KEÇMİŞƏ BOYLANIB,
GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR
Çobanov Yəhya Namaz oğlu 1935-ci ildə qədim Borçalının Bağ bölgəsinin Bolus - indiki Gürcüstanın Bolnisi Rayonunun qərbində başı göylərə ucalan Şindi dağının şərqində, Ağbaba dağının cənub yamacında - ətəyində Gədə çayıboyunca təxminən üç kilometr məsafədə Şərqdən-Qərbə doğru uzanan qədim Darvaz kəndində (bu kəndin adı erməni mənbələrində XI əsrdə «Türki Darvaz» adı ilə qeyd olunub) ziyalı ailəsində anadan olub. O, 1955-ci ildə Darvaz orta məktəbini, 1959-cu ildə Borçalı - indiki Marneuli şəhərində Pedaqoji Texnikumu və 1968-ci ildə Gəncə şəhərində H.Zərdabi adına Dövlət Pedaqoji İnstitutunun Qiyabi bölməsinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Yəhya müəllim 1959-cu ildən pedaqoji fəaliyyətə başlamış və 40 ildən çox bir müddət ərzində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. O, rayon məktəbləri arasında tanınmış riyaziyyat müəllimlərindən biri olmuşdur. 1999-cu ildən təqaüddədir, Əmək veteranıdır. «Əmək veteranı» medalı və «Fəxri fərman»larla təltif olunub. Yəhya müəllim hal-hazırda doğma Darvaz kəndində yaşayır. O, həm ailə təsərrüfatı ilə məşğul olur, həm də geniş miqyaslı bədii yaradıcılıqla məşğul olmaqdadır…
Yəhya müəllimin ilk şerləri Bakıda «Ziya», «Azad Azəraycan», «Təhsil» «Şərqin səsi», «Borçalı», Gürcüstanda Bolnisi rayonunda gürcü və Azərbaycan dillərində nəşr olunan «Qələbə bayrağı» qəzetlərinin səhifələrində, həmçinin, Bakıda nəşr olunan «Addımlar» adlı poeziya almanaxlarının (1995, 1996) səhifələrində çap olunmuşdur.
Şair Yəhya Namazoğlunun (Borçalının), artıq, 8 kitabı tələbkar oxucuların - şersevərlərin öhtəsinə verilmişdir. Demək olar ki, Yəhya müəllimin şerləri eldə-obada oxucuların rəğbətini qazanmışdır. Bu da, artıq, onun peşəkar şair kimi püxtələşməsindən xəbər verir… Onun ilk kitabı «İlk məhəbbətim» (Bakı, 1996, Naşiri və redaktoru Müşfiq Çobanlı) şairin ilk uğuru oldu. Bu kitabın işıq üzü görməsi və oxucular tərəfindən rəğbətlə qarşılanması şairi poetik yaradıcılığa daha da həvəsləndirdi. Bir növ, şairin bədii-poetik yaradıcılığına yeni «yaşıl işıq» yandırdı. Beləcə də, şair məhsuldar poetik yaradıcılıqla məşğul oldu və dalbadal bir neçə şerlər kitabı çap etdirdi. O cümlədən, şairin dalbadal «Gözlə məni» (1996), «Gənc nəsillərə» (1998), «Qıfılbəndlər və deyişmələr» (2000), «Fani dünya» (2002), «Qərib eldə» (2004), «Gəlin Darvaza-Darvaza» (2008) «Seçilmiş əsərləri» (2009) kitabları çap olunub, şeirsevənlərin öhtəsinə verildi. Artıq, bu kitablar oxucular arasında geniş yayılmış və müəllifinin şair kimi nüfuzunun müəyyən dərəcədə artmasına səbəb olmuşdur…
Bir sözlə, Yəhya müəllimin bədii yaradıcılığını nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olur: O, keçmişə boylanıb, gələcəyə üz tutur…
Nəhayət, Yəhya müəllim yuxarıda adları qeyd olunan kitablarına yenidən nəzər salmış və həmin kitablarda çap olunmuş şerlərindən yeni «Seçilmiş əsərləri»ni (Bakı, 2009, Naşiri və redaktoru Müşfiq Çobanlı) çap etmişdir. Bu kitabı Yəhya müəllimin bədii yaradıcılığının zirvəsi hesab etmək olar. Onu da qeyd edək ki, Yəhya müəllimin bədii yaradıcılıq məhsulları şeirləri gec çap olunsa da, güclü halda həyata geniş vəsiqə ala bilmişdir. Bu da, hər şeydən əvvəl, Yəhya müəllimin Şeir bazarının mövzu baxımdan kasadlıq keçirməməsi ilə bağlıdır.
Onu da qeyd etmək lazımdır ki, Yəhya müəllim, demək olar ki, Şer janrının bütün növlərində, həm klassik poeziya, həm də şifahi xalq ədəbiyyatı üçün səciyyəvi olan əksər janrlarda qələmini sınamış və hansı janrda yazmasından asılı olmayaraq müvəffəqiyyət qazana bilmişdir. Ancaq onun yaradıcılığında şifahi xalq ədəbiyyatının izləri özünə daha geniş yer tutmuşdur. Bu da hələ onun uşaqlıqdan ana laylalarına, bayatılarına, nağıllarına bağlılığı və aşıq məclislərində bir-bir müxtəlif aşıqların söz-söhbətlərini dinləməsi ilə, həm də uşaqlıq illərindən saz dinləyib çalması və nəhayət, qara zurna, ney, tar və həmçinin, qaval-dəf düzəltməsi və onlarda çalmağı bacarması ilə yaxından bağlı olmuşdur.
Yəhya müəllimin bədii yaradıcılığında ustadnamələr, bağlamalar, deyişmələr, qoşmalar, gəraylılar, hərbə-zorbalar, həcvlər, ithaflar, dodaqdəyməzlər, müxəmməslər, təcnislər, həmçinin, dastanvarilər (kiçik dastanlar), poemalar, dram və s. özünə geniş yer tutmuşdur. Onu da qeyd edim ki, Yəhya müəllimin bədii yaradıcılığında deyişmələr, bağlamalar və qıfılbəndlər diqqəti daha çox cəlb edir. Doğrudur, bu sahə poeziyanın, nisbətən, çətin və mürəkkəb sahələrini təşkil edir. Bu mənada, başqasının bədii təfəkkürünün məhsulu olan deyişmə, bağlama və qıfılbəndlərdə ifadə etdiyi mövzunun açılması şairin, hər şeydən əvvəl, geniş dünyagörüşünə, zəngin bədii ədəbiyyat mütaliəsinə, deyişmə və qıfılbəndlərin söyləndiyi dövrün ictimai-tarixi problemlərini və xalqın həyat tərzini, həmçinin, deyişmə, bağlama və qıfılbənd deyənin ümumi intellektual potensialını və bədii yaradıcılıq üslubunu və onun bədii dilinin xüsusiyyətlərini dərindən öyrənməli və sonra həmin bağlama və qıfılbənlərin açılmasına səy göstərməlidir. Bütün, bu çətinliklərə baxmayaraq, Yəhya müəllim həm deyişmələrin, həm bağlamaların və həm də qıfılbəndlərin açılmasına, müasir oxucu və dinləyicilər üçün qaranlıq olan poetik parçalarının mahiyyətinin, məzmununun və dəqiq mənasının açılmasına səy göstəmiş və əsasən, qarşısına qoyduğu məqsədə, tam mənası ilə, nail ola bilmişdir. Başqa sözlə desək, bir növ onlarla deyişmişdir.
Yəhya müəllim klassiklərdən Aşıq Ələsgərin, Aşıq Ələsgərin oğlanları şair Əbdüləzimin, Aşıq Talıbın, Aşıq Qəribin, Aşıq Alının, həmçinin, müasir şair və aşıqlardan Araz Abbasovun, Aşıq Bəylərin, Şeyda Əzizovun, Həsən Sadıqlının, Teymur Qurbanovun, Səadət Butanın, Salman Qazinin, Növrəs İmanın, Xıdır Orucoğlunun, Əhməd Nəbioğlunun və başqalarının bağlamalarını açmış, şeirlərinə nəzirələr yazmış, bir növ olarla deyişmişdir.
Hətta, Yəhya Namazoğlunun müasir şair və aşıqlara yazdığı bir çox bağlamaların cavabı, hələ də, açılmamış qalmaqdadır.
Yəhya müəllimin yaradıcılığında, həmçinin, ustadnamələr, qoşmalar, dodaqdəyməzlər, gəraylılar, poemalar, dram və dastanvarilər (kiçik dastanlar), ithaflar (ayrı-ayrı şəxslər haqqında yazılmış şerlər), həcvlər və hərbə zorbalar, həmçinin, xatirələr (kiçik hekayələr) və s. də özünəməxsus geniş yer tutur.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdr ki, Yəhya Namazoğlunun mövzu dairəsi çox zəngin olub heç vaxt kasadlıq keçirmir. Bu da təsadüfi deyil. Çünki, ilk növbədə, şairin zəngin həyat təcrübəsi, pedaqoq-müəllim kimi həyatı və həyatda baş verənləri, insanların əməksevərliyi, bir-birinə olan insani münasibətləri, həmçinin, ülvi məhəbbət hisləri, ailə-məişət tərzi müasir peşələrin əksəriyyətinə dərindən yiyələnməsi həmçinin, təbiəti və təbiətdə özünü göstərən təbii hadisələri dərketmə qabiliyyəti, müşahidəetmə təcrübəsi çox zəngindir. Bu da, hər an, müəllifin yeni mövzu tapmasına və həmin hadisə ilə əlaqədar olan yeni bir şer yazmasına imkan verir…
Yəhya Borçalı doğulub boya-başa çatdığı Darvaz kəndini belə vəsv etmişdir:
Qulaq as, ay ellim, qoy deyim sənə,
Borçalıdır bilin, özü Darvazın.
Darvazın vəsfini yazıram yenə,
Söylənsin hər yerdə sözü Darvazın.
İnsana xoş gəlir abı-havası,
Elə bil burdadı cənnət yuvası.
Allahın kəlamı, o xoş sədası,
Olubdu dillərdə sözü Darvazın.
Qalmadı əlində Darvazın dağı,
Aldılar gürcülər Orta bulağı.
Yekələr kəsildi elimə yağı,
Olmadı yiyəsi düzü, Darvazın.
Sərxanda ot biçib, həm də yığmışam,
Yaylaqların hər yerində olmuşam.
Qocalmışam, indi yaşa dolmuşam,
Oxunur məclisdə sözü Darvazın.
Yəhyayam, hər işi qanıram, bilin,
Burda min illərdi yaşayır elin.
Xoş gəlsin ayların, xoş gəlsin ilin,
Olmayıb küsülü üzü Darvazın.
Yəhya müəllimin müxtəlif mövzularda yazdığı şerlərdən bəzi parçaları onun oxucularına çatdırmaq da yerinə düşərdi:
«Başına döndüyüm, ay cavan aşıq,
Elə çal, sazında tel inciməsin.»
«Ölməyitb yaşayır özü Vurğunun,
Silinməz qəlbimdən sözü Vurğunun.»
«Çox gəzdim aranı, çox gəzdim dağı,
Qeyrəti, həyanı atanı gördüm.
Axtardım həm solu, həm də ki, sağı,
Adamlığı pula satanı gördüm»…
«Vardan ötrü dava-dalaş edənlər,
Puldan ötrü başı bada verənlər.
Nə aparıb, bu dünyadan gedənlər,
Apardığı vardan-hallardan danış»…
«Başına döndüyüm, mənim əzizim,
Evimdən köçəndə ağlama məni.
Dünya vəfasızdı, heç bilmir xətir,
Yadına düşəndə ağlama məni».
Mən ki, bu dünyada qonaq olmuşam,
Qocalıb indi də yaşa dolmuşam.
Bəlkə də, həyatda mən tez solmuşam
Dünyadan gedəndə ağlama məni»…
(Həyat yoldaşına yazdığı «Ağlama məni» şerindən)
«Aranı istidi, dağları sərin,
Vurğunuyam belə bir gözəl yerin.
Darvazın, Çatağın meşəsi dərin,
Çox gözəldi, qızıl güllü Borçalı…
Ozanlar yurdudu sözlü Borçalı»…
Həyat və fəaliyyəti, yaradıcılığı, müxtəlif peşələrin mükəmməl bilicisi, el-obada qazandığı nüfuzu və hörməti ilə sayılıb-seçilən Yəhya müəllim haqqında el şairi Azadxanın «A Yəhya qardaş» adlı şerindən bir peşə bəndi burada verməyi lazım bildik:
«Düşündüm mən, sənə bir şer yazam,
Çatmadı qüvvətim, a Yəhya qardaş.
Yazam qeyrətini aşkar eyləyəm,
Qələm də acizdi, a Yəhya qardaş.
Toy da çalırsan sən, tar da, qarmon da,
Saz da bağlayırsan lazım olanda.
Qırxılıq qayırırsan qırxın vaxtında,
Tar da düzəldirsən, a Yəhya qardaş…
Qulluğun müəllim olub əvvəldən,
Riyaziyyatı sən bilirsən dərindən…
Bilmirəm, söyləyim hansı işini,
Danışım bilsinlər sənin peşəni.
Əlinin işini, saf düşüncəni,
Bildirəm xalqa, a Yəhya qardaş…
Sənətlər böyüyüb səninlə qoşa,
Toy, zurna, mey qabal qayrdın, yaşa!
Ömrün uzun olsun, yüz illər yaşa,
Heykəltəraşsan da, a Yəhya qardaş.
Çox qüvvətli olub, sənin qolların,
Dəryadı ağılın, zəkan kamalın.
Yaşasın, var olsun qızıl əllərin,
Ustalar kamandanı, a Yəhya qardaş»…
Yəhya babasının əməksevərliyini, dərin zəkasını, peşəkarlığını, mehribanlığını, səmimiliyini görən gənc şairə Aysel Mədədlinin «Yəhya baba» adlı şerindən bir neçə bəndi qeyd etməyi lazım bbildik:
«Şair kimi tanınır,
Öz yurdunda, elində.
Bu ağsaqqal qocanın,
Bərəkət var əlində…
Bilir neçə sənəti,
Qızıldandır əlləri.
Ad qazandırıb ona,
Xeyirxah əməlləri»…
Yəhya müəllimin bədii fəaliyyəti barədə oxucuların dediklərindən:
«El-obada zəhmətkeş və bacarıqlı sənətkar kimi tanınır. Neçə-neçə el sənətlərinin ustasıdır… boş vaxtlarında bədii yaradıcılıqla da məşğul olur».
«Dodaqdəyməz ustadı kimi tanınır… gənc nəsilləri Şer yazmağa maraqlandırdı» şair.
«Onun şerləri qəzet və jurnallarda, poeziya almanaxlarında çap olunub…
Müəllifin Şer və hekayələrini oxuduqca sevgi-məhəbbət, vətənpərvərlik, insanpərvərlik hissləri duyulur və tərbiyəvi əhəmiyyətə malikdir».
«Söz-sözü çəkdi və aşıq duyğulu Yəhya Çobanov çox mətləblərə baş vurdu, keçmişə boylandı, indimizdən gileyləndi… İlləri, olayları yola salmış bu insan Şer dəryası, aşıq sənəti dünyası təsiri bağışlayırdı. Elə ona görə də, yazdığı hər misra, hər fikir gələcəyə ünvanlanır, soydaşlarını mərdliyə və vətənpərvərliyə səsləyir,… qadınları da mərd, ismətli və namuslu görmək istəyir… Şairin əxlaq mövzusunda yazdıqları şerlər oxucunu düşünməyə sövq edir, onları mənən təmizləyir…, cavanları hörmətə, izzətə çağırır…
Biz əminik ki, oxucuların ixtiyarına verilən «Fani dünya» kitabı Şer oxucularının ürəyincə olacaq və Borçalı elinə dəyərli sovqat kimi ərmağan ediləcək».
Azadə-Taleh Abbasqızı,
«Borçalı» qəzeti və «Borçalı» jurnalının baş redaktoru.
«Şairin yaradıcılığında yeni bir nəzm forması oxucuların nəzərini cəlb edir. Əvvəlcə şerin sətirlərinin baş hərflərini yuxarıdan aşağıya oxuyanda müəyyən bir cümlə oxunur. Bunlardan əlavə bütün sətirlərin sonluqları eyni sonluqla qurtarır… Bunu da poeziyamızda yenilik kimi qiymətləndirmək olar… Eyni zamanda rəsam və sazbənddir. Bir neçə çalğı alətlərində el havalarını çalmağı bacarır…»
Dilşad Xaqaniqızı,
Jurnalist.
Nəhayət, biz də Yəhya müəllimə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Mədəd ÇOBANOV,
Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor.
«Şərqin səsi» qəzeti, 2009.
.