GÖYƏRƏN ARZULAR

GÖYƏRƏN ARZULAR Adi, zəhmətkeş, sadə bir ziyalı ailədə göz açdı. Böyüdükcə o zəhmətkeş ab-havadan içinə çəkdi, uddu, onunla pərvəriş tapdı.

Günlər, aylar, illər keçdikcə içinə toxum kimi düşmüş o zəhmət adlı damla onunla bir yerdə böyüdü, cilalandı, itiləndi və konkret, möhkəm bir formaya, həyatının başlıca prinsipinə çevrildi.

Yorulmaq bilmədən oxudu, öyrənmək, şüurunda nə isə yeni bir qapı açmaq üçün gah gizli, gah aşkar şəkildə əziyyət çəkib axtarışlar apardı, zəhməti özünə ən yaxın dost, kitabları özünə ən məhrəm sirdaş, əməyi özünə ən vacib vasitə bildi həyatda.


..Hələ orta məktəb şagirdi idi - Müşfiq Borçalı. O zamankı "Azərbaycan pioneri" qəzetinin abunəçisi, daimi oxucusuydu. Qəzetin hər bir nömrəsi ürəyini riqqətə gətirir, bütün yazılarını hava kimi, su kimi canına çəkir, özünü ayrı-ayrılıqda bütün yazıların istər qəhrəmanlarının, istərsə də onların müəlliflərinin yerində hiss edir, onların yaşantılarını öz qəlbində, özünü isə onların məkanında, vəziyyətində qeyri-iradi olaraq duyurdu. Və bundan doğan bir vəcddən irəli gələrək bir də gördü ki, özü də bu qəzetin yazarına çevrilib. Sirli-sehrli Bakıdan doğma Gürcüstana - qədim Borçalı mahalının ucqar Darvaz kəndinə qanad açıb yetişən bu qəzetin hər bir nömrəsi onun üçün artıq yeni bir məna kəsb edirdi. O artıq özünü qaynar şəhərin bir damlası kimi hiss etməyə başlamışdı. Ancaq bütün bunları elə bil gizli, mübhəm bir sərvət, dilə gəlməyəsi bir səadət kimi qoruyurdu hamıdan, lap elə ata-anasından da... Lakin hər bir xəlvəti görülən işin ömrü çox məhdud, qısa olduğu kimi, bu sirrin də sirr olaraq yaşaması çox az çəkdi. Qəzet nömrələri əlinə keçmiş ata oğlunun da onun yolu ilə getmək - filoloq olmaq istəyini bildikdə əvvəlcə narazılıq etdi. Bəlkə də o oğlunu gələcəyin həkimimi, mühəndisimi, ya memarımı görmək istəyirdi. Fəqət, tale yazan belə yazmışdı. Atanın damarlarında axan qan nə qədər güclü idisə, o məhz oğluna da sirayət etmişdi.

...İllər keçdi... Tale onu əvvəlcə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinə, əsgəri xidmətini başa vurub gəldikdən sonra isə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə gətirib çıxardı. Elə universitet illərindən qəzetə, qəzetçilərə, onların sadə olduğu qədər də dəyərli, tarixin qatarının əzabkeş təkərləri üstündə nəsillərə yetirən əsrarəngiz işinə bir daha vuruldu, onları əzəldən, içdən gələn bir məhəbbətlə duyaraq, dərk edərək sevdi. Bəlkə də sevərək dərk etdi. Axır ki, bu işi özünə ömürlük yol yoldaşı, ürək dostu, həyat amalı seçdi. Heç yanılmadı da... Axı bunu ona ruhu, damarlarında axan qanı, bir də heç şübhəsiz ki, Tanrıdan gələn, kimsənin, heç özünün də eşidə bilməyəcəyi bir isti pıçıltı qəlbinə, əqlinə hopdurmuşdu.

1990-cı ildə "Ağır elli Borçalı" nuru ilə uzun bir yola çıxan söz, tarix qatarı artıq az qala əsrin dörddə bir zamanı qədərdir ki, axtarışlarla dolu kəşməkəşli bir yoldadır. Xeyir-duasını samballı, ağır elatlı bir məkandan aldığından, sonrakı dayanacaqları da uğurlu, yaşarı, diqqətəşəyan olub bu qatarın. Belə ki, bu qatara bələdçilik edən qəhrəmanımız doğma məkanına - Gürcüstanına müxtəlif prizmalardan, müxtəlif rakurslardan, müxtəlif məqamlardan yanaşaraq, oxucusunu müxtəlif tale və bu taleyin aparıcısı olan şəxsiyyətlərin ömür kitabından olan yarpaqlarla çox dəqiq, konkret faktlarla tanış edir. (Elə buna görə də, “Ağır elli Borçalı” 1996-cı ildə Ərzurumda, 1998-ci ildə Tehranda təkrar işıqüzü gördü). "Çağdaş Borçalı ədəbi məktəbi" (1994) nəfəsində bu mahalın ədəbi mühit tarixinə aydın, işıqlı səyahət varsa, "Gürcüstanda Azərbaycan mətbuatı" (Bakı, 1998, Tehran, 2000) dayanacağında ədəbiyyatımızın və mətbuatımızın tam portretinə baxış var. "M.P.Vaqif və Gürcüstan" (1996) havalı dayanacaq bizi ötən əsrlərə qaytarırsa, "Ə.Ağayevin həyat və yaradıcılığı" (1996), “Əkiz alim qardaşlar” (2001, 2011) oxucunu XX əsr intibah dövründəki elm və təhsilin tam reallığı ilə üz-üzə qoyur. İstər “Borçalı toponimləri” (1996), "Borçalı aşıqları" (Bakı,1997, Tehran, 2000), istər "Borçalı ulduzları" (2001), istər "Borçalı şəhidləri" (1996, 2000, 2002), istərsə də "Borçalı həkimləri" (2002) adı ilə ətrafa tanışlıq səsi yayan qatar bələdçimiz "Bu dostluğun yaşı çox" (1996) salamı ilə onu dinləyənlərin əlini bir daha və bir daha Gürcüstanla Azərbaycan arasında salınan körpüdə sıxır. "Borçalı şəhidləri"nə (1996) hüzn saxlanan dayanacaq yerini "Məhəbbət - həyatdır" (1992, 1996) dayanacağına verirsə, qarşıdakı Dədə Qorqudun 1300 illik yubilyinə həsr olunmuş "Qəhrəmanlıq dastanı" (2000) harayı bütün türkdilli xalqların vüqar yerinə, qürur nöqtəsinə çevrilir. Hələ neçə-neçə dayanacaqdan boylanan, bizlərə əl edən şəxsiyyətlər tarixin lokomotivinin üzərinə öz dərin möhürlərin qoymuşlar.

"Arzu toxum kimidir... Ürəyə düşdüsə - göyərməlidir!" - deyir Müşfiq müəllim. Elə ürəyinə düşən layiqli, həyat vəsiqəsi almağa real namizəd olmalı arzularını davam olaraq ürəyində göyərdib. Arzularının xəmiri həyat nuru ilə yoğrulduğundandır ki, görkəmli alimlərimiz, elm adamları bu sükan sahibinə dəfələrlə öz etimad və diqqətlərini bildiriblər. Adı Azərbaycan ədəbiyyatının tarixində tarixiləşən, hətta bu tarixin belə səcdə etdiyi akademik Kamal Talıbzadə, professorlar Şamil Qurbanov, Əflatun Saraclı, Abbas Hacıyev, Vəli Osmanlı, Mürsəl Həkimov, Alxan Bayramoğlu, Mustafa Mustafayev və başqaları arzularını toxum kimi göyərdən söz araşdırıcısını dəfələrlə qələmlərilə salamlamış, onun yaradıcılıq yoluna bol-bol uğurlar diləmişlər.

Ziddiyyət, maneələrlə dolu həyatımız yaradıcı insanların həyatında öz ağrılı izlərini xüsusilə qoymuş və qoymaqdadır. Heç şübhəsiz ki, bu maneələr çəkişərək bərkişən bəşər övladının xislətində bir möhkəmlik, əzimkarlıq yaradır. Eyni zamanda bu maneələri təhlil süzgəcindən keçirən yazar bunlara yaradıcılığının işığını salmaqla bərabər, oxucularını, nəsilləri bu həyatın hər bir tərəfi ilə tanış edir, başqa sözlə, onlara həyat dərsi keçir. Digər tərəfdən isə maneələrdən mütəmadi olaraq dizləri qanayan, qəlbi göynəyən yaradıcı insan dikəlməyə sərf etdiyi enerjini elə bu başdan yaradıcılığına sərf etsə, neçə-neçə yeni səhifələr açmış olar elm səltənətində, sənət məmləkətində. Ancaq heyhat, bütün pis işlər yaxşılığa doğru apardığı kimi, günəş də dağların arxasından çıxdıqda xüsusilə əsrarəngiz olur.

- Bəs Müşfiq müəllim qarşıdurmalar vaxtı danışmağa daha çox üstünlük verir, ya susmağa? Ümumiyyətlə, siz qarşı tərəfin cavabını daha çox hansı üsulla verməyi lazım bilirsiniz?
- Mən hər bir işi öz vaxtında, məqamında görməyə iddialıyam. Vəziyyət necə tələb edirsə, elə də edirəm. Ancaq həmin vaxtda susmağımla çox şey deyirəm. Hətta üsyan edirəm.

- Sizin anlamınızda susmaq qızıldırsa, bəs susdurulmaq necə?
- Xoşbəxt o insandır ki, az danışmağıyla mühitinə çox şey anladır. Bu, sözsüz ki, onun əhatəsinin səviyyəsiindən xəbər verir. Bu öz yerində. Ən bədbəxt adam da yenə də çox susan adamdır. Çünki insan anlanmadığını bildiyi çox məqamlarda da susur. Bu sanki mənfi sonsuzluğun müsbət sonsuzluğa bərabər olmasına bənzəyir. Yəni belə məqamlar varsa, susmaq ən qəbuledilən variantdır. Bir də var "susdurulmaq". Bu isə hazır təcavüzdür - psixoloji təcavüz. Belə hal uzun sürə bilməz. Bu kimi təzyiqin, təcavüzün yolu gec-tez vulkan püskürən, lava saçan bir ocaqdan keçəcək.

- İlk sevinciniz. Onu kimlə bölüşmüsünüz? Ümumiyyətlə, sevincinizi bölüşdürməyi xoşlayırsınızmı? Bəs qəminizə necə, ortaq axtarırsınızmı?
-İlk sevincim nə vaxt olub xatırlamıram. Körpə qəlbinin sevinci nə olursa, mənim də eləcə olub. O sevinci yəqin ki, dilə gətirə bilməyib elə özümlə paylaşmışam. Artıq şüurlu həyatımda isə, bəli, sevincimi bölüşməyi çox xoşlayıram. İlk növbədə cəmi əzizlərimlə. Qəmimə isə - xeyr, qətiyyən ortaq axtarmıram. Bu mənim xasiyyətim xaricində olan bir işdir. Ancaq ümumiyyətlə götürdükdə isə həyat elə sevincdən, gözəllikdən ibarətdir, başa düşən üçün.
"Hər şey gözəldir həyatda,
Sən bu gözəlliyi anlaya, duya bilsən.
Özün bir zərrə gözəllik yarada bilsən".


- Sizin üçün sevgi anlamı nədir?
- Sevgi vətəndir, Vətən isə məndən başlanır. Böyük mənada sevgiyə möhtacıq. Ona görə ki, Vətən darda, bizsə Borçalıdan uzaqlarda. Belə olan halda, hansı sevgidən danışmaq olar?

- Bəs zövqü nədən alırsınız?
- Əlbəttə, işimdən - yazmaqdan, oxumaqdan, yeni bir sətir yaradıb, yeni bir sətir oxumaqdan.

- Sizin üçün bahar doğmadır, ya payız?
- İstər təbiətin, istərsə də insan həyatının bütün mərhələləri gözəldir. Payız olmazsa arxasınca bahar gətirən qış da olmaz. Gözlərimiz yaşarmasa, dost barmaqlarının bu yaşı siləcək kimi bir etibarlı anları da yaşamarıq.

-Amansız illər başımızın üstündən bir ley kimi uçduqca, ömrümüzü kiçicik anlara, məqamlara bölərək həmin o zərrələri, onunla birlikdə isə o anların yaşantılarını, qazancını əlimizdən, könlümüzdən qoparır. Bəs illər sizdən nəyi qopara bilməyib?
- Buna bircə kəlmə ilə cavab verirəm - xasiyyətimi, xarakterimi, Tanrıdan gələn, ata-anamdan bölünən xarakterim bütün yumşaqlığı, mülayimliyi, yeri gələndə sərtliyi ilə bütövdür.

- Keçən günlərinizin nostaljisi yaşayırmı sizdə? Və ya keçən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdinizmi?
- Mən optimist insanam. Ancaq xəyalpərvər də deyiləm. Gələcəyə böyük ümidlərlə baxıram. Lakin gələcək günlərim keçmişdə itirdiklərimi qaytarmış olsaydı, bəlkə də o barədə düşünərdim..

- Sizcə, "görünməzlər"in içində yaşayıb "görünən" olmaq yaxşıdır, ya əksinə, "görünən"lərin içində mövcud olub bəli, məhz mövcud olub -"görünməz" olmaq?
- Hə, o da baxır obyektinin "görünən"in kimliyinə. Ancaq onu dəqiq bilirəm ki, işim məndən nəyi, harada olmağı tələb edirsə, mən də orada o işi görməliyəm. Bu istər dağ kəndi olsun, istərsə də uzaq xaric, əsas odur ki, bir subyekt kimi yerimdə olum, işimi də vicdanla yerinə yetirim.

- Həyatın axını, seli, sizcə, öndə nəyi gətirir? Burulğana düşməmək üçün nə etmək lazımdır?
- Əlbəttə, çör-çöpü, işlər tərsinə fırlanıb arxadakılar öndə peyda olanda nə baş verirsə, sel də gələndə o baş verir. Ancaq sel gətirəndən bərəkət ummazlar. Sellə gələn, yellə gedər, - deyib ata-babalar. Burulğana düşməmək üçün isə yalnız haqq yoluyla getməlisən.

- Yusif Sərrac kimi bir günlük padşah olsaydınız, ilk növbədə hansı islahatları aparar, nəyi önə çəkər, nəyi rədd edərdiniz?
- Əlbəttə ki, bütün müftəxorların (varlıların yox ha, müftəxorların!) dövlətini kasıblara (tənbəllərə yox, kasıblara!) verərdim. Ancaq onu da deyim ki, müftəxor hələ vəzifəli demək deyil. Bu, xislət xəstəliyi, can-qan ətalətidir.

- Qaranlıqda yolu azsanız, it hürən tərəfə gedərdiniz, ya işıq gələn tərəfə?
- Əlbəttə işıq gələn tərəfə. Çünki işıq - nurdur, nur isə zülmətlərdən qurtuluş açarıdır. İşıq gələn tərəfdə hər hansı aldadıcı işarə olsa da, onun özü ona üz tutana yardımçı olub çıxış yoluna nur səpəcəkdir.

- Ürək ağlın açarıdır, ya əksinə ağıl ürəyin?
-Gəlin özümüzü aldatmayaq, real düşünək. Hamı, eyni zamanda da mən çox istərdim ki, ağıl ürəyin açarı olsun. Ancaq heyhat... Bu demək olar ki, mümkünsüz olur. Ancaq əlbəttə ki, söhbət Əsl ürƏkdən, içində qəlbi, ruhunda könlü olan ürƏkdən gedir. Daha yumruq boyda ət parçasından yox.

- Həyatınız məhəbbətdir, ya məhəbbətiniz həyat?
- Mənim həyatım başdan-başa elə məhəbbətdir. Əslində bunlar elə bir-birini izləyən, tamamlayan anlamlardır. Ancaq yenə də mənim həyatım məhəbbətini yaratmış, bütövlükdə də ona çevrilmişdir. Başqa sözlə, məhəbbətim həyatımın törəməsi, inikasıdır. Həyatım isə məhəbbətimin canlı ştrixləri, eskizidir. Elə buna görə də hələ 20 il əvvəl nəşr olunan kitabımı da elə beləcə “MƏHƏBBƏT HƏYATDIR!” adlandırmışdım...

- Yeni ilə yeni planlarla qədəm qoydunuz, ya ötən ilin qayğıları ilə?
- Sözsüz ki, operativ, mobil insan necə, mən də elə. Yəni ancaq və ancaq yeni planlarla. 30 yaşımı 30 kitabımla qeyd etsəm də, əfsus ki, 40 yaşımda onları 40-a çatdıra bilməmişdim. Ancaq söz verirəm ki, ömrümün 45-ci qapısını 45-ci kitabımla döyəcək, 45-ci kitabımla salamlayacağam. Elə bu yaxınlarda 5 kitabım dalbadal işıqüzü gördü: “Dünyamalı Kərəmin poeziya yaradıcılığı, “Şairlər Dünyanın Söz Allahıdı...”. “Aşıq Hüseyn Saraclı və onun Yaylaq səfəri”, “Əkiz alim qardaşlar”“Borçalının ağbirçək anası”. İnşallah, bu yaxınlarda daha iki kitabım işıqüzü görəcək.

- Biz əvvəlcədən Sizi ürəkdən təbrik edir və Sizə yeni-yeni uğurlar arzulayırıq! Müşfiq müəllim, bəs hansısa verilməyən sualın cavabı ürəyinizdə qaldımı? Hansı cavabınız sualdan qabaq doğuldu?
- Yox, yox. Cavablandırdığım bütün suallarda həyatım əhatələndi, duyğularımın qapısı döyüldü. Suallar göstərdi ki, həyat təcrübəniz zəngin, duyğularınız hərtərəflidir. Bunun üçün və eləcə də mənə ünvanladığınız xoş arzular üçün sizə səmimi təşəkkürümü bildirirəm.

- Qarşılıqlı... Yeni uğurlarınızın sorağıyla...

Gülgəz NUR,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
“Kredo” qəzeti,
11 fevral, 2012-ci il.

"Şərqin səsi" qəzeti,
N: 43 (273) Oktyabr,
2012-ci il.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BORÇALI ZİYASI

BORÇALI ZİYASI

Elm, AzTU, Bolus, Darvaz, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
Ulu Borçalının Ulu Oğlu!..

Ulu Borçalının Ulu Oğlu!..

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, "Şərqin səsi", Bolus, Darvaz, Arxiv, Müşfiq Borçalı
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
SEVGİNİN  KİTAB-KİTAB  DİLLƏRİ

SEVGİNİN KİTAB-KİTAB DİLLƏRİ

MEDİA, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanınd ...

Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanınd ...

ADPU
Borçalı elinin İslamı getdi...

Borçalı elinin İslamı getdi...

"Gürcüstan", UNUTSAQ, UNUDULARIQ!....
Xatirə ömrü

Xatirə ömrü

Milli Məclis, Poeziya
Həyatımızdakı “SON”lar

Həyatımızdakı “SON”lar

Publisistika, Müsabiqə
... BU QALA BİZİM QALA… (Oçerk)

... BU QALA BİZİM QALA… (Oçerk)

Darvaz, Mədəd Çobanov
Professor Abbas Hacıyev: ÜMUMİMARAQ SƏVİYYƏSİNDƏ

Professor Abbas Hacıyev: ÜMUMİMARAQ SƏVİYYƏSİNDƏ

ADPU, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Müşfiq Borçalı
DİQQƏT, DİQQƏT!... Əziz və hörmətli BORÇALILILAR!..

DİQQƏT, DİQQƏT!... Əziz və hörmətli BORÇALILILAR!..

Turan, Gürcüstan, Tiflis, Rustavi, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, Qabal, Qaracalar, Batum, Ağbulaq, Kaspi, Msxeta, Arxiv, Müşfiq Borçalı
Keşmə-keşli həyat yolu...

Keşmə-keşli həyat yolu...

"SALDO"
Atasız dünyam

Atasız dünyam

Bolus, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
DÜNYASI BORÇALI, MALI BORÇALI

DÜNYASI BORÇALI, MALI BORÇALI

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Bolus, Arxiv
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
Ədəbi cameədə xaos var...

Ədəbi cameədə xaos var...

Ədəbi tənqid
Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA  Minnətdarlıq məktubu

Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA Minnətdarlıq məktubu

"SAZLI-SÖZLÜ BORÇALI", Darvaz, Arxiv, Müşfiq Borçalı
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
Müşfiq Borçalı: «MÜQƏDDƏS MƏKTUB» (Hekayə)

Müşfiq Borçalı: «MÜQƏDDƏS MƏKTUB» (Hekayə)

Nəsr, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Rəy yazın: