Gənclik eşqi, yaşamaq-yaratmaq ehtirası ilə ömrünün 84-cü baharını qarşılayan Qəzənfər müəllim heç kimə həsəd aparmır. Amma onun ömür yolunda öyrəniləsi, xoş niyyətlə həsəd aparılası elə məqamlar var ki, Tanrı onu hər bəndəsinə layiq bilmir.
Qəzənfər müəllim bu gün doğma Vətənində olduğu kimi, dünyanın çeşidli ölkələrində də dilçi, ədəbiyyatşünas, mətnşünas, folklorçu, etnoqraf kimi etiraf olunmuş alim, pedaqoq və ictimai xadimdir. Qəzənfər müəllimi müasir humanitar fikrimizin səlahiyyətli söz sahibi etmiş on cildlik "Seçilmiş əsərləri" onun elmi maraq dairəsinin hüdudlarını, mövzu və mətləblərini, müəllifin vətəndaşlıq mövqeyini özündə ehtiva edir.
Doyunca ana nəvazişi görməmiş Qəzənfər müəllim bu gün böyük bir nəslin ağsaqqalı, himayədarıdır. Arəstə xanımın ona bıxş etdiyi beş övladın hər biri ata nəvazişi ilə böyüyüb, iş-güc sahibi olublar.
Qədim sazın tisimi ilə boy atmış Qəzənfər müəllimi Düzqırıxlıda Kərkük mahnıları ilə salamlayırdılar. Bu iki doğma eli bir-birinə qovuşduran böyük ziyalının qürur duyduğu, uzun illər çəkdiyi zəhmətin bəhrəsindən məmnunluğu onun çöhrəsinə, səsinin ahənginə hopmuşdu və çoxlarının gözündən qaçmadı. Qəzənfər müəllim yaxın-uzaq ellərdə Kərkük-Azərbaycan birliyinin yaradıcısı kimi təsdiq və etiraf olunub.
Düzqırıxlıdan Bakıya beş-üç dərsliklə yollanan Qəzənfər müəllimi doğma məktəbində qarşılayan şagirdlərin say sırasını onun söz sırasıyla dolu kitabları bəzəyirdi. Hər məktəblinin qürurla başı üzərinə qaldırdığı kitablar doğma yurda, doğma məktəbə qayıdış idi. Özü də dünyanı fəth etmiş bir alimin qayıdışı.
Həyatda hamının qəbul etdiyi, tarixin sınağından çıxmış bir qəribəlik var. Uşaqlıq, yeniyetməlik doğma məkana sığmır. Daha böyük üfüqləri fəth etmək, boy göstərmək istəyirsən. Romantik həyat arzuları gənc Qəzənfəri Düzqırıxlıdan pərvazlandırıb ona əlçatmaz görünən ölkələrə, bu ölkələrin tarixini, yaddaşını yaşadan universitetlərə, böyük mədəniyyət ocaqlarına, dünyanın zəngin kitabxanalarına apardı. Damla-damla topladığı biliklərlə, öz xalqının mədəniyyətinin görünməyən tərəflərinə işıq saçan xatirələrlə, tədqiqatlarla, bədii və elmi faktların cəm olduğu mənəvi sərvətlərlə qayıtdı.
Qəzənfər müəllimə tanrı mənəvi bütövlüyə bahəm, kişi gözəlliyi, sağlam ruh bəxş edib. Səksən dörd yaşlı bu müdrik insanla ayaqlaşmaq, onun yaşam tərzinə uyğunlaşmaq hər həmkarına, dostuna çətin nəsib ola. Qəzənfər müəllimin ömrü xalqın ömrüdür. Xalq mücərrəd məfhum deyil. Xalq hər kəsin doğmalarıdır, həmkarlarıdır, həmvətənləridir. O, kiməsə əl tutmaqdan zövq alır, bundan mənəvi rahatlıq tapır.
Qəzənfər müəllim ziyalı ömrü yaşayır. Onun ünsiyyət, yaşam fəlsəfəsinin mayasında xalq müdrikliyindən gələn sadəlik, dözümlülük, uzaqgörənlik dayanır. Onun cild-cild kitablarını yaşadacaq bir meyar var: vətəndaşlıq. Alim vətəndaş deyilsə, onda milli qeyrət yoxdursa, yazdıqları da zamanın sınağından çıxmayacaq.
Qəzənfər Paşayev yarım əsrdən artıqdır ki, o taylı-bu taylı Azərbaycanda humanitar fikrin müxtəlif sahələrində çalışır, ədəbi-ictimai fikirdə kifayət qədər hörmət və nüfuz sahibidir. Gördüyü işlər yetərincə dəyərləndirilib. Azərbaycanın, Türkiyənin, İraqın, İranın mötəbər elm adamları, ictimai xadimlərinin yaradıcılığı, ictimai fəaliyyəti haqqında ürək dolusu danışıb, aforizmə çevrilmiş mülahizələr söyləmişlər. İki kitaba sığmayan, irili-xırdalı bu yazıların, onların say-seçmə müəlliflərinin zəhmətinə, qayğı və diqqətinə böyük ehtiramımızı bildiririk. Bu yazılardakı səmimiyyətin ünvanı sayılıb-seçilən bir alimin, ictimai xadimin gördüyü işlərin, ədəbi ictimai fikrimizdə özünə sərfəli yer tutmuş qələm əhlinin doğma xalqına bəxş etdiyi cild-cild əsərlər, xeyirxah əməllərdir.
Şair qəlbli, sözü-söhbəti poeziya ilə başlayıb poetik sözlə yekunlaşan Qəzənfər müəllimin yaradıcılıq yolundan danışarkən sırf nəzəri üslubdan bəlkə də ilk dəfə imtina etməli oldum. Bunu onun yaradıcılığı ilə şəxsiyyətinin harmoniyasından doğan ovqat yaratdı. Üç il öncə çap etdirdiyim məqalədə həcm məhdudiyyəti ucbatından deyə bilmədiklərimin məqamıdır.
Necə dağlar;
Qarşıda necə dağlar,
Yetim yanağı bilir
Göz yaşı necə dağlar.
Hər dəfə bu xoyratı söyləyərkən Qəzənfər müəllimin gözlərinin dərinliyində bir kədər görünür. Özü də qürbətdə yaşadığı illərdən danışarkən. Qürbət sıxıntısı ilə ana nisgili, bu görüntünün dərində olan qatlarıdır. Kərkük bayatısında öz uşaqlıq nisgili ilə "ünsiyyəti", orada özünü tapması əslində, eyni bədii düşüncənin ortaq qaynağından soraq verir.
Azərbaycan Dillər Universitetində ingilis və Azərbaycan dilləri ixtisasına yiyələnməsi, uzun illər xaricdə rus və ingilis dilləri üzrə tərcüməçi işləməsi, İraqda işlədiyi müddətdə ərəb dünyası ilə yaxından tanışlığı onun elmi tədqiqatları üçün ədəbi-tarixi zəmin yaratdı. Altı ildən çox İraqda tərcüməçilik fəaliyyəti dövründə müşahidə və elmi axtarışları əsasında yazdığı "Altı il Dəclə-Fərat sahillərində" əsəri bu illərin bəhrəsi olmaqla yanaşı, onun sonrakı fəaliyyətinin də bütün istiqamətlərini müəyyən etdi.
Hələ ötən əsrin 60-70-ci illərində uzaq ölkələr haqqında yazarlarımızın, ictimai xadimlərimizin xatirə və təəssüratları ədəbi ictimaiyyət, həmçinin geniş oxucu kütləsi böyük maraqla izləyirdi.
Mövcud dərsliklərin, elmi-populyar kitabların məğzində dayanan quru rəqəmlər, statistik informasiya xarici ölkələr haqqında təsəvvürləri az-çox artırsa da, sovet ölkəsinin üstünlüklərinin təbliğinə həsr olunurdi və bu yeknəsəqlik oxucunu bezdirirdi. Hər səfər təəssüratının necə başlayıb hansı qurtaracağı bu yazıların oxşar cəhəti idi. "Bakı" qəzetinin səhifələrində xaricdə ezamiyyətdə olmuş qələm əhlinin, ictimai-siyasi xadimlərin yol qeydlərindən, səfər təəssüratlarından Vətənimizdən uzaqlardakı ölkələr, şəhərlər, xalqlar, insanlar haqqında təzə nəsə görəndə xəyalən o yerlərə səfər edir bu müəlliflərin imkanlarına həsəd aparırdıq. M.İbrahimov, M.Hüseyn, R.Rza, N.Xəzri, Q.Qasımzadə, R.Əliyev, M.Araz, Anar, Elçin, S.Əhmədov kimi yazıçılarımızın xarici ölkəyə səfərləri əsasında yazılmış məqalələr ədəbi-mədəni həyata yeni nəfəs verirdi, publisistikanın hər yazıçının yaradıcılıq imkanları müqabilində təzə ifadə imkanları üzə çıxırdı.
Hələ gənclik illərində İraq deyəndə romantik bir ovqata köklənirdik. Aşıqların söylədiyi "Koroğlunun Bağdad səfəri", "Min bir gecə dastanları"nın bitib-tükənməyən real və irreal həyat lövhələri məsafəcə bizə o qədər də uzaq olmayan bu ölkə haqqında hərənin bir İraq, Bağdad obrazı yaradırdı. Hələ bu ölkədə bizim dildə danışan xalqın varlığından xəbərsizdik. Füzulini yetirən, Gəncədən, Qarabağdan perik düşmüş doğmalarımızın taleyi, indisi haqqında təsəvvürümüz Bağdad ellərinin ilğımına bənzəyirdi.
"Altı il Dəclə-Fərat sahillərində" ötən əsrin 80-cı illərində Azərbaycan ədəbi-mədəni həyatında gözlənilməz, ilğıma bürünmüş xəyallarımızı gerçək edən hadisə oldu. Tələbəlik illərindən tanış olduğum bu kitabı yenidən oxudum. Vaxtilə əldən-ələ gəzən bu əsərin 70-ci illərdə necə sevildiyinin şahidi kimi çağdaş günlərimizdə yaşarlığının sirrini bilmək istədim. Çağdaş ədəbi-mədəni zəmində əsərin janrına yenidən qayıtdıqda burada yazıçı təfəkkürünün reallaşdırdığı, ədəbi-tarixi sinxronluğun vəhdətini ehtiva edən roman poetikasının şahidiyik. Uzaq və yaxın tarix, mif, folklor, təbiət haqqında Q.Paşayevin müşahidələri, bədii qavrayış yetkinliyi müəllif təhkiyəsinin poetik həndəvərindədir. Xatirə, məktublaşma, müxtəlif tipli görüşlərə verilən bədii yozumlar əsərə bir tamlıq gətirir.
Bu gün "Altı il Dəclə-Fərat sahillərində" əsərini yaşadan müəllif təhkiyəsinin bədii tutumu, orijinal ifadə sistemidir. Təhkiyənin poetik funksiyaları əsər boyu bir-birini tamamlayır. Müəllif obrazı yaddaş və hadisələrin bir-birini tamamlayan düzümünə emosional münasibəti ilə yaranır.
Artıq İraqa hər kəsin gediş-gəlişi üçün qadağaların olmadığı bir vaxtda bu əsərin müasir elmi mənasını reallaşdıran nədir? Bu sətirlərin müəllifi də 1994-cü ildə Füzulinin yubileyi ilə bağlı İraqda səfərdə olmuşdur. Şübhəsiz, böyük nümayəndə heyətinə daxil olan elm və sənət adamlarının hər birinin bu ölkə haqqında öz xatirələri, təəssüratları vardır. Çoxsaylı gediş-gəlişlərə və nəşrlərə baxmayaraq bu əsər yenə də İraq haqqında ən dolğun elmi-bədii biçimdə informasiya qüdrətinə malikdir. Bu əsər İraq haqqında, bu ölkədə yaşayan türkmanlar haqqında bir müəllif tərəfindən yazılacaq ədəbiyyatşünaslıq, dilçilik, folklorşünaslıq, etnoqrafiya, tarix səpkili çoxçeşidli əsərlər silsiləsinin təməl daşlarıdır. "Altı il Dəclə-Fərat sahillərində" ədəbi-bədii fikrimizə milli bir ovqat bəxş etdi, eyni kökə bağlı Kərkük və Azərbaycan türklərinin uzun əsrlərin sınağından keçən "bayatı", "xoyrat" yaddaşının birliyini, eyniyyətini ortaya qoydu.
Ötən əsrin 60-70-ci illərində ədəbi prosesdə mifə, folklora qayıdış məqamında "Altı il Dəclə-Fərat sahillərində" kitabı ədəbi-bədii fikrin türk bədii düşüncəsinin estetik daşıyıcılarına qayıdışda təkan oldu. Bu əsərə qədər Qəzənfər Paşayevin nəşr etdirdiyi "Kərkük bayatıları" (R.Rza ilə birgə, 1968), "Kərkük mahnıları" (1971) kimi kitablar, onlara yazılmış müqəddəmə və şərhlər, folklor biçimində olan janrların yaşamaq haqqını təsdiq etməklə yanaşı, unudulmaqda olan poetik ənənələrə marağı artırdı. Kərkük xoyratları Qurbani, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Ələsgər ənənələrinin ölməzliyini, təravətini təsdiq etdi, 70-ci illərin ədəbi prosesinə yeni bir ovqat gətirdi. Azərbaycan folklorunun toplanması, tədqiqi və təbliği geniş intişar tapdı. Dil, obraz, bədii deyim daşıyıcıları xalqın unudulmaqda olan milli yaddaşını ədəbiyyata gətirdi. "Bəlkə də bu kitab olmasaydı mən 1969-cu ildə radioda "Bulaq" verilişini yaratmazdım" (Mövlud Süleymanlı).
Qəzənfər Paşayevin yaradıcılıq imkanları bu əsərdə bir məqsədə xidmət edir: İraqda yaşayan, dili, inamı, varlığı bizimlə bir olan Kərkük elləri ilə uçurulmuş mənəvi körpüləri bərpa etmək. Mübaliğəsiz demək olar ki, ömrünün yarım əsrini Kərkük türkmanlarının ədəbi-mədəni həyatının keçmişi və indisinə həsr etmiş Q.Paşayev böyük elmi toplumun görəcəyi işi görmüşdür. "Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır" (Yaşar Qarayev).
Mübaliğəsiz demək olar ki, M.Şəhriyarın "Heydərbabaya salam"ı bizi Cənubla yeni bir vüsətlə doğmalaşdırdığı, ədəbi fikrə milli ovqat bəxş etdiyi kimi "Altı il Dəcla-Fərat sahillərində" milli yaddaşımızın "bayatı-xoyrat" qatını açdı. Eyni kökə bağlı iki xalqın uzaq əsrlərin sınağından keçən poetik yaddaş qaynağının birliyini, eyniyyətini ortaya qoydu.
Kərkük xoyratları poetik düşüncəyə elə hopdu ki, Azərbaycan sərbəst şeirinin əsasını qoyan "Rəsul Rza da bayatıya qayıtdı". Çünki bu nadir sənət inciləri sənət adamlarının, xalqın geniş təbəqələrinin "sarı simi"nə toxunmuşdu. Ədəbi fikir tərənnüm, poetik çağırışdan doymuşdu. Kərkük xoyratları firtınanın gətirdiyi sel deyildi, dağların köksündən, xalqın bağrından qaynayan həyat çeşməsi idi.
Kərkük xoyratlarının xalqa bəxşi ədəbiyyat aləmində unudulmaqda olan rübai-dördlük formasının, cinaslı bayatıların yenidən doğuluşuna zəmin oldu. "Qəzənfər müəllimin Kərkük bayatılarına həsr olunmuş kitabları mənim bayatı yaradıcılığımda böyük bir dönüş yaratdı. Bu doğma və qədim şeir janrına məndə sonsuz inam hissi oyatdı. Mən bu formada uzun illər ərzində qələm çalsam da, kitablarım nəşr olunub bəyənilsə də, bayatını vaxtı keçmiş bir janr hesab edən bəzi ədəbiyyatçıların yanlış mülahizələrinə görə çox narahat idim. Qəzənfərin tədqiqatları əyani şəkildə göstərdi ki, bayatı bütün türk dünyasının ölməz şeiridir və çağdaş şairlərin də bu biçimdə yazıb-yaratması son dərəcə gərəklidir. Yeddihecalı, dördmisralı bayatı, həm də özünə şair deyənlərin sınaq meydanıdır" (Hüseyn Kürdoğlu).
"Altı il Dəclə-Fərat sahillərində" əsəri yuxarıda qeyd etdiyimiz kimi, müəllifin elmi və bədii potensialının bütün başlanğıclarını özündə cəmləşdirmişdir. Bu kitabın hər oxucusunu ovsunlayan fərqli məqamlar var. Ədəbiyyat adamları milli-bədii yaddaşımızın əsrarəngiz bir xəzinəsinə qovuşdular. Bu istiqamətə humanitar elm sahəsində çalışanlar üçün yeni mövzu və mətləblər ortaya çıxdı. Geniş oxucu kütləsi İraqın tarixi, təbiəti, indisi haqqında, özü də canlı həyat lövhələrinə, tarixi faktlara söykənən zəngin bilgi əldə etdi. Başqa tipli oxucular bu kitabdan ilk dəfə qoroskopla tanış oldular və deyərdim ki, bu mövzu o dövrün müəyyən oxucusu üçün Bağdadın sirli-sehrli tarixi və indisi qədər cazibədar idi...
"Altı il Dəclə-Fərat sahillərində" kitabında müəllif yönlü mövzular bu ölkənin tarixi-coğrafı və maddi-mədəni sərvətləri barədə dolğun portret yaradır. Bu əsərdə müəllifin İraq sevgisi milyonların İraq, Kərkük sevgisinə çevrilir. "Q.Paşayevin şəxsi arxivində İraqda görüşüb dostlaşdığı çox ağsaqqalın, şairin, gənc ziyalının, ümumən neçə-neçə sadə xalq nümayəndəsinin qiymətli ədəbi-bədii materiallarla zəngin söhbətləri yazılmış lentlər, həmçinin qalın-qalın dəftərlər, nəhayət, məktublar vardır. Ancaq görünür, bunların hamısından daha çox ürəyinə, qəlbinə yazıb gətirmişdir" (Ayaz Vəfalı).
Bağdad şəhərinin tarixi və indisi barədə müəllifin elmi qaynaqlara əsaslanan çoxsaylı bilgilərlə yanaşı, təsadüf etdiyi, ibrətamiz, dolğun məna zənginliyi ilə yadda qalan görüşlər, talelər bu kitaba bir-birilə ruhən bağlı bədii-fəlsəfı ovqat, emosional tutum verir. Bu qədim şəhərdə mövcud olmuş böyük mədəni sərvətlər, o cümlədən elm, mədəniyyət ocaqlarının sayı və sanbalı haqqındakı informasiya arxasında onun bir şərqli kimi qürur duyduğu hər an hiss olunur...
İraqın tarixi, bu ölkədə yaşayan xalqların həyat tərzi, İraqın şəhərləri, əhalisinin davranış özəllikləri, mətbəx mədəniyyəti haqqındakı bilgiləri arxasında müəllifin özünün etiraf etdiyi aşağıdakı məqsəd dayanır: "İraqlıların iftixarla dediyi: "Kim Bağdadı görməyibsə, dünyanın ən yaxşı guşəsini görməyib" - sözlərini həmişə təkrar etməyə hazıram".
"Altı il Dəclə-Fərat sahillərində" deyəndə, şübhəsiz ki, Füzuli, Nəsimi, Kərkük anlamı yada düşür və heç şübhəsiz ki, belədir. Həm də xalqımızın mənəvi varlığının böyük, əvəzedilməz parçaları olan bu sərvətlərin açılmamış qatlarına enməkdə coğrafı, tarixi və bədii-psixoloji yardımçı olur.
"Altı il Dəclə-Fərat sahillərində" əsərində elə hadisələrdən, talelərdən bəhs edilir ki, onlar əsərin ümumi ruhu ilə, müəllifın qəriblik sığıntıları ilə uyuşur. "Vətən həsrəti, övlad dərdi", "Çöl ərəbləri" fəsillərində Q.Paşayevin bədii müşahidə fərdiliyi, nəyi görüb, nəyi seçməyin fərdi-psixoloji zəmini, müəllif yaddaşına, onun yaşantılarına uyuşan tərəfləri üzə çıxır. Nəcəf şəhərində taleyin hökmü ilə qəriblik ömrü yaşayan bakılıb - içərişəhərli Abdulla kişi ilə görüş bir də ona görə yadda qalır ki, müəllif vətən həsrəti ilə yaşayır, bu diyarda doğma dilində eşitdiyi hər kəlmə ona əzizdir. Aşağıdakı parça bir qərib ömrünün yaşantılarıdır. Kitabın bədii-emosional gedişatından kənarda onun mahiyyətinə o qədər də varmazlar. Ancaq Füzuli, Nəsimi, Kərkük xoyratları ilə köklənən, bütün İraq boyu oxucusunu şəhər-şəhər gəzdirən müəllifın aşağıdakı görüşdən mütəəssir olması eyni dərəcədə oxucunu da ovsunlayır. "Bir dəfə həmyerlilərimiz Rza İmanov və Nəcəf Nəcəfovla Nəcəf şəhərinə getmişdik. Üstündə "Bakı məktəbi" yazılmış binaya baxır və azərbaycanca danışırdıq.
Bir nurani qoca bizə yaxmlaşdı:
- Balalarım, hardansınız? - deyə azərbaycanca soruşdu və yazıq görkəm aldı.
Dedik ki, Azərbaycandanıq.
- Azərbaycan böyükdür. Onun hansı səmtindən gəlmisiniz? Bakı şəhərini tanıyırsınız?
Dedik ki, biz də elə ordan gəlmişik...
...Çox sevindi. Bakının tarixi yerlərindən söz açdı. Ətraf kəndləri saydı. İçərişəhərdən, Bayıldan danışdı. Dedi: - Mən İçərişəhərdənəm. Adım Abdulladır. Hacı Qasım oğlu Abdulla Şəmsi. İçərişəhərdə Hacı Zeynalabdin camisinin - məscidinin yanında olurduq. Əlaqəmiz yoxdur. Görəsən, qohumlardan qalanları varmı? Sözünə davam etdi: "Oğul, mənim kimi azərbaycanlılar burada çox idi. İndi az qalıb. Biz bura köçəndə mən dərdsiz-qəmsiz cavan idim. İndi isə qəlbi nisgilli, vətən həsrətli bir qocayam". Bu parçanı bütövlükdə verməyə kitabın doğurduğu Vətən nisgili vadar etdi. Torpaq qəribliyi insanın düçar olduğu ən tragik yaşantıdır. Doğma el-oba, yurd həsrətini heç nə ilə ovundurmaq, unutmaq mümkün deyil. Abdulla kişini də ömrün ahıl çağında İçərişəhər həsrəti yandırır. Bu gün elindən-obasından didərgin düşmüş minlərlə həmvətənimiz üçün doğma torpağa qovuşmaq ümidi qoca Abdullanın nisgili qədər ağrılı-acılıdır.
Ümumiyyətlə, bu kitabda özünə yer tapmış xatirə, təəssürat səpkili bütün yazılar İraq haqqında təsəvvürü zənginləşdirməklə yanaşı, Vətən sevgisi, Vətən həsrəti köklənmiş bir əhval-ruhiyyə ilə bir-birini tamamlayır. Buna görə də çöl ərəbləri haqqındakı yazılarla Abdulla kişinin nisgili, vaxtilə Rusiyada çalışmış Mahmudun acı taleyi, eləcə də müəllifın İraqda tanış olduğu dostları, həmkarları ilə məktublaşmaları mahiyyət etibarilə bir-birini tamamlayır. Digər tərəfdən, fərdlərin hər ibrətamiz taleyi fonunda insan psixologiyasının görünməyən qatlarının şahidi olur, yaxud onları yenidən dəyərləndiririk. Az qala bir romanın mövzusu ola biləcək Mahmudun ömür yoluna həsr edilmiş iki səhifəlik yazıda müəllifın hadisəyə mənalı, bədii şərh vermək istedadı, onu kitabın vahid emosional gedişi ilə əlaqələndirmək ustalığı ilə rastlaşırıq. İllər keçsə də həyat tarixçəsi öz bədii təravətini saxlamışdır. Oxuculara tanış olan bu qəmgin hekayə ilə müəllifin durumu zaman və məkan baxımından onun qəriblik illəri, digər tərəfdən, kiçik yaşlarından ana nəvazişindən məhrum olması ilə bağlıdır. Ən uğurlu yekun sözünü də Qəzənfər müəllim özü deyir: "Analıq hissinin hər şeydən üstün olduğunu isə elə bil indi yenidən dərk etdim".
"Altı il Dəclə-Fərat sahillərində" kitabı ədəbi-elmi konsepsiyası etibarilə bütöv əsərdir. Bununla yanaşı, yuxarıda bəhs etdiyimiz həyat tarixçələri, xüsusən də "çöl ərəbləri" müstəqil əsər təəssüratı yaradır. İraqı tanıtma baxımından kitabdakı bütün elmi-statistk faktların əhəmiyyətini azaltmadan demək istərdim ki, "çöl ərəbləri" İraq xalqının bizə çox az məlum olan tarixi-etnoqrafık zənginliyi, qeyri-adiliyi haqqmda dolğun elmi-publisistik oçerkdir...
"Çöl ərəbləri"ni oxuduqca elə bil sehrli bir dünyaya düşür, heyrət doğuran əxlaqi meyarlar, yaşam vərdişləri ilə tanış olur, XX əsrin sivilizasiyası fonunda sirli-sehrli bir aləmə düşürsən. Qəzənfər müəllim kitabın bu səhifəsində etnoqraf-yazıçıdır. Çöl ərəblərinin yaşadığı göllərin bitki örtüyü, suyu, heyvanat aləmi elə təsvir edilir ki, onların mənəvi və fıziki özəlliklərini ehtiva edən müəllif qənaətinə qoşulmalı olursan. Elçilik, toy mərasimləri, qonaq qəbul etmək, qonağa ehtiram özəlliyi, ailədə daşlaşmış mənəvi prinsiplər, dostluq və düşmənçilik meyarları bütün təfərrüatı ilə təsvir edilir. "Təbii şərait onların təbiətlərinə, xasiyyətlərinə möhkəm təsir göstərmişdir. Çöl ərəbləri təkəbbürlü, vüqarlı, polad kimi əyilməzdilər. Eyni zamanda çox sadə, açıqürəkli, zəhmətkeş və qonaqpərvərdirlər".
Yüz mindən artıq çöl ərəbinin dünya haqqında uzun əsrlərdən süzülüb gələn həyat vərdişləri, mənəvi-əxlaqi qənaətləri varmış. Qonaq bu tayfanın müqəddəs tutduğu bir varlıqdır. Qonaq otağı - "muzif" haqqında müəllifin müşahidələri ilə tanış olarkən bu gün erməni tapdağından azad olunmuş Laçının füsunkar kəndi, doğma Əhmədlini xatırladım. İki, üç otaqlı ev sahibələrinin ən səliqəli guşəsi qonaq otağı idi. Qonaqdan başqa, bu otaqda heç kim yaşamazdı. Hər ailənin imkanları müqabilində qonaq otağı ən qiymətli xalça-palazla bəzədilir, şaxı sınmamış yorğan-döşək "öz sahibini" gözləyirdi. 1979-cu ildə elmi rəhbərim və dostum, dünyanın məşhur estetiklərindən olan Yuri Borevi, onunla gələn digər fılosofları çox şey heyrətləndirdi, o cümlədən qonaq çağırdıqları evlərdəki qonaq otaqları. Kişi və qonaq kultunun şahidi kimi onun fəlsəfi-etik kökləri haqqında hey fikir mübadiləsi edirdilər.
Ana-ata nəvazişi ilə dolu 11 yaşına qədərki uşaqlıq illərimin əziz günlərini xatırlayanda evimizə qonaq gəlişinin məndə doğurduğu fərəh hissinin "sirrini" öyrənmək istədim. İndi bu hiss mənə bir az da əlçatmaz göründü. Min təəssüf ki, o mənəvi "instikti" yaşadan auranı tale əlimizdən aldı.
Qəzənfər müəllim çöl ərəblərinin dünyası ilə XX əsr sivilizasiyası arasında elə paralellər aparır ki, min illərin yaşam tərzinin təbiiliyinə şübhə qalmır. "... Adam inana bilmir ki, XX əsrin ikinci yarısında yaşayan insanlar arasındadır. Bu yerlər dünyanın ən böyük göllük sahələrindən biridir. Yerli əhali buranı "geniş dünya", "azad dünya" adlandırır".
Bu "azad dünya"da öz qismətini aforizmsayağı - "...Mənim işim dəvənin işinə bənzəyir - yüküm xurma, yeməyim qanqal-tikan" kimi dəyərləndirən alverçinin obrazı, o "azad dünya"dan daha geniş məkana - şəhərə yolu düşən iki gənc çöl ərəbinin başına gələn əhvalat bir az gülüş doğurduğu kimi, o qədər də mənəvi qənaətlərin üz-üzə durması, qarşılaşması mənasında kitabda yaddaqalan səhifələrdəndir...
...Qəzənfər müəllimin son illər qələmə aldığı Nəsimi, Əta Tərzibaşı və Hüseyn Kürdoğlu haqqında monoqrafiyaları onun filologiya sahəsində qazandığı böyük təcrübənin bəhrələri kimi ədəbi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir. Onun Nəsimi araşdırmalarında öz elmi mövqeyini müdafiə və təsdiq üçün yorulmadan apardığı araşdırmaların şahidiyəm. Qəzənfər müəllim hər tədqiqatçıya nəsib olmayan ədəbi-bədii zövq sahibidir. Poetik duyum ona boy atdığı məkanın bəxşişidir. Sözlə, sazla nəfəs alır, eyni zamanda konkret faktlara söykənir.
Hüseyn Kürdoğlu haqqında monoqrafiyanı işləyərkən şairin həyatı, mühiti, yaradıcılıq yolu haqqında ən kiçik detalları da nəzərdən qaçırmadı. Ailəsi bilirdi ki, onun respublika mətbuatında ilk şeiri 1953-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilib. Arxivdən qəzetin bu nömrəsini və 1958-ci ildə Bakı Dövlət Universitetinin buraxılış venetkasını əldə etdi, ailəsinə bağışladı. O, sevmədiyi mövzuda nadir hallarda yazır.
Aşıq sənətinin, aşıq poeziyasının bilicisi kimi son vaxtlar axtarışlar aparır. Qarslı Aşıq Maqsudun ifasından kövrəldiyini, bunu "qocalıq etirafı" kimi mənalandırmasını mən başqa cür yozardım. Qəzənfər müəllim - hiss, duyğu adamıdır, şeir yazmasa da qəlbən şairdir. Şairlər də kövrək olur. Doxsana nə qalıb ki, Qəzənfər müəllim! Tanrı bizə qismət eləsin mənim doğma Laçınımdan, Molla Əhmədli kəndindən torpaq gətirib Laçın həsrətinə dözməyib dünyadan küsüb gedən qardaşınız qədər sevdiyiniz Hüseynin məzarına səpək.
turan.info.az
.