Zamanı nə saxlamaq, nə yubandırmaq, nə də tələsdirmək mümkündür.
İnsanın bəxtinə çıxan ən vacib şey vaxtdır, zamandır deyirlər. İnsanların yaşadıqları zaman adətən onların taleyini müəyyən edən ən vacib faktorlardan birini təşkil edir. Yaşadığı zamanın şərtlərini dəyişdirmək, yeni tarix yaratmaq gücü və müdrikliyi isə sadə insanlara deyil, yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərə nəsib olur.
Heydər Əliyevin bəxtinə Azərbaycan tarixinin ən çətin vaxtı düşdü və yalnız azərbaycançılıq ideyalarının parlaq daşıyıcısı olan bu dahi şəxsiyyətin müdrikliyinin, yenilməz əqidəsinin və tarixi uzaqgörənliyinin sayəsində xalqımızın müstəqillik arzularının gerçəkləşdirilməsi və müasir Azərbaycan dövlətinin qurulması mümkün oldu.
Parçalanmaq, dağılıb məhv olmaq kimi real təhlükələrlə üz-üzə qalan ölkəmizin düşdüyü böhran vəziyyətindən çıxmasına, ictimai-siyasi sabitliyin bərqərar edilməsinə və Azərbaycanın hüquqi, siyasi, iqtisadi, mədəni müstəvidə hərtərəfli inkişaf yoluna qədəm qoymasına məhz bu dahi şəxs nail oldu. Bütün həyatı boyu vətəni və xalqı üçün yaşamış, milli dəyərlərə hər zaman bağlı olmuş Heydər Əliyev xalqın dar günündə ona dayaq oldu və daim rifah və inkişafı üçün çalışdığı Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmağı özünün fitri istedadları sayəsində bacardı.
Heydər Əliyev elə misilsiz şəxsiyyətlərdəndir ki, onun zəngin irsi və böyük siyasi fəaliyyəti daima tarixçilərin, politoloqların, filosofların diqqət mərkəzində olacaq və onun şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması böyük tədqiqatların obyektini təşkil edəcəkdir.
Müasir Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, orada qeyri-adi idarəçilik qabiliyyətlərinə malik bu fenomenal şəxsiyyətin böyük izləri olmasın. Azərbaycan xalqının yaxın tarixi keçmişində qazandığı böyük uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır və ümummilli liderin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Heydər Əliyev şəxsiyyəti Azərbaycanda mühüm əhəmiyyətə malik bütün müsbət dəyişikliklərdə vacib və həlledici rola malik olmuşdur. Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən ümdə təzahürlərindən biri də onun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsindəki böyük fəaliyyətidir.
Bütün siyasi fəaliyyəti dövründə qarşıya dəqiq vəzifələr qoyan və qoyduğu vəzifələrin yerinə yetirilməsinə nail olan Ulu Öndər 1993-cü ildə deyirdi ki, “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".
Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki daxili siyasəti Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsinə, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsinə yönəldilmişdi. Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək bu siyasətin prioritetləri idi. Təsadüfi deyildi ki, qeyd olunan bu müddəalar Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 2005-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında xalqın niyyətləri kimi bəyan edilirdi.
Konstitusiyanın qəbulu ölkədə insan və vətəndaş hüquq və azdlıqlarının təmin edilməsinin, qanunçuluğun möhkəmləndirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış və Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət ideallarına sadiqliyini təsdiqləməklə, onun beynəlxalq aləmdə nüfuzunun artmasına, beynəlxalq əməkdaşlıq əlaqələrinin dərinləşməsinə də real imkanlar açmışdır.
Baş verən hadisələri dərindən təhlil etmək qabiliyyətinə malik olan və fitri istedadı sayəsində çox vaxt hadisələrin inkişaf məcrasını müəyyənləşdirən Heydər Əliyev bu dəfə də haqlı olaraq müəyyən etmişdi ki, Azərbaycanın müstəqilliyinin onun öz sözləri ilə desək, əbədiliyini və dönməzliyini təmin etmək üçün ölkədə ilk növbədə demokratik hüquqi dövlət qurulmalı, köklü hüquqi islahatlar aparılmalıdır.
Məhz bunun məntiqi nəticəsi kimi Heydər Əliyev həmin dövrdə ölkəmizdə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və islahatlara rəhbərliyi şəxsən həyata keçirdi. Ulu öndərimizin rəhbərliyi ilə demokratik islahatlar geniş vüsət aldı. Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu sahəsində gerçəkləşdirdiyi planlar artıq bugünki Azərbaycanın reallığına çevrilmişdir. Əldə edilmiş bütün bu nailiyyətlər ümumi halda Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi üçün əlverişli zəmin yaratmışdır.
Demokratik və hüquqi dövlətçilik ənənələrinə sadiqlik dövlət başçımız cənab İlham Əliyevin də fəaliyyətinin əsas prioritetlərindən birini təşkil etmiş, ulu öndərimizin həyata keçirdiyi demokratik, hüquqi islahatlar kursunun ardıcıllığı, Azərbaycanın müstəqil dövlət quruculuğu, siyasi, iqtisadi, işğala qarşı dura biləcək güclü ordu yaratmaq kimi vacib sahələrdə inkişafı təmin edilmişdir.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində onun Qarabağın işğaldan azad edilməsi ilə bağlı vəsiyyəti Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, 30 illik işğala son qoyan, Qarabağı və Azərbaycan xalqının milli qürurunu bizə qaytaran, müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilmişdir.
Nuranə Akif qızı İbadova,
Ədliyyə Akademiyasının
Ədliyyə sahəsində idarəetmə
kafedrasının baş müəllimi
turan.info.az
.