Ədalət Mədəd oğlu İsmayılov 1968-ci ildə qədim Başkeçiddə dünyaya göz açıb. Tanınmış şair-jurnalist Madad Coşğunun oğludur. Hələ gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. 1990-ci ildən Bakıda yaşayıb-yaradır. Azərbaycan və rus dillərində eyni dərəcədə yazan sayı barmaqla sayılası qədər olan istedadlı qələm sahiblərimizdən biridir. Müxtəlif qəzet redaksiyalarında çalışıb. Əsərləri müntəzəm olaraq dövrü mətbuatda, ədəbi məcmuə və toplularda dərc olunur. Bir neçə kitab müəllifidir.
Bu günlərdə Ədalət Mədədoğlunun “Tiflisdə yeddi məhbus” adlı romanı (Bakı, 2014. 256 səh.) nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir.
Müəllifin kitaba yazdığı qısa annatasiyasında oxuyuruq: “...doğulduğum Başkeçidin qarlı dağlarından keçmişə, gələcəyə və dünyaya boylanmağımın təəssüratlarından qoparılan 28 seçmə parça bir-birinə uyğunlaşdırılaraq «Tiflisdə yeddi məhbus» adlı ədəbi pannonun yaranması ilə nəticələnib... Əsərdə babalarımdan, yaşlı nəslin nümayəndələrindən eşitdiyim, duyduğum əhvalatlardan bəhrələnilmişdir. Bu əhvalatlarda bəzi tarixi hadisələrin xronologiyası bilərəkdən dəyişdirilib. Kitabda Borçalı mahalına məxsus dia¬lekt sözlərdən və Osmanlı dövrünə aid arxaizmlərdən istifadə olunuşdur.”
Kitaba istedadlı qələm dostumuz Etimad Başkeçid “Ön söz” yazmışdır. O, illər öncə Ədalət Mədətoğlunun rusca qələmə aldığı poetik toplusunu oxuduğunu və təəssüf ki, bu şeirlərin obyektiv və subyektiv səbəblərdən azərbaycandilli oxucuların diqqətindən kənarda qaldığını, həmin şeirlərin dilimizə tərcümə olunduğu təqdirdə onların ciddi ədəbi fakt olduğunun fərqinə varacağımıza əmin olduğunu qeyd etmiş, Ədalətin iki ildə və mükəmməl yaza bilən tək-tək yazıçılarımızdan olduğunu vurğulamış, «Tiflisdə yeddi məhbus» romanını yaşadığımız zamanın mədəni, siyasi kontekstinin şəffaf metaforası kimi, müasir getkrogenik əsəslara dayayan davranış stereotiplərinin görsənişləri və onların şərhi kimi son illərdə oxuduğu azsaylı gözəl əsərlərdən biri adlandırmışdır.
Ön sözdə o da qeyd olunmuşdur ki, romanda cərəyan edən hadisələrin xronoloji və məntiqi ardıcılığı, əsərin üslubu və təhkiyə bütövlüyü gerçəkliyin tamamilə özünə¬məxsus mənzərəsini yaratmağa imkan vermişdir. Keçmişin və indinin fundametal obrazları, sosial həyatın və onun məhdudlaşdırılmış, bir növ çərçivəyə salınmış formasının (məhbus) simulyakrı çağdaş roman ənənəsində yazılmış əsərin üstün səciyyələrini təşkil edir.
E.Başkeçid daha sonra isə «Tiflisdə yeddi məhbus»un kompoziyası hardasa «Min bir gecə»nin və ya Bakaççonun məşhur «Dekomeron» əsərinin süjet və fabula sistemi ilə səs¬ləşdiyini, lakin bu, yalnız obraz¬ların qeyri-iradi düşdü¬yü, onların hərəkətlərini məhdudlaşdıran həyat situasiyası ilə zahiri oxşarlığın doğurduğu təəssurat olduğunu deməklə yanaşı, Ədalət Mədətoğlunun bu romanını istər öz bənzərsiz təhkiyəsi, istərsə də klassik, əfsanə və ya şəhər motivlərindən toxunmuş novellaların xarakteristikası etibarı ilə tamamilə orijinal və oxunaqlı bir əsər kimi dəyərlən¬dirmişdir.
O, eyni zamanda Derridanın «Həyat - mətndir, mənt -gerçəkliyin yeganə mümkün modelidir» - sözlərinə istinad edərək (sözsüz, burada zövqlə qələmə alınmış, belə deyək, səviyyəli mətndən söhbət gedir), «Tiflisdə yeddi məhbus» romanının gerçəkliklə əlaqələrinə işıq tutan başqa nüansların da çözülməsinin lazım gəldiyini, «Tiflisdə yeddi məhbus» romanının zövqlü oxucuda doğuracağı impuluslar barədə proqnozlar vermək istəmədiyini, dediklərinin gəlişi¬gözəl, boğazdanyuxarı sözlər olmadığını, tam əksinə, burada səmimi təhlilə əsaslandığını bəyan edərək, sadəcə öz təəssüratlarını oxucularla bölüşmək istədiyini və əsər nəşr olunduqdan sonra ədəbiyyatşünaslarımızın bu haqda daha ətraflı söz açacaqlarına inandığını bildirmişdir.
Əsər həqiqətən də çap olunduqdan sonra qısa bir vaxtda oxucuların diqqətini cəlb etmişdir.
Tanınmış yazıçı-publisist Elbəyi Cəlalorlu “Şahbulaq.az” Müstəqil ədəbiyyat Portalında (13.03.2014) yazdığı “Roman içində roman” (Ədalət Mədətorlunun “Tiflisdə yeddi məhbus” romanı barədə düşüncələr) sərlövhəli məqaləsində Ədalət Mədətoğlunun “Tiflisdə yeddi məhbus” romanını yazması təyyarənin yerə ən yaxın məsafədə uçmasına bənzətdiyini, Ədalət bəyin sanballı intellektinin, yüksək təhsilinin və dünya ədəbiyyatına yaxından bələdliyinin göstəricisi olan bu əsər əsasən ümumxalq ruhunda, daha çox Borçalı-Qazax şivəsində, hər kəsin anlayacağı üslubda yazıldığını, əsərin polifonikliyi ilə diqqətçəkən məzmununa gəldikdə isə onu tam təsvir etmək üçün bir məqalənin yetərli olmadığını və məhz bu səbəbdən, onun bəzi cəlbedici əlamətlərini oxucuyla bölüşmək istəyini bildirmişdir.
Adından da göründüyü kimi, əsərdə hadisələr Tiflis məhbəslərindən birində cərəyan edir və müəllifin fikirlərilə bir kameraya salınmış yeddi məhbusun söylədiyi rəvayətlərdə tanış oluruq.
Əsər demək olar ki, Ənzorun karserə düşmə səbəblərini izah etməsilə başlayır. Lakin buna qədər müəllif “Ənzor” (ən zor), “Ərtur” (ər tur), “Ərsən” (ər sən) kimi şəxs adlarının etimologiyasını verməyə çalışır. Hansı millətin daşımasından asılı olduğuna baxma¬yaraq bu cür bir sıra adların azərbaycan-türk əsilli olduğuna və zamanla başqaları tərəfindən “Anzor”, “Artur”, “Arsen” olaraq mənimsənildiyinə eyham vurur.
Karserə düşmə səbəbini izah edən və digər məhbuslarla müqayisədə bir qeder savadlı təqdim olunan Ənzorun dediklərindən məlum olur ki, o, ölkədə demokratiya və tolerantlığın olmamasından şikayətlənir, eyni zamanda burada yaşayan başqa xalqların da mədəniyyətinə və ənənəsinə hörmətlə yanaşılmasını tələb edir. Müəllif bu məsələyə Axısqa türkü Əhməddən bəhs edərkən də toxunaraq qeyd edir ki, bu ölkədə (yəni Gürcüstanda) adəti üzrə bütün milli azlıqların mədəni həmlələri yarımçıq qalır. Lakin Ənzorla olan disputda, əgər belə demək mümkünsə, müəllif həbsxana rəisinin dediklərində də haqq axtarır. Məsələn: “Millətlərarası nifrət ilk öncə bir-birlərinin ənənəvi yeməklərinə qarşı iyrənməsindən başlayır...”. Bu sözləri deyən həbsxana rəisi dil və din fərqi insanları bir-birindən sadəcə uzaqlaşdırsa da, iyrənmə hissinin onlarda bir-birinə qarşı nifrət yaratmasından danışmaqda haqlı görünür. Müəllif bu polemikanı verməklə onun içində məziyyət axtarır və bu yazıçının bəşəri düşüncələrlə yaşadığının təzahürüdür. Çünki sonradan həbsxana rəisinin dililə ağrılı bir məsələyə də toxunur: “Afrikada körpələr aclıqdan ölür, Çində insanlar siçovul yeməyə məcbur qalır, sən isə mənimlə menyu davası döyürsən”.
Həbsxanaın rəisi Ənzorun, bəlkə də bəzi “müsəlmanam” deyənlərin psixologiyasındakı nöqsanları da dialoqda vurğulamaqla özünə bəraət qazandırır: “...Əlinizə fürsət düşəndə araq içirsiniz, qumar oynayırsınız, qadınlara sataşırsınız. Bunlar günah deyil, amma donuz əti yemək günahdır, eləmi?”. Lakin Ənzor da söz altda qalmır: “Əgər bu həbsxanada araq içmək, qumar oynamaq və qadın gətirmək yasaqdırsa, onda nədən donuz ətinə izin verilir?”. Müəllifin bu səhnədə ustalıqla qoyduğu fəlsəfiyönlü məsələnin öz həllini tapması bir qədər inanılmaz görünür, çünki göründüyü kimi bir aspektdən baxdıqda hər iki tərəf haqlıdır, digər rakursdan yanaşdıqda hər ikisinin baxışı qüsurludur. Yəni bu, indi də daxil olmaqla hər zaman cəmiyyətdə aktual mövzu olub.
Əsərdə SSRİ dağıldıqdan sonra günümüzə qədər Gürcüstanda hər dəfə hakimiyyət dəyişikləri zamanı cəmiyyətdə baş verənlərin qazamatdakı təzahürləri də aydın əks olunub. Bu məsələdə Gürcüstanı nümunə olaraq göstərməklə əslində müəllif dövlət quruluşunun, hakimiyyət dəyişməsinin, yaxud da ictimai-siyasi proseslərin kütlə psixologiyasına göstərdiyi əsaslı təsirə şahidlik edir.
Bir sözlə, Ədalət Mədətoğlunu bu gözəl əsəri münasibətilə bir daha ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayrıq!..
Müşfiq BORÇALI.
.