Onlardan biri də öz insani keyfiyyətləri ilə, ağıl-düşüncəsi ilə, müdrik kəlamlarıyla, səmimi münasibətiylə, üzünün nuruyla, mənim yaddaşımda, ürəyimdə daimi yeri olan, çox hörmətli alimimiz, Türk ədəbi dilinin mahir tədqiqatçısı, tarixi torpaqlarımızın toponimləri ilə bağlı çox qiymətli əsərləriylə, Azərbaycan elminin filologiya sahəsində xüsusi yeri olan görkəmli türkoloq, tanınmış dilçi, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovdur.
Mədəd müəllimlə əyani tanışlığım ilk dəfə 2010-cu ilin okt-yabrında Bakıda Milli kitabxanada oldu. Xalq şairi Zəlimxan Yaqubla görüş tədbiri idi. Görüşdə həmişə efirlərdə gördüyüm ziyalılar, şairlər, alimlər iştirak edirdilər. Mən Mədəd müəllimlə yanaşı oturmuşdum. Həyacandan tez-tez tərləyirdim. Mənim bu halım müəllimin gözündən yayınmadı. Elə bil məni bu vəziyyətdən çıxarmaq üçün dedi ki, “Borçalının təmiz havasını, gülünün, çiçəyinin ətrini görkəmində əks etdirirsən, burada səni tanımayanlar sənə baxan kimi bilirlər ki, dağ adamısan, bu otaq-da kondensionerdən aldığın sərinliyi o dağların havasıyla müqa-yisə edə bilərsənmi?” – deyə soruşdu və güldü.
O gülən kimi mən bir az sərbəst oldum, elə bil həyacanlığıma son qoydular.
O üzü nurlu kişinin bu səmimi söhbəti məni vəziyyətdən tam çıxardı, bu səmimiyyət dilimi açdı. Təxminən bir yarım saat həmsöhbət olduq...
Mən bu ağsaqqal insanın, böyük alimin hərəkətinə, söhbətinə vuruldum. O gün mənim yaddaşıma əbədi həkk olundu...
Allah Mədəd müəllimə rəhmət eləsin.
Ruhu şad məkanı cənnət olsun...
ÇİNGİZ YAQUBOV,
Müəllim-jurnalist,
Borçalı, Bolnis-Kəpənəkçi kəndi,
turan.info.az
.