Bu və ya digər toponimin yaranmasında və tarixən yaşamasında, ilk növbədə həmin regionda yaşayan qəbilə, tayfa və xalqın varlığı, habelə həmin yerin təbii görünüşü və relyefi özünü əks etdirir. «Borçalı» toponiminin yaranmasında da bu xüsusiyyət öz əksini müəyyən dərəcədə tapıb. «Borçalı» toponimi necə yaranıb? Bu sualın cavabını, əlbəttə, sözün özündə, ifadə etdiyi mənada axtarmaq gərəkdir. Bəri başdan onu da qeyd edək ki, hələ qədim zamanlardan Borçalıda türkdilli tayfaların yaşaması haqqında istənilən qədər tarixi faktlar var və «Borçalı» toponiminin türk mənşəli olması şübhəsizdir.
Toponimik ədəbiyyatda ya bilavasitə, ya da ötəri şəkildə «Borçalı» sözünün etimologiyası ilə bağlı bir-birinə zidd bir neçə fikir mövcuddur. Bəzi müəlliflər Borçalı toponimini «Boşçala» («boş çala», «çökəklik»), «Borçalı» («borcalan və yaxud borcverən Alı»), «Boşqalı» («boş, kimsəsiz, sahibsiz qalmış çöl», «yer»), «Borçalı» («cavan üzüm çalası», «şərab çalası»), «Bozçala» («boz yer») və s. kimi şərh ediblər.
O cümlədən A.Bakıxanov «Gülüstani-İrəm» əsərində «Borçalı» toponimini «Boz çala», M.Kaşğarlı isə «Bor çala» kimi açıqlayıb. Bizcə, bu şərhlərlə razılaşa bilmərik.
(Tiflis Müsəlman qəbristanlığında)
F.Kırzıoğlu «Dədə Qorqud oğuznamələri» adlı əsərində isə A.Zəki, B.Toqan və başqalarının istinad etdiyi mənbələrə əsaslanaraq, borçalıları Sabirlər tayfasına qonşu olan «boruskların» — bulqarların digər bir qolu olan Boroç-Boroçoğlu tayfası ilə əlaqədar olduğunu və onların Kür çayının orta axarının sağ sahilində əski Qoqaren ölkəsinin doğu (şərq) hissəsində «boroçalılar» adı ilə yaşadıqlarını qeyd edir. Bu mülahizə də inandırıcı görünmür. Çünki dil səviyyəsi baxımından «Boroçoğlu» və «Borçalı» sözləri arasında tam yaxınlıq yoxdur. Doğrudur, həmin sözlərin ilk üç səsi (b, o, r) eynidir. Ancaq həmin səslərin eyniliyi «Borçalı» toponiminin «Boroçoğlu» etnonimindən (və ya sözündən) törəməsini söyləməyə əsas vermir. Ona görə ki, Azərbaycan dilinin fonetik qanun və ya hadisələri arasında «o» və «ç», «a» və «ç» səslərinin yerdəyişməsi, habelə «oğlu» sözündəki ilk «oğ» ünsürünün düşməsi hadisəsi yoxdur. Deməli, «Borçalı» toponiminin «Boroçoğlu» etnonimi əsasında düzəlməsi haqqında olan mülahizəni də dil faktları təsdiq etmir.Ümumiyyətlə, yüzlərlə, minlərlə türk mənşəli toponimlərdə olduğu kimi, Borçalı toponiminin etimologiyası da qədim türkdilli tayfanın adı və yerin relyefi ilə bağlıdır. Borçalı toponimi «bor» (bori) və «çalı» (çal, çöl) sözlərinin birləşməsindən əmələ gəlməsi fikrini söyləyənlər də var. Bu fikir də tamamilə ağlabatan deyil.
Çünki bu toponimin birinci komponenti qədim türk dillərində «qurd» mənasında işlənən «bori» tayfasının adından götürülüb. Bu da təsadüfi deyil. Birincisi, qurd qədim zamanlarda türkdilli xalqların totemi olub. İkincisi, qədim türklər hələ köçəri həyat keçirdiyi zaman çox döyüşkən və cəsur tayfalar olublar (bu, onların adlarında da əks olunub). Təsadüfi deyil ki, hələ «Kitabi-Dədə Qorqud» dastanında «Qurd üzü mübarəkdir» kimi ifadələr öz əksini tapıb. İndi də xalqımız arasında «Qurd oğlu qurd olar», «Qurddan olan kəsəyən olar» kimi yığcam və dərin məzmunlu atalar sözləri də var. Güman ki, elə həmin atalar sözləri də öz başlanğıcını və özülünü qurdlar tayfasının adından alıb.
(Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubla Borçalının Darvaz kəndində)
Beləliklə, aydın olur ki, «Borçalı» toponiminin birinci komponenti «bori» (qurd) sözü əsasında formalaşıb.Tarixi sənədlər «qurd» sözü
əsasında düzəldilmiş
kənd adlarının
olduğunu da təsdiq edir.
1728-ci ildə tərtib olunmuş
«Dəftəri-müfəssəli-əyaləti-Tiflis»
dəftərində Təkəli oymağının
Qurdlar kəndinin adı da
qeyd edilib.
Həmin kəndin adı hazırda
təhrif olunmuş şəkildə
- Kürdlər kimi işlənilir.
Bundan başqa Bolnisi rayonunda
Bolulus - Kəpənəkçi yaxınlığında
Qurdlar, Darvaz kəndinin
yaxınlığında isə Qurdoğlunun
qoruğu adlı böyük oronimlər
(toponimlər) indi də var.
(Borçalıda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri,
dəyərli ziyalımız Fazil Həsənov və başqaları ilə birlikdə)
«Borçalı» toponiminin ikinci komponenti isə «çalı» (çal) qədim türk dilində «təpə» mənasında işlənən «çal» sözü ilə bağlıdır. İndi də Bolnisi rayonundakı Aşağı Qoşakilsə kəndi yaxınlığında «Uzun çal» (uzun təpə), Başkeçid - Dmanisi rayonundakı Yırğançay kəndi yaxınlığında «Yumru çal» (yumru təpə) adlı yerlər də var. Bu isə hər şeydən əvvəl inanc (dini) panteonumuzda dağa, təpəyə, yüksəkliyə inamla bağlı olub (Qədimdə qalaların dağ başında, sıldırımlıqlarda tikilməsi fikrimizi sübut edir. Dəvəçi rayonundakı Çıraq-Qalanı, Marneuli rayonundakı Ağca-qalanı, Bolulus - Bolnisi rayonundakı Qoçulu qalasını, Koroğlu qalalarını və s. xatırlayın).dəyərli ziyalımız Fazil Həsənov və başqaları ilə birlikdə)
Deməli, «Borçalı» toponiminin ümumi mənası «borilərin təpəsi», yəni «qurdlar təpəsi» deməkdir. Borçalı ərazisinin üçdən iki hissəsinin dağlıq olduğunu nəzərə alsaq, fikrimiz daha aydın təsdiq olunur. Şair Dünyamalı Kərəm isə özünün «Qoçulu» (Bakı, 2009) kitabında yazır: «Antik dövrlərin yazılı məxəzlərindən aydın olur ki, bizim ulu babalarımızın əcdadları olan skiflər, saklər, kəmərlər hələ bizim eradan əvvəl Gürcüstan ərazisində yaşayıblar. Qədim dünya tarixinin atası sayılan Herodotun yazdığına görə, türk tayfalarından olan silahlı bir dəstə Trialeti aşırımından Gürcüstana keçən Roma imperatorunun ordusunun qarşısını kəsib, ordunu bir neçə saatlığa dayandırıb.
Azərbaycan Türklərinin Borçalıda və Gürcüstanın digər bölgələrində məskunlaşmasını gürcü tarixçiləri təqribən XVI yüzilin ortalarına aid edirlər. Digər mənbələrdə isə bu tarix daha qədimdir. Məsələn, İran mənbələrində qeyd olunur ki, XIII yüzilin əvvəllərində «Tiflisdə müsəlman qadınlarından başqa heç kəs yaşmaq tutmurdu». (Gürcüstan tarixi. «Qanatleba» nəşriyyatı. Tiflis, 1988, səh.73). Mənə elə gəlir ki, burada göstərilən «müsəlman qadınları» məhz azərbaycanlı (Azərbaycan-Türk — red.) qadınları idi.
(Ulu Borçalımızın cənnət guşəsi
qədim-qayım Başkeçiddə)
qədim-qayım Başkeçiddə)
Tarixi məxəzlərdə göstərilir ki, XVIII yüzilin sonlarında Tiflisdə Azərbaycan dilində məktəb açılmışdı. Sonra göstərilir ki, Tiflisdə açılan məktəblərdə gürcü, erməni, tatar (azərbaycan) rus və əgər mümkünsə yunan və latın dilləri öyrənilirdi (Gürcüstan tarixi, Tiflis, 1980-cı il; 1799-cu ildə Yohan Georgiyeviç Baqrationi tərəfindən «Kartli-Kaxetiya çarlığında mədəni-maarif tədbirləri keçirilməsi haqqında» tərtib edilmiş layihədən).
XIX yüzilin ortalarında Borçalı mahalı qəzaya çevrildi. Bu zaman əhalisi Azərbaycan türklərindən ibarət olan Qarayazı (1947-ci ilədək) — indiki Qardabani və Qaraçöp (kəndləri Saqareco rayonuna daxil edilib) rayonlarını Borçalıdan ayırdılar. 1885-ci ildə Borçalı qəzasının əhalisi 89.076 nəfər, 1926-cı ildə 86.537 nəfər (50.979 Azərbaycan türkü, 14.969 erməni, 7646 gürcü) idi. 1929-cu ildə qəza ləğv edilib üç rayona - Borçalı (1950-ci ildə Marneuli), Lüksemburq (1946-cı Bolnisi), Başkeçid (1947-ci ilədən Dmanisi) rayonlarına bölündü. Lap qədimlərdə bu bölgə Çoruk Qəmərli (xalq isə Çürük Qəmərli deyirdi) adlanırmış. 1942-ci ilə qədər indiki Bolnisi şəhərinin yuxarısında Çürük Qəmərli adında kənd olub.
XIX yüzilin əvvəllərində Gürcüstan Çar Rusiyası tərəfindən tamamilə işğal edildikdən sonra çar hökuməti almanları Şərqi Rusiyadan (Almaniya) Zaqafqaziya dəvət etdi. Almanların bu regiona köçürülməsinin əsas məqsədi kənd təsərrüfatının və maldarlığın qabaqcıl təcrübəsini yaymaq idi. 1818-ci ilin sonlarında Gürcüstanda almanlar yaşayan 4 kolon təşkil olunmuşdu. Belə kolonlardan biri də həmin Çürük Qəmərli kəndinin alt tərəfində məskunlaşdırılmışdı. Bu kolon Yelizavetenfeld adlanırdı. Yerli əhali isə son zamanlaradək yenə də ona «Kolon», «Kolonka» və sadəcə olaraq «nemsə» deyirdi. Gürcüstan Sovetlər tərəfindən işğal edildikdən sonra ona Alman Kommunist Partiyasının liderlərindən biri olan Roza Lüksemburqun adı verilmişdi. Almanların yaxşı qonşuluqları və gözəl xasiyyətləri vardı. Söyüş söyməyin, qarğamağın nə olduğunu bilməzdilər. Ən ağır sözləri: «Ay səni andır qal!» olardı. Ən yüksək dərəcədə doğruluq sevən, yalan danışmağı bacarmayan, təmizliyə riayət edən, zəhmətkeş insanlar idi. Elə ona görə də xalq arasında «nemetskiy şot» (alman hesabı) zərbi-məsələsi yaranmışdı. 15-16 yaşına çatanların hamısı Azərbaycan-Türk dilini bilərdi və bizim xalqa yaxşı münasibət bəsləyərdi. Oğurluq bilməzdilər. Oğruları «qarapişik» (oğurluq sözünün rusca deyilişinin bir qədər təhrif olunmuş formasında) adlandırırdılar. Burada bir misal çəksəm, lap yerinə düşər. Mənim Əhməd dayım (Abdulla oğlu) almanlara dana və çəpiş əti satmaqla məşğul olurdu. Yolda rast gələn hər hansı bir alman açarı etibar edib ona verər və deyərdi: «Axmed, iki kiloqram, yaxud üç kiloqram çək, filan yerə qoy, pul da filan yerdədi». Əhməd dayı da öz növbəsində ona əməl edər, hətta 50-100 qram da artıq qoyardı. Almanlar torla balıq tutmağı sevərdilər. Bazar günləri iki at qoşulmuş qəşəng araba ilə bizim «Cavala» (indi «Maşavera») çayının sahillərində məskən salardılar. Özlərinə lazım olan qədər balıq tutub oradaca bişirib ailəliklə süfrə ətrafında əyləşərdilər. İki stəkandan artıq şərab içməzdilər. Araq və konyakı isə dillərinə vurmazdılar. Mən işimlə əlaqədar olaraq tez-tez rayon mərkəzinə gedirdim. Almanlardan bir nəfərinin belə sərxoş olduğunu görməzdim. 1941-1942-ci illərdə Gürcüstanda yaşayan bütün almanları, o cümlədən də Lüksemburqda yaşayanları Qazaxıstana sürgün etdilər. Beləliklə, onlar işgüzarlığı, düzgünlüyü də özlərilə bərabər apardılar.
1946-cı ildə Lüksemburqa Bolnisi adı verildi. Bura köçürülən və gigiyena və mədəniyyətin nə olduğunu bilməyən köçərilər — pşavlar, svanlar və s. dağ adamları təxminən 40 ildən sonra tamamilə dəyişib mədəniyyətə qovuşdular. İndi onlar yerli əhaliyə — azərbaycanlılara (türklərə-red.) lağ etməyə, bəyənməməyə başladılar. Bu gün Bolnisi respublikada nümunəvi şəhərlərdəndir. Ancaq təəssüf ki, Bolnisi rayonunun mərkəzi, yəni Dünyamalı Kərəmin «Hümunəvi şəhər» adlandırdığı Bolnisi 1989-cu ildən soydaşlarımızın təqib və təzyiqlərindən sonra didərgin düşdüyü şəhər olaraq qalır.
(Ulu Borçalımızın qədim Darvaz kəndindəki
orta məktəbin həyətində)
orta məktəbin həyətində)
(Davamı var)
Müşviq ÇOBANLI.
"Xalq Cəbhəsi" qəzeti.
- 2013.- 24 sentyabr. - Səh.14.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.