Salidə Şərifova: "Abay Kunanbayevin “Қара сөз” əsərinin janr xüsusiyyətləri, problematikası və bədii dili"

Salidə Şərifova: "Abay Kunanbayevin “Қара сөз” əsərinin janr xüsusiyyətləri, problematikası və bədii dili" Salidə Şəmməd qızı Şərifova
filologiya elmləri doktoru, AMEA-nın professoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu



Müasir Qazax yazılı ədəbiyyatının banisi, mədəni islahatçı kimi qəbul edilən Abay Kunanbayev (Kunanbay-ulı) şair, yazıçı, bəstəkar, ictimai xadimdir. Maariflənmiş liberal islam əsasında rus və Avropa mədəniyyətini təbliğ etmiş Abay Kunanbayevin bədii irsi 170 şeir, 3 poema, 45 nəsihəti özündə birləşdirən nəsr əsəri, 56 tərcümə əsəri və 20 yaxın musiqi bəstəsindən ibarətdir. Onun yaradıcılığı millətinin ictimai-siyasi proseslərini özündə əks etdirir.

“Қара сөз” əsərinin janr xüsusiyyətləri

Abay Kunanbayevin nəsrindən bəhs edərkən, ilk növbədə, onun qazaxca “Қара сөз” adlanan əsərinin adının dilimizə çevrilməsi məqamı diqqəti cəlb edir. Abay Kunanbayevin ömrünün son illərində nəsrə müraciət edərək qələmə almış olduğu 45 qısa pritçadan ibarət “Қара сөз” əsərinin Azərbaycan dilində müxtəlif adlarla təqdim edilməsi mübahisələr doğurur. İctimaiyyətə ilk dəfə 1918-ci ildə “Abay” jurnalının səhifələrində çatdırılmış “Қара сөз” əsəri ədəbiyyatımızda “Qara söz” [2], “Əqliyyə” [1, s. 167], «Qəkliyyə» [4, s. 11], “Böyük söz”, “İbratəmiz sözlər” və s kimi təqdim edilməkdədir. Əsərin hərfi mənada “Qara söz” kimi tərcümə edilməsi faktı ilə də üzləşirik. Əsərin belə adlandırılması düzgün deyil. “Qara” sözünün daşıdığı funksiya çox olduğu üçün, qoşulduğu sözlərin də müxtəlif mənalar ifadə etməsinə xidmət edir. Misal üçün, istər məkan adlarında, istərsə də şəxs adlarında “qara” sözünün işlənilməsi ilə rastlaşırıq. Məkan kimi Qarabağ, Qarayazı, Qaratəhlə, şəxs adları kimi Qaraxan, Qarakişi, Qarakazım, Qaravəli və s. adlarda işlənmiş “qara” çoxanlamlı, türkköklü iki komponentdən ibarət sözlərdir. Azərbaycan dilində (həmçinin başqa türk dillərində) “qara” sözünün mənasına baxdıqda rəng mənasını deyil, böyüklüyü, qalınlığı, sıxlığı, tündlüyü və s. əks etdirən mənada işlənilməsi nəzərdən qaçmır. Məsələn, “Qarabağ” toponimi “böyük bağ”, “qalın bağ”, “sıx bağ” və s. mənalarını bildirir. Yaxud da, “Qarayazı” termini. Qarayazı toponimi “böyük çöl” mənasını bildirir. Bu baxımdan, ədibin kitabı “Böyük söz” kimi təqdim edilməsi məqsədəuyğun olardı. Çünki, əsərin Azərbaycan oxucularına “Qara söz” kimi təqdim edilməsi estetik mənadan gözəl görünmür. “Qara söz” kimi təqdim edilmə bəd sözlərdən ibarət olan kitab təsvirini oyadır.
Didaktik-alleqorik ədəbi janrda olan kiçik ibrətamiz hekayələri, yəni pritçaları necə, hardan oxunması müəllifin qələmə aldıqlarının anlaşılmasında problemlər yaratmır. Özündə mənəvi və dini anlamda nəsihət verən pritça əsas ideyanın açılmasında müəllifin diqqəti ilə səciyyələnir, təhkiyə dili isə təsirli olması və kinayəliliyi ilə fərqlənir. S.S. Averintsev pritçanın xüsusiyyətlərini açıqlayaraq göstərmişdir:
- Xüsusi mövcudluğa malik olmur və yalnız müəyyən kontekstdə müəyyən şərtlərlə meydana gəlir.
- İnkişaf etmiş süjet hərəkətini vacib hesab etmir və sadə müqayisə səviyyəsində təcəssüm oluna bilər. Lakin bu halda pritça öz rəmzi səciyyəsindən məhrum olmur.
- Məzmun baxımından pritça dərin «dini» və əxlaqi mövzulara meyl edir.
- Pritça yüksək kateqoriyalardan çıxış edir.
Əsərin kompozisiya quruluşu diqqəti xüsusi olaraq cəlb edir. 45 pritçadan ibarət əsər müasir dövr ədəbiyyatında rast gəldiyimiz hipertekstual əsərlərin quruluşunu yada salır. Abay Kunanbayevin qələmə almış olduğu nəsr əsərini mütaliə edərkən, əsərin mətnində quruluşun parçalanmasını müahidə edirik. Əsərdəki mətnlər montaj prinsipi üzrə vahid bir tama çevrilmiş halda kiçik bitmiş fraqmentlər formasında qurulmuşdur. Kiçik bitmiş fraqmentlər özlərini bədii baxımdan stilistika ilə işlənmiş nəsr formasında ifadə edir.
Mütəfəkkirin ən aktual problemlərə dair fikirlərini əks etdirən əsərdə təhkiyənin qeyri-xətti təhkiyə üzrə inkişafını görürük. Təhkiyə hər hansı bir fraqment ilə başlanaraq, mövcud fraqmentlər çərçivəsində “davam etdirilir.” Qeyd edək ki, əsərin belə strukturda təqdimi əsərin məzmununa xələl gətirmir. Əsərdə verilmiş 45 pritça mənaca itmir. Fərqi yoxdur, istər əsərdəki “birinci söz”ü oxu, istər “otuzuncu söz” və ya da sonuncu, “qırx beşinci söz”ü oxu. Əsərdə əksini tapmış “söz”lərdə məna itmir, əsərin əhəmiyyəti azalmır. Əsəri istədiyin “söz”dən mütaliə edilməsi əsərə xələl gətirmir. Əsərdəki bir mətndən başqa mətnlərə keçidlər ensiklopedik hipertekst əsərini yada salır.

“Қара сөз” əsərinin problematikası

Abay Kunanbayevin qazax folkloru, poeziyasıyla sıx bağlı olan əsərinin əsas problematikası qazaxların tarixi problemlərinə işıq salmaqla yanaşı, din və mənəviyyat, dövlət və qanun, milli tərbiyə və dünyagörüşü də əks etdirir. “A. Kunanbayevin yaradıcılıq ideyalarının əsasında maarifçi görüçləri dayanır. Bir maarifçi kimi o, cəmiyyətin inkişafını, onun nicatını maariflənmədə görürdü. Çünki A. Kunanbayevin yaşadığı mühit nadanlıq və cəhalətin hökm sürdüyü ən qatı feodal-patriarxal mühit idi. Ona görə də demokratik ideyalar carçısı olan şair yeganə çarə kimi oxumağa, təhsilə üstünlük vermiş, bunun təbliğini ön plana çəkmişdir” [3, s. 268].
Abay Kunanbayevin əsərinin qüdrətli alınması əsərin qələmə alınması dövrünün müəllifin ahıl dövrünə təsadüf etmişdir. Bu A.Kunanbayevin dünyanın bütün üzlərini görüb, dərd və kədəri ilə üzləşmiş bir şəxs kimi hər şeyi dərindən duymasından irəli gəlir. Müəllif özünəməxsus şəkildə mənəvi-əxlaqi, ictimai-siyasi, sosial-fəlsəfi düşüncələri əks etdirən pritçalarında ictimaiyyətin gerçəklikləri ilə bağlı hadisələri təhlil süzgəcindən keçirmişdir. Məsələn, “Altıncı söz”də müəllif “birlik” anlayışına aydınlıq gətirməyə cəhd etmişdir. A. Kunanbayev “birlik” anlayışının nə olması və birliyə necə nail ola biləcəklərindən xalqının xəbərdar ola bilməməsi amilini qabarda bilməsi ziyalı cəsarətindən xəbər verir. Müəllif millətinin birlik analayışını düzgün başa düşmədiyini vurğulamaqla, özünəməxsus şəkildə birlik anlayışına aydınlıq gətirmişdir. Ədib qazax məsəllərinə müraciət edərək fikrini izah edə bilmişdir: “qazax atalar sözündə deyilir: “Bacarığın başlanğıcı birlikdə, rifahın əsası əməkdədir” [5].
Əsərin problematikasında millətinin tarixi gerçəkliyinin milli koloritinin yüksək peşəkarlıqla əksini tapması, müxtəlif mövzuların ibratəmiz nəticələri həmişə aktuallıq kəsb etməkdədir. A.Kunanbayev qələmə almış olduğu pritçalarına fəlsəfi yanaşması ilə də diqqəti çəkir. Ətraf aləmi, idrak hadisələrini dərindən anlaşılması üçün təbiət və cəmiyyət sirlərini dərindən qavranılmasının zəruriliynə də toxunur.
Keçmişin təsviri, çözülməmiş problemə aydınlıq gətirilməsi, dinə, elm və biliyə münasibəti də əsərin problematikasını əhatə etmişdir. Əsər həyatın qanunlarını dərk etmiş müdrik insanın təlimlərini əks etdirir: “Bir maarifçi kimi Abay ən çox rus mədəniyyətinə bağlı idi, oradan nümunə götürür və onu təbliğ edirdi. O özünün poeziyasında, fəlsəfi məzmun daşıyan «Qəkliyyə»sində (nəsihətlərində) rus mədəniyyəti və rus dilinin öyrənilməsini, rus xalqı ilə əlaqələrin möhkəmlənməsini günün ən vacib məsələsi kimi qaldırırdı». [3, s. 12]
A. Kunanbayev pritçalarında elm, bilik, ana dili, həmçinin yabançı dillər, xüsusilə də rus dili haqqında düşüncələrini əks etdirə bilmişdir. Ədib pritçalarında millətin cəhalətindən qaynaqlanan kədərini doğma yurduna, xalqına olan sevgi ilə birləşdirməyə qadir ola bildi. Əsərdə təsvir edilən feodal-patriarxal cəmiyyətin tənqidi, insan taleyi, insanın ləyaqət və şəxsiyyətin formalaşmasında əməyin, cəmiyyətin tərəqqisi üçün təhsilin, mədəniyyətin rolları haqqında düşüncələr onun yaradıcılığının ana xəttini təşkil etmişdir.
Əsərin “On yedinci sözündə biz müəllifin iradə, ürək və ağıl arasında gedən mübahisəni əks etdirməsi, insanın varlığı üçün lazım olan bu üçlüyün konkret olaraq onu şəxsiyyətini formalaşdırdığını vurğulayır. İradə, ürək və ağıl arasında gedən mübahisə, onların hansının vacib olmasını aydınlaşdırmaq üçün insanı əhatə edən aləmin amilləri haqqında məlumat toplusu olan biliyə müraciət etmələri müəllif tərəfindən istifadə edilən maraqlı ədəbi priyomdur. Müəllif istifadə etdiyi priyomla, iradənin “...mənsiz heç kim məqsədinə çata bilməz”, ağılın “sözü bir anda başa düşürəm”, ürəyin isə “mən insan varlığının hakimiyəm” [5, s. 351] kimi fikirlərinə biliyin veridyi cavab insanın keçdiyi həyat yolunu göz önündə canladırmağa nail ola bilir. İradəyə “səndə güclə bərabər qəddarlıq var”, [5, s. 352] ağıla “sən insanları eyni anda xeyir və şər yolu ilə apara bilirsən” [5, s. 352] deyərək, onları bir yerdə birləşib, ürəyə tabe olmalarını töpvsiyə edir. Bu tövsiyəsini qısa və aydın izahatla aydınlaşdırmağa da pritçada nail olur.
Mənəvi mədəniyyətin tərkib hissəsi olan əxlaq və əxlaqi dəyərləri müəllif əsərində insanların həyat tərzində, davranış və rəftarlarında açıqlamışdır. Abay Kunanbayev fikir və qayələrini, düşüncələrini əks etdirmişdir. Pritçalarda ədib ictimai-siyasi həyatın, islam dininin yayılması, islamın nicata yol tapması uğrunda mücadilə təsvir edilmişdir.
Allaha inam Abay Kunanbayevin yaradıcılığında özünü daim göstərməkdədir. Ədibin “xalq idarəolunmazdır. Yalnız qismətinə insan nankorluğu və lənətlər yazılanlar, bir də məğlubiyyətin acısını hələ dadmatamış qaynar təbiətli gənclər bu yola qədəm qoya bilərlər” fikirlərini bildirərkən, mənfur əməllərdən insanların qorunması üçün duası özünü göstərir: “bu həqiqəti bilənləri isə Allah özü bundan qorusun” [1, s. 167]. Abay Kunanbayev “Onuncu söz”də insanların Allahdan övlad istəmək kimi inam da əks etdirilir: “Bəziləri dua edərək, Allahdan övlad istəyirlər” [5, s. 338].
“On üçüncü söz”də Abay Kunanbayev iman sahibi olmağı təbliğ edir. Ədib iman dedikdə məhz Tanrının şəriksiz varlığına, qüdrətli və qüsursuz olmasına iman gətirmək, peyğəmbərin Allahın yerdəki varlıqla vəhdəti haqqındakı təlimi kimi qəbul edib inanmaqdır. Müəllif imana sahib olmaq üçün iki şəraitin olması faktını da vurğulamışdır. A. Kunanbayevə görə, bunlardan birinin, imanın dərk edilərək şüurlu olaraq qəbul edilməsidir, ikincisi isə, kitabdan oxuyub öyrəndikləri və molladan eşitdikləri arasında müqayisə apararq, özünün çıxardığı nəticəyə əsaslanmasıdır. Abay Kunanbayevin iki cür etiqad növü olması faktına toxunması insanlar arasında dinin düzgün qavranlıb başa düşülməsinə yardımçı ola bilər: “Yaddan çıxarmaq lazım deyil ki, etiqadın iki növü var- şüurlu və şüursuz, - üçüncü heç bir etiqad yoxdur” [5, s. 344].
Ədib “İyirmi səkkizinci söz”də “... biz Allahın adilliyinə, qüsursuzluğuna və nöqsansızlığını inanaraq imana gəlib, inanırıq” [5, s. 371] kimi fikirləri ilə Allahın varlığını qəbul etməsini təsdiqləyir.
Qiyamət günü haqqında ədibin düşüncələri “Otuz beşinci söz”də əksini tapmışdır: “Deyirlər, qiyamət günündə hacı, molla, sufi, seyid və comərdlərin hamısı ilahinin hüzurunda dayanacaq” [5, s. 383]. Ulu Yaradanın qiyamət günü ünvanladığı sual həyat və ölüm arasındakı dilemaya aydınlıq gətirir: “Sizə həyat vermişdim. Onu nəyə sərf etdiniz? Sizə vardövlət vermişdim. Onu nəyə i şlətdiniz? Siz gələcək həyat qayğıları ilə pərdələnmişdiniz. Amma əslində bütün öz həyatınızı siz yalana həsr etmisiniz” [5, s. 383].
Abay Kunanbayev fikirlərinin təsir gücünü artırmaq məqsədilə aqillərin dedikləri fikirlərə də istinad etmişdir. Onun “On doqquzuncu söz”də öyrənmək istəməyən insanlar haqqında söylədiyi fikirlərdə aqillərin fikirlərinə istinad edir: “Bir aqil belə demiş: «Səni anlamayan insanlara deməkdənsə, donuzları yedizdirmək daha yaxşıdır. Heç olmasa onun piyi artar» [5, s. 353].

“Қара сөз” əsərinin bədii dili

Ədibin əsərində istifadə etdiyi bədii ifadə və təsvir vasitələri diqqətdən yayınmır. Müəllif əsərin emosionallığını, təsir gücünü artırmaq məqsədilə bədii vasitələrə müraciət etmişdir. Abay Kunanbayev əsərində fikirlərinin emosional təsirini artırmaq üçün tez-tez- bədii suallara müraciət etməsi faktı ilə üzləşirik. Müəllifin verdiyi sulların cavabı tələb olunmadığından, cavabsız qalır. Məsələn, “Birinci söz”də “Biliyimi artırmaqmı? Nə bilik verməyə, nə də ki, almağa bir kimsə var, kimin üçün onu püxtələşdirmək gərək? Xalqsız həyat da yoxdur. Bahalı parçaları səhraya sərib, yanında əlində arşın oturmağın nə xeyiri var? [5, s. 319] Ədibin cavabsız suallarının cavabı cümlədən aydın olur.
Abay Kunanbayevin “Böyük söz” əsərində müəyyən bir fikrini birbaşa mənada deyil, dolayı yolla ifadə etməsini görürük. Müəllifin kinayəyə yəni ironiyaya müraciət etməsi onun pritçalarına xələl gətirmir. Əsərin “İyirmi birinci söz”ündə müəllif özündən razı insanların bu cür düşünmələrini ifşa etməyə nail ola bilir. Onları iki qrupa ayırmaqla vurğulayır: “bunlaradn birini qürur, digərini isə lovğalıq adlandıraq”.
Abay Kunanbayev lövğa adlandırdığı insanların daxili aləm və xüsusiyyətlərini ironik şəkildə açıqlaya bilir. Lovğa inasnaları üç qrupa ayıraraq, onlar arasındakı fərqlərə aydınlıq gətirərək, onları üç qismə ayırır. Məhz lovğa insanların ədib tərəfindən üç qismə ayrılması, həmin insanlara müəllifin ironik münasibətini əks etdirir. İronik yanaşması ilə lovğa insanların xüsusiyyətlərini açıqlayan müəllif qeyd etmişdir. Daim özləri ilə öyünən bu cür insanların hər kəsin onun haqqında danışmasını, onu tanımayanların yanında, el-obanın içərisində, ailələrində təriflənməsini özlərinin həyat kredosuna çevirmələri ironik şəkildə oxucuya təqdim edilmişdir: “Əsl lovğalıq məhz budur və bu azara tutulanlar üç cür olurlar. Birincilər yadları da heyrətə gətirə bilən tərif həvəskarlarıdırlar. Bu növ lovğalar axmaq olsalar da, hər halda insandırlar. İkincilər tərifə can atır ki, öz xalqı içində seçilsin. Belələri sözün tam mənasında axmaq adlandırıla bilsə də, tam adam adlandırıla bilməz. Üçüncülər görməmiş kimi hətta öz evlərində də təriflərə susayır. Belələri isə, şühəsiz, əsl başdan xarablardır. Bir şey maraqıdır: düşmən yanında gözəçarpan olmağa cəhd edənlər son nəticədə öz xalqının içində şöhrət qazanırlar. Xalqının hörmətini qazanmağa can atanlar isə yalnız öz həmtayfalarından tərif diləyirlər. Yaxun qohumlar arasında nə etdiyini lovğa özü yaxşı bilir və aydın məsələdir ki, özünü göyün yeddinci qatına qaldırır” [1, s. 189].
Abay Kunanbayevin yaradıcılığında bədii ifadə vasitələrindən olan təzada (antiteza) müraciət edilməsini də müşahidə edirik. A. Kunanbayev bir-birilərinə əks olan vəziyyətləri qarşılaşdırmaqla fikirlərinə aydınlıq gətirməyə cəhd etmişdir. Məsələn, “On dördüncü söz”də “ürəkli” və “ürəksiz” anlayışlarını qarşılaşdırmaqla təzad yaratmışdır. Ədibin təzadla fikrini izah etməsi faktını “On beşinci söz”də də müşahidə etmək olur. Burada ədib ağıllı və axmaq anlayışlarını qarşıalşdıraraq antiteza yarada bilir. Müəllif özü bu iki məfhum arasında əsas bir fərq olması amilinə də toxunmuşdur: “Məncə, ağıllı və axmaq insanlar arsında əsas bir fərq var: ağıllı adam- insandır.... Belə insan, faydalı işlərə meyl edər, gördüyü işlərdən zövq alar, köhnə xatirələrini danışanda belə anladığını danışar, bunlardan zövq alaraq yaşadığı ömürə görə təssüflənməz.
Axmaq adam isə həyatda öz yerini heç cür tapa bilmir. O dəyərsiz və mənasız işlərə maraq edər, ömrünün gözəl anlarını və qiymətli vaxtlarını boş-boşuna keçirər, ömrünü faydasız yaşayar, bir gün ayılar ki, gəncliyi ötüb keçib, ömrün ən yaxşı illəri it oynatmaqla keçir, qocalıq isə acı təəssüflə dolur” [5, s. 348].
A. Kunanbayev “Böyük söz” əsərində fikirlərini açıqlamaq üçün atalar sözlərinə müraciət etməsi ilə də diqqəti cəlb edir. Əsərdə “«Yarım gün ömrün qalıbsa, bir günlük azuqə topla», «Kasıba doğma atası da yükdür»; «Mal-qara candan əzizdir»; «Varlının üzü ağ, kasıbın üzü qaradır»; «İgid və qurd qarnını yolda doyurar»; «Səxavətlinin düşməni olmaz»; «Alan əl verməyi də öyrənir», «Varlını saymayan, Allahı da saymaz», «Acsan, ehsan verilən yerə cum», «Balıq olmayan gölün sahilində, mərhəmət olmayan aulda yaşama»” [1, s. 173], Yüz gün axta dəvə kimi dolanmaqdansa, bir gün əsl nər kimi yaşamaq yaxşıdır» [5, s. 373] kimi atalar sözləri işlənilmişdir. Əsərdə müəllif xalq məsəllərinə də müraciət etmişdir: «Sənət başlanğıcını birlikdən, vardövlət başlanğıcı həyatdan alır» [1, s. 174].
Abay Kunanbayevin qələmə aldığı nəsr əsərində diqqəti çəkən məqamlardan biri də Məhəmməd peyğəmbər əleyhül-salamın hədisləri və atalar sözləri arasında müqayisənin verilməsidir. “Otuz altıncı söz”də belə müqayisə diqqəti cəlb edir: “Məhəmməd peyğəmbər əleyhül-salamın hədislərində deyilir ki, «abırı olmayanın imanı da olmaz». Qazax atalar sözlərindən biri isə belədir: «Utanmağı bacaran etibarlı olmağı da bacarır» [1, s. 211]. Vurğulamaq lazımdır ki, Abay Kunanbayev istər qələmə aldığı nəsr əsərində, istərsə də yaradıcılığında Məhəmməd peyğəmbərin müdrik kəlamlarına tez-tez müraciət edərək müqayisələr aparmağa nail ola bilmişdir.
Maraqlı məqam odur ki, hadisə və ya əhvalatlar həm müəllifin şahidliyi yolu ilə verilir, həm də rəvayət şəklində söylənilir. Bəllidir ki, hadisənin rəvayət şəklində nəql edilməsi daha çox nağıl və dastanlar üçün səciyyəvi xüsusiyyətdir.
Söz sənətinin dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadı Abay Kunanbayevin 45 pritçasını mütaliə etdikcə, xalqını olduğu kimi sevən, millətinin taleyindən narahat olub onu düşünən müəllifin vətəndaş obrazını da görürük. Müəllif qələmə aldığı əsərlərində tərənnüm və ya təsvir edilən hadisə və ya əhvalatların bilavasitə iştirakçısı kimi çıxış etmişdir. Əbədiyyət qazanmış ədib özündən sonra Abay məktəbini yaratmağa nail ola bilir. A.Kunanbayev bir sənətkar kimi ədəbiyyatda tarixi mərhələyə imza ataraq, klassik simalardan birinə çevrilib.

İstifadə olunmuş ədəbiyyat:

1. ABAY / Tərt. ed.: F.Dursunova. – Bakı: Mütərcim, 2017. – 252 səh.
2. Abay Kunanbayevin birinci “Qara sözü”. https://modern.az/az/news/223968
3. Elman Quliyev. Türk xalqları ədəbiyyatı. Abay Kunanbayev. Bakı, Qismət, 2009. – 400 səh.
4. Pənah Xəlilov. Ön söz əvəzi / ABAY / Tərt. ed.: F.Dursunova. – Bakı: Mütərcim, 2017. – 252 səh.
5. Абай Кунуабаев. Собрание сочинений в одном томе. Стихотворения, поэмы, проза. Москва, Государственное издательство художественной литературы, 1954. – 416 стр.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
Abay Paşayevə BAŞSAĞLIĞI

Abay Paşayevə BAŞSAĞLIĞI

Tiflis, Nekroloqlar
AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - II Hİ ...

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - II Hİ ...

"SAZLI-SÖZLÜ BORÇALI"
İmadəddin Nəsimi “Son səfər”də

İmadəddin Nəsimi “Son səfər”də

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi tənqid
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "S.C.PİŞƏVƏRİNİN “NADİRƏ” ROMANININ JANR XÜSUSİYYƏTİ, PRO ...

Humanitar elmlər, Elmi Məqalələr, Cənubi Azərbaycan
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
ABAY PAŞAYEV (1958)

ABAY PAŞAYEV (1958)

TDPİ-nin Azərbaycan bölməsi
Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Ədəbiyyatşunaslıq
Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Humanitar elmlər, Elmi Məqalələr
İmran Qasımovun dramaturgiyasında insan amili

İmran Qasımovun dramaturgiyasında insan amili

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbiyyatşunaslıq, Müsabiqə
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
Salidə ŞƏRİFOVA: “MAVİ-YAŞIL KİTAB”IN İŞIĞINDA (romanının janr xüsusiyyəti, ...

Salidə ŞƏRİFOVA: “MAVİ-YAŞIL KİTAB”IN İŞIĞINDA (romanının janr xüsusiyyəti, ...

Humanitar elmlər, Elmi Məqalələr
Qocaman müəllim - Qurban Mahmudov

Qocaman müəllim - Qurban Mahmudov

Təhsil, Borçalı, Başkeçid, Təbriklər
AKİF HÜSEYNLİNİN ELMİ, ƏDƏBİ TƏNQİDİ  VƏ İCTİMAİ- PEDAQOJİ FƏALİYYƏTİ

AKİF HÜSEYNLİNİN ELMİ, ƏDƏBİ TƏNQİDİ VƏ İCTİMAİ- PEDAQOJİ FƏALİYYƏTİ

Humanitar elmlər, Elmi Məqalələr, Tiflis
Professor Salidə ŞƏRİFOVA:

Professor Salidə ŞƏRİFOVA: "Xalidə Nurayın vətənpərvərlik poeziyası"

Humanitar elmlər, Elmi Məqalələr
“İsa Muğanna yaradıcılığı “İdeal” işığında”

“İsa Muğanna yaradıcılığı “İdeal” işığında”

Humanitar elmlər, Elmi Məqalələr
İBRAHİM YUSİFOĞLUNUN  “O, GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR” POEMASINDA  HEYDƏR Ə ...

İBRAHİM YUSİFOĞLUNUN “O, GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR” POEMASINDA HEYDƏR Ə ...

Naxçıvan, Humanitar elmlər, Elmi Məqalələr, Poeziya, Müsabiqə
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Rənglərin hormoniyası

Rənglərin hormoniyası

Mədəniyyət
Rəy yazın: