Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş Akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyevə "Şöhrət" ordenini, kimya üzrə elmlər doktoru Elmira Süleymanovaya, akademiklər Vasim Məmmədəliyev və Arif İsmayılzadəyə, AMEA-nın müxbir üzvü Çingiz Əliyevə AMEA-nın Fəxri Fərmanını təqdim edib.
AMEA Rəyasət Heyəti aparatından turan.info.az-a bildiriblər ki, iclasda AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun "Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye enzimlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya" mövzusunda məruzəsi dinlənilib.
Natiq müasir dövrün ən mühüm problemlərindən birinin vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili olduğunu bildirib. Qeyd edib ki, hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və s. vasitəsilə həyata keçirilir. Alim son illər bitki ekspressiya sistemlərinin iqtisadi və təhlükəsizlik baxımından ən perspektivli olduğu üçün istehsalda daha çox istifadə edildiyini deyib. T.Məmmədov müəyyən hallarda sistemin belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurətinin yarandığını və bu məqsədlə daha mükəmməl texnologiyanın hazırlandığını diqqətə çatdırıb.
Məruzə dinlənildikdən və suallar cavablandırıldıqdan sonra Rəyasət Heyəti qərar qəbul edib. Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, Azərbaycanda rekombinant zülalların, o cümlədən vaksinlərin, terapevtik zülalların, təbii qida əlavələrinin və sənaye enzimlərinin sintezi üzrə tədqiqatların aparılması imkanları müzakirə olunduqdan sonra Rəyasət Heyətinə əsaslandırılmış arayış təqdim edilsin. Həmçinin, Akademiyanın İşlər İdarəsi ilə birgə, müvafiq sahə mütəxəssislərini cəlb etməklə AMEA Yüksək Texnologiyalar Parkında rekombinant zülalların, qiymətli dərman preparatlarının istehsalının iqtisadi səmərəliliyi əsaslandırılmalıdır.
Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ akademik Əhliman Əmiraslanovun 70 illik yubileyi ilə bağlı olub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, tibb elminin inkişafında böyük xidmətləri olan Əhliman Əmiraslanovun elmi-tədqiqat işlərinin əsas istiqamətini bədxassəli şişlərin öyrənilməsi, səmərəli müalicə metodlarının və profilaktik tədbirlərinin hazırlanması, təkmilləşdirilməsi, bu metodların təcrübədə uğurla tətbiqi təşkil edir.
Akademik Akif Əlizadə qeyd edib ki, Ə.Əmiraslanov AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkədə tibb və biologiya elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, tədqiqatların ən müasir metodlarla aparılmasında, elmi işlərin yüksək səviyyədə təşkili və modernləşdirilməsində, elmi ictimaiyyətin ümumi məqsədlər üçün səfərbər edilməsində böyük rol oynayıb.
Rəyasət Heyəti akademik Əhliman Əmiraslanovun çoxillik elmi-təşkilati, pedaqoji və ictimai xidmətlərini nəzərə alaraq qərar qəbul edib. Qərarda alimin yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, biblioqrafiyasının nəşri, respublika dövri mətbuatında onun elmi, elmi-təşkilati və ictimai fəaliyyətini əks etdirən məqalələrin dərci, radio və televiziyada verilişlərin hazırlanması, həmçinin Dövlət tərəfindən təltif edilməsi haqqında müvafiq təşkilatlar qarşısında vəsatət qaldırılması öz əksini tapıb.
Gündəlikdə yer alan növbəti məsələ elmi müəssisələrdə 2017-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında olub. Bununla bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev institutların elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatlarının təlimata uyğun hazırlanmasına dair tövsiyələrini verib. Akademiyanın institut və təşkilatlarında, habelə nazirlik və digər dövlət qurumlarının tabeliyində olan elmi müəssisələrdə və ali məktəblərdə cari ildə aparılan tədqiqat işlərinin yekunlarına dair hesabatların vaxtında müzakirə və təsdiqini təmin etmək məqsədilə Rəyasət Heyəti qərar qəbul edib. Qərarda AMEA-nın elmi bölmələrinin, institut və təşkilatlarının, regional elmi mərkəzlərinin, Rəyasət Heyəti aparatının idarə, şöbə və digər struktur vahidlərinin, Yüksək Texnologiyalar Parkının, elmi-istehsalat birliklərinin, tabeliyində elmi müəssisələr və ali məktəblər olan nazirliklər və digər dövlət qurumlarının fəaliyyətləri ilə bağlı hesabatların aidiyyatı üzrə təqdim olunmasına dair tapşırıqlar yer alıb.
İclasda Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi məsələsi müzakirə olunub. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini dövlət gənclər siyasəti təşkil edir. Gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması, intellektual inkişafı üçün lazımi şəraitin yaradılması, onların fəaliyyətlərinin milli maraqlara yönəlməsinin dövlət siyasətinin əsas amillərindən olduğunu deyən akademik bu siyasətin davamı olaraq AMEA-da intellektual gəncliyin hərtərəfli inkişafı üçün bir sıra işlər görüldüyün diqqətə çatdırıb. AMEA-nın akademik-katibi hazırda Akademiyada gənc alimlərin xarici ölkələrin elmi mərkəzlərində təhsil almaları, onların yüksəkixtisaslı kadr kimi yetişməsi, sosial problemlərinin aradan qaldırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bu il dekabrın 15-də Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsini qərara alıb.
Tədbirdə Botanika və Dendrologiya institutları üzrə direktor seçkilərinin keçirilməsi məsələsinə də baxılıb. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"nə əsasən Akademiyanın elmi müəssisəsinin direktoru tabeliyində olduğu bölmənin ümumi yığıncağında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir və Rəyasət Heyəti tərəfindən təsdiq olunur.
Rəyasət Heyəti adları çəkilən institutlarda direktor seçkiləri keçirilməsi ilə bağlı qərar qəbul edib və bölməyə müvafiq tapşırıqlar verib.
İclasda, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin Numizimatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Əli Rəcəblinin 90 illik yubileyi və numizimatika elminin inkişafındakı xidmətlərini nəzərə alaraq onun AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi haqqında qərar qəbul olunub.
Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə Fikrət Feyziyev AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Müşfiq BORÇALI,
turan.info.az
.