Tələbələr enerji saçan müəllimləri daha çox dinləmək istəyirlər. Mədəd müəllimin pedaqoji ustalığı imkan verirdi ki, qrupdakı hər bir tələbə özünü onun qarşısında şəxsiyyət kimi hiss etsin. Tələbənin şəxsiyyətinə önəm verildikcə, o, daha çox ona bəslənən etimadı doğrultmağa çalışır.
Mədəd müəllim gənc nəslin təlim-tərbiyə olunması kimi məsuliyyətli və şərəfli bir peşəni yerinə yetirən pedaqoqlardan idi.
A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbayca bölməsində təhsil aldığımız dövrdə, doğrusu, ilk günlər müəllimlərimizi tanımırdıq.
Deyirdilər ki, bir müəllim instituta mühazirə oxumaq üçün uzaq Darvaz kəndindən gəlir. Auditoriyaya daxil olanda nədənsə bütün tələbələrdə onun təbəssümü yadda qaldı. Çoxmənalı təbəssümdən həm qorxu hissi keçirdik, həm də onun fənnini daha məsuliyyətlə oxumağa çalışdıq. Semestr imtahanında, demək olar ki, Mədəd müəllimin əvvəlki ciddi, sərt yanaşmasından əsər-əlamət qalmamışdır. Biz dilçiliyin əsaslarını daha dərindən mənimsədikcə, onun tələbələrə qarşı olan münasibəti və təbəssümü artıq daha yumşaq, daha zərif bir məna daşıyırdı. Yadımdadır, ilk semestr imtahanında çox ciddi olararq “hamınıza 3 qiymət yazıram” - dedi. Bir az keçdikdən sonra mən ona qiymət kitabçamı uzadanda üzümə baxdı, təbəssümü məni təlaşa saldı, ancaq “sən yaxşı tələbəsən, sənə 4 qiymət yazacağam” - dedi, sonra kitabçanı qarşısından götürəndə baxdım ki, mənə 5 - "əla" qiymət yazıb.
Belə ki, ilk təəssürat doğrudan da yanlış olur. Mədəd müəllim onun fənnini tam mənimsəyən tələbəyə tam da qiymət yazardı. Artıq onun əvvəlki təbəssümü mənim üçün yeni bir məna daşıyırdı.
Sovetlər Birliyində türkçülük, turançılıq deyilən məfhum bizim üçün yad anlam daşıyırdı. Mədəd müəllimin mühazirələrində və tədris vasitələrində bu amil qırmızı xətlə təşviq olunurdu. İllər keçdi, sonradan ahıl vaxtımızda başa düşdük ki, Mədəd müəllimin tədris etdiyi fənlərdə türkçülük siyasi bir düşüncədir, yəni bizə damğa kimi vurulan “pantürkizm” deyilmiş.
Bağışlayın, belə bir müqayisəyə görə, təbii ki, bizə ali məktəbdə antik ədəbiyyat da tədris olunurdu. Bu gün hər bir insana Misir ehramlarını qoruyan “Sfinks”in adı bəllidir. Bu Gözətçi Tanrının təbəssümü bir neçə fəlsəfi məna daşıyır. Yəni bu fani dünyaya insanlar gəlib - gedir, ancaq bu daş soyuq büt onları seyr edərək minillər ərzində dəyişmir, əbədi olaraq öz təbəssümü ilə yaşayır.
Mən bu soyuq daş heykəli insan taleyi ilə müqayisə etmək istəmirəm.
İnsanlar, ələlxüsus, alimlər bəşəriyyata doğrudan da Ziya - işıq - nur saçır, insanların ruhu və xoşməramlı əməlləri də əbədi olaraq yaşayır, onların əsərləri də bizim yaddaşımıza həkk olunur və gənc nəslın maariflənməsinə öz töhfəsini verir.
Elə bizim sevimli alimimiz mərhum Mədəd müəllim və onun dəyərli əsərləri kimi...
Nəriman ƏLİYEV,
tərcüməçi-jurnalist
turan.info.az
.