərsləri ilə, həm musiqi ilə məşğul olmaq o qədər də asan deyil. Bütün bunlarla yanaşı, mən həm də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “UŞAQ-GƏNCLƏR XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİ” nin üzvüyəm. Bu orkestr ilə bir çox dövlət tədbirlərində, Televiziya kanallarında iştirak edirəm. Yenə təkrar etməyi özümə borc bilirəm ki, qazandığım bütün uğurlarıma görə ilk olaraq üzərimdə böyük əmək və zəhmətləri olan valideynlərimə və müəllimlərimə minnətdarlığımı bildirirəm.
Asimlə bu maraqlı müsahibəmizin sonuna yaxınlaşdıq. Mən ondan: “Sonda nə demək istərdin?” deyə soruşdum.
- Əvvəla sizə dərin minnətdarlığımı bildirirəm ki, zəhmət çəkmisiz, dəyərli vaxtınızdan mənə də bir neçə saat ayırmısınız. Biz gənclər sizin kimi ziyalılarımızın dəstəyi və gözəl münasibəti sayəsində yalnız irəli getməyi, uğurlar əldə etməyi düşünürük, marağımızı da məhz bu yola yönəldirik.
Çox sag olun ki, sözümüzü deməyə bizim üçün də şərait yaradırsınız.

OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD... Maraqlı müsahibimlə sağollaşıb, xoş təəssüratlarla ayrıldım.
Fikrimdə hey düşünürdüm ki, atalar həqiqətən də çox gözəl demişdir: “Ot kökü üstündə bitər”.
Asimə isə ürəyimdən gələn tək bir sözü dedim:
“Uğurlar, uğurlar, ugurlar”!


PƏRİXANIM MİKAYILQIZI
AJB-nin üzvü, şair-publisist, tədqiqatçı

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MUSİQİYLƏ YAŞANAN ÖMÜR

MUSİQİYLƏ YAŞANAN ÖMÜR

"Elm və Təhsil"
Gənc müğənni İlahə Mələklə müsahibə

Gənc müğənni İlahə Mələklə müsahibə

Şou
Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Rustavi, Borçalı, Bolus, Qarayazı
ŞİRVAN ŞƏHƏR MUSİQİ MƏKTƏBİNİN UĞURLARI

ŞİRVAN ŞƏHƏR MUSİQİ MƏKTƏBİNİN UĞURLARI

Regionlar
Ruhun şad olsun, Ramiz Mirişli!..

Ruhun şad olsun, Ramiz Mirişli!..

Mədəniyyət, Nekroloqlar

"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM"

Mədəniyyət, "Elm və Təhsil"
Pilot, iqtisadçı, bəzən də futbolçu olmaq arzusunda olan Fərid

Pilot, iqtisadçı, bəzən də futbolçu olmaq arzusunda olan Fərid

"Elm və Təhsil", Gənc istedadlar

"Mən peşəmlə fəxr edərək özümü xoşbəxt sanıram..."

"SALDO", Digər ali məktəblər, MEDİA
Şəhid Turan Vidadi oğlu Şərifov Şindilər  (20.06.2001-05.11.2020)

Şəhid Turan Vidadi oğlu Şərifov Şindilər (20.06.2001-05.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
SABRİNA, SƏNİNLƏ FƏXR EDİRİK!

SABRİNA, SƏNİNLƏ FƏXR EDİRİK!

"Elm və Təhsil", Gənc istedadlar, Amerika
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR

ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR

Darvaz
“AZƏRBAYCANDAN UZAQDA YAŞASAM DA, VƏTƏNİN ADINI HƏR ZAMAN UCA TUTMAĞA ÇALIŞ ...

“AZƏRBAYCANDAN UZAQDA YAŞASAM DA, VƏTƏNİN ADINI HƏR ZAMAN UCA TUTMAĞA ÇALIŞ ...

"Elm və Təhsil", Gənc istedadlar, Amerika
Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Avropa, Diaspora
ARZULARIN ÇİN OLSUN, AYLİN!..

ARZULARIN ÇİN OLSUN, AYLİN!..

Gənc istedadlar
Fransa və Amerika mətbuatı azərbaycanlı pianoçu Adilə Əliyevadan yazır

Fransa və Amerika mətbuatı azərbaycanlı pianoçu Adilə Əliyevadan yazır

Diaspora
SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Tiflis
İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış m ...

İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış m ...

Əsas xəbər, Azərbaycan
VƏTƏNPƏRVƏR MƏKTƏBLİ - Zinyət Bağırova

VƏTƏNPƏRVƏR MƏKTƏBLİ - Zinyət Bağırova

Gənc istedadlar
SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

SƏRQİN İLK OPERA YAZAN QADIN BƏSTƏKARI ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

Mədəniyyət
Polkovnik ASİM BAYRAMOV (1952)

Polkovnik ASİM BAYRAMOV (1952)

"XXI əsrin Ziyalıları"
Rəy yazın: