Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943)

Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943) EL AĞSAQQALLARIMIZI TANIYAQ VƏ TANIDAQ!...

Əlləz İbrahimxəlil oğlu Ovçuyev - 1943-cü il fevralın 1-də Ulu Bor­çalımızın qədim Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunda qədim kummer türklərinin diyarı və yadigarı olan Qəmərli kəndində ana­dan ol­muş­dur.
1960-cı ildə Qızıl-kil­sə kənd orta məktəbini,
1968-ci ildə Ros­­­tov Ümumqoşunlar Hərbi Məktəbini,
1978-ci ildə Ose­tiya Döv­lət Universitetinin tarix və hüquq fakültəsini Fərq­­lənmə diplomu ilə bitir­mişdir.

Əlləz Ovçuyev uzun müddət SSRİ silahlı qüvvələrində xid­mət etmişdir. O, 1990-cı ildə Sovet ordusunun Bakıda tö­rətdiyi qanlı cinayətə görə “Qızıl” orduda xidmətdən im­tina etmiş, artıq 10 ilə yaxındır ki, çalışdığı Zalqa ra­yonunun hərbi ko­missarı vəzifəsindən istefa vermiş, doğma Azər­baycana gəlmiş, Xalq Azadlıq Hərəkatına qoşulmuş, öz bilik və bacarığını Qa­rabağa yö­nəltmişdir. O, Qırmızıbazar döyüş­lərində 2 dəfə ağır yaralan­mışdır. 5 aylıq müalicədən sonra yenidən döyüşə qayıt­maşdır. Ağdərə istiqamətində güclən­dirilmiş hərbi hissənin komandiri təyin olunmuşdur. Rəh­bərlik etdiyi hərbi hissə To­neşen-1, To­neşen-2, Dəstəgül kənd­lərini azad etmişdir.
Ə.Ovçuyev 1993-cü ilin iyun ayında təkrarən yaralan­dığına görə eh­tiyata buraxılmışdır. Lakin Vətən məhəbbəti onu rahat buraxmamışdır. Ə.Ovçuyev müalicəsi tam başa çatmamış ye­nidən ön cəbhəyə yollanmışdır. Həmin ilin oktyabrında Füzuli istiqa­mə­tində gedən döyüşlərə fəal iştirak etmışdir. O, burada hərbi hissənin komadiri kimi Horadiz qəsəbəsinin, eləcə də Ha­ramı düzününün və Zelyonkanın azad olun­masında qəhrə­man­casına və mərdliklə iştirak et­miş, Seyid Əhmədlidə keçirdiyi gərgin döyüşdə so­nuncu dəfə ağır yaralanmışdır. 1994-cü ildə qaziliyinə görə ordu­dan təxris olunmuşdur. Hazırda təqaüddə olan polkovnik-leytenant Əlləz Ovçuyev ictiami işlərdə fəallıq göstəir, “Borçalı” icti­mai cəmiyyətinin fəallarındandır.

Uşaqlıqdan saz-söz vurğunu olan Əlləz Ovçuyev son illərdə ədəbi yaradıcılıqla da ciddi məşğul olur. O, geniş oxucu küt­lə­sinin rəğbətini qazanmış “Borçalı nağılları”, “Bor­­­­çalı əfsa­nələri” (“Üstün ev”, 2011) kitablarının müəl­lifi­dir. Bu əsər­lər­də o, Borçalıların türklüyünü, mərdanə­liyini, və­tən­­pərvər­liyini hiyləgər qonşusu olan hayqarlarla (ermənilərlə) mü­ba­ri­zədə həmişə qəhrə­man­lıqla vuruşdu­ğunu və qalib gəl­di­yini na­ğıl dili ilə şərh etmişdir. Əsərlərin yazı üslubu həm yeni­yet­mə­lər, həm kiçik yaşlı uşaqlar, həm valideynlər üçün ma­raq­lı­dır.

Şair Aftandil Qəmərli polkovnik Əziz Ovçiyevə həsr etdiyi “Mayor Əlləz” sərlövhəli şeirində yazır:

Qürbətdə doğma el düşəndə yada,
Əsirmi qəlbində tel, mayor Əlləz?
Elin yaddaşına həkk olunubsan,
Unudarmı səni el, mayor Əlləz?

Dosta qartal dedin, düşmana qarğa
Sözlərin olubdu qulaqda sırğa.
Sənsən coşğun dəniz, tufan, qasırğa,
Yıxa bilməz səni yel, mayor Əlləz.

Sağ olsun Əliyev İlhamın səri,
Xeyirə açıldsın qoy qədəmləri.
Vətən gözləyirik on ildən bəri.
Sizə bağlamışıq bel, mayor Əlləz.

Nərə çək, yürüş et sən Qarabağa,
Bizim ürəyimiz qoy dönsün dağa.
Düşmən qabağında olsun qurbağa,
Düşmanın bağını dəl, mayor Əlləz.

El deyir, Əlləzin yolunu bəklə,
Gəl gözəl arzuyla, gözəl diləklə.
Səni gözləyirik duzla, çörəklə,
Dön bir də vətənə gəl, mayor Əlləz.

Aslanın, Qartalın babasısan sən,
Babəkin həm suyu, havasısan sən,
Şirin körpələrin yuvasısan sən,
Xoşdur arzuların bil, mayor Əlləz.

Qoca qartal qayalardan enən döy,
Şair, yanar bir alovdu, sönən döy.
Öldürsələr dediyindən dönən döy,
İstər Aftandilə gül, mayor Əlləz.

Şair Ələddin Danaçıyev isə Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan xalqının qeyrətli oğlu,
polkovnik Əlləz Ovçuyevə ithaf etdiyi “Dağ vüqarlı dağlar oğlu” sərlövhəli şeirində yazmışdır:

Uca boylu ər oğlu ər,
Qorxu bilməz döyüşdə nər.
Bir qeyrətli hərbiçidir,
Vətən üçün axıdıb tər.

Zəhlənkar əsgəri güdər,
Çətin işə özü gedər.
Bir fərari görsə əgər,
Yerindəcə tənbeh edər.

Əsgər üstə olmuş gözü,
Nəsihətli dədə sözü.
Serjant Ceyhun Əliyevə,
Təşəkkürü vermiş özü.

Vətən dərdi ana-ana,
Şahidlərə yana-yana.
Babək, Koroğlu qeyrəti,
Aşlayardı, əsgər qana.

Səngərləri sökə-sökə,
Düşmən qanı tökə-tökə.
Çartazı azad eylədi,
Yağı beli bükə-bükə.

Tutdu Harami düzünü,
Gördü qatillər üzünü.
Horadizə çatar-çatmaz,
Dağıtdı düşmən yüzünü.

Əmr etdiyi hər bir sözü,
Dönə-dönə yoxlar özü.
Dedi alaq yurdumuzu,
Qınamasın ellər bizi.

Peşəkardı adı bəlli,
Bəsf etdiyim bizim elli.
O dağlarda cavan idi,
İndi olub bəyaz telli.

İçib dağların suyunu,
Bilir Başkeçid soyunu.
Dağ vüqarlı dağlar oğlu,
Gəzib Əyriqar boyunu.

Yurd dərdinə qalıb Əlləz,
Ağır yara alıb Əlləz.
Vətən üçün tez sağalıb,
Əsgər yola salıb Əlləz.

Biz də tanınmış el ağsaqqalı, təqaüddə olan polkovnik-leytenant Əlləz Ovçuyevə
uzun ömür, möhkəm cansağlığı, şəx­si həyatında və bədii yaradıcılığında
yeni-yeni uğurlar arzu­layırıq!..


Müşfiq BORÇALI,
turan.info.az




Bax:
Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". II cild. Bakı, 2015, səh. 103-107




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: