"Qurucular hərəkatı" partiyasının
Marneuli merliyinə namizədi
Leyla Məmmədovadan götürdüyü müsahibəni sizlərə -
turan.info.az-ın dəyərli oxucularına təqdim edirik.
- Leyla xanım, bu gün sizinlə “Tolerantlıq və Müxtəliflik İnstitutunun Azlıqlara qarşı törədilən diskriminasiya” tədbirindəydik, bu barədə nə düşünürsünüz, biz tolerant bir icmayıqmı?
- Çox tolerant bir cəmiyyət olduğumuzu düşünmürəm, ona görə ki, bu gün kilsə istədiyi torpaqları mənimsəyə bilir, istədiyi yerdə xaç qoya bilir və istədiyi yerdə ibadətxanalar inşa edir. İndi Sadaxlıda kilsə tikilir. Burdakı etnik azlıqlar isə bunu edə bilmirlər. Bu gün çox sayda məscidin rəsmi qeydiyyatı belə yoxdur. Baxın bu gün Acarada müsəlman ailənin uşaqları xristiyanlığı qəbul edirlər, niyə? Cünki dövlət onlara yetərincə nə iş imkanları yarada bilmir və kilsəyə yaxşı məbləğ ayıra bilir. Bu səbəblə insanlar pul üçün xristiyanlığa yönəlirlər.
- Bu hadisələr Acarada baş verir, sizcə bizim regionumuzda da baş verə bilərmi?
- Kommunzimin mövcud olduğu zamanlarda insanlar onu din kimi mənimsəmişdilər, Gürcüstan Sovet İttifaqında ən zəngin ölkələrdən biri idi. Sovetlər dağıldı, bir boşluq meydana gəldi. Ona görə də insanlar yeni bir inanc axtarışına keçdilər. Bəziləri xristliyanlığı qəbul etdilər, bəziləri isə yahovalığı qəbul etdi, kimisi isə islama sığındı. Düzdür, kilsə, bu gün regionumuzda ən gözəl torpaqlar patriarx tərəfindən mənimsənsə də, dövlət burda fərqli bir siyasət izləyir. Burdakı dini çoxluqları müxtəlif inanclara bölür, şiələrin çox olduğu Ponicalada Vahabi məscidinə rəsmi status verir. Digər dini qrupların ibadətxanalarını isə görməzlikdən gəlir. Beləliklə səni içindən parçalamağa çalışır ki, Ponicaladakı hadisəni unutmuruq. Biz iradəsi zəif bir insanlarıq, milli şüurumuz güclü deyil. Bu səbəblə istədikləri kimi içdən parçalama prossesi asan baş verir.
- Leyla xanım, indi keçək siyasətə, necə oldu ki, siz namizədliyinizi irəli sürdünüz, sizin motivasiyanız nə oldu?
- Bilisiniz, açıqcası siyasətə gəlməyimin birinci səbəbi yerli kadr olmağım və seçkilərdə göstərmək istədim ki, burdakı yerli insanlar sağdır, hələ ki, ölməyiblər. Bilirsiniz ki, əvvəlki icra başcısı demək olar ki, yerli kadrlara şans tanımamışdı. Mçxetadan, Qoridən bura işləməyə gələnlər var idi. Bu qədər regionda, təhsilli insanlarımız çox olduğu regionda heç mi yerli kadr yox idi? Bir kərə bələdiyyədə işləyən insanların bioqrafiyalarını istəmişdim, ancaq təəssüflər olsun ki, bu informasiyanı gizli tutdular. Kim ora necə girdi? Nələr edir? Nə işlə məşğuldu? Xəbərimiz yox idi. Avrasiya Fondu Bolnis-Dmanis və Marneuliyə su və kanalizasiya sistemlərini təmir etməsi üçün 90 milyon dollar məbləğində vəsait ayırmışdı, ancaq bu gün nələr baş verdi? Dmanisi və Bolnisi rayonu bu işin öhtəsindən gəldiyi halda, Marneulidə hələ yolların təmiri belə bitmədi. İdmana qayğı göstəririk deyə öyünürük, amma bu gün cüdodan başqa demək olar ki, idman növu yoxdur. Məsələn, mən qadınam, cudonu sevmək məcburiyyətində deyiləm. Tenisi sevirəm, amma bu gün tenislə əlaqəli heç nə yoxdur. Elə də başqa idman növləri ilə əlaqəli. Hara getdi bura ayrılan vəsait?
İkinci olaraq icmamıza göstərmək istədim ki, bir qadın da namizəd, hətta mer ola bilər. Bir ana, bir iş xanımının da buna haqqı var. Bu gün siyahılara baxırsan, partiyalar demək olar ki, qadın namizədlərə qarşı ayrı-seçkilik edir. Hətta namizədlərin görüşündə partiya rəhbərlərinə sual ünvanlayanda ki, niyə qadın namizədlərə demək olar ki, heç yer vermirsiz? Cavabları “regionda aktiv qadın yoxdur” olurdu. Mən də yanlarında otururdum. Yaxşı aktiv bir qadın yoxdursa, onda mən nəyəm? Kişilərdən nəyimiz əksikdir?
II
- Leyla xanım, seçki kampaniyalarınız niyə yavaş gedir və demək olar ki, rayonda görə bilmirik?
- Bilirsiniz, plakatlar üçün icazə almaq lazımdır ki, yapıştırsan, ancaq zamanla anladım ki, sadəcə icazə almaq yetmirmiş, eyni zamanda plakatını vuracaq olan insanları da inandırlmalısan ki, sən mənim plakatımı vursan, bir şey olmayacaq. Qənsə kruquna (dairəsinə) üzbə-üz olan binadakı yekə plakatımı görübsünüzsə, onu bir çətinliklə asmışıq ki, bir də ikinci sıxıntımız kranla onu qaldırmaq problemi oldu. Sürücü qorxur, deyir ki, “mən müxalifətin plakatını assam, işdən ola bilərəm. Hakim partiya seçiçiləri qorxudur. Diqqət edin. mağazaların pəncərələrində sadəcə hakim partiyadan namizəd olanların plakatları asılıb, müxalifətə icazə vermilər. Daha doğrusu mağaza sahiblərini qorxudurlar ki, onlar hakim partiyadan başqa heç kəsin plakatını asmasına icazə verməsin, əks təkdirdə onları cərimələcəyəklərini deyirlər. Bu səbəblə biz də yer tapıb plakatlarımızı asmağa çətinlik çəkirik.
- Seçiçilərinizlə görüşləriniz necə gedir?
- Cəmiyyət olaraq ifliçə doğru gedən vəziyyətdəyik. Ayağımızdan başlayıb, onurğaya gəlib çatmasına az qalıb. Seçiçilər belə görüşə gəlməkdən qorxurlar, balkondan dinləməyə üstünlük verilər. Onlara bir namizəd olaraq ümid verməməyə çalışıram. İstəmirəm ki, son damla ümidlərini də söndürüm. Deyə bilmirəm ki, əğər mer olsam, ayrılan bu məbləğlə sizlərin bütün problemlərinizi həll edəcəm, su, kanalizasiya, asfalt çəkəcəm deyə. İllərlə bu seçicilər asfalt, su, yol ilə çox aldadıldı. Demək olar ki, siyasətdə, səs vermədə heç iştirak belə etmək niyyətləri yoxdur.
- Leyla xanım, siyasətdə pulunmu rolu çoxdur, yoxsa karizmanınmı?
- Karizmanın rolunu siyasətdə inkar edə bilmərik. Bunu keçən seçkilərdə Əhməd göstərə bilmişdi, ancaq o bunu sonuna qədər istifadə edə bilmədi və onun arxasından gedən və ona inanan seçicilərini yarı yolda buraxdı. O özü də yaxşı bilir ki, mer olma şansı heç yoxdur. Majoritar deputat kimi iştirak edib seçkidə qalib gələ bilmə şansı daha yüksək idi, deputat olaraq daxil olsaydı bələdiyyəyə, ən azından bir şeylər edə bilmə şansı daha yüksək idi, nəinki merlik uğrunda mübarizə etməsi. O həmişə yüksəkləri arzulayıb, amma insan gərək yavaş-yavaş yüksəklərə çıxa bilsin. Biz onu da unutmamalıyıq ki, keçən seçkilərdə Tamazın qalib gəlməsi “millət məsələsin”dən çox “cinayət məsələsi” idi. Bu xalq keçmişi o qədər də tez unuda bilmir, keçmiş yaddaş və yaşanan travmalar hələ də bu xalqın siyasi seçim etməsində böyük təsir göstərir. Bu xalq cəsarətdən çox qorxuya səs verir, namizəddən çox cəsarətsizliyinə səs verir, hər şeydən qorxur. Elə bilir ki, hələ də gəlmədir və bir gün gedəcək.
- Son olaraq seçkilər haqqında nə demək istəyərdiniz?
- Mən vətənimi və ölkəmi çox sevirəm, bura bağlıyam və buranı daha yaxşı etmək üçün mübarizəmi davam etdirirəm. Ən azından siyası arenada mübarizə etmək üçün keçmişi ilə öyünməyən, ya da ki, keçmişdəki səhvələrə görə başqalarını günahlandırıb pisləməyən, əksinə gələcəyə doğru ümidlə addımlayan bir partiyadan namizədliyimi irəli sürməklə özümü tam azad və sərbəst şəkildə hiss edərək, bir qadın, ictimai fəal, bir ana kimi övladlarım üçün, icmamız üçün daha yaxşı bir gələcək üçün mübarizəmi aparıram.
"Gündəlik-Gürcüstan"
turan.info.az
.