AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli giriş nitqində Çin Xalq Respublikası ilə əlaqələrin inkişafından söz açıb. Bildirib ki, “Ədəbiyyat İnstitutunun Çin mərkəzi 2016-ci ildən fəaliyyət göstərir. Bu illərdə Çinlə əlaqələr qurmaq üçün böyük addımlar atmışıq, çin dili dərsləri təşkil etmişik. Nərgiz Kərimova Çində kurslar keçdi və Çin-Azərbaycan ədəbi əlaqələrinə həsr olunmuş fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir. Bu, filologiya istiqamətində çin ədəbiyyatına həsr olunmuş Azərbaycanda birinci dissertasiya olacaq. Çindən gələn çoxlu xarici qonaqlar da Çin mərkəzində olublar. Sosial Elmlər Akademiyasının sabiq prezidenti də buranı ziyarət edib. Çin-Azərbaycan ədəbi əlaqələrinə aid bir neçə dəfə konfrans keçirmişik. Bu konfranslarda Azərbaycan alimləri ilə yanaşı, Çin alimləri də iştirak ediblər. Mən Çində olmuşam. Bəzi əməkdaşlarımız da Çin Xalq Respublikasında olublar. Çin Sosial Elmlər Akademiyasınının ayrı-ayrı institutları ilə yaxşı əlaqələrimiz formalaşıb, qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalamışıq.
Sosial Elmlər Akademiyasının təşkilatçılığı ilə mən “Qədim İpək yolu üzərində Azərbaycan-Çin ədəbi və mədəni əlaqələri” adlı məruzə etmişəm. Azərbaycan-Ermənistan münasibətləri və Zəngəzur dəhlizi haqqında zoom proqramı ilə keçirilən görüşdə məruzə oxudum. Bu layihə Çin Xalq Respublikasında dövlət səviyyəsində həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinin davamıdır. Böyük İpək yolunun bərpa olunmasına çox böyük töhfələr verir. Burada Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının maraqları üst-üstə düşür. Çin Elmlər Akademiyası “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Zəngəzur probleminin həllinə həsr olunmuş bir saatlıq məruzəmə görə qonorar da ödədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası ilə əlaqələrə böyük önəm verir. Azərbaycan-Çin əlaqələri bir çox istiqamətlərdə davam edir. Biz elm sahəsində istiqaməti təmsil edirik. Konfutsi İnstitutu ilə müqavilə imzalamışıq.
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi professor Bədirxan Əhmədlinin rəhbərliyi altında Azərbaycan-Çin ədəbi əlaqələrinə aid poeziya antalogiyası hazırlayıb. 2022-ci ilin nəşriyyat planına daxil etmişik. İlin sonuna kimi çap edib, təqdimatını keçirməyi düşünürük. Bu, Azərbaycanda Çin-Azərbaycan əlaqələrinə həsr olunmuş birinci antalogiya olacaq.
Sizin bugünki gəlişinizi yüksək qiymətləndirirəm. Artıq çin dili kursları yenidən başlayıb. Əlaqələrimizi bundan sonra da nəşriyyat, elmi konfrans, elmi tədqiqat istiqamətlərində davam etdirəcəyik. Arzu edirəm ki, kitabımızın təqdimatında Çinin ölkəmizdəki səfiri də iştirak etsin. Bu əlaqələrin inkişaf etdirilməsində Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin rolu danılmazdır. O, Ədəbiyyat İnstitutu ilə Çinin elmi mərkəzləri arasındakı əlaqələrdə çox etibarlı körpüdür”.
Sonra BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Van Xuoçian tədbirin təşkili üçün minnətdarlığını ifadə edib: “Konfutsi İnstitutu 2011-ci ildən, yarandığı gündən azərbaycanlı tələbələrin Çində təhsil almaları, onların Çini yaxşı tanımaları, dili yaxşı öyrənmələri məqsədilə körpü rolunu oynamışdır. Bu sərgi Azərbaycan və Çin ədəbi əlaqələrinin yaranmasının 30 illiyinə həsr olunmuşdur. Bundan öncə Xəzər Universitetində də belə tədbir keçirmişik. Ümid edirəm ki, bizim dostluq əlaqələrimiz daha da inkişaf edəcək”.
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli çıxışında qeyd edib ki, “Bizim şöbə 2016-cı ildə yaradılıb və o zamanlardan Çin mərkəzi də fəaliyyət göstərir. Çinlə ədəbi əlaqələrimiz davam edir. Mən də bir neçə dəfə Çində olmuşam. Orada İsa müəllimin, mənim və Nərgizin məqalələri çıxıb. Bir neçə dəfə konfranslar keçirmişik. Pandemiya dövründə nisbtən zəifləyən əlaqələrimiz artıq yenidən canlanır”.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyev çıxışında vurğulayıb ki, “İsa müəllim Çin-Azərbaycan ədəbi-mədəni əlaqələrinin müasir dövrdə qurucularından və inkişaf etdirənlərindən biridir. Pandemiyaya qədər Ədəbiyyat İnstitutu ilə Çinin müvafiq qurumları arasında əlaqələr çox güclü idi. Ümid edirəm ki, yenə də davam edəcək”.
Tədbirdə BDU-nun nəzdində Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə çin rəqsi nümayiş olunub.
Eyni zamanda çin yaşıl çayının dəmlənməsi göstərilib. Konfutsi İnstitutunun tələbəsi Rəhman Qarayevin ifasında çin dilində mahnı dinlənilib.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
turan.info.az
.