Tiflisdə M.F.Axundzadə adına
Azərbaycan Mədəniyyəti Muzeyində
Azərbaycan Respublikasının
Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Surasınin maliyyə dəstəyi ilə
“Türk Dünyası İnfo” İctimai Birliyinin
“Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində
tədbir keçirilib.
turan.info.az-ın Tiflisdəki nümayəndələri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, görkəmli türkoloq-alim, akademik Nizami Cəfərovun gürcü dilində çapdan çıxan “Azərbaycan xalqının tarixi və ya bioqrafiyası” və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasınin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri, tanınmış şair-jurnalist Dəyanət Osmanlının hazırladığı “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitablarının təqdimatı olub.
Tədbiri giriş sözü ilə
M.F.Axundzadə adına
Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi
Leyla xanım Əliyeva açıb, Bakıdan gəlmiş qonaqları və bütün tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətini qeyd edib və mərasimi davam etdirmək üçün sözü AYB-nin Gürcüstan bölməsinin rəhbəri, şair Rafiq Hümmətə verib. R.Hümmət təqdimatı keçirilən kitablar haqqında dinləyicilərə qısaca məlumat verib.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik
Nizami Cəfərov çıxış edib.
O, bildirib ki, “Azərbaycan xalqının tarixi bioqrafiyası” kitabı rus, ingilis və ərəb dillərinə tərcümə olunub. İndi isə gürcü dilinə tərcümə olunan, Azərbaycan etnosunun tarixi, yaranması və inkişaf yolundan bəhs edən bu kitabın Azərbaycana dost ölkə olan qonşu Gürcüstanda nəşri ictimai, mədəni, elmi dairələrdə xalqımızın təşəkkülü, formalaşması tarixi barədə aydın təsəvvürlər yaratmaq işində mühüm bir vasitə olacaqdır. O, Türk dünyasının böyük ədəbiyyat adamlarının əsərlərinin tədqiqində gürcü türkoloqu, akademik Elizbar Cavelidzenin xidmətlərini minnətdarlıqla xatırlayıb.
Millət vəkili qeyd edib ki, ictimai, elmi-tədqiqat, mədəniyyət, ədəbiyyat və digər sahələrdə əməkdaşlığımız həmişə aktuallığını qoruyub saxlayan bir məsələdir. Ümumiyyətlə, xaqlarımızın bir-birinə tanıdılmasında iştirak edən hər bir elmi, ictimai, ədəbi-mədəni nəşr nəsillər arasında körpü, nümunədir.
Azərbaycanın Gürcüstandakı səfiri
Dursun Həsənov sözügedən kitabların təqdimatının, eləcə də “Azərbaycan-Gürcüstan dostluğu günləri” təbirinin keçirilməsinin zəruri addım olduğunu diqqətə çatdırıb. Səfir deyib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı dostluq, əməkdaşlıq münasibətlərin yüksək səviyyədə olduğunu göstərir və xalqlarımızın ümumi maraqlarına cavab verir.
Layihənin rəhbəri və kitabların tərtibçisi
Dəyanət Osmanlı tərtib etdiyi kitabların məziyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, akademik Nizami Cəfərovun Tbilisidə çıxan “Azərbaycan xalqının tarixi və ya bioqrafiyası” əsərinin mədəni əlaqələrimizin inkişafına dəyərli töhfə olduğunu söyləyib. O, layihəyə dəstək verənlərə və zəhməti keçənlərə təşəkkür edərək bildirib ki, “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitabında dərc olunan əsərlər Azərbaycan və gürcü yazıçılarına, jurnalistlərə məxsusdur. Şübhəsiz, bu nəşrlər xalqlarımız arasındakı mehriban dostluq münasibətlərinin daha da dərinləyişməsinə xidmət edir.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev isə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf səviyyəsindən danışıb. O, ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini qeyd edərək tədbirin keçirilməsini və kitabların nəşrini təqdirəlayiq hadisə hesab edib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) müşaviri, yazıçı-jurnalist
Elçin Hüseynbəyli “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, belə tədbirlər iki ölkə arasında dostluq əlaqələrinin inkişafına və daha da möhkəmləndirilməsi işinə xidmət edir.
E.Hüseynzadə Gürcüstana səfəri zamanı Borçalının ağır ellərinə də baş çəkdiyini bildirdi, o cümlədən, sıx meşələr qoynunda yerləşən qədim Darvaz kəndində olduğunu bildirdi və dəvət üçün Müşfiq Borçalıya öz minnətdarlığını bildirdi.
Yazıçı-tədqiqatçı,
kitabların redaktoru
Mirzə Məmmədoğlu “Azərbaycan xalqının tarixi və ya bioqrafiyası” kitabının gürcü dilinə tərcümə olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, bu nəşr gələcəkdə Azərbaycan və gürcü tarixçiləri tərəfindən yazılacaq kitablar üçün qiymətli mənbə olacaq.
Daha sonra tanınmış şairlər Osman Əhmədoğlu, Nizami Paşa Saraclı, turan.info.az - "Zirvə" İnformasiya Mərkəzi"nin rəhbəri
Müşfiq Borçalı (Çobanov) və başqaları çıxış edərək Azərbaycan-gürcü xalqlarının qədim tarixə malik olan dostluq və qonşuluq ənənələrindən, bu ənənlərin son illərdə daha da zənginləşməsindən və inkişafından danışıblar, gələcəkdə də bu ənənəni davam etdirməyin vacibliyini qeyd ediblər, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə nəşr olunan kitabların mahiyyətinə aydınlıq gətiriblər, bu cür nəşrlərin və tədbirlərin Azərbaycan-Gürcüstan dostluğuna, xalqlarımız arasınd mövcud olan ədəbi-mədəni əlaqələrin inkişafına qiymətli töhfə olduğunu bildiriblər.
Bir sözlə, tədbirdə son illər ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişaf etdiyi və bu münasibətlərin daha da möhkəmləndirilməsi üçün müxtəlif tədbirlərin, gürcü və Azərbaycan yazıçıların kitablarının hər iki xalqın dilinə tərcümə olunmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda muzeyin direktoru Leyla Əliyeva, akademik Elizbar Cavelidze, Rafiq Hümmət, Mirzə Məmmədoğlu və Nariman Yaşağaşvili “Türk Dünyası İnfo” İB tərəfindən “Dostluğa xidmət diplomu” ilə təltif olunublar.
Tədbirdə Azərbaycanın və Gürcüstanın tanınmış elm və ictimaiyyət xadimləri, görkəmli türkoloq-alim Elizbar Cavelidze, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Valehoğlu, təqaüddə olan polis polkovniki Nəriman Səmədov, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyev, turan.info.az-ın redaktor müavini, yazıçı-jurnalist Sona İsmayılova, şairlər Bəhram Mehdi, Əlixan Yəhyaoğlu, İbrahimxəlil, Akif Xansultanlı, Güllü Eldar Tomarlı, Gürcüstan Aktiv Azərbaycanlı Qadinlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, KİV əməkdaşları, İtv-nin Gürcüstan müxbiri Çingiz Yaqubov, APA-nın Gürcüstan müxbiri Cəmilə Babayeva, ARB:24-ün müxbiri Azər Məmmədov, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitabın məsləhətçiləri Milli Məclisin deputatları, akademik Nizami Cəfərov və Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov, redaktorları Rafiq Hümmət və Mirzə Məmmədoğludur.
Kitabda həmkarımız - turan.info.az İnformaiya Mərkəzinin rəhbəri, tanınmış tədqiqatçı-filoloq Müşfiq Borçalının "Azərbaycan-gürcü ədəbi əlaqələrinin tarixi inkişaf konteksti" sərlövhəli məqaləsi də dərc olunub (səh.158-172).
Müşfiq BORÇALI,
Aytac MƏDƏDLİ,
Sona ABBASƏLİQIZI,
turan.info.az
.